Menu
Geri İrəli

Sumqayıtda magistrantların XIV respublika elmi konfransı keçirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 16 May 2014 • Baxış sayı: 478 dəfə • Şərh yoxdur

1400171347Mayın 15-də Sumqayıt Dövlət Universitetində (SDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə magistrantların XIV respublika elmi konfransı öz işinə başlamışdır.

SDU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Konfransda çıxış edən SDU-nun rektoru Elxan Hüseynov bildirmişdir ki, müasir respublikamızın inkişafında müstəsna rol oynayan, xalqımızın yaddaşında silinməz iz qoyan ulu öndər Heydər Əliyev Azərbaycanın xilaskarı olmuşdur. Ümummilli Liderimiz cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakını təmin etməyi, onların intellektual və yaradıcılıq potensialının ümumbəşəri məsələlərin həllinə yönəldilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur. Əgər Ulu Öndər hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqillik illərində isə onları dövlətin idarə olunmasında aparıcı qüvvə kimi görürdü.
Konfransın əhəmiyyətindən söz açan rektor qeyd etmişdir ki, artıq 14 ildir Təhsil Nazirliyinin xətti ilə magistrantların respublika elmi konfransı öz işini Sumqayıt Dövlət Universitetində böyük müvəffəqiyyətlə davam etdirir. Əgər ötən il konfransa 480 nəfər magistrant öz tezislərini təqdim etmişdisə, bu il onların sayı 780-dən çoxdur. Bu göstərici bir tərəfdən magistrantların elmi konfransa marağının artmasının nəticəsidirsə, digər tərəfdən konfransın təşkilat komitəsinin apardığı ardıcıl işin göstəricisidir. Rektor belə konfransların gələcək nəslin elmə marağının artmasına və gənclərin hərtərəfli inkişafına xidmət etdiyini vurğulamışdır. Magistrantların elmi-tədqiqat işlərinin milli təhsilimizə öz töhfəsini verəcəyinə əminlik ifadə edilmişdir.
Diqqətə çatdırılmışdır ki, konfransa Sumqayıt Dövlət Universitetindən 303, Bakı Slavyan Universitetindən 134, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 93, Azərbaycan Dövlət Neft Akademiyasından 71, Azərbaycan Dövlət Aqrar Universitetindən 42, Qafqaz Universitetindən 40, Azərbaycan Dövlət İqtisad Universitetindən 25 magistrantın tezisləri təqdim olunmuşdur.
Konfransda SDU- nun fəlsəfə və hüquq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor, Əməkdar Müəllim Həsən Sadıqov “Heydər Əliyev XX əsrin filosofu” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Ümummilli Liderin bütün sahələrdəki əvəzsiz xidmətlərindən danışılmışdır.
Sonra müxtəlif universitetləri təmsil edən magistrantlar çıxış etmişlər. Çıxışlarda sovet ittifaqı və müstəqillik dövründə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin Azərbaycan tarixinə sabitlik, inkişaf və tərəqqi dövrü kimi qızıl hərflərlə həkk olunmasından söhbət açılmışdır. Belə konfransların keçirilməsinin magistrantların elmə marağın artmasında böyük əhəmiyyət kəsb etdiyi, gənc nəsildə formalaşmış elmi düşüncələri ortaya çıxardığı və onları yeni elmi araşdırmalar aparmağa sövq etdiyi diqqətə çatdırılmışdır.
İkigünlük konfrans işini bölmə iclasları ilə davam etdirmişdir.
Konfransın sonunda maraqlı mövzularla çıxış edən və fəallıq nümayiş etdirən magistrantlar Sumqayıt Dövlət Universitetinin diplomları ilə təltif olunacaqlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın