Menu
Geri İrəli

Sumqayıtda kafedə adam öldürən şəhər sakini 14 il cəza aldı – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Avqust 2015 • Baxış sayı: 673 dəfə • Şərh yoxdur
Share Button
Kafedə yeyib-içən iki qrup şəxs arasında sözlü mübahisə yaranıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt ş. sakini İlkin Rəhimovun (1991-ci il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, bu il fevralın 21-də axşam saat 22.30 radələrində Sumqayıt ş. polis idarəsinin növbətçi hissəsinə 5-ci mikrorayon ərazisində fəaliyyət göstərən kafedə müştərilər arasında dava baş verməsi barədə məlumat daxil olub. Hadisə yerində aparılan ilkin araşdırma göstərib ki, kafedə yeyib-içən iki qrup şəxs arasında əvvəl sözlü mübahisə yaranıb, sonra isə başlanan dava vaxtı şəhər sakini Habil Həsənova (1990-ci il təv.) iki bıçaq zərbəsi vurulub və o, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən kəskin qanitirmədən dünyasını dəyişib. Həmin gecə axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində İlkin Rəhimov saxlanılıb.
İstintaqla müəyyən edilib ki, təxminən saat 21 radələrində İlkin Rəhimov dostları Pərviz Mahmudov və Müşviq Əliyevlə yeyib-içərkən, qonşu masanın ətrafına 3-4 nəfər əyləşib, onların arasında Habil Həsənov da olub. Aralarında həm ciddi söhbət aparıblar, həm də zarafat ediblər. Pərviz bir əhvalat danışarkən bir neçə dəfə söyüşdən istifadə edib, bu zaman qonşu masada olan oğlanlar iradlarını bildiriblər, onlara ictimai yerdə olduqlarını xatırladıblar. Bunu eşidən Mahmudov ayağa qalxaraq, konkret kimin narazı olduğunu soruşub və deyib ki, əgər kiminsə söhbət xoşuna gəlmirsə, kafedən gedə bilər.
Buna baxmayaraq həmin şəxslər onun sözlərini ciddi qəbul etməyərək deyiblər ki, o sərxoşdur. Bu söz Pərvizi daha da qəzəbləndirib və əyləşən oğlanlardan birini stəkanla başından vurub. Sərxoş vəziyyətdə olan İlkinlə Müşviq də Pərvizin hərəkətini dəstəkləyiblər. İlkin Rəhimovun ifadəsinə görə, yadındadır ki, onu kimsə itələyib, o yerə yıxılıb, amma sonra masa üzərindən məişət-təsərrüfat təyinatlı bıçağı alaraq, qarşısına çıxan şəxsə zərbələr vurub. Hadisə yerindən qaçaraq təxminən iki saat həyətdə oturub, sonra isə ardınca polis əməkdaşları gəliblər. Onlar bildiriblər ki, vurduğu oğlan ölüb.
Məhkəmə prosesində İlkin Rəhimov ittiham üzrə özünü qismən təqsirli hesab etməklə, əməlindən peşman olduğunu bildirib. O, istintaqa verdiyi ifadəsindən fərqli olaraq məhkəmə zalında deyib ki, dava vaxtı stoldan kəsici aləti götürsə də, onu bilərəkdən kiməsə qarşı istifadə etməyib. Bıçaq əlində olarkən Habil Həsənovu kimsə vurub və həmin oğlan onun üstünə düşəndə, bıçaq ona batıb.
Zərərçəkən Fatma Həsənova məhkəmədən oğlunu öldürən şəxsə ağır cəza verilməsini xahiş edib.
Məhkəmə cinayət təqibi ilə araşdırılan sübutlara əsasən qərara gəlib ki, təqsirləndirilən şəxs cinayəti qəsdən törədib və onun guya Həsənovun qəflətən bıçaq üzərinə tullanması və onun döş qəfəsinə batması barədə verdiyi ifadəsini əsassız hesab edib.
Məhkəmənin hökmü ilə İ.Rəhimov ittiham üzrə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın