Menu
Geri İrəli

Sumqayıtda jurnalistə rüşvət təklif edən idarə rəisi kimdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2013 • Baxış sayı: 200 dəfə • Şərh yoxdur

rusvetSu idarəsinin özünü labirintə salan rüşvət ittihamı

Bu ilin ortalarında Sumqayıt Su-kanal idarəsinin rəisi Əhliman Mansurovla müsahibə etmək qərarına gəldik. Əhliman müəllim müsahibəyə heç bir tərəddüdsüz razılıq verdi və insafən, maraqlı müsahibə alındı.

Bu günlərdə “İnşaatçılar” qəsəbəsində yaşayan vətəndaşların su ilə bağlı şikayətləri ilə əlaqədar olaraq Su İdarəsinin rəisi ilə bir gün ərzində iki dəfə əlaqə saxlamalı olduq. Görünür, Əhliman müəllimi çox “yorduq” və o, nəhayətdə, əlimizdən cana doymuş əhvalda dedi: “Mənə niyə zəng vurursuz?! Əşrəf müəllimə (Su-satış İdarəsinin rəisi Əşrəf İmaməliyevi nəzərdə tutur – red.) zəng vurun. Keçən dəfə də gəldiniz, müsahibə verdim, pul da aldınız, sonra da gedib ağlınıza gələni yazdınız!” Dedi və telefonu söndürdü.

Məlumat üçün deyək ki, sözügedən müsahibə bu gün də səsyazısı şəklində redaksiyamızın arxivindədir. Ə.Mansurovun müsahibəsində onun dediklərinə nəinki bir cümlə, bir söz belə artırılmayıb. Ümumiyyətlə, bu, “168 saat”ın iş prinsipinə, ənənələrinə və peşəkarlığına uyğun gəlmir.

Təəccübümüzə səbəb olan ən ciddi məqam isə Əhliman müəllimin “pul aldınız” deməsi oldu. Rəis özü də çox gözəl bilir ki, bizimlə onun arasında bu mövzuda heç söhbət belə olmayıb. Amma gəlin yenidən qayıdaq geriyə – müsahibə gününə: Müsahibəni tamamlayıb çıxmağa hazırlaşırıq. Əhliman müəllim baş mühəndis Eldəniz müəllimi çağırır və bizi yola salmağı tapşırır. Qapıdan çıxırıq, Eldəniz müəllim əlini cibinə salaraq, bizi “hörmətlə” yola salmaq istəyir. Ancaq baş mühəndisə buna ehtiyac olmadığını, bu cür yanaşmanın “168 saat” üçün yad olduğunu izah edirik. Beləcə, məsələ bağlanır.

İndi İdarə rəisinin bu əsassız ittihamının nədən qaynaqlandığını dəqiq bilmirik. Ancaq hər halda, bəzi xatırlatmalara lüzum var:

Birincisi, əgər İdarə rəisi və ya baş mühəndisi bizə pul veribsə, bu gürüntü yəqin ki, binadakı kameraların yaddaşında var.

İkincisi, əgər biz pul istəmişiksə, nəyə görə İdarə rəisi bu “haqq-hesaba” razılaşıb. Axı belə halda hüquq-mühafizə orqanlarına məlumat vermək lazımdır.

Üçüncüsü, əgər biz pul istəmiş və almışıqsa, onda nəyə görə idarə rəisinin təəbirincə desək, “gedib ağlımıza gələni yazmışıq?!”

Dördüncüsü, əgər biz həmin müsahibədə nəyisə təhrif etmişdiksə, onda nəyə görə İdarə rəisi buna dərhal reaksiya verməyib?

Beşincisi, yəqin İdarə rəisi bilməmiş deyil ki, “ağlınıza gələni yazmısınız” ifadəsi yumşaq desək, qeyri-etikdir. Ancaq gəlin razılaşaq ki, ondan betəri də var – “ağzına gələni danışmaq!”

Vüsal Məmmədov, “168 saat” qəzeti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın