Menu
Geri İrəli

Sumqayıtı özünə məskən seçən kimya sənayesinin şöhrət tacı

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Avqust 2015 • Baxış sayı: 372 dəfə • Şərh yoxdur

tebrik3Onunla harada, necə tanış olduğumu bilmirəm. Təkcə o məlumdur ki, ötən əsrin səksəninci illərində şəhərdə keçirilən tədbirlərdə onunla görüşür, həmsöhbət olurdum. Bir qədər təbəssümlü çöhrəsi, şirin dili və yüksək mədəniyyəti ilə adamı özünə çəkirdi. Bircə dəfə görüşdünsə, həmsöhbət oldunsa, onunla tanış olmamaq mümkün deyildi. Çünki maraqlı söhbəti ilə, yüksək intellekti ilə özünü sənə sevdirir.
Mənim onunla tanışlığım da beləcə başlamışdı. İllər ötdükcə bu tanışlıq dostluğa çevrilmişdir. Onun haqqında, bioqrafiyası barədə çox şey öyrənmişəm. Öyrənmişəm ki, Azərbaycanın dilbər guşələrindən birində, qədim Ordubad mahalında dünyaya gəlib. Gözünü açandan uca dağlar, yaşıl meşələr görüb. Bu yerin bəzəyi olan qollu-budaqlı qoz ağaclarından dəfələrlə yıxılıb. Şair dili ilə desək, “durnagöz” bulaqların suyundan içə-içə böyüyüb. Ana laylasını quşların şirin cəh-cəhi əvəz edib. Ayaqlarını dağ yamaclarının daş-kəsəkləri əzib. Lakin yıxıldıqca bərkiyib, əzildikcə möhkəmlənib, təbiətin romantik zümzüməsi onun qanına, canına hopub. Onda romantik duyğular, təbiətə, insanlara məhəbbət hissləri aşılayıb. Şair olmasa da şeirə, sənətə könül verib. Bayatılar dilinin əzbəri olub.

“Aşıq yüz ilə dəyər,
Şana yüz ilə dəyər,
İl var bir günə dəyməz -
Gün var yüz ilə dəyər.”

“Dağlara binə gəlləm,
Gedərəm yenə gəlləm,
Bizim kimya dirçəlir,
İmana, dinə gəlləm”.

Bəs kimdir belə həvəslə, məhəbbətlə söz açdığım insan? Bu Təbrik Müzəffər oğlu Quliyevdir. O, Təbrik ki, Ordubadda pərvazlandıqdan sonra arzularının işığına düşüb Bakıya, oradan da Sumqayıta “uçub”. Bir müddət indiki Azərbaycan Neft Akademiyasının “kimya-texnologiya” fakültəsində oxuyub, ali təhsil alıb. Möcüzələr yaradan kimyanın sirlərinə yiyələnib. Bir sıra kimya məhsulları istehsalının nəzəri əsaslarını mənimsəyib.
Təbrik müəllim haqqında hər şeyi bilsəm də yenə də onunla görüşmək, bəzi məsələlərə aydınlıq gətirmək qərarına gəldim. Görüş – söhbətimiz redaksiyada baş tutdu. Bu görüş zamanı onun bir xüsusiyyətini də öyrəndim. Təvazökardır, özü haqqında çox danışmağı sevmir. Ancaq nəvələri barədə həvəslə söz açır.
Haqqında danışdığım Təbrik müəllim düz 48 ildir ki, Sumqayıtı özünə məskən seçib. 1970-ci ildə ali təhsil diplomu və təyinatla Sumqayıta gəlib. Adını eşidib üzünü görmədiyi bu şəhər ona möcüzələr diyarını xatırlatmışdı. Nəhəng sənaye müəssisələri, sağa-sola uzanan kimyəvi məhsullarla dolu borular, estakadalar, gecə-gündüz çalışan, lakin işdən, zəhmətdən doymayan insanlar onda xoş təəssüratlar yaradır.
Kimya zavodunda, sonrakı SAM zavodunda işə qəbul olunur. Laborant, böyük kimyaçı kimi fəaliyyət göstərir. Nəhəng bir ailənin – kimyaçılar ailəsinin ən gənc üzvü olur. Yaxşı adamların əhatəsinə düşür. Ali təhsilli mütəxəssis, kimyanın nəzəri biliklərinə qabil insan olsa da yaşlı insanlardan bəhrələnir. Özünün təcrübəsini artırır. Elmi biliyini təkmilləşdirir. Bunu nəzərə alaraq onu kimya sənayesi istehsalat birliyinə baş kimyaçı vəzifəsinə irəli çəkirlər.
Təbrik müəllim kimya sahəsində çalışdıqca həm öyrənir, təkmilləşir, həm də öyrədir, istehsalı təkmilləşdirmək üçün məsləhətlər verir, səmərələşdirici təkliflər irəli sürür, onların istehsalata tətbiqinə nail olur.
Ululardan qalma bir məsəl mənim həmişə diqqətimi çəkib: “Su daşı suda sınanar”. Təbrik müəllim də istehsalatda, müxtəlif növ kimya məhsullarının alınmasında iştirakı ilə sınanır. Sevilir, seçilir. İş yoldaşlarının, rəhbərliyin istəklisinə çevrilir.
1994-cü ildə Təbrik Quliyevi irəli çəkirlər. Bakıdakı kimyəvi reaktorlar və lak-boya istehsalı müəssisəsinə direktor göndərirlər. Düz 4 il bu məsul vəzifədə çalışır, özü də layiqincə. Ən başlıcası, fəhlələrin hörmətini qazanır. Necə deyərlər, hər kəslə öz dilində danışmağı bacarır.
O, yüksəlişə can atmır. Sadəcə olaraq tapşırılan işi ləyaqətlə yerinə yetirir. Ona görə də onu diqqət mərkəzində saxlayırlar, etimad göstərirlər və yüksəldirlər. Nəhayət, onu doğma kollektivinə – SAM zavoduna işə göndərirlər. Özü də direktor vəzifəsinə.
Bu, Təbrik müəllim üçün yüksək etimad olmaqla yanaşı, ona nəhəng bir kollektivin taleyini etibar etmək idi.
Söhbətin şirin yerində Təbrik müəllim sanki xəyallar dünyasına baş vurdu. Olub keçənləri xatırladı. 2004-cü ildə “Azərikimya” Dövlət Şirkətində elmi idarənin rəisi olarkən gördükləri, həyata keçirdikləri işləri vərəqlədi.
Üzvi sintez zavodu geri qalırdı. Bura bacarıqlı, texnoloji prosesləri dərindən bilən, kollektivi arxasınca aparmağı bacaran rəhbər lazım idi. Yenə Təbrik Quliyevə etimad göstərdilər, onu zavoda direktor təyin etdilər. Onun biliyi, bacarığı, insanlara olan məhəbbəti yenə köməyinə gəldi.
Belə bir zərb məsəl də var: “Sən saydığını say, gör fələk nə sayır”. 2006-cı ildə ona işdən çıxmağı məsləhət gördülər. Şirkətin layihə institutunda adi bir iş tapşırdılar. Təbrik müəllim yenə etiraz etmədi. Bəxtiyar Vahabzadənin:
“Yoxdur vəzifənin, işin sənətin,
Böyüyü, kiçiyi deyirəm bizdə.
Vəzni, dərəcəsi hər bir sənətin,
Hünərlə ölçülür Vətənimizdə”. – misralarını xatırlayaraq işlədi.
Təbrik Quliyev  istehsalatda çalışmaqla yanaşı, elmi işlə də məşğul olmuşdur. 1993-cü ildə illərlə üzərində işlədiyi və təcrübədə sınaqdan keçirdiyi elmi işini uğurla müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 2002-ci ildə isə doktorluq işini müvəffəqiyyətlə başa çatdırmışdır.
Alim-kimyaçı polimerləşmə sahəsində iki kitab yazıb çap etdirmiş və bu kitablarda bir sıra aktual məsələləri oxucuların mühakiməsinə buraxmışdır ki, bu da kimya sənayesinin elmi əsaslarla inkişafına böyük töhfədir. Onun üçüncü kitabı digər müəlliflərlə birlikdə yazılmış və oxucuların istifadəsinə verilmişdir.
Kimyaçı alimin digər müsbət məziyyətlərindən biri də onun yeniliyə can atmasıdır. O, kimyəvi tullantıların faydalı istifadə edilməsində yaxından iştirak edib. Tullantılardan xalq tələbatında geniş istifadə olunan yuyucu maddələrin alınması üçün texnologiyanı mənimsəyib.
Direktor işləyərkən əlavə xərc çəkmədən, daxili imkan hesabına anodların bərpası, sulfat turşusunun alınması sexlərini tikdirib istifadəyə vermişdir.
Təbrik müəllimin istehsalata gətirdiyi digər bir yenilik maye qələvilərin qurudulması üçün iki xətlə qurutma sexini tikdirməsi olmuşdur.
O harada, hansı kollektivdə işləmişdirsə, bir qayda olaraq, üzərinə düşən işi layiqincə yerinə yetirmişdir. Təsadüfi deyildir ki, onun əməyi dəfələrlə yüksək qiymətləndirilmişdir. İstehsalatda qazandığı uğurlarına görə Dövlət Mükafatına layiq görülmüşdür. Sumqayıt şəhərinin 60 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona “Əməkdar mühəndis” fəxri adı verilmişdir.
Təbrik müəllim şəhərin ictimai-siyasi həyatında da yaxından iştirak edir. Dəfələrlə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. On beş il şəhər icra hakimiyyətində yaradılmış şuranın üzvü olur.
Savadlı alim, yaxşı istehsalatçı, qabaqcıl kimyaçı olan Təbrik Quliyevin uğurlarından, insani dəyərlərindən çox söz açmaq olar. O, eyni zamanda, layiqli ailə başçısı, mehriban ata, istəkli babadır. Böyüdüb başa çatdırdığı 3 övladı haqqında qürurla danışır. 7 nəvəsini canından artıq sevir. Təsadüfi deyildir ki, övladları haqqında danışarkən əllərini çallaşmış saçlarına çəkdi və dedi: “Çox eşitmişdim, deyirlər “Dövlətdə dəvə, övladda nəvə”. Əvvəllər bunu o qədər də düz başa düşmürdüm. Baba olandan sonra isə dərk etdim ki, doğrudan da nəvə şirin imiş, hər şeydən şirin.”
Çallaşmış saçlarını barmaqları ilə daraması diqqətimdən yayınmadığı üçün ona müraciətlə dedim:

tebrik1

Saçlarına baxıb qocaldın demə,
Adətdir dağ başın qar alar, dostum.
Toxunma könlünə, dəymə qəlbinə,
Çiçəkli ağacda bar olar, dostum.

Onun gözləri yol çəkdi: “Yox hələ qocalmamışam”, – dedi və sözünə əlavə etdi:
“Mənim yeganə arzum kimya sənayesinin şöhrətini geri qaytarmaqdır. Çox şükür ki, gec də olsa deyəsən buna nail oluruq və şübhəsiz ki, olacağıq.”
Təbrik müəllim bu sözləri inamla dedi və əlavə etdi: “Vaxt var idi kimya sənayesi bərbad vəziyyətə düşmüşdü. Təcrübəli kimyaçılar, mütəxəssislər işdən çıxıb getmişdilər. Bir parça çörək qazanmaq üçün qeyri sahələrdə işləyirdilər. Yeni rəhbərlik çox düzgün edərək onları bir-bir geri qaytarır. Mən dünyanın bir neçə xarici ölkəsində olmuşam. Nəhəng kimya şirkətlərində aparılan işlərə baxmışam. Əmin olmuşam ki, hər bir sahədə uğur qazanmaq üçün təcrübəli mütəxəssislər lazımdır. Hansı kollektivdə ki, təcrübəli mütəxəssislərə arxalanırlar, orada uğurlar da olur, sevindirici nəticələr də. Bu sözləri təsadüfən demirəm. Təcrübəli işçilərin istehsalata qaytarılmasını görüb deyirəm.”
Bütün ömrünü kimya sənayesinin inkişafına həsr edən, əslində kimya sənayesinin şöhrət tacına çevrilən Təbrik müəllimin ürəyi sözlə, qəlbi isə ecazkar kimyaçı peşəsinə məhəbbətlə doludur. O kimyaçı alim  kimi bilir ki, bu gün elmi-texniki nailiyyətlər zamanında kimya məhsulları müstəsna rol oynayır. Kimya sənayesini inkişaf etdirmədən böyük uğurlardan söz açmağa dəyməz.
Sonda həmsöhbətimə bir neçə sualla müraciət etdim:
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Əslində mənim boş vaxtım olmur. Gündəlik qəzetləri oxumasam, dünyada baş verən hadisələrlə tanış olmasam, ölkəmizdə aparılan çox böyük və qlobal işlər barədə xəbər tutmasam sakit ola bilmərəm. Tez-tez öz-özümə Ulu öndərimiz Heydər Əliyevin söylədiyi sözləri təkrarlayıram. “Nə yaxşı ki, mən azərbaycanlıyam.”
- Yorğunluğunuzu necə çıxarırsınız?
- Nəvələrimlə söhbətlə, onların dadlı-duzlu sözlərini eşitməklə.
Təbrik müəllimlə söhbətdən ayrılmaq çətin olsa da yeni görüşlərə qədər deyib ondan ayrıldım.
Ayrıldım ki, bir daha onunla görüşüb-söhbət edək, Sumqayıt kimyasının uğurlarından, kimya sənayesinin inkişafında “”Azərikimya“ İstehsalat Birliyinin və onun özünün qazandıqları uğurlardan danışaq. Deyəm ki, Təbrik müəllim qazanılmış uğurlara, əldə olunmuş nailiyyətlərə görə Sizi təbrik edirəm. Deyəm ki:

Dağlara binə gəldin,
Getmişdin, yenə gəldin.
Kimyamız çiçəkləndi,
İmana, dinə gəldin.

Qüdrət MƏLİKOV,
Əməkdar jurnalist

 tebrik2

Facebook Şərhləndirmə:

Şərhinizi yazın