Menu
Geri İrəli

Sumqayıtda külli miqdarda narkotik AŞKARLANDI – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Aprel 2014 • Baxış sayı: 467 dəfə • Şərh yoxdur

Bəxtiyar Qasımov – saxlanılan şəxs: «Cinayət aləmində özünəməxsus hörmətim də var»

Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyatçıları narkotik maddələrin alqı-satqısı ilə məşğul olan Ağcabədi rayon sakini Bəxtiyar Qasımovu yaxalayıb. Hafta.az-ın əldə etdiyi məlumata görə, polisə daxil olan məlumat əsasında saxlanılan Bəxtiyar Qasımovun üzərindən tiryək aşkarlanıb. İşin istintaqını aparan Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi Cabir Bağırovun sözlərinə görə, saxlanılan şəxsin evindən külli miqdarda həşiş, tiryək və marixuana aşkarlanaraq götürülüb: «Şübhəli şəxs qismində saxlanılan Bəxtiyar Qasımovun üzərində narkotik vasitə aşkar etdikdən sonra onun yaşadığı evə də baxış keçirilib. Mənzildən 1 kiloqram çəkidə narkotik vasitə olan tiryək, 406 qram həşiş və 3,6 kiloqram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb».
İstintaqa ifadəsində tutduğu cinayət əməlinin məsuliyyətinin ağır olduğunu deyən Bəxtiyar Qasımov üzərindən və evindən aşkarlanan narkotikləri tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını deyib: «İran vətəndaşı ilə yol gedəndə tanış olmuşdum. Elə oldu ki, təklif elədi. Mən də razılaşdım. O tərəfdə görüşmüşük, götürüb gəlmişəm».
Narkotik maddə istifadəçisi olduğunu deyən Bəxtiyar ilk dəfə 6 il əvvəl məhkum olunduğunu bildirib. O, həbsdə olduğu müddətdə məhbuslar arasında hörmət qazandığını vurğulayıb: «Bir srok yatmışam 2008-ci ildə. O srokun içində bir işim açılıb – 1 il 6 ay. Ümumilikdə 4 il məhkum olunmuşam. Məhkumluğumu Gəncə türməsində keçirmişəm. Orada korpusa baxmışam. Cinayət aləmində özünəməxsus hörmətim də var».
Həbsxanalarda böyük hörmətə sahib olduğunu deyən Bəxtiyar Qasımov tutduğu əməldən peşmançılıq hissi keçirdiyini də dilə gətirib: «Gərək eləməzdim bu cinayəti, amma olacağa çarə yoxdur».
Faktla bağlı Sumqayıt Şəhər Pois İdarəsində Cinayət Məcəlləsinin satış məqsədilə külli miqdarda narkotik maddələri əldə etmə, saxlama və ya daşıma maddəsi ilə cinayət işi başlanıb. İstintaq Bəxtiyar Qasımovun narkotik vasitələri hansı yolla ələ keçirməsini müəyyən etmək üçün əməliyyat- axtarış tədbirlərini davam etdirir.

Arif, Hafta.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın