Menu
Geri İrəli

Sumqayıtda rəqabət qabiliyyətli sənaye istehsalı formalaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Noyabr 2015 • Baxış sayı: 681 dəfə • Şərh yoxdur

Sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafı təmin edilir

 parkSumqayıt Sənaye Parkının fəaliyyəti üçün ayrılmış ərazidə mövcud olan köhnə qurğuların sökülməsi, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, ərazinin relyefinin, mövcud yolların və infrastruktur xəritəsinin, tikililərin, qurğuların və digər obyektlərin yerləşməsinin müəyyən olunması üçün ərazidə topoqrafik çəkilişlər aparılıb. Ərazidə yerləşən texnoloji və mənəvi cəhətdən köhnəlmiş, yararsız bina və qurğular sökülmüş və ərazidən çıxarılıb, hamarlama işləri aparılıb. Ərazi tikinti-quraşdırma işləri üçün tam hazır vəziyyətə gətirilib. Parkın ərazisi 166,6 hektardan 295,5 hektara kimi genişləndirilib.
Sənaye Parkının Baş Planına əsasən, ərazidə nəzərdə tutulan geniş infrastruktur şəbəkəsi, o cümlədən SKSP-nin ərazisinə fiberoptik kabelin çəkilişi tamamlanıb və elektron avtomat telefon stansiyasına qoşulma işləri aparılır. SKSP-nin ərazisini qazla təmin etmək məqsədi ilə xarici qaz xəttinin inşası başa çatıb, sınaq nəzarəti keçirilib. Görülən bu işlər sahibkarların sənaye parkına marağını artırıb. Bundan başqa, sahibkarların rahatlığı üçün Sumqayıt Kimya Sənaye Parkının xarici içməli su xəttinin çəkilişi tamamlanıb, daxili məişət tullantı suları və kanalizasiya xəttinin çəkilişi 70 faizə yaxın, xarici kanalizasiya xətti 45 faizdən çox, ərazidaxili yağış suyu şəbəkəsinin tikinti quraşdırma işləri 90 faiz, kimyəvi tullantı su xətlərinin tikinti və quraşdırma işləri 85 faizdən çox yerinə yetirilib.
Ərazidaxili yeraltı kommunikasiya xətləri üçün nəzərdə tutulmuş yeraltı texniki qalereyanın quraşdırma işlərinin 90 faizi, texniki qalereyanın daxilində inşa olunacaq yanğına qarşı su xəttinin çəkilişi 60 faiz yerinə yetirilib. İçməli və texniki su xətlərinin isə quraşdırma işlərinə başlanılıb.
Sumqayıt Kimya Sənaye Parkınının Sosial zonasında yerləşəcək 16 mərtəbəli inzibati binanın və Peşə Tədris Mərkəzinin tikintisinə yaxın zamanlarda start veriləcək. Ümumilikdə, bütün sahələr üzrə inşaat işləri qrafikə uyğun aparılır. Sənaye Parkının 1-ci fazasınıninfrastrukturunun tikintisinin 2015-ci ilin sonuna kimi başa çatdırılması planlaşdırılıb.
Qeyd edək ki,Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-nin dövlət başçısı İlham Əliyev tərəfindən açılışı olan Polad boru zavodu fəaliyyət göstərir. Eyni zamanda daha iki zavodun inşasına başlanılıb.
SKSP-nin digər rezidenti olan “SOCAR Polymer” MMC tərəfindən istehsal məqsədilə bütün avadanlıqların gətirilməsi başa çatdırılıb. Müəssisənin istehsal prosesinə 2016-cı ildə başlaması planlaşdırılıb.
Parkın idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Parkın fəaliyyətinin təşkili istiqamətində layihə-tikinti işləri ilə paralel olaraq təbliğat-təşviqat işləri aparılır, investorların cəlb olunması, xarici sənaye parkları ilə qarşılıqlı təcrübə mübadiləsi aparılır. Artıq Kanada, Almaniya, Yunanıstan, Fransa, İtaliya və Türkiyədən olan potensial şirkətlər tərəfindən 20-dən artıq investisiya təklifi daxil olub və onlar Sumqayıt Kimya Sənaye Parkının rezidenti olmaq niyyətini bildiriblər. Layihələr əsasən qablaşdırma, tikinti, tibbi və digər sahələrdə kimya məhsullarının, o cümlədən polimerlərin istehsalını nəzərdə tutur.
Bununla yanaşı SKSP-də yeni sənaye müəssisələrinin yaradılması məqsədilə Fransa, Yaponiya, Çin, İtaliya, Almaniya və Avstriyanın müxtəlif təşkilatları, şirkətləri və diplomatik nümayəndəlikləri ilə bir sıra görüşlər keçirilib. Sənaye parkına britaniyalı sahibkarlar da maraq göstərir. Birləşmiş Krallığın “UK Trade & Investment” təşkilatının və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının təşkili, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək məqsədilə yaradılan Sumqayıt Kimya Sənaye Parkında olublar. Qonaqlara məlumat verilib ki, 295,62 hektar ərazidə təşkil edilən park Sənaye və Sosial zonalardan ibarətdir. Bildirilib ki, sənaye parkının infrastrukturunun yaradılması dövlət vəsaiti hesabına maliyyəşdirilir ki, bu da investisiya layihələrini sahibkarlar üçün daha səmərəli edir. Parkda investorlar üçün əlverişli imkanlar yaradılıb, o cümlədən rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi əsasında təşkil olunub. Sumqayıt Kimya Sənaye Parkının və Azərbaycanda yaradılan digər sənaye parklarının rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisindən azaddır. İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov da görüşdə iştirak edib. Görüş zamanı həmçinin, Sumqayıt Kimya Sənaye Parkının təqdimatı keçirilmiş, parkın gələcək perspektivlərini özündə əks etdirən 3D formatlı video çarx nümayiş olunub. Sonra qonaqlar ərazidə aparılan tikinti işləri, eləcə də Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” MMC-nin polad boru və texniki avadanlıqlar istehsal edən müəssisələri ilə tanış olublar. Qonaqlara bildirilib ki, aparıcı ölkələrin təcrübəsinə əsasən Sumqayıt Kimya Sənaye Parkının ərazisində biznes inkubatorların fəaliyyətinin təşkili ilə əlaqədar inkişaf konsepsiyasının layihəsi hazırlanıb.
Görülən işlərin nəticəsidir ki, Fransa sahibkarları da sənaye parkına maraq göstərir. Aparılan danışıqların nəticəsi kimi, sənaye qazlarının istehsalı üzrə tanınan Fransanın “Air Liquied” şirkəti ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında sənaye qazlarının istehsal imkanlarının araşdırılması, potensial alıcıların və yerlərin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Sumqayıt Kimya Sənaye Parkının investorlar üçün cəlbediciliyinin daha da artırılması məqsədilə burada qeydiyyatın “bir pəncərə” sistemi ilə aparılması məqsədilə zəruri təşkilati işlər aparılır. Dövlət Gömrük Komitəsi ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında elektron sistemin inteqrasiya prosesi başa çatdırılıb. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkı regionda fəaliyyət göstərən sənaye parkları arasında sahibkarlara ən cəlbedici imtiyazlar portfelini təklif edir. Rezidentlər qeydiyyata alındığı andan 7 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən, habelə SKSP-yə istehsal məqsədi ilə idxal etdikləri avadanlığa görə ƏDV-dən azad olunurlar. İnvestorlara mənfəətin repatriasiyası imkanına təminat verilir.
Bildirək ki, Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır..

Ucnoqta.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın