Menu
Geri İrəli

Sumqayıtın baş nevropotoloqu işləmiş həkimin ömür salnaməsi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2014 • Baxış sayı: 1,468 dəfə • Şərh yoxdur

vahidO, Hippokrata deyil, daha müqəddəs bir anda – uca Tanrı andına sədaqətlidir

Loğmanlar dünən də olub, bu gün də var.

Bugünümüzün loğmanı – Vahid Məmmədov

Vahid həkim bəlkə də fərqinə varmır ki, hər gün səhər-axşam Azərbaycanın neçə-neçə kəndində-şəhərində yüzlərlə ailədə onun adına xeyir-dua səsləndirilir, minnətdarlıq edilir, onu ulu Tanrının qüdrətiylə bu dünyaya bəxş etmiş valideynlərinə rəhmət oxunur. Axı, o, nə qədər ümidsiz, əlacsız xəstəyə, demək olar ki, onların həyatlarının son anında nicat, şəfa vermiş, yenidən həyata qaytara bilmişdir. Və o adamlar, onların əziz-doğmaları o böyük Yaradana hər zaman dua edirlər ki, dar məqamda nə yaxşı ki onlara Vahid həkim kimi bir loğmanı rast salıb. Vahid həkim isə xəstələrin əksəriyyətinin tanımadığı, həkimlərin isə bir çoxunun adına və andına məhəl qoymadığı “hansısa” bir Hippokrata deyil, hamının, bütün dünyanın tanıdığı və səcdə etdiyi uca Tanrıya əsl müsəlman sadiqliyi ilə ona pənah gətirənləri öz yaxın adamı, Allahın bəndəsi kimi qəbul edərək, bütün istedadı, bacarığı, insansevər, qayğıkeş qəlbi və səmimiyyəti ilə onların şəfa tapmasına çalışmışdır. Yüzlərlə, minlərlə xəstənin!

O dünyadan gələn var…

Adəti üzrə səhər tezdən uzun illər Baş həkim kimi çalışdığı Sumqayıt Bərpa müalicəsi xəstəxanasına işə gələrkən, Vahid Məmmədov telefonuna zəng edənin kimliyini bilməsə də, belə hallarda həmişə olduğu kimi, gözlətmədən telefonun düyməsini basdı:

- Bəli, eşidirəm…

- Doktor, Sizi Şamaxının Cəngi kəndindən narahat edirik, ağır yataq xəstəmiz var, mümkünsə, ona baxmağınızı xahiş edirik. Bakıda həkimlər bildirib ki, ümidsizdir.

Ancaq tanışlarımızdan biri onu xilas edə biləcəyinizi deyib, ona görə də son ümidlə Sizə müraciət edirik. Xəstəmiz elə də yaşlı deyil – cəmi 46 yaşı var, bu yaşda onu itirmək istəmirik. Bizi ümidsiz qoymayın, həkim, köməyinizi əsirgəməyin… Olarmı, gələk, Sizi gətirək?

Vahid həkim artıq neçə vaxt idi ki, halsız-hərəkətsiz, şüursuz-anlaşıqsız vəziyyətdə qalaraq, nəinki yeyib-içməyən, hətta heç nəyə reaksiya verməyən xəstəyə Bakıda baxılıdığını (özü də respublikanın nüfuzlu səhiyyə ocaqlarından birində!) və orada onun üçün ümidsiz olduğunun deyildiyini bilib, ilk öncə xəstə sahibinə paytaxt həkimlərinin qərarının yəqin ki, əsassız olmadığını bildirsə də, həmin adam israrla ondan kömək etməsini xahiş edirdi. Xəstənin 12 gün komada olduğunu və “dünyadan xəbəri olmadan” sadəcə nəfəsinin gedib-gəldiyini öyrənən həkim vəziyyətin nə yerdə olduğunu başa düşsə də, xəstəni görmədən qəti bir qərar vermək fikrində deyildi.

Zəng edən adamın xəstənin ən yaxını – qardaşı, ya da oğlu olduğunu düşündüyü halda, onların yeznə-qayın olduğunu bilib, adətən “yolagetməz” sayılan bu qohumlardan birinin bu cür canıyananlığını “gözlənilməz” bir insani keyfiyyət kimi fikrən, ani olaraq beynindən keçirib, bunu yüksək dəyərləndirərək, necə çətin olacaqdısa da, onlara imkanı qədər kömək etməyə razı olduğunu bildirdi. Xəstəliyin nədən baş verməsini, onun xüsusiyyətlərini və özünü necə büruzə verdiyini bir qədər dəqiqliklə öyrəndikdən sonra dedi:

- Gəlin belə danışaq. Mənim indi ora gəlməyimə ehtiyac yoxdur. Bir-iki dava dərman deyəcəyəm, onları tapın və dediklərimə əməl edin. Əgər bir sutka ərzində xəstədə müəyyən tərpəniş, dönüş hiss etsəniz, onda gətirin bizim xəstəxanaya.

Bu, inanılmaz idi – Vahid həkimin çoxillik təcrübə əsasında qiyabi olaraq təyin etdiyi dava-dərman öz effektini verdi. Artıq sabahısı gün 2-ci qrup əlil Bəxtiyar Rəhmanov çox aşağı təzyiqlə, həm də yenə də huşsuz halda Sumqayıt Bərpa müalicəsi xəstəxanasına çatdırılmışdı. Hələ uşaqlıqdan sümük xəstəliyindən və astmadan əziyyət çəkən, 3-cü dərəcəli beyin qanaxması ilə vəziyyəti daha da ağırlaşmış Bəxtiyarın cəmi iki gündən sonra Vahid həkimin düzgün diaqnozu və müalicəsi sayəsində “o dünyadan” qayıtması, gözlərini açması əsl möcüzə idi. O, yenidən yaşamaqda davam edərək, ailəsinə, əzizlərinə-yaxınlarına qovuşmuşdu. Onun qohumları, ələlxüsus ömür gün yoldaşı Mərmər xanım ərini – üç uşaq atası olan, Bakıda “ölüm hökmü” verilmiş Bəxtiyarı yenidən həyata qaytardığına görə Vahid həkimə necə minnətdarlıq edəcəklərini bilmirdilər. Həkimə isə bir insanın göz yaşlarına qərq olmuş yaşamaq sevinci, minnətdarlıq dolu baxışları, ailəsinin, övladlarının yerə-göyə sığmayan fərəhi bəs idi…

“Qızıl medal” almaq istəməyən “qızıl” oğlan

…Keçmiş SSRİ-nin böyük qələbə ilə çıxdığı ağır müharibə illərindən sonra – 1948-ci ildə Quba rayo-nunun ucqar, səfalı bir qəsəbəsində – Qonaqkənddə dünyaya gəlmiş Vahid Məmmədov hələ uşaq yaşlarından həkim olmaq arzusu ilə yaşayırdı. 1966-cı ildə 11-illik məktəbi “qızıl medal”a layiq bitirsə də, o medalın verilməsi üçün valıdeynlərindən “şirinlik” istənildiyindən, həyatında ilk dəfə, həm də yüksək biliyinə görə ala biləcəyi təltifdən imtina etmişdi. 10 ildən artıq təhsil alaraq, ona və həmyaşıdlarına həyatda yüksək ideallarla yaşamaq, mənəvi saflıq, haqq-ədalət kimi həyat prinsiplərinin təlqin olunması müqabilində elə ilk “həyat addımındaca” kəskin surətdə bunların tam əksi ilə, ədalətsizliklə, haqsızlıqla üzləşmək onun gənc qəlbinə toxunsa da, iradəsini sındıra bilməmişdi. Qəbul üçün sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə verəndə isə sevimli kimya müəllimi Həsən müəllim təəssüflə demişdi ki, “nahaq yerə işlərini ora vermisən. Orda müsabiqə də böyükdür, uşaqlarını ora “düzəltmək” istəyən imkanlı adamlar da çoxdur”.

Doğrudan da, ora müsabiqə böyük idi. Bu səbəbdən də Vahid gənc həyatında ikinci dəfə ədalətsizliklə üzləşərək, sonuncu imtahanda qərəzliklə verilmiş “4”-ün təsirindən bir qədər qəhərlənmiş halda institutun pilləkənlərini enərkən yaxınları elə bilmişdi ki, o, imtahandan “kəsilib”. 17 yaşlı gənc ədalətsizliyin doğurduğu göz yaşını güclə boğaraq, deyəndə ki, qəbul olunub, ancaq son imtahanda ona haqsızlıq edilib, nə baş verdiyini həmin anda başa düşməmişdilər…

1972-ci ildə ali məktəbi bitirdikdən sonra iki il Uzaq Şərqdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, leytenant rütbəsində hərbi həkim kimi Xabarovskdakı qospitalda çalışaraq, praktik təcrübəsini artırmış, əsgər və zabit heyətinə göstərdiyi yüksək tibbi xidmətə görə komandanlığın hörmət və nüfuzunu qazanmışdı. Gənc həkimin sənətinə vurğunluğunu, işə peşəkar və məsuliyyətli münasibətini görən briqada komandiri ona hərbi həkim kimi xidmətini davam etdirməyi təklif edərək, mənzil və yaxşı karyera vəd etsə də, Vahid Məmmədov öz doğma xalqına xidmət etməyi daha üstün tutmuşdu.

Hərbi xidmətini başa vurduqdan sonra Vətənə qayıdaraq, Səhiyyə Nazirliyinin göndərişi ilə 1974-75-cı illərdə Sumqayıt Alüminium zavodunun tibbi-səhiyyə hissəsində, daha sonra isə 1984-cü ilin iyun ayınadək Sumqayıt şəhər 1 saylı xəstəxananın nevrologiya şöbəsində həkim-nevropatoloq vəzifəsində çalışmışdı. Bir ümidsiz xəstəni də ölümün pəncəsindən ilk dəfə olaraq məhz orada çalışarkən xilas etmişdi.

İflic olan rus qadın onun xalatından yapışaraq, niyə buraxmırdı?..

Vahid həkim qadın palatasında müalicə etdiyi xəstələrin vəziyyəti ilə tanış olub, onların iynə-dərman təyinatını yekunlaşdırıb, qapıdan çıxmaq istərkən, neçə vaxt idi ki, iflic olub, hərəkətini, danışığını itirmiş rus qadın həkimin gözləmədiyi halda birdən titrəyən əli ilə onun xalatından var gücü il yapışaraq, dartmağa çalışdı. Həkim təəccüblə dönüb əvvəlcə ona, sonra da o biri xəstələrə nəzər saldı.

- Doktor, o yazıq istəyir ki, Siz onu da müalicə edəsiniz.

- Axı, onun öz həkimi var…

- Doktor, Nadya xalanın həkimi bu yazıq eşidə-eşidə dünən demişdi ki, onun “kitabı çoxdan bağlanıb”. Elə bilib ki, bu azərbaycanca bilmir. Ancaq Nadya xala əslən Şamaxıdandır, indi iflic olub, danışa bilməsə də, dilimizi çox yaxşı başa düşür. Həkimin o sözü qəlbinə çox toxunub, daha onu görmək belə istəmir, ümidi Sizədir. Çox xahiş edirik, onun müalicəsi ilə Siz məşğul olun, yazıqdır, ailəsi, uşaqları var.

Bu, həmin dövr idi ki, Vahid Məmmədov dörd aydan artıq Moskvada və Rusiyanın digər şəhərlərində o zaman yenicə tətbiq olunmağa başlayan iynə və maqnit terapiyası üzrə xüsusi kurslar, həmçinin praktik təcrübə keçmiş və o illərdə tibb sahəsində yenilik sayılan həmin metodlarla Sumqayıtda ilk dəfə olaraq xəstələri müalicə etməyə başlamışdı. Digər klassik müalicə üsulları ilə yanaşı yeni metodların tətbiqi xəstələrin müalicəsində çox yaxşı effekt verirdi və Vahid həkimin xəstələri daha tez şəfa tapıb, ailələrinə qayıdırdılar.

O biri həkimin “kitabını bağladığı” Nadejda Timofeyevnanın müalicəsi üçün şöbə müdirinin razılığını aldıqdan sonra Vahid həkim onun müayinəsinə başladı. Xəstəlık tarixçəsi, müvafiq analizlərin nəticələri və rentgen göstəriciləri ilə tanış olaraq, qadının beyin toxumalarında və sinir sistemində zədələnmələr olduğunu müəyyən etdi. Ağır vəziyyətdə olan, lakin simasından mehribanlıq yağan, eyni zamanda həkim diqqət və qayğısına kəskin ehtiyac duyan bu qadına bütün vasitələrlə, həmçinin iynə və maqnit terapiyası ilə şəfa verməyi, onun əl-qolunun hərəkətini, danışığını bərpa edib, ayağa qaldırmağı qarşısına məqsəd qoymuş Vahid həkim hər dəfə palataya girərkən yalnız Nadya xalanın deyil, palatada müalicə alan digər xəstə qadınların da nəzərləri sonsuz bir ümidlə ona dikilirdi.

Oradakı xəstələrin hamısının ürəyi Nadya xalaya elə yanırdı ki, onlar öz dərdlərini az qala büsbütün unudub (Azərbaycan qadınının ürəyinin böyüklüyünə bir bax!..), ilk növbədə vəziyyəti daha ağır olan bu rus qadının səhhətinin narahatlığını keçirirdilər. Və Vahid həkim onların ümidlərini doğrultmaq üçün bütün istedad və bacarığı ilə qadının müalicəsini davam etdirirdi.

Təxminən iki həftəlik intensiv müalicədən, müvafiq fiziki məşqlərdən sonra Nadya xalanın səhhətində dönüş yaranmağa başladı və o, dili dolaşa-dolaşa da olsa, nəsə deməyə çalışırdı. Üç həftədən sonra isə o, nəinki rusca, həm də azərbaycanca ayrı-ayrı sözləri ifadə edirdi. Qol-qanadı da açılmağa başlamışdı. Ay yarımlıq stasionar müalicədən sonra Vahid həkim Nadejda Timofeyevnanın müalicəsini ambulator şəkildə və evində davam etdirdi. Prosedurların davam etdiyi bütün müddət ərzində vəfalı həyat yoldaşı, əslən Hacıqabuldan olan Viktor Romanoviç, qızları Vera və Svetlana onun qulluğunda durur, Vahid həkimi Nadya xalanın yeganə xilaskarı hesab edərək, onun yalnız loğman qüdrətinə, möcüzəsinə deyil, insanlığına, xəstəyə son dərəcə qayğıkeş, diqqətli, səmimi münasibətinə də heyran qalmışdılar.

Bir-neçə aydan sonra Nadya xala artıq tamamilə əvvəlki normal, sağlam həyatına qayıtmışdı – Vahid həkimin sayəsində onun “kitabı” nəinki bağlanmamış, əksinə – yeni səhifələrlə yazılmağa başlamışdı. Belə bir xoş münasibətlə – ailə sevincini bölüşmək üçün həyat yoldaşının əvvəlcə Sumqayıtda, sonra isə Şamaxıda təşkil etdiyi ziyafətdə yaxın qohumlarla, dostlarla yanaşı, Nadejda Timofeyevnanın qayğıkeş palata yoldaşları

da iştirak edirdilər. Ancaq məclisdə diqqət mərkəzində olan yalnız Nadya xala yox, həm də və ilk növbədə israrla, təkidlə qonaq dəvət etdikləri Vahid həkim idi. Azərbaycanın bu gözəl, mehriban rus ailəsinin sevinci həm də ağır bir xəstəliyə qalib gəlmiş həkimin sevinci idi…

Vahid həkimin bu və buna bənzər uğurları onun özünə və sənətinə qarşı daim böyük tələbkarlıqla yanaşmasının, ona müraciət edən, ümidlərini ona bağlayan yüzlərlə xəstənin ən səmərəli üsullarla və daha tez müalicə-si-nə nail olmaq məqsədilə dəfələrlə Bakı, Moskva və Leninqrad şəhərlərində ixtisasartı- rma kurslarında öz bilik və təcrübəsini artırması nəticəsində, tibb sahəsində ən mütərəqqi müalicə metodlarını səylə, yorulmadan öyrənməsi nəticəsində mümkün olmuşdu. O, 1981-ci ilin yanvar-may aylarında Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunun refleksoterapiya kafedrasının nəzdində təşkil olunmuş, keçmiş SSRİ-nin bütün respublikalarının və hətta Türkiyənin mütəxəssislərinin cəlb olunduğu, xarici ölkələrdən, həmçinin Çindən dəvət edilmiş professorların iynəterapiya və maqnitoterapiya kurslarında bu mütərəqqi metodları səylə öyrənmiş, məşhur Botkin xəstəxanasında təcrübə keçərək, onların uğurla tətbiqinə nail olmuşdu. Moskva kurslarından geniş və zəngin təcrübə ilə qayıdan Vahid həkimin təşəbbüsü və səyi ilə Sumqayıt şəhər 1 saylı xəstəxananın nəzdində ilk dəfə olaraq refleksoterapiya kabineti açılmışdı ki, həmin kabinet bu gün də uğurla fəaliyyət göstərir.

Vahid həkimin nevroloji xəstəliklərin müalicəsi sahəsində uğurlarının nəticəsi olaraq, o, 1984-cu ildə Sumqayıtda yenicə istifadəyə verilmiş Bərpa-müalicə Xəstəxanasının nevrologiya şöbəsinin müdiri təyin edilmişdi. Yeni xəstəxananın o dövr üçün müasir tibbi avadanlıqlarla təchiz olunması, palatalarının genişliyi və münasib şəraiti Vahid həkimin xəstələrin müalicəsini daha səmərəli təşkil etməsinə, onların daha tez şəfa tapmasına imkan verirdi. Xəstələrə qarşı son dərəcə mehriban, qayğıkeş münasibətilə, ən başlıcası özünün yüksək nevropatoloq peşəkarlığı sayəsində onun həkim nüfuzu daha da artdı.

Çox keçmədən xəstələr yalnız Sumqayıtdan deyil, Bakıdan və Bakıətrafı kəndlərdən, eləcə də Qubadan, Qusardan, Xaçmazdan, Dəvəçidən, hətta Şəkidən, Lənkərandan, Şamaxıdan, İsmayıllıdan son ümidlə ona pənah gətirirdilər. Və yanılmadıqlarının şahidi olurdular. Təsadüfi deyil ki, həm həkim kolleqaları, həm də əhali arasında yüksək peşəkarlığa malik həkim kimi tanınıb-seçilən Vahid Məmmədov 1992-ci ilin oktyabrında

Bərpa-müalicə xəstəxanasının baş həkimi təyin edildi. Onun rəhbərliyi və təşkilatçılığı sayəsində xəstələrin sağalma faizinin yüksək olduğu həmin səhiyyə ocağı tezliklə təkcə Sumqayıtın deyil, həm də respublikamızın nümunəvi tibb mərkəzinə çevrildi. Orada vəzifəsindən asılı olmayaraq hər bir xəstə – adi fəhlə də, alim də, müəssisə rəhbəri də tibbi personal tərəfindən eyni dərəcədə qayğı ilə əhatə olunurdu.

“Həkim, Siz mənim oğlumu yenidən həyata qaytardınız, ancaq gərək məni bağışlayasınız…”

Təxminən 10 il əvvəl – 2004-cü ildə bir xəstəmizlə bağlı Baş həkim Vahid Məmmədovla onun iş otağında görüşdüyümüz zaman rayon adamı olduğu açıq-aydın hiss edilən orta yaşlı, həyalı-abırlı bir nəfər qapını açıb, üzrxahlıq edərək, içəri girdi və utana-utana dedi:

- Həkim, Sizə ailəmiz adından, bütün qohum-qardaş adından təşəkkür edirəm. Göydə Allahımız, yerdə isə Siz mənim oğlum Xəyalı yenidən həyata, bu işıqlı dünyaya qaytardınız, mən Sizə ömür boyu borcluyam. Vəziyyətimi görüb, uşağın dava-dərmanına görə də məndən heç nə almadınız, heç nə ummadınız. Gərək məni bağışlayasınız, kasıb adamam, Sizin borcunuzdan, xəcalətinizdən çıxa bilmirəm. Amma yolunuz biz tərəflərə – Xaçmaza düşəndə əziz qonağım olacaqsınız. Oğlumla birgə Sizin ayaqlarınız altında qurbanlıq kəsəcəyəm. Ancaq çox xahiş edirəm, hökmən gəlin. Axı, Siz elə bir yaxşılıq, loğmanlıq eləmisiniz ki… Nə deyim, ay yarım idi ki oğlumla Bakının, Sumqayıtın xəstəxanalarının yollarında qalmışdıq, əlac tapılmırdı ki, tapılmırdı. Oğluma dünya işığını yenidən Siz bəxş elədiniz. Ailəmiz ömür boyu Sizə minnətdar olacaq. Çox sağ olun, həkim, Allah Sizi bizlərə çox görməsin…

Birnəfəsə, ürəkdən gələn, səmimiyyətlə deyilən bu sözlərdən sonra həmin adam hörmətlə həkimin şəfalı əllərindən öpmək istəsə də, Vahid həkim buna qətiyyətlə razı olmadı:

- Siz onu bilin ki, mən də Xəyalın sağalmasına, burda şəfa tapmasına elə Sizin qədər çox sevinirəm. Oğlunuzun, ailənizin alqışları, xeyir-duası bəsimdir. Odur ki, qətiyyən narahat olmayın. Qurbanlığı da kəndinizə qayıdanda elə oğlunuzun ayaqları altında kəsin, bu daha çox savablı olar.

Və həkim özünün artıq tam sağalmış xəstəsi Xəyalla və onun atası ilə köhnə tanışlar kimi mehribanlıqla görüşüb-ayrıldılar.

…O zaman Xaçmazın 9-cu sinif şagirdi, evin ikinci uşağı olan Xəyal sentyabrın ortalarında özlərinin doğma Bostançı kəndinin otlaq sahəsində mal-qara otararkən qəfildən başlayan, soyuq hava ilə müşayiət olunan yağışa-qasırğaya düşərək, bərk soyuqlayır. Ev və ambulatoriya şəraitində müalicə aparılsa da, nədənsə gözlərinin işığı tədricən zəifləməyə başlayır və 7 gündən sonra tam tutulur. Təşvişə düşən atası, kasıb kənd adamı olan Hacıbala Abdullayev oğlunu Sumqayıtın və Bakının göz xəstəxanalarına aparıb, həkimlərə göstərir. Bir aya qədər aparılan analz və müalicələr heç bir nəticə vermir. Sumqayıt göz xəstəxanasının baş həkimi İradə xanım Əliyeva isə Xəyalın halına daha çox acıyaraq, onu bir daha analiz və rentgendən keçirdikdən sonra Vahid həkimə telefonla zəng edərək deyir: “Həkim, mənə elə gəlir ki, bu uşağın xəstəliyi gözlə yox, beyin-damar sistemi ilə bağlıdır. Xahiş edirəm, ona baxasınız. İnanıram ki, nevropatoloq kimi onu ancaq Siz müalicə edə biləcəksiniz..”

Elə də olur. Atası Xəyalı Bərpa-müalicə xəstəxanasına tam ümidlə gətirməsə də, Vahid həkimin müalicəsindən cəmi iki gün sonra uşağın gözünün işıqlanmağa başladığını gördükdə və oğlunun sevinclə “ata, səni görürəm” deməsini eşitdikdə fərəhindən qəhərlənərək, nə edəcəyini bilmirdi. Daha bir-neçə gün davam edən müalicədən sonra Xəyalın görməsi tam bərpa olunmuşdu. Həkim sevinc içində Xaçmaza, doğma kəndə qayıdan ata-oğula əlavə məsləhətlər verməyi də unutmamışdı və onu da bildirmişdi ki, əgər Xəyalın müalicəsi bir qədər də geciksəydi, yəqin ki, nəticəsi çox ağır ola bilərdi…

“Sənin üç oğlun var deyə…” və ya zavod direktoru həkimin yanında niyə xəcalətli oldu?

Onu yaxından tanıyanlar bilir ki, Vahid həkim xəstəliyi ilə bağlı ona müraciət edənlərə həmişə son dərəcə diqqətli və qayğıkeş münasibət göstərib – adi fəhlədən tutmuş yüksək mənsəb sahibinədək. Əlbəttə, təbii ki, adi adamlar kimi, vəzifəli adamlar da xəstələnirlər və onları birbaşa mənada varı-pulu yox, həkimlər müalicə edirlər. Vicdanlı, gözü-könlü tox həkimlər isə, bu və ya digər vəzifə sahibini, var-dövləti başından aşıb-daşan, harınlamış adamları xoşlamayıb, qəlbən qəbul etmək istəməsələr də, xəstə olduqları halda onları qəbul etməyə bilmirlər. Özlərinin və ya ailə üzvlərinin sağlamlıqları pozulduqda Sumqayıtın vəzifəli, imkanlı adamlarından da Vahid həkimə müraciət edənlər az olmayıb. Bu baxımdan Sumqayıt “Sintezkauçuk” zavodunun sabiq direktoru Zamin Hüseynov da istisnalıq təşkil etməyib. Səhhətində müəyyən narahatçılıq yarananda Vahid həkimə müraciət etdiyi az olmayıb. Və həkim hər dəfə onun xahişini yerinə yetirib, müalicəsini aparıb. Özü də təmənnasız-filansız. Odur ki, republikanın ağır və çətin dövründə, ərzaq və sənaye mallarının qıt olduğu 90-cı illərdə “Sintezkauçuk” zavoduna xaricdən barter yolu ilə müəyyən sənaye materialları gətiriləndə Vahid həkim də köhnə tanışı kimi Zamin müəllimə ərklə zəng vuraraq, soruşub ki, zavoda gətirilən idman ayaqqabılarından o da ödəniş etməklə ala bilərmi? Direktor etiraz etməyib. Ancaq Vahid həkim zavoda gedib Zamin müəllimlə görüşərək, ondan idman ayaqqabısından 2 cüt verilməsini xahiş etdikdə, bu, direktor tərəfindən yaxşı qarşılanmayıb:

- Nəyə görə iki cüt?

- Uşaqların ikisi – Samirlə Əfqan idman məşqlərinə gedirlər, – deyəndə gözləmədiyi kobud bir cavab alıb:

- Sənin iki oğlun idmanla məşğul olur deyə, mən ikisinə də ayaqqabı verməliyəm?

Yalnız özünə qarşı deyil, həm də sevimli övladlarına qarşı laqeyd, etinasız münasibətı göstərən bu gözlənilməz cavabdan sarsılan Vahid həkim “çox sağ olun!” deyib, həmin andaca direktorun kabinetini tərk edir. Xaraktercə qürurlu, əyilməz olduğundan, əgər direktor dediyindən peşman olub, üzr istəmək üçün onu geri çağırsaydı belə, daha dönən deyildi. Ancaq… arxadan səs gəlmədi.

Bu əhvalatdan çox illər sonra – 2002-ci ildə Zamin Hüseynov Nadejda Timofeyevna kimi ağır xəstəliyə düçar olur – onu iflic vurur, sifətində qüsurlar yaranır, nitqini, hərəkətini itirir. Bir-neçə həkimə müraciət edilsə də, əlac olmur. Qərara gəlinir ki,

Vahid həkimə müraciət olunsun. Artıq yataq xəstəsi olan keçmiş direktor ötənləri yada salaraq, Vahid həkimin ondan imtina edəcəyini düşünürdü. Axı, o bir vaxt imkan olduğu halda həkimin adi bir xahişini yerə salmışdı. Ancaq Vahid həkim gəldi və keçmişi yada salmadan xəstənuin müalicəsinə başladı. Onun istedadı və səyi sayəsində bir aydan sonra Zamin Hüseynovun vəziyyəti yaxşılaşmağa başladı – dil-dodağının əyintisi aradan qalxdı, nitqi də, hərəkəti də bərpa olundu. Onu sağaldıb, ayağa qaldırdığına görə Vahid həkimə təşəkkür edən, hətta əlini öpmək istəyən (həkim buna imkan verməmişdi) Zamin Hüseynov bir vaxt yol verdiyi səhvə görə dönə-dönə üzrxahlıq edərək dedi:

- Doğrusu, elə bilirdim ki, Siz də məndən imtina edib, gəlməyəcəksiniz.

- Bəlkə də, direktor olduğunuz vaxt bu vəziyyətə düşsəydiniz, ola bilsin ki, gəlməzdim, – deyə Vahid həkim cavab verdi. – Ancaq indi Siz direktor yox, müalicəyə ehtiyacı olan adi bir xəstəsiniz. Mən o vaxtkı direktoru yox, bugünkü yaşlı bir adamı müalicə etmək üçün gəldim. Bu, mənim ulu Tanrı qarşısında borcum idi…

Daha iki xəstə. Onlar nə deyir?

- Mən iki ay Şəkinin, Bakının xəstəxanalarında yatmışam, heç bir xeyri olmayıb.

Belimdə, obamda kəskin ağrılar vardı, çox çətinliklə, həm də yanpörtü, sola əyilmiş vəziyyətdə gəzirdim, – deyə Şəki rayonunun Cəfərabad kəndindən gəlmiş 1964-cü il təvəllüdlü yük maşını sürücüsü Əlisəfa Mürsəlov başına gələni danışır. – Tanışlardan biri Sumqayıta gedib, Vahid həkimin yanında müalicə olunmağımı məsləhət gördü.

Düzü, əvvəlcə fikirləşdim ki, əgər Bakıda da mənə əlac eləyə bilməyiblərsə, Sumqayıtda neyləyə biləcəklər. Bura gələndən bir-neçə gün sonra yanıldığımı gördüm. Vəziyyətim günbəgün yaxşılaşmağa doğru getdi. Maraqlıdırki, Vahid həkim elə ilk gündən mənədeyirdi ki, səndə ciddi heç nə yoxdur. Bilmirəm, bu psixoloji təsir idi, gipnoz idi, ya nə idi, ancaq onu bilirəm ki, fizioterapiya, iynə terapiyası və dava-dərmanla bərabər bunun da mənim səhhətimin tezliklə yaxşılaşmasında az təsiri olmayıb. İndi, şükr, çox yaxşıyam, daha sağlamlığımdan heç bir şikayətim yoxdur.

- Düzü, Vahid həkim eyni sözləri mənə də deyib. Özü xəstəliyə qalib gələcəyinə tam əmin olduğu üçün müalicəsinə başladığı adama da xəstəliyin qarşısında baş əyməməyi, ona qarşı mətin dayanmağı tövsiyə edir, – deyə digər bir xəstə – Sumqayıt Telefon

Qovşağının əməkdaşı Həsən Rzayev də söhbətə qoşulur. Əslində Koroğlu cüssəli Həsənə “xəstə” deməyə adamın dili də dönmür. Ancaq neçə ildir ki şəkər xəstəliyindən əziyyət çəkən bu gənc adamda şəkərli diabet nevritə çevrilibmiş və bir gün səhər yuxudan duranda gördüyündən dəhşətə gəlib, özü özündən qorxub – üzü-gözü əyilib, tanınmaz şəklə düşübmüş. Şəhərin tanınmış həkimlərindən biri ona müalicə olunmaq üçün Vahid həkimin yanına getməyi məsləhət görüb. 18 gün burda müalicə olunduqdan sonra vəziyyəti tamamilə normallaşıb.

- Yaxşı ki, Vahid həkimin yanına vaxtında gəldim. İnanmıram ki, başqa yerdə belə effekiv, tam müalicə ala bilərdim, – deyə Həsən Rzayev həkimdən razılığını bildirir.

Bəs o, təmənna ummadan insanların sağlamlıq qayğısına qalmağı, onlara arxa-dayaq durmağı, səxavətliliyi kimdən “götürmüşdür”?

Bu barədə söz düşəndə Vahid həkim həmişə fəxrlə, qürurla deyir ki, “bu gün mən kiməm, nəçiyəm və necəyəmsə, ilk növbədə anama borcluyam. O, kəndimizdə adi bir baxça müəlliməsi idi, ancaq dərin düşüncəli, geniş ürəkli, mərdxasiyyət və səxavətli olması ilə kənddə ad və böyük nüfuz qazanmışdı, kəndimizin anası idi…”

Azərbaycanın ən səfalı kəndlərindən olan Qonaqkəndin (Milli Məclisin deputatı, bütün təklifləri, fikirləri ilə hər zaman xalqın mövqeyindən çıxış edən Vahid Əhmədov da həmin kənddəndir, orta məktəb təhsilini orada alıb) yaşlı nəslindən olan, zahirən Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirələ oxşayan İsrafil kişi isə deyir ki, Züleyxa müəllimə kəndimizin ağbirçəyi yox, ağsaqqalı, “prezidenti” olub. Kənd uşaqlarının təlim-tərbiyəsi ilə ciddi, həm də qayğıkeşliklə məşğul olan Züleyxa müəllimə kəndin problem və qayğılarından da heç vaxt kənarda qalmayıb, lazım olduğu hallarda ictimai fəallıq, prinsipiallıq, kişi qeyrəti və qətiyyəti göstərib.

Kənd ağsaqqalları danışır ki, Züleyxa müəllimə bütün kənd üçün, kənd camaatı isə onun üçün olduqca doğma idi. Kimin dərdi, çətin bir işi və ya məsləhətə ehtiyacı olcaydı, onun yanına qaçardı. O isə kəndin ziyalısı, ağıllı-düşüncəlı bir ağbirçəyi kimi heç kəsdən köməyini, diqqət və qayğısını əsirgəməzdi. Bir dəfə isə – kəndin çətin vaxtlarında oğluna toy etmək istəyən İsrafil kişi borc pul üçün neçə adama ağız açsa da, ona kömək edən tapılmır. Bunu eşidən Züleyxa müəllimə ona lazım olan qədər pulu oğlu Vahidlə İsrafil kişinin evinə göndərir və deyir ki, qoy yaxşı oğul toyu eləsin, borcu qaytarmağa isə çox da tələsməsin.

Günlərin birində milis işçiləri kəndin qocalarından birinin həyətindən kənarda yabanı bitən xaş-xaş bitkisini guya həmin adamın satmaq məqsədilə əkdiyini əsas gətirərək, onu qoca yaşında həbs etməklə hədələyirlər. Məsələdən xəbər tutan Züleyxa müəllimə o kişinin həqiqətdə heç xaş-xaşın nə üçün istifadə olunduğundan xəbəri olmadığını bilsə də, lakin işə qarışacağı halda belə sovet milisini buna “elə-belə” inandırmağın mümkün olmadığını başa düşərək, həmin kişiyə kifayət qədər pul verir ki, get işi bağlatdır, bu yaşında nahaqdan gedib türmədə yatmayacaqsan ki?

Bəs Züleyxa müəllimədə ehtiyat pul haradan idi ki? Məsələ onda idi ki, o, çox zəhmətkeş qadın, övladlarını çox sevən qayğıkeş ana idi. Baxçada işləməklə yanaşı o, kolxoz işində də çalışır, övladlarının köməkliyi ilə bağ-bostan da əkib-becərirdi. Meyvə-tərəvəzə pul xərcləmədiyindən həmişə ehtiyatı olurdu. Ancaq həmin “ehtiyat” özündə yox, daim ehtiyacı olan qonum-qonşuda olardı. Bir dəfə Vahid həkim kənddə olarkən anası telefonla zəng edib, xahiş edir ki, “ay Rövşən, imkanın varsa, mənə 300 nanat pul göndər”. Bu Vahid həkimə bərk toxunur və o, təəccüblə soruşur: “Ay ana, sən məni burda qoyub, başqasına niyə ağız açırsan? Mən sənə pul verməyəcəyəm ki?”. Züleyxa müəllimə qayıdır ki, “oğul, sən incimə. Mənim öz pulum var, amma başqasındadır, ehtiyacı olub, borc vermişəm. İndi isə məndən başqa birisi borc istəyir.

Mən o pulu həmin adam üçün xahiş edirdim. Əvvəl borc verdiyim adamdan tələm-tələsdik pulu geri ala bilmərəm ki…”

Bəli, bütün yüksək insani keyfiyyətləri, geniş ürəkliliyi, səxavətliliyi Vahid həkim anasından görüb-götürüb.

…Vahid həkimin bir qədər maddi sıxıntı içərisində yaşayaraq, ailəsini güclə dolandıran dostlarından biri danışır ki, 7-8 il əvvəl bir dəfə Novruz bayramı ərəfəsində Sumqayıt bazarında həkimlə rastlaşır. Hal-əhvaldan sonra həkim dostu ondan xahiş edir ki, 5-10 dəqiqə ona bazarlıq etməyə kömək etsin. Bayram süfrəsi üçün ətdən yağdan tutmuş mer-meyvəyə kimi hər şey, hətta yumşaq təndir çörəyi alaraq, bərabər olmaqla iki böyük torbaya doldurur. Bazarlıqdan sonra dostunun evə piyada getməsinə razı olmayaraq, onu israrla maşınına dəvət edir. Dostunun yaşadığı həyətə çatanda isə bir qədər əvvəl maşının arxasına qoyduğu ərzaq dolu iki torbadan birini dostuna uzadır: “Bayramınız mübarək olsun!”. Dostu onunla razılaşmayaraq, bayram hədiyyəsini götürmək istəmədikdə (sən demə, o elə bilib ki, Vahid həkim o biri torbadakıları yeni ailə quraraq, şəhərin başqa yerində yaşayan oğlu üçün nəzərdə tutub) həkim deyib ki, “dostumun bayram süfrəsində nəsə çatışmırsa, mən necə rahatlıqla bayram keçirə bilərəm? Bu necə ola bilər ki, mənim ailəm bayramı şən keçirsin, dostumun ailəsi isə – bayram ovqatı duymadan?”. Bu səmimi sözlərin müqabilində dostu kövrələrək, gücsüzləşib, onun xahişini qəbul etməyə bilməyib. (Həmin dostu ilə başqa bir tanışlarının evinə qonaq gedərkən isə Vahid həkim aldığı hədiyyələri də özünün yox, dostunun adına çıxıb).

Anasını dünyalarca sevən Vahid həkim danışır ki, bir dəfə Züleyxa müəllimə onlara Sumqayıta iri bir xoruz göndərmişdi. Oğlu soruşanda ki, “ana, bunu niyə göndərmisən?”, deyib ki, “a bala, axı, sən yayda gələndə demişdin ki, bunlar nə gözəl şolpalardı… İndi onlar böyüyüblər, dedim ki, birini sizə göndərim.” O xoruz Vahid həkimin bağ evində neçə il qaldı, daha da iriləşdi, ancaq həkim onu kəsmədi. Fikirləşdi ki, “axı, onu anam öz əliylə tutub, mənə göndərib. Onda anamın əllərinin izi, istisi var, mən onu necə kəsə bilərəm? Qoy yaşaya bildikcə yaşasın, kəsməyəcəyəm.” Elə də etdi…O, Həcc ziyarətinə getmək üçün düz 12 il hazırlaşıb. Bəs Hacı olduğunu hamıdan niyə gizlədir?

Halal bir ailədə, zəhmətlə böyümüş Vahid həkim hələ uşaqlıq illərindən evlərində Allah-təalaya daim böyük sevginin, gündəlik ibadətin, duaların şahidi olduğundan o da qəlbində daim Allah sevgisi yaşatmışdır. Hər bir müsəlmanın ən müqəddəs arzusu olan Kəbə ziyarətinə getmək üçün, dualarının qəbul olunması üçün isə o, düz 12 il ciddi səylə hazırlaşmalı olub – namaz qılıb, oruc tutub, qurbanlar kəsib, imkansızlara daim kömək edib. Lakin buna baxmayaraq, ona birinci yox, yalnız ikinci cəhddə Həcc ziyarətinə yola düşmək nəsib olmuşdur. O özünün Həcc ziyarətində olduğu həmin günlərini ömrünün ən unudulmaz, ən dəyərli, Allaha daha yaxın olduğu günlər kimi daim ehtiramla xatırlayır. Xatırlanmalı mühüm məqamlardan biri isə el arasında “Qara daş” adlanan Kəbə daşına toxunub, onu öpə bilməsi idi. Bu məqsədlə ziyarət zamanı səhər alaqaranlıqda durarkən,

Azərbaycandan olan ziyarətçilərdən biri deyib ki, “Həkim, gedirsən, get, amma bil ki, o daşa toxunmaq hər adama qismət olmur. Mən üç dəfə orda dövrə vurmuşam, hər dəfə də ora yaxınlaşanda axın məni vurub irəli aparıb. Qismət olmayıb, çox çətin məsələdir”.

Buna baxmayaraq, Vahid həkim istəyindən dönməyib. Allahın adını tutaraq, Kəbə ziyarətçilərinin ucu-bucağı görünməyən gur axınına qoşulub. Və yəqin ki, ulu Tanrının sevimli bəndəsidir ki, Kəbə daşına yaxınlaşarkən, əyilib onu öpən xoşbəxt ziyarətçi başını yuxarı qaldıran məqamda Vahid həkim müqəddəs daşın önündə olub. Allahın yaratdığı bu fürsətdən istifadə edərək, tez Kəbə daşını qucaqlayıb-öpüb, uca Tanrıya öz arzu-

diləklərini çatdırıb. Diləyinin biri ailə ilə bağlı idisə, digər diləyi, təbii ki, Qarabağımızla, onun tezliklə düşmən əsarətindən qurtarması ilə bağlı idi.

Üç dəfə Kəbə ətrafına dolanaraq müqəddəs daşa toxuna bilməyən ziyarətçi yoldaşı sonradan Vahid həkimin Kəbə daşına toxunub-öpməsinə şəkk gətirmək istəməsə də, heyrətini gizlətməyərək, bunun Allahın möcüzəsi, həkimin özünün isə Allahın ən xöşbəxt, sevimli bəndəsi olduğunu bildiriub. Ancaq o hardan biləydi ki, uca Tanrı Vahid həkimə bu fürsəti onun müalicə edib-sağaltdığı, nicat verdiyi minlərlə Allah bəndəsinin ona etdiyi duaları, alqışları eşidərək vermişdi.

Ancaq qəribə idi ki, Həcc ziyarətindən Allahın sevimli, xoşbəxt bəndəsi kimi qayıdan Vahid həkim onu sevinclə qarşılayan qohumları, dost-tanışı hörmətlə qarşılayıb, o müqəddəs ziyarətin kəramətlərindən həvəslə, ürək dolusu danışsa da, onu “Hacı” çağırmağın o qədər də vacib olmadığını bildirib. Bunu isə belə izah edib ki, “Mən Allah qarşısında borcumu vermək, ona sevgimi bildirmək üçün onun ziyarətinə getmişdim,

“Hacı” adlandırılmağım üçün yox. Bu, o uca Tanrı ilə mənim aramda olan bir ülvi münasibət, onunla ruhumun unudulmaz bir görüşü idi.”

Vahid həkimin 55 illik yubileyinə Moskvadan gəlmiş o rus qadın kim idi?

Bir dəfə Vahid həkim məni bağına istirahətə dəvət edərək, bir-birindən istedadlı, son dərəcə erudisiyalı və mədəni olan üç oğlundan birini – Samiri mənim dalımca göndərmişdi. Maşına oturarkən arxa cərgədə yaşlı bir rus qadının olduğunu gördüm.

Onunla salamlaşdım, lakin yol boyu söhbətimiz yalnız Samirlə oldu. Bag evinə çatanda o, maşından düşərərək darvazanı açarkən, rus qadının həkimi

necə tanıyıb-tanımadığını bilməyərək, eşitdirdim ki, Bahid həkim yaxşı həkimdir. O isə gözləmədiyim halda dərhal əlavə etdi ki, yaxşı yox, olduqca gözəl, bacarıqlı həkimdir, həm də yaxşı, əvəzsiz insandır.

Sən demə, həmin qadın bir vaxtlar Vahid həkimin ağır xəstəlikdən qurtararaq, müalicə edib ayağa qaldırdığı Nadya xala – Nadejda Slabousova imiş. Son günlər Moskvada yaşayan qızının yanında qonaq olan Nadya xala bir gün əvvəl nəvələri ilə birgə Sumqayıta, xüsusi olaraq Vahid həkimin 55 illik yubileyinə gəlibmiş. Bu, Nadya xalanın bir vaxtlar onu yenidən həyata qaytarmış həkimə olan əbədi minnətdarlığının, böyük ehtiramının ifadəsi idi…

Bioqrafiyasından bəzi nəqamlar

Zəngin bilik və təcrübəyə, yüksək həkim peşəkarlığına malik olan Vahid Məmmədov 25 ildən artıq – 1981-ci ildən 2007-ci ilədək Sumqayıt şəhərinin baş nevropatoloqu olmuşdur. Sumqayıt şəhərində nevrologiya tsikli üzrə 10-dan artıq həkim-interna hazırlamışdır və həmin həkimlər hazırda respublikanın müxtəlif şəhər və rayonlarında əhalinin sağlamlığı qayğısına qalaraq, səmərəli fəaliyyət göstərirlər.

Vahid həkim 2007-2009-cu illərdə Abşeron rayon Mərkəzi xəstəxanasının Baş həkimi olmuşdur. Həmin dövrdə respublika Səhiy- yə nazirliyinin dəstəyi ilə rayonun 12 kənd və qəsəbəsində həkim ambulato- riyalarının yenidən qurulmasına, onların müasir tibb avadanlıqları ilə təchiz olunmasına nail olmuşdur.

40 ilə yaxın davam edən çoxillik və səmərəli həkimlik fəaliyyəti dövründə öz gərgin əməyi, zən- gin bilik və təcrübəsi ilə minlərlə əlacsız xəstə- yə şəfa vermiş, yüzlərlə xəstəni yenidən həyata qaytarmış Vahid həkim artıq 5 ildir ki Bakı şəhər Bioloji Təbabət Klinikasında Baş həkimin müalicə üzrə müavini kimi yenə də əhalinin sağlamlığı keşiyindədir.

Rəhman ORXAN.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın