Menu
Geri İrəli

Sumqayıtda uşaqların məktəbəqədər hazırlığının Norveç modeli ilə bağlı seminar keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Fevral 2014 • Baxış sayı: 422 dəfə • Şərh yoxdur

Sumqayıt Bələdiyyəsi məhəllə komitələrində uşaqların məktəbəqədər hazırlığının Norveç modelinin tətbiqi ilə bağlı treninq keçirilib.

 IMG_1012Sumqayıt Bələdiyyəsinin şəhərin Kimyaçılar qəsəbəsində fəaliyyət göstərən məhəllə komitəsinin “İcma-3” mərkəzində baxçaya cəlb olunmamış azyaşlı uşaqların məktəbəqədər hazırlığı üzrə Norveç modelinin tətbiqi ilə bağlı treninq təşkil edilib.

Tədbir üçün məhz ictimai fəallığı ilə şəhərdə yaxşı tanınan Solmaz Zeynəddinovanın rəhbərlik etdiyi Kimyaçılar və Maralgöl üzrə məhəllə komitəsinin seçilməsi təsadüfi deyil. Onun təşəbbüsü ilə hələ bir-neçə il əvvəl yaradılmış “İcma-3” mərkəzi  bir vaxtlar sükunətli bir həyat yaşayan bu qəsəbəyə yeni bir canlanma, dirçəliş gətirmişdir. Sumqayıtın sənaye zonasının yaxınlığında yerləşən qəsəbənin nəinki yaşlı adamları, hətta yetişməkdə olan gənc nəsil də əvvəllər şəhərin ictimai həyatından sanki təcrid olunmuşdular. Buralara az-çox mədəniyyət və elm-təhsil ab-havası verən kino-teatr və Sumqayıt Dövlət Universitetinin (əvvəlki Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialının) ilk korpusu yararsız hala düşərək, fəaliyyətləri dayandıqdan sonra qəsəbədə inert bir həyat mövcud idi. Solmaz xanımın təşəbbüsü, şəhər İcra hakimiyyətinin və Bələdiyyənin məhəllə komitəsinə dəstəyi ilə “İcma-3” mərkəzinin “xeyir-şər” evinin yaradılması, orada keçirilən bayram və xeyriyyə məclisləri, ailə şənlikləri,  maraq doğuran digər müxtəlif tədbirlər qəsəbə sakinlərində nəinki fəallığı, həyat nikbinliyini artırdı, həm də onlar arasında ünsiyyəti və səmimiyyəti daha da gücləndirdi. Burada 600 nəfərdən artıq məhəllə sakininin Yaponiya həkimləri tərəfindən ən müasir tibbi aparatlarla pulsuz tibbi müayinəsinin təşkili, milli bayram günlərində aztəminatlı və şəhid ailələrinə, əlillərə, tənha qocalara yardımların verilməsi, onlara daim diqqət və qayğı göstərilməsi, məhəllə sakini olan əlil bir qızın toyunun təşkili, evdar qadınların əl əməyinə, kompüter kurslarına, məktəbli uşaqların şəhərdə keçirilən idman yarışlarına, müxtəlif dərnəklərə cəlb edilməsi və s.  məhəllə komitəsinin nüfuzunu xeyli artırmış, “İcma-3” mərkəzinin sakinlər üçün doğma, isti bir ocağa çevrilməsinə səbəb olmuşdur.

Məhəllə komitəsi tərəfindən görülən işlərin, həyata keçirilən tədbirlərin real nəticəsidir ki, indi məhəllə uşaqlarının soraqları müxtəlif şəhər və respublika olimpiadalarından gəlir, rəqs qrupunun bəzi üzvləri artıq respublikanın rəqs kollektivlərində və telestudiyalarda, o cümlədən ANS-də çalışır. Burada ilk idman uğurlarına nail olmuş gənc idmançılar hazırda müxtəlif idman klublarına, hətta iki perspektivli, istedadlı gənc Bədən Tərbiyəsi İnstitutuna qəbul edilmişlər. Və bu gün inanmaq olmur ki, bu nailiyyətlərə bir vaxtlar yeniyetmələrinin siqaretə, içkiyə, bəzən də narkomaniyaya meylli olduğu, bu səbəbdən də bəzən müxtəlif cinayətlərin törədildiyi bir “gecəqondu”lar məhəlləsində nail olunmuşdur. Təsadüfi deyil ki, bu məhəllə komitəsinin uğurlu fəaliyyəti ilə yaxından tanış olmaq üçün Almaniyalı qonaqlar, Dünya Bankının vitse-prezidenti, ABŞ-ın Azərbaycandakı səfiri, 30-a qədər yapon məktəblisi və digər xarici nümayəndələr bilavasitə “İcma-3” mərkəzinə gəlmiş və burada gördüklərindən xoş təəssüratla ayrılmışlar.

Son zamanlar məhəllənin kiçik yaşlı uşaqlarının bir qisminin baxçaların uzaq olması və yer çatışmazlığı üzündən baxça tərbiyəsindən və məktəbəqədər hazırlıqdan kənarda qalaraq, məktəbə gedərkən dərsləri qavrama baxımından yaşıdlarından geri qalmasını nəzərə alan məhəllə komitəsi bu sahədə olan çatışmazlığı aradan qaldırmaq üçün Norveç modelini tətbiq etməyi qərara alır. Və artıq neçə müddətdir ki, icma mərkəzində uşaqların bu model üzrə məktəbəqədər mükəmməl hazırlığına nail olmaq üçün bütün lazım olan dərs vəsaitləri və intellektual uşaq oyun vasitələri ilə təmin edilmiş xüsusi otaqlar ayrılmışdır. Hazırda orada gündə 10-15 uşaq “ilk təhsil”ə yiyələnirlər. Həm də maraqlıdır ki, hazırlıq məşğələlərini ştat üzrə müəllimələr yox, uşaq tərbiyəsini və psixologiyasını kifayət qədər bilən, evdar xanımlar olan gənc analar ictimai əsaslarla aparırlar. Bununla onlar həm sabahın savadlı uşaqlarının yetişdirilməsində iştirak edib, cəmiyyətə fayda verirlər, həm də bütün günü evdə tək və ya uşaqlarla qalaraq, darıxmaqdan qurtarırlar. Eyni zamanda burda onların uşaqları da digər uşaqlarla qaynayıb-qarışaraq, daha çox sevins hissi keçirir, “uşaq kollektivçiliyinə” daha tez alışırlar.

Təcrübə mübadiləsi olaraq keçirilən tədbirdə məhəllə komitəsinin sədri S.Zeynəddinova görülmüş işlər və yaxın zamanlarda həyata keçiriləcək mini-layihələr haqqında tədbir iştirakçıları olan digər məhəllə komitələri rəhbərlərinə və Kimyaçılar qəsəbəsi sakinlərinə videosüjetlərin müşayiəti ilə geniş məlumat vermiş, Norveç modeli üzrə yeni yaradılmış məhəllə baxçasının fəaliyyətindən, onun ictimai faydasından söhbət açmışdır.

Avropa Birliyinin Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) tədbirdə iştirak edən sədr müavini, Bələdiyyə sistemində özünədəstək qruplarının yaradılması layihəsi üzrə koordinator Yelena İsrafilova Norveç modelinin üstünlükləri barədə danışaraq, onun “İcma-3” mərkəzinin nümunəsində Sumqayıt Bələdiyyəsi tərəfindən bütün məhəllə komitələrində tətbiq olumasına diqqət yetirilməsindən məmnunluğunu bildirmiş, bunun cəmiyyətin ictimai fəallığının artırılmasında və gələcək inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini bildirmişdir.

Tədbirdə çıxış edənlər –  Sumqayıt Bələdiyyəsinin təşkilat şöbəsinin müdiri Gülrəng Cümşüdova, məhəllə komitələrinin sədrləri İndira Şəmsivari, Şahlar Vəliyev, Lamiyə Əsədova, Şıxbaba Rzayev və digərləri Kimyaçılar və Maralgöl üzrə məhəllə komitəsinin fəaliyyətinin təqdirəlayiq olduğunu, onun təşəbbüsünün daha geniş təbliğinin və tətbiqinin vacibliyini qeyd etmişlər. Baxçaların kifayət qədər olmadığı məhəllələrdə “İcma-3” mərkəzinin təcrübəsindən istifadənin yetişməkdə olan nəslə göstərilən diqqət və qayğı kimi qiymətləndirən Şahlar Vəliyev səmimiyyət və səxavətlə şəhərin imkanlı adamları üçün nümunə olacaq vətənpərvərlik, xeyirxahlıq nümunəsi göstərərək, sahibi olduğu, ofis kimi yararlı bir sahəni balacaların inkişafı naminə onların istifadəsinə verməyə hazır olduğunu bildirdi.

Tədbirə yekun vurularaq, Sumqayıt Bələdiyyəsi tərəfindən “İcma-3” mərkəzinin təcrübəsinin baxçalarda yerlərin kifayət etmədiyi məhəllələrdə yayılıb-tətbiq olunması tövsiyə edilmişdir.

Rəhman Orxan.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın