Menu
Geri İrəli

Sumqayıtda istintaqa könüllü təslim olan şəxs polis rəisi tərəfindən döyülüb?!

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2013 • Baxış sayı: 320 dəfə • 1 şərh
Share Button
Sumqayıtda istintaqa könüllü şəkildə təslim olan şəxs Əliyev Ceyhun Qədiməli oğlu Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi Ədalət Piriyev tərəfindən döyüldüyü bildirilir. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Ceyhun Əliyevin anası Rəsmiyyə Əliyeva açıqlama verib. R. Əliyevanın sözlərinə görə, dələduzluqda ittiham edilən C. Əliyev istintaqa könüllü şəkildə təslim olsa da, Ə. Piriyev qanunun tələblərini kobud şəkildə pozaraq onu ciddi fiziki zorakılığa məruz qoyub: Hər şeydən öncə qeyd edim ki, övladım Ceyhun Əliyevlə bağlı bir neçə ay bundan öncə Sumqayıt Şəhər Polis İdarəsində dələduzluq maddəsi ilə iş açıldı. Valideynləri olaraq bizi istintaqa dəvət edən müstəntiq övladımızın yeri haqqında istintaqın hər hansı bilgiyə sahib olmadığını, onun üzə çıxacağı və istintaqın işinə kömək edəcəyi təqdirdə bunun yüngülləşdirici hal kimi nəzərə alınacağını qeyd etdi. Biz də öz növbəmizdə bu barədə hər hansı bilgiyə sahib olmadığımızı, lakin övladımızın yerinin öyrənilməsi, onun istintaqa könüllü şəkildə təslim olması üçün əlimizdən gələni əsirgəmədiyimizi qeyd etdik. Bir neçə aydan sonra rəsmi nümayəndəmiz vasitəsi ilə övladımızın hansı tarixdə Azərbaycana gələcəyini müəyyənləşdirdik və dərhal bu barədə istintaqı məlumatlandırdıq. Övladımın Bakı aeroportuna hansı tarixdə, hansı nömrəli aviareyslə enəcəyi ilə bağlı məlumatlar dəqiq və müfəssəl şəkildə tərəfimizdən Sumqayıt Şəhər Polis İdarəsinin əlaqədar yetkililərinə bildirildi. Beləliklə də cari ilin 7 sentyabr tarixində övladım Ceyhun Əliyevin istintaqa təslim olması reallaşdı. Lakin bu hadisənin üstündən bir neçə gün ötəndən sonra bizə məlum oldu ki, C. Əliyev istintaqa təslim olduğu günün axşamı Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi Ədalət Piriyev tərəfindən amansızcasına döyülmüş, təhqir edilmiş, onun və ailəsinin ünvanına polis zabitinə yaraşmayan biədəb söyüşlər işlədilmişdir. Odur ki, bütün bunları nəzərə alaraq mən Ceyhun Əliyevin valideyni olaraq polis mayoru Ədalət Piriyevin qanunun tam ciddiyyəti üzrə cəzalandırılmasını tələb edirəm. Artıq bunun üçün bütün lazımi instansiyaların məlumatlandırılması prosesinə start verilib. Əgər Azərbaycanın əlaqədar hüquq-mühafizə orqanları polis mundiri altında özbaşınalıq edən, istintaqa könüllü şəkildə təslim olan şəxsə qarşı zorakılıq tətbiq edən Ə. Piriyevə qarşı lazımi ölçü götürməyəcəksə, o zaman Azərbaycan polisində baş verən özbaşınalıqlarla bağlı beynəlxalq ictimaiyyəti, o cümlədən Azərbaycandakı beynəlxalq təşkilatlar və səfirlikləri məlumatlandırmağa məcbur olacağıq.
Məlum olayla bağlı FaktXeber.com-un sorğusunu cavablandıran DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mənsurzadə Ceyhun Əliyevin polis  bölməsində işgəncələrə məruz qalması ilə bağlı səsləndirilən fikirlərin yalan olduğunu bildirdi. DİN rəsmisinin sözlərinə görə, Ceyhun Əliyev doğrundan da könüllü şəkildə özünü istintaqa təhvil verib, lakin işgəncəyə məruz qalması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir.
Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda istintaqa könüllü təslim olan şəxs polis rəisi tərəfindən döyülüb?!” yazısına bir cavab

  1. Mustafa Eraslan deyir:

    Ədalət Piriyev tek deyil orda biride var polis bas leytinant Ramin Memmedov Agamir oglu

Şərhinizi yazın