Menu
Geri İrəli

Sumqayıtda istirahət parkını 40 min manat cərimələdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2013 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur

Sumqayıt şəhəri, Nəsimi adına Mədəniyyət və İstirahət Parkında ağacların yandırıldıqdan sonra kəsilməsi ilə bağlı mətbuatda yayılmış məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumlarının əməkdaşları tərəfindən dərhal yerindəcə araşdırılıb, təxminən 800 kv/m sahənin yanması, 150 ədəd şam və sərv ağacının yandıqdan sonra kəsilməsi faktı müəyyən edilib.

 ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Lent.az-a verdiyi məlumata görə, yanğının baş vermə səbəbləri və ağacların kəsilməsində təqsirkar şəxslərin müəyyən edilməsi məqsədilə nazirliyin müvafiq qurumu tərəfindən hüquq-mühafizə orqanlarına rəsmi məktub göndərilib. Eyni zamanda faktla bağlı ETSN də araşdırmaları davam etdirib. Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və İstirahət parkının rəhbərliyinin müəssisənin balansında olan Sumqayıt şəhərinin mərkəzi hissəsindəki böyük bir yaşıllıq sahəsinin yanmasının qarşısını vaxtında almadığı, sonradan isə ağacların kütləvi surətdə kəsilməsinə göz yumduğu məlum olub.

Balansındakı yaşıllıqların mühafizəsini lazımi səviyyədə təmin etmədiyi, yaşıllıq sahəsinin yanmasının qarşısını vaxtında almadığı, ağacların kəsilməsinə göz yumduğu, onlara yetərli qulluq göstərmədiyi, yaşıllıqların baxımsız vəziyyətə düşməsinə biganə qaldığı üçün Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və İstirahət Parkı ETSN-in əməkdaşları tərəfindən hüquqi şəxs qismində inzibati qaydada 40 min manat məbləğində cərimə edilib.

 Eyni zamanda bununla bağlı lazımi tədbirlər görmədiyi üçün ETSN-in Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisinə şiddətli töhmət verilib.

 Qeyd edək ki, ETSN-in əməkdaşları bayram günlərində sözügedən ərazidə iməcilik təşkil edərək sahəni təmizləyib, yerində 100-dən artıq ağac əkib. Bu sahəyə maraqlı şəxslərin yenidən müdaxiləsi ehtimalı nəzərə alınaraq ərazi ETSN tərəfindən nəzarətə götürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın