Menu
Geri İrəli

Sumqayıtın Səthi Aktiv Maddələr zavodunun 65 illik yubileyi qeyd olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2010 • Baxış sayı: 381 dəfə • Şərh yoxdur

Azerkimya_010610_5Sumqayıtın ilk kimya müəssisəsi olan “Azərikimya” İstehsalat Birliyinin Səthi Aktiv Maddələr (SAM) zavodunun 65 illik yubileyi qeyd olunub. Məlumatı İB-nin mətbuat xidməti yayıb.

1945-ci il mayın 1-də işə salınan, o dövrdə şərti olaraq “Ozero” adlanan indiki Səthi Aktiv Maddələr zavodu sonrakı illərdə Azərbaycanın kimya sənayesinin ən iri və qabaqcıl müəssisələrindən biri olub.

Zavod özünün 30-dan artıq müxtəlif çeşidli məhsullarını, o cümlədən tələbatın çox böyük olduğu sulfanol, kaustik soda, karboksimetilsellülozanı (KMS) və s.-i keçmiş Sovetlər İttifaqının respublikalarına və 15-ə yaxın xarici ölkəyə, ümumiyyətlə isə 100-dən çox ünvana göndərirdi.

Respublikanın kimya sənayesinin inkişafında özünəməxsus rolu olan SAM zavodu ötən illər ərzində ölkə büdcəsinə külli miqdarda gəlir vermiş, bir çox əmək qabaqcılı müxtəlif orden və medallara, həmçinin Dövlət mükafatlarına, “Əməkdar mühəndis”, “Əməkdar ixtiraçı”, “Fəxri kimyaçı” adlarına, operator Dadaş Dadaşov isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüblər.

Qocaman müəssisənin keçdiyi böyük inkişaf yolu, əldə olunmuş uğurlar tədbir iştirakçılarına rəngli slaydlarla əyani olaraq çatdırılıb.

Yubiley tədbirində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Zeynalov çıxış edərək, kimyaçıların, o cümlədən Səthi Aktiv Maddələr zavodu kollektivinin Sumqayıtın kimya sənayesinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib və yubilyar müəssisənin əməkçilərini şəhər rəhbərliyi və ictimaiyyəti adından təbrik edib.

Tədbir iştirakçılarının alqışları altında yubilyar zavodun veteranları və bir çox qabaqcıl əmək adamları “Azərikimya” rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Yubiley tədbirində ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, YAP-ın Sumqayıt şəhər təşkilatının, şəhər bələdiyyəsinin, müxtəlif müəssisə, idarə və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Facebook Şərhləndirmə:

Şərhlər bağlıdır.