Menu
Geri İrəli

Sumqayıtdakı yeni tikili sakinlərindən ciddi korrupsiya ittihamı

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyul 2014 • Baxış sayı: 708 dəfə • Şərh yoxdur

130 mənzillik bina, yoxsa gecəqondu?

yeni tikiliSumqayıtın Heydər Əliyev prospektində, 19-cu məhəllədə yerləşən 10 mərtəbəli yeni tikilinin sakinləri bu günlərdə binanı tikən şirkətin onları aldatması ilə bağlı redaksiyamıza şikayət ediblər. Sakinlər iddia edir ki, tikintini aparan şirkət – “Rəndə-1” Mənzil Tikinti Kooperativi müqavilə öhdəliyinə uyğun olaraq binanı artıq 7 ildir ki, tamamlayıb sakinlərə vermir.

Problemlə yerindəcə tanış olmaq üçün sözügedən binaya yollandıq. Sakinlərin şikayətlərini araşdırmaq üçün gəldiyimizi bilən bina sakinləri bizi həyətdə qarşılayaraq problemlərini sadalamağa başladılar. Məlum oldu ki, sakinlərlə alqı-satqı müqaviləsi 2007-ci ildə bağlanıb:

- Binanın tikintisinə 2004-cü ildə başlanıb. Bu günə kimi hazır deyil. Binanın qazı və lifti yoxdur. Zirzəmilər hazır deyil. Bina heç bir qurum tərəfindən balansa götürülməyib, hüquqi ünvanı yoxdur, Fövqəladə Hallar Nazirliyi bu yaşayış binasının yararlılığını təsdiqləməyib. Bununla bağlı müvafiq qurumlara çoxsaylı şikayətlərimiz olub.

2008-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən cavabda deyilir ki, bu problemlərlə bağlı “Rəndə-1” MTK-nın rəhbərliyi ilə görüşülmüş və onun nəzərinə çatdırılmışdır ki, bu məsələlər qısa zamanda həllini tapmalıdır. Həmin görüşdə MTK-nın rəhbəri Müslət Nəcəfov binada görəcəyi işlərin qrafiki bağlı sənəd də imzalayıb. Həmin sənədə əsasən (surəti təqdim olunur – red.) MTK girişlərin rənglənməsini, həyətin abadlaşdırılmasını 30.12.2009, liftlərin təhvil verilməsini 20.03.2010, binanın qazlaşdırılması işini 30.12.2009, işığın verilməsini 15.01.2010 tarixinə qədər həyata keçirməli idi. Ancaq bu günə qədər işıqla təminatdan başqa heç bir iş görülməyib. İşıq problemi də şəhər rəhbərliyinin köməkliyi ilə həll edilib. Bu günə qədər MTK heç bir öhdəliyini yerinə yetirmir.

Binada 130 mənzil payçılara satılıb. Alqı-satqı müqavilə ilə aparılıb və mənzillərin bundan başqa heç bir sənədi yoxdur.

yeni tikili-2Şirkət rəhbərliyi deyir ki, biz liftə, işıq və qaz sayğacına görə ödənişləri etmirik. Ancaq məsələ elə deyil. Qaz sayğacına görə – əvvəlcədən hər bir payçının 300 manat ödəməli olduğu halda indi “Rəndə-1” MTK sakinlərdən 400 manat tələb edir. Müslət Nəcəfov qaz layihəsinin alınması üçün dövlət rüsumunu – 13-14 min manatı da vətəndaşlara yükləmək istəyir. Bu, artıq korrupsiya faktıdır.

Bu bina gecəqondu kimi bir şeydir. Bizim hüquqi ünvanımız yoxdur – hərə bir yerdə qeydiyyatdadır.

Sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, binanın qazla təchizatı hazırda təhlükə doğurur. “Camaat balon qazından istifadə edir. Hər eyvanda bir “bomba” var” – deyə sakinlərdən biri SOS siqnalı çalır.

Liftlər də təhlükə törədir. Sakinlər azyaşlı uşaqların açıq liftlərə düşməsi təhlükəsindən narahatdır: “Liftlər açıqdır. Uşağın ağlı kəsmir, gedib ora düşsə, kim cavab verəcək?!”

Bina heç bir qurumun balansında olmadığından ona kommunal xidmətlər də göstərilmir.

“Binanın ətrafı, həyəti, zirzəmiləri əsl zibil poliqonunu xatırladır. MİS də təbii olaraq bu binaya xidmət göstərməyə borclu deyil. MTK gəlib problemləri həll etməyə səy göstərsə, camaat da dəstək verər” – deyə sakinlər bildirir.

Mağazalar binanı uçma təhlükəsi ilə üz-üzə qoyur

Binanın birinci mərtəbəsi yaşayış sahəsi deyil, burada mağazalar üçün obyektlər nəzərdə tutulub. Sakinlərin dediyinə görə, obyektlər mağazaların divarlarında, dayaq sütunlarında dəyişikliklər edir ki, bu da binanın dözümlülüyünə təsir edir. “Sabah bir zəlzələ olsa, bina yerə gəlməyəcək ki?!” – deyə sakinlərdən biri haqlı olaraq soruşur.

Sakinlərin dediyinə görə, mağazaların bir çoxu binanın suyundan, enerjisindən istifadə edir, nətiədə binaya borc yazılır: “Bu gün binanın suya 10 min AZN-ə yaxın borcu var. Evlərdə də, binada da sayğaclar var. Ancaq hesablananda görünür ki, ortada itki var və həmin itki binaya borc kimi yazılır.

Şirkət deyir ki, bina hazır olmamış sakinlər gəlib yaşamağa başlayıblar. Biz müqavilədə binanın təhvil verilmə tarixini göstərməmişik və s. Müqavilədə vaxt göstərilməyib deyə iş 50 il davam edə bilməz axı. Qanunvericilik var, bu cür müqavilələrlə bağlı standartlar var axı. Hər bir şirkət öz istədiyi standartlarla müqavilər hazırlaya bilməz. Əslində, “Rəndə-1” MTK-nın müqaviləsi də dövlətin bu cür sənədlərlə bağlı müəyyən etdiyi normalardan kənardır. Təəssüf ki, bəzi sahibkarlar ölkə başçısının sahibkarlığın inkişafına göstərdiyi dəstəkdən sui-istifadə edərək dələduzluqla məşğuldur.

yeni tikili-5Məsələ ilə bağlı “Rəndə-1” MTK-nın rəhbəri Müslət Nəcəfovun da fikirlərini öyrənmək istədik. Ancaq M.Nəcəfov çoxsaylı zənglərimizə cavab vermədi. Hər halda, biz yenə də qarşı tərəfin mövqeyini təqdim etməyə hazırıq.

P.S. Sonda sakinlərdən birinin dediklərini olduğu kimi təqdim edirik. Hesab edirik ki, bu sonluq MTK-nın apardığı işə münasibəti barədə təəssürat yaradır. Sitat: “Bir neçə il öncə ANS-ə şikayət etmişdik. Gəlib çəkdilər, Müslət müəllimi də tapıb danışdırdılar. Birinci bloka sakinlərdən biri öz hesabına qapı qoyub. Müslət müəllim müsahibə verərkən dedi ki, baxın, birinci bloka artıq qapı qoymuşam, nə olub, üzü bəri qoya-qoya gəlirəm də…”

168saat.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın