Menu
Geri İrəli

Sumqayıtın nümayəndə heyəti Gürcüstanda bayram tədbirlərində iştirak edib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2014 • Baxış sayı: 390 dəfə • Şərh yoxdur

IMG_1162Sumqayıtın nümayəndə heyəti Gürcüstanın Rustavi şəhərinin bayram tədbirlərində iştirak etmişdir

 Artıq 45 ildən çoxdur ki, respublikamızın kimyaçılar, metallurqlar, energetiklər və inşaatçılar şəhəri kimi tanınan Sumqayıtı Gürcüstanın Rustavi şəhəri ilə möhkəm dostluq əlaqələri bağlayır. Bu iki qardaşlaşmış şəhərin nümayəndə heyətləri vaxtaşırı olaraq görüşür, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi aparır, qarşılıqlı əlaqələri ildən-ilə genişləndirirlər. Bugünlərdə isə Sumqayıtın nümayəndə heyəti Rustavidə keçirilən “Şəhər günü”  tədbirlərində iştirak etmişdir.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyevin, Sumqayıt Bələdiyyəsinin sədr müavini Sultan Əsədovun və şəhər İcra Hakimiyyətinin əməkdaşı Etibar Əliyevin daxil olduğu nümayəndə heyətini Rustavi şəhər meriyasında yerli rəhbərlik səmimiyyətlə qarşılayaraq, onlara Gürcüstanın ən gənc şəhərinin tarixi və son illərdəlki nailiyyətləri barədə geniş məlumat vermişdir.

Rustavi meriyasında rəsmi qarşılanmadan sonra Sumqayıtın nümayəndə heyətinin üzvləri Ukrayna, Polşa, Litva və digər ölkələrdən “Şəhər günü” tədbirinə gəlmiş qonaqlarla birgə şəhərlə və onun 2500 nəfərdən artıq işçisi olan Metallurğiya zavodu ilə tanış olmuşlar. Müəssisədə xoş xatirə olaraq yada salınmışdır ki, 1960-70-ci illərdə Sumqayıt və Rustavinin metallurq briqadaları vaxtaşırı olaraq biri digərinin müəssisəsində əmək dostları ilə birgə çalışmış, bir-birinin qabaqcıl iş metodlarını öyrənmişlər.

Sumqayıtın nümayəndə heyəti digər xarici qonaqlarla, həmçinin Gürcüstan hökumətinin və parlamentinin üzvləri, Rustavinin rəhbərliyi ilə birgə şəhərin mərkəzi meydanında iki gün davam edərək, böyük bayram atəşfəşanlığı ilə başa çatmış “Şəhər günü” tədbirlərində iştirak etmişlər. Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Akif Quliyev və Sumqayıt Bələdiyyəsinin sədr müavini Sultan Əsədov Gürcüstan və Rustavi televiziyalarına müsahibə vermiş, Sumqayıt şəhər İcra hakimiyyəti və sumqayıtlılar adından qonşularımızı “Şəhər günü” münasibətilə təbrik etmiş, gürcü xalqına xoş arzularını bildirmişlər.

 Orxan MƏMMƏDZADƏ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın