Menu
Geri İrəli

Sumqayıtda tamaşaçıların gözü qarşısında “terrorçunu” zərərsizləşdirdilər- VIDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2013 • Baxış sayı: 136 dəfə • Şərh yoxdur

Sentyabrın 24-də ənənə üzrə Sumqayıtda Şəhər Günü qeyd olunmuşdur. Bayramdan zövq almaq üçün hamı bu günü səbirsizliklə gözləyirdi. Gecə güclü leysan olsa da səhər tezdən yenidən günəş öz şəfəqləri ilə ətrafa bayram əhval-ruhiyyəsi gətirmişdi. Hər yerdə bayram atributları – bayraqlar, al-əlvan şarlar, plakatlar, bannerlər diqqəti cəlb edirdi. Milli geyimli qasidlər, dəvə karvanı, içərisində nağıl personajlarının olduğu elektromobillər… Bir dəstə velosipedçi bütün şəhəri dolaşaraq hamını bayrama səsləyirdi.
AzərTAc xəbər verir ki, şənliklərdə respublikanın regionlarından və xarici ölkələrdən gəlmiş çoxsaylı qonaqlar da iştirak etmişlər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları, Pompey şəhərinin vitse-meri Emilio Sabonara, Nazirlər Kabinetinin, bir sıra nazirliklərin və respublikada akkreditə olunmuş səfirliklərin nümayəndələri Sumqayıtın mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüşlər.
Şəhər Günü Sumqayıtın bir hissəsi olan qədim Corat kəndinin qala divarlarından başlanmışdır. Burada yaradılmış bazar meydanında səhnələşdirilmiş tamaşa göstərilmişdir. Ədəbi-bədii kompozisiyanın əsasını tarixi epizodlar təşkil etmişdir. Bu epizodlarda xalq adət və ənənələrinin koloriti tam əksini tapmışdır. Səhnələrdən biri qəsəbənin təqribən 2 minillik tarixinə həsr olunmuşdur. Onun adı “Cürət” sözündən götürülmüşdür ki, bu da mərdlik, dəyanət deməkdir. Qədim vaxtlarda bu yerlərdə “Cürət” qalası olmuşdur. Bu yerlərin sakinləri öz torpaqlarını yadelli işğalçılardan qəhrəmancasına qorumuşlar.
Ötən illərin tarixinə səyahətdən sonra indiki dövr nümayiş etdirilmişdir. Bayram iştirakçıları respublika Sərhəd Qoşunlarının xüsusi dəstəsinin çıxışlarını izləmişlər. Tamaşaçıların gözü qarşısında cəsur sərhədçilər bir qrup “terrorçunu” zərərsizləşdirmişlər. Hər şey çox real görünürdü. Partlayışlar, atışma, əlbəyaxa döyüşlər… Sərhədçilərimizin məharəti, yüksək peşəkarlığı, bacarığı, onların fiziki fəndləri qüsursuz yerinə yetirməsi ölkəmizin sərhədlərinin etibarlı əllərdə olduğuna inam yaratmışdır. Bayram şərəfinə qala divarının qarşısında qoyulmuş topdan atəş açılmışdır.
Sonra bayramın iştirakçıları şəhərin mərkəzində yerləşən Bayraq Meydanına gəlmişlər. Hərbçilərin nəfəs alətləri orkestrinin ifa etdiyi bayram marşı tədbirə xüsusi təntənə vermişdir. Marşın sədaları altında əsgərlər Azərbaycanın dövlət bayrağını meydana gətirmişlər. Sumqayıtlılar və şəhərin qonaqları önündən hərbi texnika dəstəsi, əsgərlər, süvarilər keçmişlər. İmprovizə olunmuş paradda velosipedçilər, motosikletçilər iştirak etmişlər. Burada iki saatlıq izdihamlı yürüş olmuşdur. Sonra Sankt-Peterburq şəhərindən gəlmiş bir qrup təbilçi qız öz bacarığını nümayiş etdirmişdir. Əlvan kitellər geymiş bu qızlar xüsusi ritmin sədaları altında fiqurlu şəkildə addımlamışlar.
“Şahin” respublika hərbi idman oyununun qalibləri sərrast addımlarla meydandan keçmişlər. İştirakçılar arasında orta məktəblərin şagirdləri və şəhərin məktəbəqədər tərbiyə müəssisələrinin yetirmələri də olmuşlar. Sumqayıtlılar bayrama gəlmiş Qax, Qusar, Salyan və Masallı rayonlarının, İsmayıllı rayonunun İvanovka kəndinin musiqi kollektivlərini gurultulu alqışlarla qarşılamışlar.
Tədbir çərçivəsində hərbi aviaşou olmuşdur. Hərbi təyyarəçilər gözəl tryuklar və virtuoz uçuş texnikası göstərmişlər. Sonda müasir qırıcı təyyarələr havada uçaraq milli ordumuzun qüdrətini nümayiş etdirmişdir.
Şəhər Günü uğurla keçmişdir.
Eldar Əzizov AzərTAc-ın müxbiri ilə söhbətində demişdir: “Sumqayıtın inkişafı həmişə dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir”. O, qeyd etmişdir ki, Şəhər Günü Sumqayıtın inkişafına yeni təkan verəcəkdir.
Böyük bayram konserti təntənəli tədbirlərin kulminasiyası olmuşdur. Sumqayıtlılar qarşısında populyar türk müğənnisi Rafet El Roman çıxış etmişdir.
Bayram şənliyinin sonunda Sumqayıt səması əlvan atəşfəşanlığın nuruna qərq olmuşdur.

Ətrabə Rzayeva, AzərTAC

IMG_8127

Facebook Şərhləndirmə:

Şərhinizi yazın