Menu
Geri İrəli

Sumqayıtı kimlər zəhərləyir?

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2014 • Baxış sayı: 627 dəfə • Şərh yoxdur

225_JUZVOJ42aGVK

Sumqayıt ekoloji cəhətdən sovetlər dövrünün ağır zərbələr vurduğu şəhər hesab olunur.

 Uzun illər kimya sənayesi müəssisələri gələcəyi düşünmədən olmazın qədər tullantılar, qazlarla şəhərin ekologiyasını korlayıb, vəziyyəti xəstə nəslin yetişməsi – uşaq qəbiristanlıqlarının yaranmasına qədər gətirib çıxarıblar.

 Müstəqilliyin ilk illərində isə bu sənaye müəssisələrinin bir çoxu məlum səbəblərdən fəaliyyətini dayandırdı.

 Sonrakı illərdə onlardan bəziləri yenidən həyata “vəsiqə qazandı”. Tədricən iqtisadi vəziyyətin düzəlməsi həmin zavodların bəzilərin bir neçə sexinin işini bərpa etməsinə imkan verdi. Beləliklə, yenidən şəhərin ekoloji durumu üçün təhlükə formalaşdı. Əslində, köhnə zavodların tullantıları yığışdırılmadığından, utilizasiya olunmadığından ekoloji durumun yaxşılaşmasından danışmaq, sadəcə, mübaliğəli görünə bilər – ancaq hər halda, müəyyən dövrdə şəhərin üzərindəki qara dumanlar görünmür, Sumqayıta gələnlər “bu, nə qazovka iyidir” deyib təəccüblə soruşmurdular.

 Və budur, yenə soruşurlar. Elə biz də sorurşuruq: Şəhərə zəhərli qazları kim buraxır?! Ya da lap belə soruşuruq: öz biznesi, gəlirini düşünərək insanların sağlamlığı ilə, sağlam gələcəyi ilə oynayanlar kimlərdir?! Kimlərdir “qazovka” ilə bizi boğanlar?!

 Bəli, bir müddət olar ki, yenidən şəhərin havasında “qazovka” hiss olunur. Bu qazların hansı müəssisələrdən (və ya müəssisədən) buraxıldığı ilə bağlı isə dəqiq məlumat yoxdur. Ancaq hər halda, Sumqayıtda havada zəhərli qazların olması rəsmən təsdiqləndi. Rəsmi məlumata keçməzdən əvvəl qeyd edək ki, şəhərdə zəhərli qazlar həftənin 2 günündə daha çox hiss olunur: çərşənbə axşamı və cümə günləri.

 Zəhərli qazlar rəsmən təsdiqləndi

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyir ki, ötən ilin yekunu olaraq il ərzində Sumqayıtda ardıcıl olaraq bir neçə dəfə monitorinqlər keçirilib. Nəticədə havada orqanizm üçün zərərli olan maddələr aşkarlanıb. Havaya atılan tullantılar isə daha çox köhnə qurğulardan istifadə edən zavodların payına düşür. Departamentin direktor müavini Mətanət Avazova deyib ki, həqiqətən də qoxu var. Əhalinin şikayəti ilə bağlı olaraq qurum nümayəndələri həmin  ərazidə operativ rejimə keçiriliblər. Bu zaman məlum olub ki, qoxu əsasən səhər saatlarında əmələ gəlir. Həmin vaxt isə dənizdən qalxan buxar da onu tutub saxlaya bilir. Amma günəş qalxdığı zaman artıq həmin maddələri ayırd etmək mümkün olmur. Hidrogen xloridin Sumqayıt üçün xarakterik olduğunu deyən mütəxəsisdən onu da öyrəndik ki, hazırda fəaliyyət göstərən bir sıra yuyucu maddələrin hazırlandığı zavodlarda texnologiyalar dəyişsə də, son araşdırmalar onu göstərir ki, insan orqanizmi üçün təhlükəli olan bu tip maddələr bu gün də mövcuddur. Eyni zamanda Aliminium zavodu əvvəlkinə nisbətən az işləsə də, yenə də hidrogen florid maddələri havada aşkar edilir. Mətanət Avazova məlumat verdi ki, havada olan tullantılar iki cür olur. Alçaqlıqda və hündürlükdə olan tullantılar. Zəhərli tullantılar daha çox alçaqlıqda olan tullantılardır. Elə məqamlar olur ki, alçaqlıqda olan tullantıları tutmaq olur. Çünki həmin müəssisələrin ətrafı hasarlanır və qurum nümayəndələrinin zavodun ərazisində hansısa ölçmə işləri aparmağa ixtiyarları yoxdur. Mütəxəssislər yalnız mühafizə departamenti ilə birgə həmin ərazilərə girib araşdırma apara bilirlər. Sumqayıtın mövcud ekoloji durumu ilə bağlı nazirlikdə qaynar xətt yaradılıb. Günün istənilən saatında əhali havada qeyri-müəyyən qoxu və ya qalın duman hiss edərsə, o zaman qaynar xətlə əlaqə saxlasınlar. Vətəndaşlar şikayətlərini istənilən abonentdən 168 qaynar xətt nömrəsinə yığmaqla bildirə bilərlər. Bu zaman atmosferdə olan zəhərli tullantıların mənbəyini aşkar etmək ekoloqlar üçün daha çevik və real olar.

 Bəs şəhərdəki müəssisələr nə deyir?

 Məsələ ilə bağlı Sumqayıtda yerləşən sənaye müəssisələrinin də mövqeyini öyrənmişik. Gəlin, onların da mövqeyi ilə tanış olaq.

 Azərkimya İstehsalat Birliyində ekologiya ilə bağlı bu günlərdə keçirilən dəyirmi masada Birliyin icraçı direktoru Vüqar Kərimov “168 saat”ın “Azərkimya”nın qoyulmuş ekoloji normalara nə qədər riayət etməsi ilə bağlı sualına bu cür cavab verdi:

 -         Hazırda “Azərkimya” bu normalara ciddi şəkildə riayət edir. Birlik şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirir. Köhnə zavodların ərazisi təmizlənir.

 ARDNŞ-nin struktruna daxil edildikdən sonra aparılan müşahidələr göstərdi ki, Səthi aktiv maddələr və “Üzvi-Sintez” zavodlarının bir çox zərərli istehsalatları, o cümlədən civə üsulu ilə kaustik soda istehsalı yalnız həmin müəssisələr üçün deyil, bütövlükdə Sumqayıt şəhəri üçün ciddi problemlər yaradır. Ona görə də Azərbay­can Dövlət Neft Şirkəti tərəfindən  Səthi Aktiv Maddələr və “Üzvi-Sintez” zavod­larının fəaliyyəti dayandırılaraq, zərərli istehsalat və sexlər demontaj olu­ndu. Tullan­tılardan təmiz­lə­nən ərazilərdə geniş­miqyaslı rekultivasiya işləri aparıldı. Eyni zamanda keçən əsrin 90-cı illərindən istehsalat ərazilərində yığılıb qalmış xlorparafinlər, plasti­fikatorlar, latekslər, poli­qliserin məhsulları, civə şlamı xüsusi nəqliyyat vasitələri ilə daşınaraq, «Təhlükəli Tullantılar» MMC-nin poliqonunda zərər­sizləş­dirilmişdir. Həmin ərazilərdə mütərəqqi texnolo­giyalar əsasında müasir isteh­salat sahələrinin inşası işlərinə başlanılmışdır.

 Hazırda Birliyin idarə və müəs­sisələrində atmosferə, su hövzə­lərinə, yerin təkinə çirklən­dirici maddələrin atılmasının minimuma endirilməsi məqsədilə mütəmadi olaraq təd­birlər planı və səmərəli ekoloji layihələr hazırlanaraq həyata keçirilir. Bir neçə onilliklərlə müqayisədə ətraf mühitin çirklənmə dərəcəsi xeyli azalmış, Sumqayıtın hamını narahat edən ekoloji vəziyyətində ciddi dönüşə nail olunmuşdur.

 Bu gün “Azərikimya” İB yalnız sənaye zonasında deyil, Sumqayıtın mikro­rayon və məhəllələrində də yaşıllıq-abadlıq işləri aparmaqla ətraf mühitin sağlamlaş­dırıl­masına öz töhfələrini verir. Son üç il ərzində “Azərikimya” İB-nin ərazilərində 100 mindən artıq ağac və bəzək bitkiləri əkilmiş, müəssisələrin daxili ərazilərində toxumların əkilməsi vasitəsilə minlərlə ting yetişdirilmişdir ki, artıq keçirilən iməci­liklər zamanı yeni yaşıllıq sahə­lərinin salınması bu tinglərlə təmin edilir. Çalışırıq ki, yaxın gələcəkdə Sumqayıtın böyük sənaye mər­kəzi olmaqla, həm ölkəmizin, həm də bölgənin ən gözəl və ekoloji cəhətdən ən təmiz şəhərlərindən birinə çevrilmə­sində bizim də yetərincə payımız olsun.

 “Azəraliminium” ASC-dən isə bildirdilər ki, bu müəssisə artıq fəaliyyətsizdir. ASC-nin inzibati işlər üzrə direktoru Telman Əhmədzadə qeyd etdi ki, 2009-cu ildən, dünya maliyyə böhranından sonra “Azəraliminium” ASC fəaliyyətini təmamilə dayandırdı: “Maliyyə böhranı ölkəmizə çox təsir etməsə də, bizim müəssisəyə təsir etdi. Fəaliyyətimiz tam olaraq dayandı. Buna görə də bizim Sumqayıtın ekoloji vəziyyətinə hansısa zərər verməsi barədə danışmaq, mənə elə gəlir ki, yersizdir. Biz bu aralar yalnız ətrafı abadlaşdırmaqla, ağac əkməklə məşğuluq. Odur ki, bizim müəssisəmizin ərazisindən şəhərə yalnız oksigen yayılır.”

 “Azərboru” ASC-nin ekoloji məsələlər üzrə mühəndisi Nəbi Haqverdiyev isə bildirdi ki, bu müəssisənin fəaliyyəti də şəhərin ekologiyasına heç bir təsir göstərmir: “Bizdə tullantı yoxdur. Havaya buraxılan zərərli qazlar isə normadan dəfələrlə azdır. Bu gün “Azərboru” öz potensialının 10%-i gücündə işləyir. Bizim müəssisə 700000 ton boru istehsal etməlidir. Ancaq cəmi 70000 ton istehsal edir.”

 “Məişət-kimya” ASC-nin direktoru Həsən Məmmədov da bildirdi ki, onların fəaliyyəti nəticəsində heç bir tullantı yaranmır: “Bizim müəssisədə çox məhsul istehsal olunmur. Yalnız perlit və kalsium karbonat istehsal edilir və heç bir tullantı yaranmır.

 Mövzu ilə bağlı “Dizayn Azərbaycan”la da dəfələrlə əlaqə saxlasaq da buradan bildirdilər ki, rəhbərlik yerində yoxdur, məsələyə də heç kim münasibət bildirə bilməz: “Nömrənizi vermişik. Lazım bilinsə, əlaqə saxlanılacaq. İndi yoxdurlar, vacib işlə bağlı çıxıblar.”

 Şüşə zavodunun direktoru Allahverdi Allahverdiyev isə bildirdi ki, bu zavod 2008-ci ildən fəaliyyətsizdir: “Bizdə rekonstruksiya işləri gedir.”

 Şəhərimizdə yerləşən daha bir sənaye istehsalçısı “BASF Kaspian” məsələ ilə bağlı redaksiyamıza göndərilən cavab məktubunda bildirib ki, bu müəssisə Beton-qatqıları, kimyəvi tozlar, kafel yapışdırıcıları, izolyasiya materialları, dərz dolğular və s istehsalı ilə məşğuldur. Müəssisənin fəaliyyəti nəticəsində karbon oksid və azot oksid və adi məişət tullantısı kimi tullantılar yaranır.

 “Tullantıların ekoloji təsirlərini azaltmaq üçün hansı tədbirlər görülür?” sualı isə bu cür cavablandırılıb: “Filtr sistemi gücləndirilir, tullantılara nəzarət edilir”.

 “Superfosfat” zavodunun direktoru Eldar İsmayılov isə bildirdi ki, zavod 2012-ci ilin dekabr ayından etibarən fəaliyyətsizdir: “Avadanlıqlar, qurğular köhnədir, iş qabiliyyəti ni itirib. Odur ki, artıq bir ildən çoxdur ki, zavodumuz işləmir”.

 Məsələ ilə bağlı “AZkompozit” ASC-nin mövqeyini isə öyrənmək mümkün olmayıb.

 Göründüyü kimi, bütün müəssisələr ekoloji tarazlığa xələl gətirmədiyini deyir. Ancaq əlaqədar qurumlar üçün yəqin ki, zərərli qazları hansı zavodların buraxdığını tapmaq çətin olmaz.

168 saat.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın