Menu
Geri İrəli

Sumqayıtda teatr aksiyası yenidən başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2013 • Baxış sayı: 503 dəfə • Şərh yoxdur

 

Sumqayıt şəhərində 2011-ci ildən başlanılan teatr aksiyası yenidən gündəmdədir. Artıq sosial şəbəkələrdə  ”Facebook dostlarımız üçün : 3 mart Teatr aksiyası” adlı event yaradılıb. Aksiya çərçivəsində tamaşa üçün bilet qiyməti 1 MANAT olacaq.  H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında əməkdar artist Namis Şirməmmədovun quruluşunda Əli Əmirlinin “Köhnə ev” tamaşası səhnələşdiriləcək. Tamaşa 3 mart saat 17:00 -da Sumqayıt Dövlət Musiqili Dram Teatrında olacaq.

Aksiyanın təşkilatçısı “Sumqayitxeber.com” saytının təsisçisi Eyvaz Qocayev açıqlamasında bildirib ki, 2011-ci ildən başlanılan teatr aksiyaları gənclərin xeyli marağına səbəb olub: “İlk dəfə 2011-ci ildə 10 apreldə həyata keçirdiyimiz teatr aksiyası çox uğurlu alındı və nəzərə aldıq ki, mütəmadi olaraq bu cür mədəni aksiyalar keçirək. Çünki, biz sosial şəbəkələrdə gəncləri teatra dəvət etməklə həm teatrımıza dəstəyimizi nümayiş etdirmiş olurduq, həm də gənclərin asudə vaxtını səmərəli keçirməsinə nail olurduq. Dəvətimizə xeyli sayda gənclər qoşulurdu. Hətta  Sumqayıt Dövlət Musiqili Dram Teatrının binasında film nümayişləri də keçirmişik və bu da gənclərin xeyli marağına səbəb olmuşdu. Son zamanlar bu cür mədəni tədbirlərə fasil verdiyimiz üçün gənclərin asudə vaxtının səmərəli keçirilməsi sahəsində boşluq hiss olunurdu. Sosial şəbəkələrdə gənclərin istəklərini nəzərə alaraq yenidən bu cür aksiyalara başlamağı düşündük və 3 mart tarixində gənclər üçün teatr aksiyasını təşkil etdik.”

Aksiyanın təşkilatçısı Eyvaz Qocayev bildirib ki, aksiyaya maraq gözləniləndən də çoxdur: “Artıq aksiya ilə bağlı üç mindən çox facebook istifadəçisinə məlumat göndərmişik və məlumat göndərdiyimiz insanların əksəriyyəti teatra gələcəklərini qeyd ediblər. Nəzərə alsaq ki, hər bir dəvətli də öz ətrafındakı insanlara bu barədə məlumat verir, o zaman kifayət qədər iştirakçının olacağını deyə bilərik. Məqsədimiz Suqmayıt şəhərində gənclərin asudə vaxtını səmərəli keçirmək, eyni zamanda Suqmayıt şəhər teatrına dəstək olmaqdır. Sumqayıt Dövlət Musiqili Dram Teatrı da öz növbəsində bizlərə dəstək olur. Bildiyiniz kimi teatr tamaşalarına biletin qiyməti adi halda 3 manat olur. Lakin bu aksiya çərçivəsində gənclər bileti 1 manata əldə edə bilirlər. “

Facebook Şərhləndirmə:

Şərhinizi yazın