Menu
Geri İrəli

Sumqayıtda “yaşıl marafon” davam edir

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2016 • Baxış sayı: 575 dəfə • 1 şərh

photo_70295 (1)Respublikamızın ən çox yaşıllığı olan şəhərlərindən biri Sumqayıtdır. Statistikaya görə, Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi ümumölkə göstəricisindən çoxdur və 26,5 kvadratmetr təşkil edir. Şəhərin hakimiyyət orqanları bu rəqəmi 50 kvadratmetrə çatdırmaq niyyətindədirlər. Buna görə də şəhərdə yaşıllıq yürüşləri davamlı xarakter daşıyır.

Xəzərin “zümrüd boyunbağısı” adlandırılan Sumqayıtın dənizkənarı parkında, Heydər Əliyev Parkında, küçə və yaşayış ərazilərində kütləvi şəkildə ağaclar əkilir, yaşıllıqlar qayğı ilə əhatə olunur. Şəhər yaşıllaşdırma idarəsinin bağbanları daim yaşıllıq zolaqlarına qulluq edirlər. Bununla bərabər, ərazilərin yaşıllaşdırılması şəhər təsərrüfatının strukturları arasında bölüşdürülüb. Əkin yerlərinə su xətlərinin çəkilməsi, torpaqların hamarlanması, çalaların qazılması intensiv aparılır. İməciliklərə hər kəs həvəslə qoşulur.

Yaşıllaşdırma idarəsinin rəisi İlyas Həsənovun dediyinə görə, ötən payız-yaz əkin mövsümündə Sumqayıtda 46 min həmişəyaşıl ağac əkilib. Yaz gələndən işlərin həcmi daha da artıb. Belə ki, 52 min qızılgül kolu, 65 mindən çox mövsümi güllər əkilib, 15 min kvadrat-rulon çəmənlik salınıb. Bundan başqa, yeni əkilmiş 350 palma şəhərin küçə və bağlarına yaraşıq verir, daha 200-ü əkiləcək. Bir o qədər də dekorativ Hollandiya leylandrası artıq ərazilərə köçürülüb, daha minlərlə belə nadir bitki park və küçələri bəzəyəcək. Əsas işlər şəhərin girişində, “Sülh” küçəsində, mərkəzi xiyabanlarda aparılır. Hazırda Koroğlu, Çerkassı küçələrində geniş iş cəbhəsi açılıb. Heydər Əliyev və Lüdviqshafen parkları, ulu öndərin adını daşıyan prospekt, Azərbaycan, N.Nərimanov, S.Vurğun küçələri yeni yaşıllıqları, gülü-çiçəyi ilə baxanları heyran qoyur.

Sumqayıtın yeni salınan dənizkənarı bulvar və Sahil parkı layihəsinin uğurlu icrası da şəhərin simasını tamamilə dəyişəcək. Ölkə başçısının tapşırığına əsasən, Sumqayıt sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa vaxt ərzində dənizkənarı bulvarda ən müasir infrastruktur yaradılacaq. Ərazidə nadir ağac və bitki nümunələri əkilir.  Bu işlər yalnız  şəhərdə deyil, Sumqayıtın qəsəbələrində də geniş vüsət alıb. Belə ki, 7,5 kilometr uzunluğu olan Sahil küçəsi genişləndirilir,yolun Corat qəsəbəsindən keçən  hissəsində əvvəllər baxımsız vəziyyətdə olan ərazidə müasir landşaft həlli olan park salınır. Abadlaşdırılan sahədə tamet döşəmə salınır, çəmənlik salınır, dekorativ ağac və kollar əkilir. Yeni istirahət guşəsinin yaxın vaxtlarda sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Sumqayıtlılar “yaşıl marafon”un təşkilinə hamılıqla dəstək verir və iməciliklərdə fəallıq göstərirlər. Təkcə “Azərikimya” İstehsalat Birliyinin kollektivi  sənaye ərazilərində iməciliklər zamanı minlərlə çinar, nar, meliya, sərv, şam, əncir, ərik, gilənar, badam və xurma ağacı əkib. Mövsümün əvvəlindən ayrı-ayrı təşkilatlar “Bu gün əkdiyimiz ağac, sabah aldığımız nəfəsdir” devizi altında genişmiqyaslı yaşıllaşdırma aksiyalarına start verib. Aparılan işlər müxtəlif parkları və yolkənarı əraziləri əhatə edib. Məqsəd ölkədə ekoloji mühitin mühafizəsinə töhfə vermək və təbiətə qayğı hissini gücləndirməkdir.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

Facebook Şərhləndirmə:

“Sumqayıtda “yaşıl marafon” davam edir” yazısına bir cavab

  1. Arzu Məhərrəmova deyir:

    mən çox xahiş edərdim ki,ulu öndərin Heydər Əliyev prospektində travmotologiya tərəfləridə Dejurniy istiqamətinə yaşıllaşdırardılar

Şərhinizi yazın