Menu
Geri İrəli

Sumqayıtda respublika elmi konfransı işə başlayıb – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2016 • Baxış sayı: 432 dəfə • 1 şərh

Oktyabrın 20-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Polimer Materialları İnstitutunun 50 illik yubileyinə həsr olunan “Makromolekullar kimyası, üzvi sintez və kompozit materiallar” mövzusunda respublika elmi konfransı işə başlayıb.

Konfransda akademiklər, görkəmli alimlər, universitetin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə foyedə Polimer Materialları İnstitutunun elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanışlıq olub.

Elmi konfransın açılışında institutun inkişafında əvəzsiz xidmətləri olan, dünyasını dəyişmiş alimlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Kataliz və Qeyri–üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın kimya elmləri bölməsinin akademik-katibi Dilqəm Tağıyev konfransın plenar iclasını açaraq, institutun yaradılmasında və inkişafında ümummilli lider Heydər Əliyevin diqqət və qayğısından danışıb. Bildirilib ki, institut 1966-cı ildə Sumqayıtda Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun filialı kimi yaradılıb və 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Xlor Üzvi-Sintez İnstitutuna çevrilib. 1991-ci ildən indiyədək AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir.

Vurğulanıb ki, respublikanın ali elmi qurumu olan Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutu 50 il ərzində uğurlu yol keçib.

Polimer Materialları İnstitutunun direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov çıxışında mütəxəssislərin hazırlanması və inkişaf etdirilməsinin cəmiyyət, o cümlədən institut qarşında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib. O, Sumqayıtın sürətli sənaye şəhəri kimi inkişafını təmin etmək məqsədilə yaradılan institutun tarixinə qısa nəzər salıb.

Konfransda çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov rəhbərlik etdiyi ali məktəbin heyəti adından institutun kollektivini, ölkənin elm adamlarını təbrik edib, yüksəkixtisaslı kadrların hazırlanmasında və Azərbaycanda elmi cəmiyyətin inkişafında AMEA-nın müstəsna rolundan danışıb.

Rektor ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamət və hədəflərindən, AMEA-nın Polimer Materialları İnstitutu ilə Sumqayıt Dövlət Universiteti arasında təhsil, elm, istehsalat çərçivəsində elmi-təcrübi əməkdaşlıqdan bəhs edərək bildirib ki, məqsəd bu ali təhsil ocaqları arasındakı əlaqələri daha da inkişaf etdirmək, tələbələrin yüksəkixtisaslı peşəkar kadr kimi yetişməsinə şərait yaratmaqdır.

Plenar iclasda çıxış edən Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqov yarıməsirlik tarixi olan Polimer Materialları İnstitutunun çoxsahəli fəaliyyətindən, əldə etdikləri elmi nailiyyətlərdən söz açıblar.

Yubiley münasibətilə institutun bir qrup əməkdaşına AMEA-nın fəxri fərmanı təqdim olunub.

Plenar iclas institutun 50 illik yubileyinə həsr olunan videoçarxın nümayişı ilə bitib.

Qeyd edək ki, Polimer Materialları İnstitutunun 50 illik yubileyinə həsr olunan elmi konfrans dörd bölmə üzrə davam edir. Oktyabrın 21-dək davam edəcək elmi konfransa 130-dan çox məruzə təqdim olunub.

polmire444 polimer3 polimer665

Facebook Şərhləndirmə:

“Sumqayıtda respublika elmi konfransı işə başlayıb – FOTO” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Təbrik edirəm, mənim üçün doğma olan elmi kollektiv!
    50 illik yubileyiniz mübarək!
    Mənim də bir vaxtlar – 1967-ci ilin 4 noyabrından (institut yaranandan cəmi 1 il sonra – deməli, mən də o kollektivin “veteran”larındanam) 1971-ci ilin 16 aprelinədək bu il yarım əsrlik yubileyi olan həmin elmi-tədqiqat institutunda – o vaxtkı Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (indiki yubilyar Polimer Materialları İnstitutunda), hazırda YUNESKO-da çalışan çox gözəl insan – texnika elmləri namizədi Vəfa Mustafayevin rəhbərlik etdiyi 10 N-li laboratoriyada laborant kimi çalışmışam.
    O vaxt filialımızın direktoru əsl elm adamı olan kimya elmləri doktoru, professor, əvəzsiz insan Sadıq Sadıqzadə idi. Xoş xatirə kimi həmişə yadımdadır ki, mənim təklifim və təşəbbüsümlə (onda mənim cəmi 20 yaşım vardı) və unudulmaz şairimiz, M.Qorki adına Beynəlxalq mükafat laureatı Vaqif İbrahimin vasitəçiliyi ilə həmin institutda ilk dəfə görkəmli şairimiz Bəxtiyar Vahabzadə ilə, daha sonra isə Rəsul Rza, Nigar Rəfibəyli və o zaman hələ çox gənc olan, lakin öz orijinal əsərləri ilə bütün Sovet ittifaqına səs salmış Anarla maraqlı görüşlər keçirmişdik.
    Bəli, mənim əmək bioqrafiyam Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialından – indiki Polimer Materialları İnstitutundan başlayıb.
    Yubileyin mübarək, mənim üçün hər zaman doğma olan İnstitut!
    Təbrik edirəm, əziz kollektiv! Sizə daha böyük uğurlar, Ermənistanın “atasını” izsiz-tozsuz yandıracaq elmi kəşflər arzulayıram!

Şərhinizi yazın