Menu
Geri İrəli

Sumqayıtda müasir sənaye şəhərciyi yaradılması müzakirə olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Avqust 2010 • Baxış sayı: 217 dəfə • Şərh yoxdur
Share Button

Avqustun 17-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, İqtisadi İnkişaf naziri Şahin Mustafayev və “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Sumqayıtda olmuşlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ötən ilin sonlarında şəhərin sənaye zonasında yaradılmış müasir istehsalat kompleksində – Sumqayıt Texnoparkında olan dövlət strukturlarının rəhbərləri bu yeni sənaye müəssisəsinin regionun iqtisadi xəritəsində vacib yer tutaraq, onun perspektiv inkişafında mühüm rola malik olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, burada respublika sənayesinin müxtəlif sahələri üçün bir çox məhsulların istehsalına başlanması ilə onların kənardan idxalı dayandırılmışdır. Mövcud dünya standartlarına uyğun olaraq mütərəqqi texnologiyalar əsasında qurulmuş belə müasir müəssisənin yalnız iqtisadi cəhətdən deyil, həm də yeni iş yerlərinin açılması ilə sosial baxımdan da mühüm əhəmiyyət kəsb etdiyini əsas tutaraq, burada yaxın zamanda yeni analoji müəssisələr şəbəkəsinin yaradılmasının və onun genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Sumqayıt Texnoparkının və daha sonra “Azərikimya” İstehsalat Birliyinin “Üzvi sintez” zavodunun ərazilərini nəzərdən keçirən Rövnəq Abdullayev, Şahin Mustafayev və Etibar Pirverdiyev yaxın gələcəkdə burada sənaye şəhərciyinin salınması imkanlarını müzakirə etmişlər. Belə bir sənaye şəhərciyinin yaradılmasının son dərəcə vacib olduğunu vurğulayan tərəflər bütün daxili imkanları bu ideyanın tezliklə reallaşdırılması üçün səfərbər etmək qərarına gəlmişlər. Çoxlu sayda kiçik və iri müəssisələrdən ibarət olacaq sənaye şəhərciyinin XXI əsrin dinamikasını, onun sürətli texniki-iqtisadi yüksəlişini özündə əks etdirməklə son dərəcə müasirliyi və mütərəqqi texnologiyaları ilə seçiləcəyi, Sumqayıtın iqtisadi və sosial məsələlərinin həllində, o cümlədən şəhərin əhalisini işlə təmin etmək sahəsində müstəsna əhəmiyyətə malik olacağı, bütünlükdə şəhərin perspektiv inkişafına mühüm təsir göstərəcəyi gözlənilir. ARDNŞ prezidenti Rövnəq Abdullayev, İqtisadi İnkişaf naziri Şahin Mustafayev və “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev gələcək sənaye şəhərciyinin yaradılması ilə bağlı məsələlərin daha ətraflı araşdırılması, görüləcək işlərin ilkin konturlarının müəyyən edilməsi məqsədilə müzakirələri “Azərikimya” İB-nin ofisində mütəxəssislərin iştirakı ilə davam etdirmişlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın