Menu
Geri İrəli

Sumqayıtda ipoteka krediti adı ilə fırıldaq

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Avqust 2014 • Baxış sayı: 899 dəfə • Şərh yoxdur
Share Button

ipotekaTanışına ev almağa söz verən Biləsuvar sakini cəzalandırıldı

Sumqayıt Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Biləsuvar rayon sakini, 1970-ci il təvəllüdlü Rövşən Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Rövşən Abbasov Əli Rəhimova 10 min dollara ipoteka krediti ilə 3 gün müddətində Sumqayıt şəhəri Corat bağları adlanan ərazidə fərdi yaşayış evi alacağını vəd edib.

2012-ci il yanvarın 1-də Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində Əli Rəhimovdan ev sahibinə beh vermək adı ilə 300 manat,  daha sonra guya evin “Zamin” bank əməkdaşları tərəfindən çəkiləcək şəkilləri üçün 500 manat alıb. Bundan sonra evi ipoteka krediti ilə 3 gün ərzində alacağını vəd etməklə Əli Rəhimovdan 10 min dollar istəyib. O da həmin məbləği Rövşən Abbasova verib. Lakin vədə əməl edilməyib.

Aldadıldığını başa düşən Əli Rəhimov Sumqayıt Polis Şöbəsinə şikayət edib, Rövşən həbs edilib.  Rövşən Abbasov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rövşən Abbasov apelyasiya şikayəti verib. O,  həbs olmayan cəza növü ilə cəzalandırılmasını istəyib. Şikayət baxılmaq üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rasim İsgəndərovun sədrliyi ilə keçən prosesdə Rövşən Abbasov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, əvvəllər rəsmi ev alqı-satqısı ilə məşğul olduğunu söyləyib: “Əli Rəhimovu 2011-ci il tarixindən tanımışam. 2011-ci ilin təxminən əvvəllərində onunla Sumqayıt şəhərində ”Sputnik” deyilən yerdə rastlaşdım. Əli ipoteka krediti ilə ev almaq istədiyini bildirdi və məndən kömək istədi. Onun xahişini nəzərə alaraq ev axtarılması ilə maraqlanacağımı dedim”. “Aldığım pulu şəxsi ehtiyaclarıma xərclədim” Təqsirləndirilən şəxsin sözlərinə görə, Sumqayıt şəhərinin Corat bağları adlanan ərazisində Zəminə Nəciyevanın evini ona alacağına söz verib: “Əli Rəhimova Zəminənin öz evini 55 min ABŞ dollarına satdığını dedim. Əli ilə gedib evə baxdıq. Sumqayıt şəhərində ”Sputnik” deyilən yerdə Əli mənə 300 manat beh verdi. Sonra hazırda yaşadığı öz evini də satmağa kömək edib yeni ev məsələsini həll etməyimi xahiş etdi.  Əli Rəhimovdan satacağı evin sənədləşdirilməsi üçün 400 manat pul aldım. Həmin pulu şəxsi ehtiyaclarıma xərclədim. 2012-ci ilin yanvar ayının ortalarında Kolxoz bazarının yanında görüşdük. Onunla birlikdə yaşadığı evə getdik. İpoteka krediti ilə ev almaq məqsədi ilə ondan ümumilikdə 10 min dollar istədim. Bu barədə əlyazması ilə qəbz yazdım və Əli Rəhimova verdim. Lakin aldığım həmin pulu şəxsi ehtiyacıma xərclədim.

Əli Rəhimova həqiqətən kömək etmək niyyətində olmuşam. Lakin ilk növbədə öz borclarımı ödəyib sonra Əlinin işini həll etməyi düşünmüşdüm. Alacaqlarımı və digər problemlərimi həll edə bilmədiyimdən Əli Rəhimovun işini düzəldə bilmədim. O, mənə verdiyi pulu qaytarmağımı tələb etdikdə mənə vaxt verməsini xahiş etdim. Ancaq o, şikayət ərizəsi yazaraq polis idarəsinə müraciət etdi”. “Etdiyim səhv hərəkətlərə görə peşmanam”

Rövşən Abbasovun sözlərinə görə, Əli Rəhimov ona verdiyi pulları manatla hesablayaraq 8800 manat qaytarmalı olduğunu deyib:

“Mən buna etiraz etmədim. Pulu qaytaracağım barədə qəbz yazıb verdim. Lakin maddi vəziyyətim pis olduğundan pulları qaytara bilmədim. Sonradan Əli Rəhimov mənim razılaşdırdığım evi özü ipoteka krediti ilə alıb. Onun ailə üzvləri ilə hazırda həmin evdə yaşadığını öyrənmişəm. Etdiyim səhv hərəkətlər nəticəsində Əli Rəhimova vurulmuş ziyan qohumlarım tərəfindən tam ödənilib. Etdiyim səhv hərəkətlərə görə peşmanam. Barəmdə ədalətli qərarın qəbul edilməsini xahiş edirəm”.

Hakimlər Rövşən Abbasovu dinləyəndən sonra qərar açıqlayıblar. Apelyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, yeni hökm çıxarılıb.

Rövşən Abbasov barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Hacı Zeynalov

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın