Menu
Geri İrəli

Sumqayıtda məktəblilərə fövqəladə hallar zamanı davranış qaydaları öyrədildi

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2013 • Baxış sayı: 649 dəfə • Şərh yoxdur

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən bu şəhərdə məskunlaşmış Qubadlı rayonunun Ç.Quliyev adına Çardaxlı orta məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
FHN-dən AzərTAc-a bildirmişlər ki, Sumqayıt Regional Mərkəzi ilə Qubadlı Rayon Təhsil Şöbəsi arasında razılaşdırılmış tədbirlər planına əsasən, təhsil ocaqlarında keçirilən silsilə maarifləndirmə tədbirlərinin əsas məqsədi müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin nümayəndələri, Qubadlı Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.
Tədbirin nəzəri hissəsində mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi”, “Elektrik cərəyanı haqqında anlayış. İnsanın elektrik cərəyanının təsirindən azad edilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişlər.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş olunmuşdur.
Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirin praktiki hissəsində məktəbin həyətində Sumqayıt Regional Mərkəzinin qüvvə və texnikalarına baxış keçirilmiş, onların təyinatı və istifadə qaydaları haqqında iştirakçılara məlumat verilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın