Menu
Geri İrəli

Sumqayıtın kimya sənayesinin inkişafında xüsusi xidmətləri olmuş insanlar- TANITIM

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Avqust 2015 • Baxış sayı: 655 dəfə • Şərh yoxdur
Share Button

15Bu il respublikamızdan kənarda da kimyaçılar şəhəri kimi tanınınan Sumqayıtın şəhər statusu almasının 66 ili tamam olur. 66 yaşlı bu şəhərin həyatının hansı dövrünə baxsan sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyatının əsl inkişafının, yüksəlişinin şahidi olur, bu şəhəri qurub-yaradanları xatırladıqca məmnunluq duyğusu ilə bərabər, kövrək hisslər keçirirsən. Bu şəhərin təbiəti, varlığı belədir. Burada həyat həmişə qaynayıb. Sumqayıt və sumqayıtlılar illərin qoynunda yaşa dolub, şəhərin tarixinə parlaq səhifələr yazıblar. Doğma Azərbaycanımızın bir parçası olan Sumqayıtın dünəni, bu günü və sabahı onun sakinlərinin ömür salnaməsidir. Bu salnaməni öyrənmək, təbliğ etmək və bu şərəfli tarixi yaradanlarla qürur duymaq hər birimizin müqəddəs borcudur. Çünki insan əməyinin nəyə qadir olduğunu Sumqayıtın timsalında bütün aydınlığı ilə görmək mümkündür.

1930-cu illərdə boz, ilanlar mələşən qumsal səhralardan ibarət olan, hazırda Sumqayıt şəhərinin yerləşdiyi ərazidə şəhər salmaq ideyası keçmiş sovet imperiyasının sosialist sənayeləşdirilməsi siyasəti ilə bağlı olmuşdur. Yeni sənaye şəhərinin salınması üçün bu ərazinin seçilməsi təsadüfi deyildi. Salınan şəhərin Xəzər dənizinin sahilində yerləşməsi bu yerin əlverişli və münasib olmasından xəbər verirdi. Şəhərin lahiyələndirilməsi işlərinə 1930-cu ildən başlanıldı. 1937-ci ildə ilk sənaye müəssisəsi olan İstilik Elektrik Stansiyasının əsası qoyuldu. Bu müəssisədə işləyən fəhlələr üçün taxta evlər – baraklar tikildi. 1941-ci ilin fevralında 1 saylı İES ilk cərəyanı verməklə Bakı şəhərinin müəssisələrinə xidmət etməyə başladı. 1937-1941-ci illərdə Azərbaycan Boruyayma zavodunun sürətlə tikintisinə başlanıldı. Kimya zavodunun, sonra isə Sintetikkauçuk zavodunun əsası qoyulsa da, Böyük Vətən müharibəsi bu ərazidə başlanmış işləri arxa plana keçirmək məcburiyyətində qoyur. Bununla belə bəzi müəssisələrin hərbi strateji məhsullar buraxması işi sürətləndirilir. 1944-cü ildə Dövlət Müdafiə Komitəsinin qərarı ilə tikinti işlərinin geniş vüsət alması, yeni sənaye obyektlərinin inşası keçmiş Sovetlər birliyinin hər bir guşəsindən buraya gənclərin axınını gücləndirir. 1949-cu ildə burada məskunlaşan əhalinin sayı artıq 17 min nəfər təşkil edirdi. İnsanların sayının artması, istifadəyə verilmiş, həmçinin tikilməkdə olan sənaye obyektlərinin sırasının genişlənməsi, 1949-cu ilin 22 noyabrında Bakının bir rayonu olan Sumqayıtın rəsmi olaraq şəhər statusu almasını şərtləndirdi. Sumqayıt onda gənclik şəhəri kimi tanınırdı. Onu qurub-yaradanların milli tərkibi də çox geniş idi. Burada sıx dostluq əlaqələri ilə bir-birinə bağlı olan 80-dən çox millətin nümayəndəsi çalışırdı. Sumqayıt şəhər statusu alanda artıq 4 il idi ki, (1945) kimya sənayesinin bayraqdarı olan Səthi aktiv maddələr zavodu fəaliyyət göstərirdi. Bu həmin zavoddur ki, bu il 70 yaşı tamam olur və biz də Azərbaycan Kimya sənayesinin 70 illik yubileyini bu zavodun istismara verilməsinin tarixinə əsasən qeyd edirik. Sonrakı dövrlərdə bir-birinin ardınca bir neçə kimya müəsisəsi istifadəyə verilmiş, bununla da Sumqayıt dünyanın 10-dan yuxarı kimya müəssisəsi olan yeganə şəhərrinə çevlilmişdi.

Bu müəssisələr arasında Sintetikkauçuk zavodunun xüsusi payı var idi. Sumqayıtda Sintetik kauçuk zavodu tikilməmişdən öncə SSRİ-də 3 yerdə – Voronej, Yaroslavl və Yefremov şəhərlərində belə zavod var idi. Hələ 1932-ci ildə dünyada ilk dəfə olaraq sənaye miqyasında S.V.Lebedev üsulu ilə SSRİ-də sintetik kauçuk alınmışdı. Sintetik kauçuk istehsalı həmin dövrdə çox güclü strateji əhəmiyyət daşıyırdı. Sintetik kauçukdan əsasən şinlərin, konveyr lentlərinin və müxtəlif rezin məmulatlarının hazırlanmasında vacib xammal kimi istifadə olunurdu. Tikintisinə 1939-cu ildə başlansa da Böyük Vətən Müharibəsi SAM zavodu kimi bu zavodun da tikintisinin yarımçıq saxlanmasına səbəb olmuşdu. 1944-cü ildən isə yeni layihələr əsasında tikinti işləri davam etdirilməyə başladı. Bir faktı diqqətə çatdırmaq maraqlı olardı ki, qələbə çalacağına yüz faiz əmin olan Hitler o vaxt SSRİ-nin bir çox strateji müəssisələri ilə yanaşı Sintetikkauçuk zavoduna da direktor təyin etmişdi ki, bu da doktor Xayo Eylers idi.

1952-ci ilin avqust aynda gözlənilən gün gəlib çatdı. Sintetikkauçuk zavodunda sənaye kompleksində Avropada ilk dəfə olaraq sintetik etil spirti istehsalına başlanılmışdır. Bu məhsul neft qazlarının emalı əsasında alınmışdır. Bununla da SSRi-də buğda və digər yeyinti məhsullarından etil spirtinin xammalı kimi istifadəsinin azaldılmasının əsası qoyulmuşdur. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1952-1975-ci illər ərzində SK zavodunun istehsal etdiyi etil spirti 84 milyon ton buğdaya, 16 milyon ton kartofa qənaet etmək imkanı vermişdir.

60 il ərzində müxtəlif adlarla fəaliyyət göstərən müəssisəyə müxtəlif dövrlərdə A.S.Vasilyev, İ.P.Kartaşov, V.Q.Svistinov, D.Q.Kalinin, Cəbrayıl Hüseynov, F.A.Mustafin, B.Hüseynov, F.Zeynalov, X.Rzayev, Z.Hüseynov, E.Səmədov, E.İsmayılov, S.Rəşidov kimi tanınmış kimyaçılar rəhbərlik etmişdir. Zavod əldə etdiyi yüksək nailiyyətlərə görə müxtəlif mükafatlar qazanmış, təqdim olunmuş Keçici Qırmızı bayrağı uzun müddət əlində saxlaya bilmişdi. Zavodun 100 nəfərdən artıq işçisi SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuş, müəssisədə 10 nəfərdən çox elmlər namizədi, 1 nəfər Sosialist Əməyi Qəhrəmanı, 5 nəfər respublikanın Əməkdar səmərə­ləşdiricisi, 3 nəfər respublikanın Əməkdar mühəndisi fəaliyyət göstərmişdir.

Təbii ki, görkəmli kimyaçıların siyahısı təkcə Sintetikkauçuk zavodu ilə məhdudlaş­mır. O dövrün kimya sənayesi tarixində özünəməxsus yeri və payı olan istər Səthi aktiv maddələr, Üzvi sintez, istərsə Superfosfat və Yuyucu vasitələr (Məişət kimyası), istərsə də sonrakı dövrlərdə yaradılmış Etilen-polietilen zavodlarında adını kimya sənayesinin şöhrət kitabının səhifələrinə qızıl hərflərlə yazdırmış insanlar yetərincə idi. Talelərini kimya sənayesi ilə bağlamış, xoşbəxtliklərini kimyaçı kimi şərəfli bir peşədə tapmış bu insanların hər biri haqqında ayrı-ayrılıqda geniş yazı hazırlamaq imkanımız xaricində olsa da, onları xülasə şəklində oxuculara təqdim etmək, güman edirəm ki, geniş içtimaiyyət, ələlxüsus da gənclərimiz üçün çox faydalı olardı.

Aleksandr Sergeyeviç Vasilyev

1945-1947-ci illərdə tikilməkdə olan Sintetik kauçuk zavodunun ilk direktoru olmuşdur.

İvan Petroviç Kartaşov

1947-1950-ci illərdə tikintisi davam etdirilən və işə salınmağa hazırlanan Sintetik kauçuk zavoduna rəhbərlik etmişdir.

Vladimr Qriqoryeviç Svistinov

1949-1951-ci illərdə Sintetik kauçuk zavodunda baş mühəndis vəzifəsində çalışmış, 1951-1952-ci illərdə isə zavodun direktoru olmuşdur. Sonralar SSRİ Kimya Sənayesi Nazirliyində məsul vəzifədə çalışan V.Q.Svistinov 1982-ci ildə Sintetik kauçuk zavodunun 30 illik yubiley tədbirində iştirak etmişdir.

Dmitiriy Qeorqiyeviç Kalinin

1953-1958-ci illərdə Sintetik kauçuk zavodunda direktor işləmişdir.

Faiz Axonoviç Mustafin

1960-1962-ci illərdə Sintetik kauçuk zavoduna rəhbərlik etmişdir.

Muradəli Mustafayev

1947-49-cu illərdə SAM zavodunda fəhlə işləyən Muradəli Mustafayev Azərbaycan Neft Kimya İnstitutunu bitirdikdən sonra təyinatla Sintetik kauçuk zavoduna gödərilib. 12 il burada çalışdıqdan sonra 1967-ci ildə Aşqarlar zavodunun direktoru təyin olunub. 1973-cü ildə yenidən doğma kollektivə qayıdıb. 1964-cü ildə Azərbaycan SSRİ Ali Sovetinin fəxri fərmanı ilə təltif olunub, 1967-ci ildə Azərbaycan SSRİ Əməkdar mühəndisi fəxri adına layiq görülüb, 1975-ci ildə isə ona Azərbaycan SSRİ-nin Əməkdar səmərələşdiricisi fəxri adı verilib.

Şəmşad Pənahov

Bakı Neft Texnologiyası Texnikumunu bitirdikdən sonra təyinatla SK zavoduna göndərilən və əmək fəaliyyətinə aparatçı kimi başlayan Şəmşad Pənahov, növbə və sex rəisi vəzifələrinədək şərəfli yol keçib. 1966-cı ildə SSRİ-nin ən yüksək adına – Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür. Fəaliyyəti boyu əməyi Lenin və Şərəf nişanı ordenləri, Qızıl Ulduz medalı ilə dəyərləndirilir. 20 ildən artıq şəhər sovetinə deputat seçilən Şəmşad Pənahov 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşüdür.

Qardaşxan Cavadov

Azərbaycan Sənaye İnstitutunun Kimya-texnalogiya fakültəsini bitirərək təyinatla SK zavoduna göndərilmiş, 40 il bu zavodda müxtəlif vəzifələrdə çalışmışdır. 1968-ci ildə namizədlik disertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1964-cü ildə respublikanın Əməkdar səmərələşdiricisi fəxri adına layiq görülmüş, 1980-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

Dadaş Dadaşov

Çoxillik əmək fəaliyyəti Səthi aktiv maddələr zavodu ilə bağlı olub. Burada təmizləyici, aparatçı və briqadir kimi fəaliyyət göstərib. 1966-cı ildə istehsalatda qazandığı əmək nailiyyətlərinə görə Lenin ordeninə, 1971-ci ildə Sosialist Əməyi Qəhramanı adına və ikinci dəfə Lenin ordeninə layiq görülür, şəhər sovetinə deputat seçilir, “Qızıl ulduz” medalını alır. Sonrakı dövrlərdə Lenin yubileyi medalına və Əmək Veteranı medalına layiq görülən qəhraman ulu öndər Heydər Əliyevin fərmanı ilə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.

Yuri Vladimiroviç Yermakov

Əmək fəaliyyətinə 1952-ci ildə Sintez kauçuk zavodunda çilingər kimi başlamışdır. 30 il bu zavodda müxtəlif vəzifələrdə çalışmış, əməyi II dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Əmək bayrağı ordenu ilə qiymətləndirilmiş, Azərbaycan Respublikasının Əməkdar səmərələşdiricisi fəxri adına layiq görülmüşdür.

Zülfü Sadıxov

1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitir­dik­dən sonra əmək fəaliyyətinə Sumqayıt Sintetik kauçuk zavodunda çilingər kimi başlamışdır. Qısa müddət sonra «Kimyasənaye» İB-də fəaliyyətini davam etdirən Zülfi Sadıxov Azərbaycan Dövlət Neft və Kimya İnstitu­tunun (indiki Neft Akademiyasının) axşam şöbəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almış, həmçinin Moskva İdarəetmə İnstitutunu fərqlənmə dip­lomu ilə bitirmişdir. İşə can yandırması, əzmkarlığı, mühəndislik baca­rığı nəzərə alınaraq, növbə rəisi, böyük mühəndis-texnoloq vəzifələrinə təyin olunmuş, sonra sulfanol istehsalatına rəhbərlik etmiş, daha sonra isə müəssisənin baş direktorunun keyfiyyət məsələləri üzrə müa­vi­ni vəzi­fə­sinə irəli çəkilmişdir. 300-ə qədər səmərələşdirmə təklifinin və 5 ixtiranın müəllifidir. Əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, «Azərbaycanın Əməkdar mühəndisi» və «SSRİ ixtiraçısı» fəxri adlarına layiq görülmüş, «İxtiraçılıq və səmərələşdirmə əlaçısı» döş nişanı, «Qırmızı Əmək bayrağı» ordeni ilə təltif edilmişdir. Dövlət Mükafatı laureatı, Prezident təqaüdçüsüdür.

Xalid Rzayev

Azərbaycan Neft-Kimya İnstitutunun Energetika fakültəsini fərqlənmə diplomu ilə bitirən Xalid Rzayev 1972-1980-ci illərdə Sintetikkauçuk zavodunda direktor işləmiş, sonrakı illərdə “Azərikimya” Dövlət Şirkətində baş energetik vəzifəsində çalışmışdır. Texnika elmləri namizədi Xalid Rzayevin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, Qırmızı Əmək Bayrağı və Şərəf nişanı ordenləri ilə təltif olunmuşdur. Bir neçə çağırış Sumqayıt XDS-nin deputatı seçilmiş, Sov. İKP-nin XXV, Azərbaycan KP-nin XXIX-cu qurultayının nümayəndəsi olmuşdur.

1981-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev SSRİ Nazirlər Soveti sərdinin birinci müavini N.A.Tixonovla SK zavodunda olarkən, zavodun direktoru Xalid Rzayev müəssisənin fəaliyyəti ilə bağlı geniş məlumat vermişdir. Qeyd edək ki, Heydər Əliyev Sumqayıta səfərləri zamanı bir neçə dəfə bu zavodda olmuş, EP-300 qurğusu və buxar generator kompleksi bilavasitə onun rəhbərliyi ilə tikilib istifadəyə verilmişdir. Maraqlı faktlardan biri də odur ki, 1960-ci ildə Sov. KP MK-nın baş katibi, SSRİ Nazirlər Sovetinin sədri N.S.Xruşşov da İttifaq üçün böyük əhəmiyyət kəsb edən bu zavodda olmuşdur.

Zəmin Hüseynov

Neft və Kimya institutunu bitirən Zəmin Hüseynov əmək fəaliyyətinə SK zavodunda başlamış, sonra Super fosfat zavodunda direktor, “Sumqayıtkimyasənayesi” İB-də baş direktorun birinci müavini vəzifələrində işləmişdir. Moskva Xalq Təsərrüfatı Akademiya­sını bitirdikdən sonra Zəmin Hüseynov 1980-ci ildə SK zavoduna direktor təyin olunmuş, 14 il bu vəzifədə çalışmışdır. Zavodun texniki və iqtisadi inkişafında böyük xidmətləri olmuş Zəmin Hüseynov Respublika Dövlət Mükafatı laureatı adına layiq görülmüş, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.

Lazar Avlastimov

Milliyyətcə yunandır. 1981-1997-ci illərdə Sintetik kauçuk zavodunda Baş mühəndis vəzifəsində çalışmışdır. Hazırda Rusiyanın kimya zavodlarının birində direktor vəzifəsində çalışır.

Vəkil İsmayılov

Sumqayıt Kimya Texnalogiya Texnikumunda və Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında təhsil alan, sonralar isə Leninqrad Təkmilləşdirmə İnstitutunda oxuyaraq texniki biliyini bir qədər də artıran Vəkil İsmayılov Sintetik kauçuk zavodunda fəhləlikdən direktor müavini vəzifəsinə qədər şərəfli bir yol keçmiş, “Azərikimya” dövlət şirkətində təchizat və satış şöbəsinin rəisi vəzifəsində işləmişdir. Əməyi Qırmızı Əmək Bayrağı ordeni və döş nişanları ilə qiymətləndirilmişdir.

İslam Məmmədov

Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra 1959-cu ildə təyinatla SK zavoduna göndərilir. Fəaliyyəti boyu müxtəlif məsul vəzifələrdə çalışan İslam Məmmədov dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 52 elmi işin, 30 ixtiranın, 200-dən çox səmərələşdirici təklifin müəllifi olan İ.Məmmədova respublikanın Əməkdar səmərələşdiricisi fəxri adı verilmişdir.

Nurəddin Babayev

M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitirib. 1971-ci ildə – 36 yaşında ikən o dövr üçün çox dəyərli və nüfuzlu sayılan «Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif olunur. Sonra «Üzvi sintez» zavodunun direktoru vəzifəsinə irəli çəkilir. N.Babayevin rəhbərliyinin bütün dövrü ərzində «Üzvi Sintez» həm respublikamızda, həm də keçmiş İttifaq miqyasında ən qabaqcıl kimya müəssisələrindən biri olmuş özü isə müxtəlif illərdə «Fəxri nişan» (1976), «Xalqlar dostluğu» (1981), «Lenin» (1986) ordeni və «Fədakar əməyə görə» medalı ilə təltif olunmuşdur. 1979-cu ildə isə istedadlı və yaradıcı bir mühəndis olaraq ona «Azərbaycanın Əməkdar səmərələşdiricisi» fəxri adı verilmişdir. 25-dən çox elmi əsərin müəllifi olan Nurəddin Babayev zəngin istehsalat təcrübəsinin, elmi istedadının, gərgin yaradıcılıq axtarışlarının nəticəsi olaraq 1990-cı ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almış, 1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının texnika doktoru seçilmişdi. 25-dən çox elmi əsərin müəllifidir.

Əbülfəz Babayev

Azərbaycan Neft və Kimya institutunu kimyaçı mühəndis – texnoloq ixtisası üzrə bitirərək təyinatla Sintez kauçuk zavoduna göndərilir. 30 ilə yaxın bu müəssisədə çalışmış, onun 19 ilini baş mühəndis (SSRİ Neft və Kimya Sənayesi Nazirliyində ən gənc mühəndis idi) kimi fəaliyyət göstərmişdir. 2001-ci ildə Etilen-polietilen zavoduna direktor təyin olunmuşdur. 1980-ci ildə Moskva Kimya – Texnologiya İnstitutunun Elmi Şurasında dissertasiya müdafiə edərək texnika elmləri namizədi, 1991-ci ildə isə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1994-cü ildə Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü, Nyu York Elmlər akademiyasının həqiqi üzvü, iki il sonra isə Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü – akademiki seçilmişdir. Bir sıra xarici ölkələrdə nəşr olunmuş 200-dən artıq elmi əsərin, 100-dən çox müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir.

Ucal Qasımzadə

1974-cü ildən 1992-ci ilədək Məişət Kiyası zavodunda direktor işləmişdir. 7-8 il dalbadal Keçici Qırmızı Bayrağa layiq görülən zavodun istehsal etdiyi yuyucu vasitələt ittifaqın bütün respublikalarına, o cümlədən Yuqoslaviya, Polşa, Vyetnam, Əfqanıstan və digər xarici ölkələrə göndərilirdi.

Nərçə Ağayev

Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. “Sintezkauçuk” zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1974-cü ildən 1990-cı ilədək – 16 il Superfosfat zavodunda direktor işləyib. 1990-cı ildə “Azərkəndkimya” istehsalat birliyinin sədri təyin olunur və altı il bu vəzifədə çalışıb. Sonrakı illərdə “Sintez” İstehsalat Servis və Kommersiya Assosiasi­ya­sının baş direktoru, “Məişət kimyası” zavodunun direktoru, 1998-ci ildən isə “Azərikimya” Dövlət Şirkətində vitse-prezident vəzifəsini icra etmişdir. SSRİ-nin fəxri kimyaçısı, Res­publikanın Əməkdar mühəndisi, Azərbaycanın Maarif əlaçısı fəxri adlarına layiq görül­müşdür, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur. Texnika elmləri namizədi Nərçə Ağayev 20 ixtiranın, 60-dan çox səmərələşdirici təklifin müəllifi olmuşdur.

Zeynal Hüseynov

1965-ci ildə Azərbaycan Neft-kimya İnstitutunun Mexanika fakültəsini bitirdikdən sonra, Sumqayıt Kimya kombinatının polietilen sexinə mexanik vəzifəsinə göndərilir. 1988-1994-cü illərdə “Polimir – 120” zavodunda direktor işləmiş, sonra “Azərikimya” Dövlət Şirkətində İstehsalat şöbəsinin rəisi vəzifəsində çalışmış, 1996-cı ildən isə Superfosfat zavoduna direktor təyin olunmuşdur. İşlədiyi müddət ərzində “Kimya sənayesi əlaçısı” döş nişanına, “Əmək igidliyinə görə medalına” və “Şöhrət” ordeninə layiq görülmüşdür.

Mustafa Həsənov

Azərbaycan Neft-kimya İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə Sintez kauçuk zavodunda başlayıb. Etilen-polietilen zavodunun buraxılışında yaxından iştirak edib. Həmin zavodun baş mühədisi, sonra isə direktoru vəzifələrində çalışıb. 1993-cü ildə EP – 300 istehsalatının bərpasına görə Pespublikanın Əməkdar mühəndisi fəxri adına layiq görülüb. Onlarca ixtiranın və səmərələşdirici təklifin müəllifi olan Mustafa Həsənov “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.

Təbrik Quliyev

1970-ci ildə Azərbaycan Neft−Kimya İnstitunu bitirib təyinatla “Kimyasənayesi” İstehsalat Birliyinə göndərilən Təbrik Quliyev burada laborant, mühəndis, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1994−1998-ci illərdə Bakıdakı kimyəvi reaktorlar və lak-boya istehsalı müəssisəsində direktor işləmiş, 1998-ci ildə Səthi aktiv maddələr zavoduna direktor təyin olunmuşdur. Kimya elmləri namizədi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatıdır.

Cümşüd Kərimov

ADU-nun kimya fakültəsini bitirdikdən sonra əmək fəaliyyətinə Sintetik kauçuk zavodunda aparatçı kimi başlayan Cümşüd Kərimov burada növbə, sex, istehsalat rəisi vəzifələrini icra etmişdir. Zavod Həmkarlar İttifaqı Komitəsinin sədri, Partiya Komitəsinin katibi, Respublika Kimyaçılarının Sahə Həmkarlar Komitəsinin sədri, Üzvi sintez və Super fosfat zavodlarında direktor müavini vəzifələrini icra etmiş, 1999-cu ildə Məişət kimyasi zavoduna direktor təyin olunmuşdur.

Tamara Rufullayeva 1970–1995-ci illərdə Sumqayıt Sintetik Yuyucu Məhsullar Zavodunda qablaşdırıcı vəzifəsində çalışmışdır. Dəfələrlə sosializim yarışının qalibi olmuş, beş çağırış Sumqayıt Şəhər Sovetinin deputatı seçilmişdir. Zəhməti “Əmək Rəşadəti” medalı, “Qırmızı Əmək Bayrağı” ordeni ilə qiymətləndirilmiş, “Əmək veteranı” adına layiq görülmüşdür. T.Rufullayevanın adı Respublika Əmək Şöhrəti kitabında qeyd olunmuşdur.

Eldar İsmayılov

1971-ci ildə Azərbaycan Neft−Kimya İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Kimya Kombinatında (“Üzvi sintez” zavodu) aparatçı vəzifəsi ilə başlamışdır. 1972−1975-ci illərdə Kimya Kombinatında sex rəisinin müavini, M.Əzizbəyov adına Xlor Üzvi Məhsullar Zavodunun direktor müavini, “Azərkimyatəmir” Trestinin müdir müavini vəzifələrində çalışmışdır. Azərbaycan KP MK-da təlimatçı, 1988−1989-cu illərdə Azərbay­can KP Şəhər Komitəsinin I katibi, 1991–1992-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiy­yətinin başçısı vəzifələrini icra etmişdir. Bir müddət respublika Nazirlər kobinetində məsul vəzifədə çalışdıqdan sonra yenidən kimya sənayesinə dəvət edilmiş, 1996-cı ildə Sintez kauçuk zavoduna, 1997-ci ildə isə Superfosfat Zavoduna direktor təyin olunmuşdur. 1991-1995-ci illərdə Respublika Ali Sovetinin deputatı olmuşdur.

Ağaxan Ağayev

Əmək fəaliyyətinə 1963-cü ildə Superfosfat zavodunda aparatçı kimi başlayan Ağaxan Ağayevin çoxillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş, o, “Qırmızı Əmək Bayrağı” və Lenin ordenləri, həmçinin “Oraq və çəkic” medalı ilə təltif olunmuşdur. O dövrün ən yüksək təltifi olan Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülən Ağaxan Ağayev Azərbaycan KP-nin XXX və Sov. İKP-nin XXVI qurultayının nümayəndəsi olmuşdur.

Bu şanlı kimyaçıların siyahısına Lenin ordenli, SSRi Ali Sovetinin deputatı Rəfiqə Hüseynovanı, Şöhrət və Qırmızı Əmək Bayrağı ordenli Nəzakət Rzayevanı, Şöhrət ordenli Əlihüseyn Abdulhüsenoğlunu, Lenin yubiley medalı ilə təltif olunmuş, üçüncü və ikinci dərəcəli “Şöhrət” ordenlərinə layiq görülmüş Sahib Hüseynovu, “Lenin” ordenli Firudin Məmmədovu, Oktyabr inqilabı ordenli Əli Bayramovu, respublikanın əməkdar səmərələşdiricisi Vaqif Quliyevi, Oktyabr inqilabı ordenli Böyükağa Şükürovu, “Yubiley medalı”, “Əlaçı-kimyaçı” döş nişanı və Əmək Veteranı medalına layiq görülmüş, növbə­dənkənar “Volqa” avtomobili ilə mükafatlandırılmış Qubad Dadaşovu, Oktyabr İnqilabı ordenli Fərhad Zeynalovu, dövlət mükafatı laureatı Əlisəfa Səfərovu, “Tərəqqi” medallı Firudin Mustafayevi, kimya sənayesinin inkişafında özünəməxsus xidmətləri olan Rövşən Sərdarlını, Məmməd Hüseynovu, Firudin Abdullayevi, Samir Manafovu, Natiq Qulubəyovu, Famil Süleymanovu, İsa İsayevi, Mədət Mənsurovu, Əjdər Babayevi, Sara Qasımovanı, Adilə Ərəbxanovanı, “Üzvi sintez” zavodunda Baş direktorun iqtisadiyyat üzrə müavini işləmiş Kardakova Nina Timofeyevnanı, “Üzvi sintez” İstehsalat Birliyində satış şöbəsinin rəisi vəzifəsində çalışmış Nazarova Qalina Sergeyevnanı, Kimya Sənayesi Birliyində iqtisadiyyat şöbəsinin rəisi işləmiş Hüseynova Aleksandara İvanovnanı və onlarca başqalarını əlavə edəndə gözlərimiz önündə kimya sənayesinin şanlı və şərəfli tarixi salnaməsi öz dolğunluğu ilə canlanır.

Sumqayıt bu gün də onun şöhrətinə şöhrət qatan, adını yüksəklərə qaldıran, kimya sənayesinin yükünü 70 ildən bəri çiyinlərində daşıyan bu qəhrəman övladları ilə fəxr edir. İnanırıq ki, bu insanların adı, xeyirxah əməlləri qədirbilən sumqayıtlıların yadda­şından heç vaxt silinməyəcəkdir.

Rafiq Oday,

respublikanın Əməkdar jurnalisti

“Azərikimya” İB-nin mətbuat xidməti

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın