Menu
Geri İrəli

Sumqayıtdakı silahlı insidentlə bağlı yeni xəbər var

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2014 • Baxış sayı: 761 dəfə • Şərh yoxdur

mehkeme123esasBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında keçən il dekabrın 11-da baş verən silahlı insidentlə bağlı başlanmış cinayət işinin məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin ifadələri alınıb.
Onlar ifadələrində hadisə yerinə yalnız barışıq yaratmaq niyyəti ilə gəldiklərini, hadisədə heç bir günahlarının olmadığını qeyd ediblər

Hadisədə təqsirləndirilən xəvariclər- Elçin Əkbərov, Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov və Kənan Mehrəliyev məhkəmə qarşısındakı ifadələrində özlərini təqsirli bilməyib.
Məlum olaylarla bağlı saxlanılan Elşən Musayev, Elnur Nəzərəliyev və Vüqar Xəlilovun işinə Sumqayıt məhkəməsi baxır. Hər 3 şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilənlərdən fərqli olaraq sələfi təriqətinin üzvüdür.
Məhkəmə prosesi oktyabrın 28-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən il dekabr ayının 11-də saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Soltan” çay evində baş verib. İki qruplaşma arasında dini baxışlarında olan fikri ayrılığına görə yaranmış mübahisə sonda silahlı insidentlə nəticələnib.
Hadisə zamanı Sumqayıt şəhər sakinləri Elmar Məmmədli və Anar Rəhimov bıçaq xəsarətləri, Təzə Corat qəsəbə sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Elçin Əkbərov, Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Elşən Musayev, Elnur Nəzərəliyev və Vüqar Xəlilov həbs olunublar.

Onlara qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 29, 120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma, saxlama, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Həbs olunanların arasında xəvariclərin əmiri, “Mamed” ləqəbli Elçin Əkbərov və sələfilərin lideri, “Hamza” ləqəbli Elşən Musayev də var. İstintaqla bağlı keçirilən baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın