Menu
Geri İrəli

Sumqayıtın keçmiş deputatı həbs olunur?

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2013 • Baxış sayı: 167 dəfə • Şərh yoxdur

Xaçmazda yerləşən “Nabran Holiday Village” istirahət mərkəzində 3 yaşlı İmran Cəfərzadənin faciəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Bu barədə Publika.Az-a vəkil Kamandar Nəsibov məlumat verib. Onun sözlərinə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İdarəsində aparılan istintaq davam edir.

Vəkil bildirib ki, təyin edilmiş ekspertizaların nəticəsi hələlik açıqlanmayıb. Həmçinin, baş verən hadisə ilə bağlı həbs edilmiş 3 nəfər- Xaçmaz rayonu Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov; obyektin icarədarı, Xaçmaz rayonu Xudat şəhər sakini İbrahimov Firdovsi Ağamusa oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyev barəsində seçilmiş 2 aylıq həbs-qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

İlk müddət üçün həbs qərarını Xaçmaz rayon məhkəməsi versə də, ikinci müddət həbs qərarını iş Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində olduğundan Nəsimi rayon Məhkəməsi çıxarıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi “Nabran Holiday Village” istirahət mərkəzi fəaliyyətini hələ də bərpa etməyib. Cinayət işinin istintaqının yekunlaşmasından sonra mərkəzin fəaliyyətinin bərpa edəcəyi istisna edilmir.

Publika.Az-ın əldə etdiyi daha bir məlumatda isə bildirilir ki, yaxın vaxtlarda “Nabran Holiday Village”in əsl sahibi – keçmiş millət vəkili Nizami İsgəndərov da cinayət məsuliyyətinə cəlb ediləcək. Bildirilir ki, bu barədə eks-deputatın özü də məlumatlıdır və o, prosesdən kənarda qalmaq üçün hətta hüquq mühafizə orqanlarına yüksək məbləğdə rüşvət də təklif edib.

Qeyd edək ki, hadisə bu ilin iyul ayının 21-də baş verib. İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

3 yaşlı İmran hadisədən bir neçə gün sonra ölkə başçısının göstərişi ilə Almaniyaya müalicəyə göndərilib.

Hazırda azyaşlının müalicəsi Berlin şəhərindəki xəstəxanada davam etdirilir.

 Elturan, publika.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın