Menu
Geri İrəli

Sumqayıtda itlərin öldürülməsinə etiraz edən qadınlar zorakılığa məruz qaldıqlarını bildirirlər

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2014 • Baxış sayı: 634 dəfə • Şərh yoxdur
«Bizim Yol» hadisəni araşdırdı; DİN-dən və yerli polisdən belə bir olayın baş vermədiyini dedilər

 sumqayit-09Sumqayıt sakini Lada Penkova “Bizim Yol” qəzetinə müraciət edərək Sumqayıtdakı 4 saylı polis bölməsində döyüldüyünü deyib. L.Penkova bütün bunların oktyabrın 15-də başına gəldiyini deyir: “Saat 4-5 olardı. Rəfiqəm Aytənlə birgə parkda oturmuşduq. Sonra mən evə qədər getdim. Qayıdanda Aytən yox idi. Bir də zəng etdi ki, polis bölməsinə gedir, mən də ora gəlim. Getdim. Məlum oldu ki, mən evə getdiyim müddətdə Aytən parkda görüb ki, bir kişi küçədəki itləri hamının gözü önündə güllələyir. Aytən bunu edən şəxsi və onun maşınını videoya çəkib. Sonra kişiyə yaxınlaşıb soruşanda ki, hər hansı bir sənədi, icazəsi varmı itləri öldürməyə. Kim icazə verib belə davranışa? Həmin şəxs bu sualları eşitcək maşına minib ərazidən uzaqlaşıb. Rəfiqəm də şəkilləri və videonu götürüb polis bölməsinə gedib. Məni də ona görə çağırıb”.

 L.Penkova şikayət üçün getdikləri polis bölməsində günahkar vəziyyətə salındıqlarını deyir: “Şikayətə getmişdik, bizi borclu çıxardılar. Əvvəlcə polislərdən biri bildirdi ki, “işiniz, gücünüz yoxdu, itlə bağlı şikayət edirsiniz?”. Beləliklə, şikayətimizə baxmaq istəmədi. Bu zaman biz ona sərt cavab verib etdiyi hərəkətin insanlıqdan uzaq olduğunu dedik. Cavabında bizə “gedin burdan”, – dedilər. Biz onun bu hərəkətinin heç bir qanuna sığmadığını bildirdik və 102-yə zəng edib şikayət edəcəyimizi dedik. Dəhlizdə bir az qışqır-bağır oldu. Kabinetində olan mayor bunu eşidib bayıra çıxdı ki “nə olub?” Səhv etmirəmsə onun adı Fərzəli idi. Biz həmin mayora da bildirdik ki, şikayətə gəlmişik, ancaq bizim şikayətimizi qəbul etmək istəmirlər. Kömək etməkdən o daha da pis söyüşlə bizi söyüb “rədd olun burdan”, – dedi. Biz getmək istəməyəndə həmin mayor yaxınlaşıb mənim qolumdan tutub dedi ki “çıx, cəhənnəm ol burdan”. Aytən bunu görüb 102-yə zəng etməyə başladı. Bu zaman həmin mayor məni buraxıb Aytənin boğazından tutdu, “bu dəqiqə boğacağam səni, çıxıb gedin burdan”, – dedi”.
L.Penkova bildirir ki, mayorun bu hərəkətinə ətrafdakı işçilərin hərəsi ayrı cür reaksiya veri: “Kimi gülürdü, kimi rəis etməyin, eləməyin deyirdi. Sonra biz onlara şikayət edəcəyimizi dedik. Bu dəfə işçilər tökülüşüb bizi o ki var döydülər. Sonra da bizə tapşırdılar ki, “nəbadə 102-yə zəng vurasız. Nə qədər ki, sağsınız gedin burdan”. Dünən xəstəxananın travmatologiya şöbəsinə də getdik. Döyülməyimizi təsdiqləyən sənəd almaq üçün. Burada da bizə bildirdilər ki, “polis bölməsindən kimsə gəlməsə yazılı formada döyüldüyünüzlə bağlı sənəd verə bilmərik”.
Olayla bağlı Daxili İşlər Nazirliyinə məlumat verdik. Qurumun mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu barədə məlumatlı olduğunu dedi: “Bizə bununla bağlı daha bir müraciət də olub. Məsələ ilə bağlı həmin polis bölməsi ilə əlaqə saxladıq. Dedilər, “belə bir hal olmayıb”. Nəsə bu tip bir cavab verdilər mənə. Ən yaxşısı, siz həmin polis bölməsi ilə də əlaqə saxlayın”.
Hadisə ilə bağlı Sumqayıt şəhər 4-cü polis bölməsi ilə də əlaqə saxladıq. Bölmədən bildirdilər ki, Lada Penkova adlı birini tanımırlar: “Sizin dediyiniz hadisə haqqında məlumatımız yoxdur. Hazırda rəis də şöbədə yoxdur. Biz də heç nə bilmirik”.
Ümumiyyətlə, Bakı və Bakıətrafı qəsəbələrdə, hətta Sumqayıtda küçə itlərinin güllələnməsi hallarına son vaxtlar tez-tez rast gəlinir. Bu da heyvansevərləri qıcıqlandırır. Sumqayıtda əlisilahlı şəxsin küçədə qarşısına çıxan iti vurması, Masazırda özünün icra hakimiyyətinin əməkdaşı kimi təqdim edən şəxsin səhər saatlarında insanların gözü önündə itləri güllələməsi, sosial şəbəkələrdə yayılan ağacdan kəndirlə asılmış it şəkli və s. olaylar heyvansevərlərin Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə vermələri ilə sonuclandı.
“ALYANS” İctimai Birliyinin rəhbəri Mənsurə Rəsulzadə daha öncəki məhkəmə proseslərindən o qənaətə gəlib ki, hakimlər bu cür məhkəmə proseslərini aparmağa maraqlı deyil: “Çünki heyvanlara qarşı aqressiyanı dayandırmaqla insanların da aqressiyası dayanacaq və insanlar daha az cinayət törədəcəklər. Nəticədə, həmin hakim işsiz qalacaq. Bu baxımdan, da hüquq mühafizə orqanları həmin məsələnin qaldırılmamasını istəyirlər. Bəlkə də, onlar dövlət orqanından qorxduqları üçün prosesə maraqlı deyillər”.
Mənsurə Rəsulzadəyə görə bu proseslərin ən pis yönü də olayın insanların, uşaqların gözü önündə həyata keçirilməsidir. Psixoloq Dəyanət Rzayev də daha öncə bizimyol.info-ya bildirmişdi ki, bu gün cəmiyyətdə cinayətlərin, başkəsmələrin sayının artması məhz bu cür olaylarla bağlıdır: “Bəs niyə bu gün başkəsmələrin, öldürmələrin sayı artıb? Bütün bunların cəmiyyətdə yaranmasının səbəbi nədir, bilirsiniz? Məsələnin kökünə getmək lazımdır. Bəs uşaqların gözü önündə hansısa canlını öldürmək bəs deyilmi onların da gələcəkdə rahatlıqla kimlərəsə qıya bilməsinə? Bu gün Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan cəmiyyətində qəddarlığı təbliğ edir. Əslində isə qanun var. Biz Avropa Konvensiyasına ratifikasiya edəndə öhdəlik götürmüşük ki, sahibsiz heyvanlara qıymayacağıq. Təəssüf, buna əməl edilmir”.
Avropanın bir çox ölkələrində heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib. Məsələn, Almaniya Konstitusiyasına görə, bəzi hallarda heyvanları kinoya çəkmək qadağandır. Əgər çəkilişlər onlara əziyyət verərsə. Avstriyada hətta cücələri sıx qəfəsdə saxlamaq, itlərin quyruğunu, yaxud da qulağını kəsmək, mal-qaranı sıx iplə bağlamaq da qanun pozuntusu hesab edilir. Qanuna görə, şir və digər yırtıcıları sirkdə saxlamaq olmaz. Bu ölkədə itləri zəncirləmək də qadağandır. Qanunun tələblərini pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyırlar. Bu hərəkəti törədən şəxsi ya 10 min avro məbləğində cərimə, ya da 1 illik həbs cəzası gözləyir. Azərbaycanda isə sahibsiz küçə itlərinin güllələnməsi prosesi sovet vaxtından var və artıq 20 ildən çoxdur ki, bu proses davam edir.
Azərbaycan da 2007-ci ilin mayından Prezident İlham Əliyevin sərəncamı ilə “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasına qoşulub. 2011-ci ilin martında isə Azərbaycanın Nazirlər Kabineti sahibsiz heyvanları qoruyan qanun qəbul edib. 38 saylı qanuna əsasən, heyvanlara işgəncə vermə və ya öldürməyə görə inzibati xəta: 500 manatdan başlayaraq cərimə nəzərdə tutulub. Ancaq küçə itlərinin insanların gözü önündə güllələnməsinə son qoyulmayıb.
Gülər, bizimyol.info
Facebook Şərhləndirmə:

Şərhinizi yazın