Menu
Geri İrəli

Sumqayıtın deputatı BTQ-dən yazdı: Azərbaycanın ixrac potensialını yüksəldəcək…

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2017 • Baxış sayı: 378 dəfə • Şərh yoxdur
Share Button
muhtar_babayev_131117Oktyabrın 30-da dünya ictimaiyyəti cox böyük və bir çox ölkələr üçün mühüm əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə şahidlik etdi – hamının səbirsizliklə gözlədiyi Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçirildi. Təbii ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsinin ardınca Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması önəmli tarixdir və nəticə etibarilə Avropa ilə Asiya arasında yük daşımalarına son dərəcə ciddi təsir göstərə biləcək bir layihədir. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən nəhəng bir infrastruktur layihəsidir və bu kəmərlə Xəzərin şərq hissəsindən də neft nəql edilir. Bu da digər ölkələr üçün tranzit imkanlarının təmin edilməsi deməkdir. Bakı-Tbilisi-Ərzurum layihəsi də Azərbaycan, Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyini təmin etmək baxımından çox önəmlidir və bu gün bu sahədə əməkdaşlıq uğurla inkişaf edir. Bu da o deməkdir ki, məhz icra edilmiş və yuxarıda qeyd etdiyim layihələr Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşdırılmasını şərtləndirmişdir. Avropanın ən böyük infrastruktur layihələrindən biri olan və hazırda icrası uğurla davam etdirilən Cənub Qaz Dəhlizi də əsas etibarilə Azərbaycan, Gürcüstan, və Türkiyənin birgə fəaliyyətinin bəhrəsidir. Bu baxımdan deyə bilərəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu region ölkələrinin – Azərbaycan, Gürcüstan və Türkiyənin mövqelərini daha da gücləndirəcək və hər üç ölkə bu layihədən əhəmiyyətli dərəcədə gəlir əldə edəcəkdir. Əlbəttə ki, layihənin əhəmiyyəti bununla bitmir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın ixrac potensialını yüksəldəcək, tranzit və logistik potensialından daha səmərəli istifadə etməyə imkan yaradacaq, ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirəcək, biznesin inkişafı və bir sıra ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, müəyyən dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar və bu layihənin gerçəkləşməsini mümkünsüz hesab edirdilər. Bunu da Azərbaycanın, o cümlədən digər iki dövlətin texniki imkanlarının və maliyyə vəsaitlərinin zəif olması ilə əlaqələndirirdilər. Yadınızdadırsa, 23 il bundan öncə “Əsrin müqaviləsi” imzalananda da bir çox dünya dövlətləri buna ciddi yanaşmamışdılar. Ancaq Ulu öndər Heydər Əliyevin dönməz iradəsi, əzmkarlığı ilə o vaxt da, möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində indi də sübut edildi ki, Azərbaycanın təşəbbüsü ilə araya-ərsəyə gələn bütün layihələr öz təsdiqini tapır və uğurla reallaşır.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həm də etimad körpüsüdür, dövlətlər və xalqlar arasında birliyin, dostluğun möhkəmliyini, sarsılmazlığını şərtləndirir. Bu layihə regionda əməkdaşlığa xidmət edən bir addımdır, strateji əhəmiyyətli layihədir. Təxminən 850 kilometr olan bu dəmir yolu xətti Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5-7 milyon, sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Həmçinin dinamikaya uyğun olaraq ildə 1-3 milyon arası sərnişinə xidmət göstəriləcək. Bu da o deməkdir ki, bu dəmir yolunun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək, öz növbəsində turizmin inkişafı da geniş vüsət alacaq. Ən əsası isə bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək.

Bu dəmir yolunun Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan, həmçinin Avropa üçün böyük əhəmiyyəti var. Azərbaycanın fəaliyyyəti, təbii ki, bununla məhdudlaşmır. Respublikamız eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində də önəmli addımlar atır. Artıq Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işlər gedir. Yaxın gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yollarının istifadəyə verilməsilə bir çox böyük ölkələrin əlaqələrinin yaradılması reallaşacaq. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan, yuxarıda da qeyd etdiyim kimi, Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi isə Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək.

Təqdirəlayiq haldır ki, Azərbaycanın geostrateji mövqeyi bizə Avropanı Asiya ilə birləşdirə biləcək körpü rolunu oynamaq imkanı verir. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə regionda deyil, ətraf bölgələrdə də mövcud iqtisadi şəraiti dəyişmək və inkişafın yeni mərhələsini yaratmaq güçünə malikdir. Bu isə müxtəlif ölkə və xalqların bir-birinə yaxınlaşması, eyni zamanda bu ölkələrdə yaşayan insanların sosial-rifah halıhın daha da yaxşılaşması deməkdir.

Bir məsələni xüsusi qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu günlərdə Azərbaycanda sənaye üsulu ilə neft hasilatının həcmi 2 milyard tona çatdı və bu münasibətlə Heydər Əliyev Mərkəzində təntənəli mərasim keçirildi. Möhtərəm Prezidentimiz bu möhtəşəm tədbirdəki çıxışında neftçilərimizin əməyini yüksək qiymətləndirdi, icra olunan bütün beynəlxal və yerli layihələrin, əldə olunan bütün nailiyyətlərin kökündə bu şanlı əmək adamlarının gərgin və yorulmaz fəaliyyətinin dayandığını böyük iftixar hissi ilə qeyd etdi. Məhz bu zəhmətin bəhrəsi olaraq Azərbaycanda Dövlət Neft Fondu yaradılmış və bir sıra qlobal layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu bu Fonda toplanmış vəsait hesabına reallaşa bilmişdir.

Muxtar Babayev,

“Azərikimya” İstehsalat Birliyinin

Müşahidə Şurasının sədri,

Milli Məclisin deputatı

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın