Menu
Geri İrəli

Sumqayıtda növbəti dəfə məktəb stadionu satılmaq üzrədir? – REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2013 • Baxış sayı: 205 dəfə • Şərh yoxdur

Stadionun satılmasından sonra məktəbin bədən tərbiyəsi müəllimi Fazil Mustafayev bu haqsızlığa dözməyərək dünyasını dəyişdi

Azərbaycanda “Bədən tərbiyəsi və idman haqqında”, eləcə də “Uşaq və gənclər idmanı haqqında” qanunların mövcud olmasına baxmayaraq, bir çox məktəbyanı sahələr, stadionlar ayrı ayrı şəxslərə, yaxud tikinti şirkətlərinə satılır. Müvafiq strukturlar, ictimaiyyət, media bir qisim hallarda bunun qarşısını almaqda aciz qalır. Əslində isə bu kimi hallarda olayın reallaşmasına çox zaman məhz elə müvafiq strukturlar da rəvac verir. “Xəbərlə” xəbər portalı olaraq bu məsələ bizi çox narahat edir.

Sovetlər dövründə hər yaşayış binasının, hər məktəbin, uşaq bağçasının həyətində uşaqların, yeniyetmələrin, eləcə də böyüklərin istirahət etməsi üçün parklar, yaşıllıqlar, stadionlar nəzərdə tutulurdu. Ancaq çox təəssüflər olsun ki, son illər buna əməl olunmur (Bu çatışmazlıq özünü yeni tikilən binalarda da göstərir). Özü də nəinki əməl olunmur, hətta uşaq bağçalarının, məktəblərin həyətyanı sahələri, stadionları qeyri-qanuni olaraq mənimsənilir, zəbt edilir.

 Təəssüf ki, bu kimi mənfi hallar Sumqayıt şəhərindən də yan keçməyib. Bir neçə il öncə Sumqayıtda 5 nömrəli, 16 nömrəli məktəblərin də stadionları tikinti şirkətlərinə satıldı və orada hündürmərtəbəli binalar ucaldıldı. Ən acınacaqlı hal isə 14-cü məhəllədə yerləşən 16 nömrəli məktəbin stadionunun zəbt olunması zamanı baş verdi. Deyilənə görə, həmin məktəbin bədən tərbiyəsi müəllimi Fazil Mustafayev bu haqsızlığa dözməyərək dünyasını dəyişdi. Hazırda həmin məktəbin stadionunun yerində hündürmərtəbəli bina inşa olunub.

2-ci mikrorayondakı 25 saylı məktəbin stadionu da dağıdıldı ki, orada göydələn tikilsin. Lakin sakinlərin, medianın və bəzi ayrı-ayrı şəxslərin ciddi etirazından sonra tikinti biznesmenlər və onların havadarları əl saxlamalı oldular. Amma işi yarımçıq qoymaq da məktəbin, stadiondan daima istifadə edən şagirdlərinin, həmçinin həmin ərazidə yaşayan, daima oradan ötüb keçən sakinlərin yarasını sağaltmadı. Çünki stadion tam yararsız hala düşdü… İndi bu ərazi dərə-təpəliyi xatırladır. Yay aylarında kələ-kötürlü və toz-torpaqlı olan bu ərazi, yağışlı günlərdə isə tamam keçilməz olur. Təsəvvür edin bu ərazidən keçib işə gedən insanların və məktəbə gedən şagird-müəllim kollektivinin üst-başını… Burada köhnədən qalan kranın isə yığışdırılacağı söylənilir. Bizə görə yığışdırılmaya da bilər; o kranla bu stadionu daha müasir görkəmli də etmək olar. İşıqlandırma sistemi və tamaşaçılar üçün oturacaqlar da quraşdırmaq olar. Necə deyərlər, bədəlini ödəmək niyyətiylə!

 

Və Sumqayıtda növbəti dəfə məktəb stadionunun satılması qalmaqalı…

 Bu günlərdə Sumqayıt şəhər 21 nömrəli orta məktəbin stadionunun satılması ilə bağlı portalımıza xəbər daxil oldu. Məsələni aydınlaşdırmaq məqsədilə həmin təhsil müəssisəsinə yollandıq. Məktəb stadionunun ərazisində hansısa tikinti işlərinin aparılmasına rast gəlməsək də, burada bunadək kiçik qazıntı işlərinin aparıldığını sezdik. Təhsil müəssisəsinin direktoru Vladim İbrahimovun məsələyə münasibətini öyrəndik. O qeyd etdi ki, bu məsələ ilə bağlı yayılan bütün xəbərlər əsassızdır. Həmçinin bildirdi ki, stadionun ərazisi heç kimə satılmayıb və həmin ərazidə hər hansı bir binanının tikilməsindən söhbət belə gedə bilməz. V.İbrahimovun sözlərinə görə, direktoru olduğu təhsil müəssisəsi yüksək səviyyəli orta məktəblərdən biridir və burada belə halların baş verməsi yolverilməzdir. Söhbət əsnasında o da məlum oldu ki, burada kiçik qazıntı işləri stadionun ərazisində olan qrunt sularının yoxlanılması məqsədi ilə aparılıb. Bu isə valideynlərin və bir sıra sakinlərin kiçik də olsa, narahatçılığına səbəb olub, nəticədə səhv anlaşılıb. Təhsil müəssisəsinin müəllimləri də məsələyə eyni cür münasibət bildirdilər. Stadionun ərazisinin baxımsızlıqdan əziyyət çəkdiyi də gözümüzdən qaçmadı. Qaçış meydançasının yararsız halda olması isə məsələnin bir başqa problemli tərəfi idi. Müəssisənin müəllimləri də stadionun yeganə probleminin elə bu olduğunu qeyd etdilər. Məktəb rəhbərliyindən onu da bildirdilər ki, yaxın zamanlarda stadion təmir olunub daha səliqəli vəziyyətdə şagirdlərə təhvil veriləcək.

Sumqayıt təhsil şöbəsi nə deyir?

 Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov isə 21 nömrəli məktəblə bağlı məsələyə belə aydınlıq gətirdi: “Biz sözügedən problemi eşidən kimi Sumqayıt şəhər İcra Hakimiyyətinə bununla bağlı xəbər verdik. Məsələ yerində araşdırldı və bu kimi halların baş verməməsi üçün tədbirlər görüldü. Məktəbin stadionunun satılmasından söhbət gedə bilməz və orada heç vaxt hündürmərtəbəli bina tikilməyəcək”, – deyə Sumqayıt təhsil şöbəsinin rəhbəri söylədi. Məktəb stadionlarının təmirinə gəldikdə isə V.Ələkbərov bildirdi ki, təhsil müəssisələrində əsaslı təmir işləri aparılanda stadionlar da təmir olunacaq. O, son illərdə Sumqayıtda 6 məktəbin əsaslı təmir olunduğunu, hazırda isə 5 məktəbdə yenidənqurma işlərinin aparıldığını da sözlərinə əlavə etdi.

Biz də ümidvarıq ki, tezliklə məktəb stadionları qurulub bərpa olunacaq. Və bu problem də – yəni məktəb stadionun satılması məsələsi öz real təsdiqini tapmayacaq. Əks halda, şəhər rəhbərliyi hara baxacaq ki, bu da baş versin?!

Bax belə, hələlik bu qədər. Mövzuya qayıdacağıq.

 Ləyaqət Malikqızı, “Xəbərlə” xəbər portalı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın