Menu
Geri İrəli

Sumqayıtda kimlər dövlətin stadionlarını öz şəxsi biznesi kimi işlədir?

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Aprel 2014 • Baxış sayı: 429 dəfə • Şərh yoxdur

meydancaSon illər Sumqayıtın bir çox yerlərində süni örtüklü meydançalar qurulub.

 Stadionlar ayrı-ayrı dövlət təşkilatları tərəfindən inşa olunub, meydançaların süni örtükləri isə AFFA tərəfindən təmin edilib.

Bu stadionların hamısında meydançadan istifadənin pulsuz olduğu barədə məlumatı əks etdirən lövhələr var. Bəs görəsən, həmin meydançalar necə istifadə edilir? Bu stadionlara kimlər və necə nəzarət edir? Doğrudanmı, o meydançalardan istifadə pulsuzdur?

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Sumqayıtda heç bir bu cür süni örtüklü meydança pulsuz deyil. Şəhərdə 10-a yaxın bu cür meydança var. Onlardan bəziləri özəl, bəziləri isə dövlət təşkilatlarının balansındadır. Dövlət qurumlarının nəzarətinə verilmiş meydançaların istifadəsi ilə özəl olanlar arasında heç bir fərq yoxdur – söhbət qiymətdən gedir.

Mövzunu “168 saat”a şərh edən tanınmış idman yazarı Anar Xanlarov deyir ki, əslində AFFA tərəfindən qurulmuş, daha doğrusu ot örtüyü verilmiş meydançalar pulsuz olmalıdır.

Sitat: “Həmin stadionlar AFFA-nın hesabına tikilir, amma qazanc məqsədi üçün istifadə edilir. Bunu baş katib Elxan Məmmədovun özünə də demişik. O da deyib ki, guya axşam 6-dan sonra stadionun xərclərini ödəmək üçün pullu olur. Halbuki, orda heç bir xərc yoxdur. Ot deyil ki, baxasan, sulayasan. Sadəcə, biznes sahəsinə çeviriblər.”

Bəs AFFA bu stadionların pulsuz istifadə olunmadığını bilmirmi?

Məsələ ilə əlaqədar AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanöğlu ilə əlaqə saxladıq. Mətbuat katibi bu meydançaların birmənalı şəkildə pulsuz istifadə edilməli olduğunu söylədi: “Bizə yerlərdən stadionun inşası ilə bağlı yardım göstərilməsi ilə əlaqədar müraciətlər daxil olur. Müraciət edən təşkilat stadionu tikir, biz isə onun ot örtüyü məsləsini həll edirik. Stadiona nəzarəti də məhz həmin təşkilat həyata keçirməlidir. Əgər hansısa belə meydança ödənişli xidmət göstərirsə, bizə müraciət olunsun və tərəfimizdən lazımi tədbirlər görülsün. Bu barədə meydançalarda da lövhələr yerləşdirmişik”.

Bəs stadionların aid olduğu qurumlar və meydançaların adminstratorları nə deyirlər?

Məsələn, 42-ci məhəllədə yerləşən süni meydançanı əksər sumqayıtlı gənclər tanıyır. Meydançanın sahibi kimi isə Mehman Hüsüynov tanınır. Hansı ki, stadion 10 saylı Peşə Liseyinə aiddir, ot örtüyü isə AFFA tərəfindən verilib. Stadiondan istifadənin saatı 15 manatdır. Qeyd edək ki, bu, Sumqayıtda ən aşağı qiymətdir. Əksər stadionların qiyməti 20 manatdan başlayır.

Adıçəkilən Mehman Hüseynov isə 10 saylı peşə liseyinin müəllimidir. M.Hüseynov stadiondan ödənişli əsaslarla istifadə olunduğunu  gizlətmir. Sitat: “Stadionu AFFA tikməyib, peşə-liseyi tərəfindən tikilib. Stadion 10 saylı Peşə Liseyinindir. Ancaq stadion həmişə pulla istifadə edilmir. Bəzən ödənişli oyunlar olur”.

“İdrak” Məktəb-liseyi tərəfindən tikilmiş, ancaq AFFA-nın ot örtükləri ilə istismar olunan süni meydançada da bu meydançanın pulsuz istifadə olunmalı olduğu ilə bağlı xəbərdarlıq var. Ancaq Məktəb-liseyin nəzarətindəki meydança da ödənişlidir. Məsələ ilə bağlı liseylə əlaqə saxladıq. Təhsil ocağının mühasibi Natiq müəllim bildirdi ki, bütün suallara məktəb-liseyin təsisçisi Möhsüm müəllim cavab verə bilər.

Bir qədər sonra bizimlə əlaqə saxlayan Natiq müəllim bunları dedi: “Mən Möhsüm müəllimə bu məsələ ilə bağlı məlumat verdim, o özü sizinlə əlaqə saxlayacaq. İndi həkimdədir”.

Təəssüf ki, təhsil ocağının təsisçisi bizimlə əlaqə saxlamadı…

Sözügedən məktəb-liseyin yanında yerləşən meydançanın inzibatçısı isə bunları dedi: “Stadionda AFFA-nın uşaqlarına (?!) pulsuz xidmət göstərilir. Kənar adamlar isə ödənişlə oynayır”.

Stadiona 1 saat üçün nə qədər vəsait ödənildiyinə gəldikdə isə Lətif bəy bunları dedi: “Vallah, mən nəzarətçiyəm. Bu məsələləri müdriyyətlə həll edirlər”.

Qeyd edək ki, AFFA-nın həmin meydançalarda vurduğu lövhələrdə meydançadan istifadəyə görə pul tələb olunacağı təqdirdə bu nömrələrə məlumat verilməsi tövsiyə edilir:

(012) 490 83 08

(012) 490 87 21

(012) 490 87 23

Elə Parolimpiya Kompleksinin stadionlarında da oxşar vəziyyətdir: Pulunu ver vaxtını səmərəli keçir, sağlam həyat tərzi sür – yəni futbolunu oyna! Həm kompleksin içərisindəki, həm də xaricindəki meydançada şərtlər eynidir – sadəcə, qiymətlə fərqlidir, həyətyanı zonadakı meydançanın bir saatlıq qiyməti 20 manat olduğu halda, daxili meydançanın saatı 25 manatdır.

Kompleksin adminstratoru ilə yarı maraqlı, yarı təəssüf doğuran dialoqumuzu olduğu kimi diqqətinizə çatdırırıq:

-         Meydança ödənişlidir?

-         Baxır kim üçün?! Əlil idmançılar üçün pulsuzdur.

-         Deməli, başqa hər kəs üçün ödənişlidir?

-         Telefonla intervyü alırsınız?

-         Bəli.

-         Əcəb edirsiniz. Xəbərim yoxdur.

-         Xəbəriniz yoxdur?

-         Bəli, xəbərim yoxdur.

Yəqin hər şey aydındır – sonuncu dialoq bütün həqiqətlərə və bizneslərə gur işıq tutur. Bazar olsun!

Vüsal Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın