Menu
Geri İrəli

Sumqayıtın keçmiş millət vəkili: “Müsavat tez bir zamanda Milli Şuranı tərk etməlidir”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2013 • Baxış sayı: 188 dəfə • Şərh yoxdur
Müsavat Partiyasının divan üzvü, sabiq deputat İkram İsrafilin AzNews.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:
 ikram
- Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Azadlıq” radiosundakı çıxışı siyasi arenada, xüsusilə də müxalifət düşərgəsində böyük müzakirəyə səbəb olub. Buna sizin münasibətinizi bilmək istərdim… 
 
- “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın mövqeyi mənə yeni görünmədi. Çünki son zamanlar Müsavat başqanına qarşı aqressiv münasibət artır. Həmin müsahibəsində İsa Qəmbər Milli Şurada yaranan son duruma aydınlıq gətirmək istədi.
Əlbəttə, biz də düşündük ki, Xədicə xanım da məhz bu məsələlərə aydınlıq gətirilməsinə çalışacaq. Təəssüf olsun ki, əvvəldən jurnalistin mövqeyi qərəzli göründü. Eyni zamanda məsələnin araşdırılmasını istəyən jurnalist niyyəti sezilmədi. Xədicə xanım sanki Milli Şuranın qarşılaşdığı durumu, yəni vəziyyətin dəyişməməsinin acığını İsa bəydən, eləcə də Müsavat Partiyasından çıxmağa çalışdı. Hiss olundu ki, kifayət qədər qərəzlidir.
Amma buna baxmayaraq, dünən İsa bəy Azadlıq Radiosuna, ictimaiyyətə, bu məsələlərdə maraqlı olan insanlara ciddi mesajlar verdi.
 
- Jurnalistin qərəzli olmasını necə əsaslandıra bilərsiniz? 
- Xədicə xanımın AXCP-yə yaxın olduğu heç kəsə sirr deyil. Mən deyərdim ki, bəlkə də bu partiyanın üzvüdür. O gün bu, onun verdiyi suallarda çılpaqlığı ilə hiss olundu. Mən düşünmürəm ki, Xədicə xanım bu məsələləri Əli Kərimli ilə müzakirə edib. Qətiyyən bu düşüncədə də deyiləm.
Təkcə dünən yox, hər zaman bir çox açıqlamalarında onun AXCP üzvü kimi mövqe sərgiləməsi ortada olub. Srağagün də bu göründü.
- İsa Qəmbərin Milli Şura ilə bağlı fikirlərini necə dəyərləndirirsiniz? 
-İsa bəyin rəhbərlik etdiyi partiyanın Divan üzvüyəm. Hesab edirəm ki, Müsavat Partiyasında bu günə kimi qalmağımda və fəaliyyətimi bundan sonra da davam etdirməyimdə İsa Qəmbərin başqan olmasının rolu var.
Ağıllı düşüncə ilə bu məsələlərə yaxınlaşanda o qənaətə gəlirsən ki, İsa Qəmbər Müsavatın və digər partiya rəhbərlərinin marağını deyil, Azərbaycan dövlətinin, xalqının marağını heç bir partiyaya, şəxslərə qurban verməyib. Bu qənaətdə olduğuna görə, İsa bəyin dünənki açıqlamalarını yüksək dəyərləndirirəm. İsa bəyin Milli Şuranın son sessiyasındakı mövqeyi ilə mənim bir neçə ay öncə sərgilədiyim mövqe tamamilə üst-üstə düşür.
- Müsavat Partiyası Milli Şuradan çıxacaq, yoxsa qaldığı yerdən davam edəcək? 
- Qənaətimə görə, Müsavat Partiyası tez bir zamanda Milli Şuranı tərk etməlidir. Bu mənim şəxsi mövqeyimdir. Ola bilsin ki, Müsavat partiyasının Divanı yaxın günlərdə bu məsələni müzakirə etsin və qərar versin. Amma indidən bəyan edirəm ki, Müsavat Partiyası Milli Şuranı tərk etməlidir.
Müsavat Partiyası ilə bir yerdə olmaq, Azərbaycanda demokratiyanın inkişafına xidmət etmək, bizimlə bu istiqamətdə çalışmaq istəyən qurum varsa buyursun. Mən bundan sonra Milli Şuranın fəaliyyətinə inanmıram.
Bunun səbəbini də açıqlamışam. Əvvəldən də Milli Şuranın Rusiya meylli qüvvə olduğu hiss olunurdu. Bu gün də o qüvvələr Milli Şurada var. Ona görə də Müsavat Partiyası bundan sonra fəaliyyətini Milli Şurada deyil, Azərbaycan xalqının marağından çıxış edən qüvvələrlə birlikdə davam etdirməlidir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın