Menu
Geri İrəli

Sumqayıtın tarixi muzeyi – zəngin mədəni irs və tarixin yaddaşa çevrildiyi məkan

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2014 • Baxış sayı: 1,035 dəfə • Şərh yoxdur

 Sumqayıtın 65 illiyi və bu yazının yazılma səbəbləri

 Rafiq OdayƏslində bu müsahibəni bir ay bundan öncə götürmüşdüm. Qısa müddət ərzində də hazırlayıb mətbuata vermək fikrindəydim. Sonra fikirləşdim ki, qarşıdan Sumqayıtın 65 illik yubileyi gəlir. Tələskənliyə yol vermədən bu yazını elə hazırlayım ki, həm hamımız üçün doğma olan, hər birimizin tale şəhərinə çevrilən Sumqayıtın adına və yubileyinə yaraşan olsun, həm Sumqayıtla çiyin-çiyinə yaşayan, inkişaf edən və Sumqayıtın bütün dönəmlərini qoruyub saxlayaraq özündə əks etdirən və bu qorunan tarixi yenidən sumqayıtlılara təqdim edən Sumqayıtın tarixi muzeyinin imicinə xələl gəlməsin, həm də bu tarixin formalaşmasında əzmkarlıq göstərən, bütün səy və bacarığını əsirgəməyən, əmək fəaliyyətini yalnız bu müqəddəs ünvanla bağlayan, bundan da qürur duyan, fəxarət hissi keçirən, Sumqayıtda hamının tanıdığı, hamının hörmət və rəğbət bəslədiyi Olya xanım İslamovanı bir daha sumqayıtlılara tanıda bilsin.

Öncədən deyim ki, bu yazının yazılmasının kökündə Olya xanımı tərifləmək dayanmır. Çünki muzeydən yazmaq konkret bir fərddən yazmaq deyil, muzeydən yazmaq bu ərazinin keçmişindən yazmaqdı, bu günündən yazmaqdı, sosial-idtisadi inkişafından yazmaqdı, bu inkişafı bizə bəxş edən zəhmət adamlarının həyatından yazmaqdı, tikilən fabrik və zavodların, yaradılan istehsal sahələrinin insanların rifah halının yaxşılaşdırılmasında oynadığı roldan yazmaqdı, bu bölgənin mədəniyyətindən, incəsənətindən, ədəbiyyatından, səhiyyəsindən, təhsilindən, tarixindən və nahayətdə bütün bunları bizlərə bəxş edən müstəqil Azərbaycan dövlətindən, onun prezidentindən və  hər bir azərbaycanlının istinad nöqtəsi olan Ümummilli liderindən yazmaqdı.

Sumqayıtın 65 illik yubileyinə iki aydan bir az artıq vaxt qalır. Hər tərəfdə abadlıq-quruculuq işləri aparılır. Şəhər gündən-günə gözəlləşir. Bu gözəlləşmə artıq saatbasaat hiss olunmaqdadır. Möhtərəm prezidentimiz İlham Əliyevin Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi fərmanlar, imzaladığı sərəncamlar, davamlı Sumqayıt səfərləri şəhər sakinləri tərəfindən böyük çoşqu və sevgiylə qarşılanır. Dövlət başçısının bilavasitə rəhbərliyi altında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun şəhərdə həyata keçirdiyi genişmiqyaslı, böyük əhəmiyyət kəsb edən layihələr şəhərin sabahına – Sumqayıtı regionun ən gözəl və inkişaf etmiş şəhərlərdən birinə çevrilməsinə hesablanmışdır.

Bir məsələ də var ki, bunun üçün   hər kəs öz sahəsində vicdan və məsuliyyətlə çalışmalı, bu inkişafa, bu yüksəlişə cuzi də olsa öz tövhəsini verməlidir. Bu baxımdan biz də bir qələm adamı ola­raq bu yazını hazırlamaqla Sumqayıtın 65 illik yubileyinə – bunun fonunda isə bu inkişafa, bu tərəqqiyə öz münasibətimizi bildirmək qərarına gəldik.

 Əfsanədən doğan şəhər

Xalq arasında Sumqayıt adı ilə bağlı 10-dan çox əfsanə mövcuddur. Nə­dənsə mən də birinci əfsanənin üzə­rində dayandım.

Karvan Abşeron səhrası ilə irəliləyir… Hər gün olduğu kimi, yeddinci gün də günəş amansız surətdə yan­dırmağa başlayır. Adamlar yorulub əldən düşmüşlər. Ətrafda bir damcı su belə yoxdur. Karvanı tələf olmaq təhlükəsi gözləyir.

Ağsaqqal karvan başçısı kişiləri başına toplayır. Uzaqdan uca dağları  gös­tərərək deyir:

– Bizi, ailəmizi və karvanımızı xilas edə biləcək həyat suyu o dağın arxa­sındadır. Dağ isə suyun yolunu kəsmiş­dir. Onu yarmaq, parçalamaq lazımdır…

Susuzluq və yorğunluqdan əldən düşmüş adamlar başlarını  aşağı salırlar. Bunu görən Sum adlı enlikürək bir gənc irəli çıxır, su üçün gedəcəyini bildirir…

Sum karvandan uzaqlaşır… Qup­quru düzənliyə tezliklə su gəlir. Qəh­rəman Sum isə qayıtmır. Sumun sev­gilisi Ceyran əllərini suya tərəf uzadıb nişanlısını çağırmağa başlayır:

– Sum, qayıt! Sum, qayıt!

Sumdan xəbər gəlmir ki, gəlmir… Ceyranın ümidi kəsilir. Sevgilisinin fəlakətə düşdüyünü, bir daha qayıtmayacağını bütün varlığı ilə hiss edir. Artıq onsuz yaşamağın mənasız olduğu barədə düşünür. Beləliklə, o, özünü Sumun göndərdiyi sudan yaranmış gölə atır. Ceyran batır…

…Karvan dincini alıb aram-aram yoluna davam edir. Dağın yanından keçən­də adamlar qəribə bir mənzərə görüb mat qalırlar: dağ beş barmaq formasındadır. Hər şey onlara aydın olur. Bu Sumun əli idi. Deyirlər ki, Sum dağı parçalayıb iri-iri qayaları qaldıranda torpağa batmış, xatirə olaraq açılmış əlini qoyub getmişdir.

O vaxtdan bəri Sumun ayrıldığı yeri – “Sumqayıt”, gölü – “Ceyranbatan”, dağı isə – “Beşbarmaq” adlandırırlar.

 _04

Rəsmi xronika

 Hazırda Azərbaycanda 200-dən artıq muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir.

Eyni zamanda Milli Elmlər Akade­miyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir. Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini göstərmək olar.

Azərbaycanda möhtəşəm muzeylərə Şəki Xan sarayını, Qobustan qayalıqlarını, Şirvanşahlar kompleksini, Möminəxatun məqbərəsini, eləcə də Şuşa şəhərini göstərmək olar.

İlk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb. AMEA-nın Tarix muzeyi ötən əsrin 20-ci illərindən xalqın ixtiyarına verilib. Maraqlıdır ki, bu muzey məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşir. Həmin binanın özü də Azərbaycan tarixinin keç­mişindən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də Tarix muzeyinə bəzən “Muzey içində muzey” deyirlər. Bu baxımdan dövlətin xüsusi qayğısı nəticəsində bu qədim muzey yük­sək səviyyədə bərpa və təmir edilərək yenidən öz qapılarını seyrçilərin üzünə açmışdır. Ölkədə muzey işinin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən lazımi tədbirlər görülür. Yalnız Bakıda deyil, regionlarımızda da yerləşən muzeylərdə əsaslı yenidənqurma və təmir işləri aparılır.

Ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” 2006-cı il 18 dekabr və “Müasir İncəsənət muzeyinin yaradılması haqqında” 2006-cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür. Prezident milli-mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə xüsusi diqqət göstərərək artan iqtisadi potensialın tempinə uyğun olaraq mədəniyyət sahəsində də yeni mərkəzlərin yaradılmasını, fəaliyyət göstərməsini, millətə xidmət etməsini zəruri sayır.

Ölkə muzeylərinin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün bu sahədə bir sıra əlavə tədbirlərin həyata keçirilməsi zərurəti də özünü göstərməkdədir. Bu, bir tərəfdən maddi-mənəvi abidələrin mühafizəsi üçündürsə, digər tərəfdən də inkişaf edən, gündən-günə gözəlləşən respublikamızın hər bir mədəniyyət ocağının dünya standart­larına uyğun şəkildə həyata qaytarılması, bərpa edilməsi və yaşadılması naminədir.

Prezident İlham Əliyevin 2007-ci il martın 6-da “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncamda deyilir: “Azərbay­canda muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi həyatının inkişafı baxımından əhəmiyyətini və perspektivlərini nəzərə alaraq elmi və mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirmək üçün Azərbay­canın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı hazırlansın”.

Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti təşkilatlar dövlət başçısının göstərişinə əsasən Azərbaycanda muzeylərin fəaliyyətinin müasir prinsiplər əsasında müvafiq olaraq yenidən qurulması və onun bütün ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılması yolunda işə başladılar.

Tarixin qorunduğu yer

 Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Muzey əslində elm, maarif müəssisəsidir. Ona sadəcə olaraq qiymətli əşyaların, maddi sər­vətlərin saxlanc yeri kimi baxmaq düzgün deyildir.

Muzey fəaliyyətinin müxtəlif cəhətləri və istiqamətləri mövcuddur. Bu fəaliyyətin çağdaş dövrdəki ahəngdarlığı bir sıra mühüm amillərdən, o cümlədən ictimai, iqtisadi, ideoloji və mədəni proseslərdən birbaşa aslıdır. Digər tərəfdən, muzey işi dövrün mədəni prosesləri kontekstində daim dəyişir, təkmilləşir. Yaşadığımız dövrün özünəməxsus perspektivi, tendensiyası, təbii olaraq mədəni proseslərin intensivliyinə, proqressiv meyllərin güclənməsinə müsbət təsir göstərir. Belə ki, ölkəmizin iqtisadi qüdrətinin artması, Avropa mədəni həyatına inteqrasiya prosesi muzeylərin fəaliyyətinə də səmərəli təsirini göstərməkdədir.

Qeyd etdiyimiz kimi, hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir ki, onlardan biri də Azərbaycan SSR Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli sərəncamı ilə yaradılmış Sumqayıtın Tarixi Muzeyidir.

Ölkə Prezidenti İlham Əliyevin “Azər­baycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il və “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchızatına dair xüsusi tədbirlər planının təsdiq edilməsi haqqında” 22 may 2009-cu il tarixli Sə­rəncamı ilə Azərbaycanda muzey işinin yaxşılaşdırılmasına, elmi və mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirilməsinə, Azərbaycanın region­larında fəaliyyət göstərən muzeylərin dünya standartlarına uyğun təmir edilməsinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına geniş imkanlar yaratmış,  dövlət başçı­sının göstərişinə əsa­sən Azərbaycanda muzeylərin fəaliy­yətinin müasir prinsiplər əsasında yenidən qurulması və onun bütün ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılması zəmnində  Sumqayıtın tarixi muzeyi də əsaslı təmir edilərək 2010-cu il may ayının 19-da şəhər sakinlərinin və şəhərimizə gələn qonaqların  istifadəsinə verilmişdir.

Burada nələr qorunur

 _15

Hal-hazırda Sumqayıtın Tarixi Mu­zeyi 15 000-dən artıq muzey əhə­miy­yətli əşyanı gələcək nəsillər üçün qoruyur. Ümumi sahəsi 2680 kv.m. olan muzey binasının xüsusi tərtibat verilmiş ekspozisiya, mühazirə, sərgi zalları, kütləvi tədbirlərin keçirilməsi üçün 165 yerlik akt zalı vardır.

Birinci mərtəbənin ekspozisiya zalında «Heydər Əliyev və Sumqayıt» adlı  da­imi fəaliyyət göstərən sərgi yaradılmışdır ki, burada Ulu öndərin ustalıqla yaradılmış büstü, onun Sum­qayıt səfərləri ilə bağlı sənədlər, foto­şəkillər, qəzet və jurnallar toplusu əks olunur. Bu sərgini digər sərgilərdən fərqlən­dirən cəhət odur ki, buradakı şəkillər, sənədlər kütləvi tirajla çap olunan və yayılanlardan deyil. Bu şəkillərin və sənədlərin hamısı orijinaldır.

Sumqayıtın cəmi 18 yaşı olanda onun tarixini öyrənən, şəhər inkişaf etdikcə onun tarixini yazan və qoruyub saxlayan muzey də şəhərlə yan-yana inkişaf edirdi.

Maraqlı haldır ki, muzeydə Sumqayıtın ilk qurucuları ilə bağlı 200-dən artıq şəxsi arxiv tərtib olunub və bu şəxsi arxivlərdə çox qiymətli sənədlər və nadir fotoşəkillər var. Bunların hər biri Sumqayıtın yaranma tarixinə, inki­şaf yollarına işıq salan eksponatlardır.

Ekspozisiya zalında Sumqayıtın yaranmasını, inkişafını əks etdirən rəmzi ağac – Sumqayıtın ilk müəssisəsi olan İstilik Elektrik Stansiyasına həsr olunmuş abidə, Qədim İpək  Yolunun bir qolu – Sumqayıtın ərazisini əks etdirən maket, saxsı və mis qablardan ibarət bölmə və “Sumqayıt XXI əsrdə” rənggarlıq əsəri vardır.

İkinci mərtəbənin böyük ekspozisiya zalında inşaat, quruculuq işləri, ilk müəssisələr, zavodlar, fabriklər, təhsil, səhiyyə, mədəniyyət ocaqları, əmək qabaqcılları haqqında məlumatlar, əşyalar, sənədlər, fotoşəkillər əks olunmuşdur.

Həmçinin bu zalda Corat kənd sakinlərinin yaşam tərzini və Sumqayıtın ilk qurucularının məişətini əks etdirən otaq maketlər qurulmşdur.

Muzeyin kiçik ekspozisiya zalında daimi fəaliyət göstərən «Sumqayıt şəhidləri» («Şəhidlər qalereyası») adlı sərgi də diqqət çəkir. Burada Sumqayıt şəhidləri, sumqayıtlı Milli Qəhrəmanlar haqqında materiallar,  şəhidlərə həsr edilmiş “Ulduz axını” abidəsi və rənggarlıq əsərləri öz əksini tapmışdır.

Müzeydə adlı-sanlı kimyaçıların şöhrət tarixini əks etdirən foto-stendlər, həmçinin müxtəlif sənədli materiallar da qorunub saxlanılır ki, bu da talelərini Sumqayıt şəhəri və onun kimya sənayesi ilə bağlayan insanların əməyinə verilən ən yüksək qiymətdir. Bu ekspozisiyalara baxdıqca, Sumqayıtın yerləşdiyi ərazinin və şəhərin özünün qədim, zəngin tarixi barədə insanda dolğun təsəvvür yaranır. Bu təsəvvür də, öz növbəsində, Sumqayıtla, onun tarixi ilə qürur duymağa imkan verir.

Sumqayıtda hamının tanıdığı və

ehtiram bəslədiyi Olya xanım İslamova

47 yaşlı Sumqayıtın Tarixi Muzeyinə 40 ildir ki, Olya Zəbi qızı İslamova  rəhbırlik edir. 1967-1974-cü illərdə Sum­qayıtın Tarixi Muzeyində kiçik elmi işçi vəzifəsində çalışan Olya xanım 1974-cü ildən muzeyin direktorudur. 2004-2009-cu illərdə Sumqayıt şəhər Bələdiy­yəsinin üzvü olmuşdur. 2004-cü ildə Sumqayıt şəhərinin 55 illik yubileyi münasibətilə “Tərəqqi” medalına, 2008-ci ildə isə “Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

 Fəxri ad demişkən:

 _DSC0006

“- Əməkdər mədəniyyət işçisi fəxri adına layiq görüləndə xəbərim yox idi. Yaxın insanlardan biri zəng edib təbrik edəndə inanmadım. Elə bildim ki, zarafat edir. Hələ bir acıqlandım da ki, zarafatın da bir sərhəddi var. Sonradan çoxlu sayda zənglər və təbriklər gəldi. Əmin oldum ki, bəli, diqqətdən kənarda qalmamışıq, özü də muzeydə təmir gedə-gedə. Mən bəlkə də təmirdən sonra nəsə gözləyə bilərdim, amma bu məqamda yox. Ona görə də mənim üçün gözlənilməz idi və saat 23:00-da xəbərlər proqramının təkrarında özüm qulaq asmayana qədər mən buna inanmadım.

Mən dövlətimizə, prezidentimizə çox minnətdaram ki, mənim zəhmətimi belə qiymətləndirib. Əbülfəs Qarayev mənə vəsiqəni təqdim edəndə oradakı çıxışımda qeyd etdim ki, bunu möhtərəm prezidentimiz mənə avans olaraq verib. Mən hələ bundan sonra daha çox çalışmalıyam ki, bu etimadı doğruldum.”

Əslində Sumqayıtın tarixi muzeyinin direktoru kimi Olya xanımın Sumqa­yıtda gördüyü işlər, həyata keçirdiyi irimiqyaslı layihələr təqdirəlayiqdir. Bu tədbirlər bir tərəfdən Sumqayıtın tarixi muzeyinin mövcud vəziyyətini daha da yaxşılaşdırmaqla maddi-mədəni və mənəvi abidələrin mühafizəsinə xidmət edirsə, digər tərəfdən inkişaf edən, günü-gündən gözəlləşən şəhərimizin bu mədəniyyət ocağının dünya standartla­rına uyğun şəkildə həyata qaytarılması üçün hesablanmışdır. Qeyd etdiyimiz kimi, muzey fondunda qorunan 15 mindən artıq eksponat ayrı-ayrı bölmələr üzrə əsas və elmi köməkçi fondda böyük və kiçik zallarda yerləşdirilmişdir. Daimi sərglərlə yanaşı şəhərin ictimai-siyasi, mədəni həyatında baş vermiş hadisələri dolğunluğu ilə əks etdirən, daim bir-birini əvəz edən sərgilər muzey fondunun zənginliyindən xəbər verir. Böyük bir zaman kəsiyini özündə əks etdirən bu tarix məbədinin yaranması və zənginləşməsi isə bilavasitə Olya xanımın adı ilə bağlıdır.

Olya xanımın doğma şəhərimizə, bütünlükdə yurdumuza olan vurğunluğu, Sumqayıtı qurub-yaradanlara məhəbbət və ehtiramı muzeyin hər guşəsində, hər bir eksponatında açıq-aydın duyulmaqdadır. Yüksək daxili mədəniyyəti və intellekti, səmimiyyəti və mehribançılığı ilə bütün sumqayıtlıların dərin hörmət və rəğbətini qazanan bu cəfakeş xanım öz fədakar əməyi, işinə elmi-yaradıcı münasibəti ilə şəhərimizin sosial-iqtisadi tərəq­qisinin, o cümlədən neft-kimya səna­yesinin inki­şafının müxtəlif mərhələlərinin geniş və dolğun salnaməsini yarada bilmişdir.

 Təbliğat və təşviqat məkanı

 Olya xanımın daim fəxr etməyə haqqı vardır ki, muzeydə onun və rəhbərlik etdiyi kollektivin sayəsində yaradılanlar  yalnız bugünkü nəsil üçün deyil, gələcək nəsillər üçün də əvəzsiz bir xəzinə, böyük bir tarixdir. Hər il Olya xanım İslamovanın bilavaitə təşəbbüsü ilə muzeydə silsilə tədbirlər keçirilir, əmək­daşlar mədəni-maarif və təhsil müssisələrində “Sumqayıt şəhərinin yaranma tarixi”, “Sumqayıtın dostluq əla­qələrinin tarixi”, “Sumqayıtın mədə­niyyət tarixindən” mövzusunda müha­zirələr oxuyaraq, bir-birindən maraqlı səyyar sərgilər nümayiş etdirirlər.

Olya xanım son vaxtlar belə bir ifadəni tez-tez işlədir: «Muzeyi şəhərdə tanıyırlar». Bu söz özündə çox şeyi ehtiva edir. Bir mədəniyyət ocağı olaraq Sumqayıtın Tarixi muzeyinin şəhərdə özünəməxsus yeri var. Nəinki şəhərdə, hətta respublika səviyyəsində muzeyi tanıyırlar, fəaliyyətindən xəbərdardırlar. Muzeyin kollektivi res­publikamızın bir sıra muzeylərinin formalaşdırılmasında, müəyyən tərtibat işlərində iştirak et­mək­lə, onlara yaxından  dəstək göstərir, təlimatlandırma missiyasını yerinə yetirir. Hələ sovet dönəmindən üzü bəri bir sıra rayon muzeyləri Sumqayıtın Tarixi muzeyinin kollektivinə həvalə olunurdu ki, kollektiv onlara metodiki köməklik göstərsin. İndi də bu iş davam etdirilir. Hazırda Xaçmaz muzeyinin müraciəti əsasında  orada müəyyən tərtibat işləri aparmaqla, metodiki köməklik göstərilməlidir.

“- Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Xırdalanda zona  müşavirəsi keçirilirdi. Orada Abşeron rayonu muzeylərinə kömək etmək üçün bizə müraciət etdi. Həmçinin Qubadlı rayonu müraciət edib. Onların muzeyi  Sumqayıtda yerləşir. Gedib muzeylə tanış olmuşam, öz tövsiyələrimi vermiş və köməkliyimi göstərmişəm.”

Respublikada baş verən ictimai-siyasi hadisələr, mədəni-maarif sahəsində yaranan dönüş, əldə olunan uğurlar muzey ekspozisiyasında öz əksini tapır. Muzeydaxili sərgilər bir-birini əvəz etməklə yanaşı, muzey fondunun materialları ictimai-siyasi xarakterli ümumşəhər tədbirlərində nümayiş olunur.

Peşəyə vurğunluq, şəhərə bağlılıq –

digər sevgilər kontekstində

 

“Bir övladım var – Kamilə xanım. Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsini müvəffəqiyyətlə başa vurub. Sonra Qərb Universitetinin magistraturasını bitirib. İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə (ingilis dilində). İxtisasını bir az dəyişdirib. Bakıda “Azərsənayebank”da mütəxəssis işləyir. İşindən razıdır. Biz də ondan razıyıq. Bununla belə, inanın ki, bu illər ərzində mən muzeyə göstərdiyim diqqəti, bəlkə də öz övladıma göstərməmişəm” – deyir Olya xanım.

24 yaşında vəzifə kreslosunda oturmuşam, ancaq heç vaxt özümdən müştəbeh olmamışam, özümdən razılıq etməmişəm. Vəzifəni bir məsuliyyət hissi kimi qəbul etmişəm və bu günə qədər də o məsuliyyət mənim boynumdadır.

Əmək fəaliyyətinə muzeydə başlamışam və taleyimi bu müəssisə ilə bağlamışam. Özüm heç vaxt işimi dəyişmək fikrində olmamışam, ancaq ən azı 3 dəfə muzey direktoru səviyyəsindən də yüksək vəzifə təklif olunub, məsələ həll olunmuş həddə çatsa da mən hər dəfə qəti şəkildə imtina etmişəm və heç peşman da deyiləm. Baxmayaraq ki, muzey əməkdaşları, o cümlədən də mən maddi cəhətdən o qədər də təminatda deyildik.

Bir maraqlı məqamı deyim: haçansa müəyyən yoxlamalar zamanı mən bu ifadəni işlədəndə ki, axı bura muzeydir, burada nə maddi maraq ola bilər ki?! Cavab verdilər ki, sərf etməsəydi burada qalıb işləməzdiniz. Təbii ki, bu da onların yanaşması idi…

 Sumqayıt – talelər şəhəri

 “Mən Sumqayıtda yaşayıram, eyni zamanda Sumqayıtın tarixi ilə məşğul oluram, ona görə də Sumqayıtı lap yaxşı tanıyıram.

Sumqayıtın hər gününə sevinirəm. Hansısa bir müəssisənin açılışını, təmir olunmuş bir binanı, yeni tikilmiş bir obyekti görəndə sevinirəm. Möhtərəm prezidentimizin Sumqayıta tez-tez sə­fərləri olur, bunları izləyəndə sevirinəm, şəhərin inkişafı üçün vəsaitlər ayrılır, Nəsimi parkı, Ulu öndər Heydər Əliyevin adını daşıyan park gözlərimin önündə gözəlləşir, yenidən qurulur – sevinirəm. Bu isə o deməkdir ki, Sumqayıtda hər birimizi sevindirə biləcək səbəblər yetərincədir. Sumqayıt haqqındakı məşhur mahnıda belə bir misralar var:

Canlanır hər qarış yer Sumqayıtda,

Xariqələr yaradır el Sumqayıtda.

Bax, bu misralar bu günümüzlə çox gözəl səsləşir. Mən şəhər İcra Hakimiyyətinin xətti iıə keçirilən müşavirələrdə iştirakım zamanı şəhərin baş planını görmüşəm və bundan da çox sevinmişəm. Sevinmişəm ki, bizdən sonra gələn nəsillər daha gözəl bir şəhərdə yaşayacaqlar. Sevindirici haldır ki, şəhər inkişaf etdikcə, onun elm və mədəniyyət ocaqları da, elə bizim muzeyimiz də inkişaf edir. Qürurverici haldır ki, möhtərəm prezidentimizin də dediyi kimi, artıq Sumqayıt respublikada deyil, cənubi Qafqazda ikinci böyük sənaye şəhəri kimi tanınır. Mən bununla fəxr edirəm. Mən muzeyimizə təşrif buyuran qonaqlarla söhbət zamanı həmişə bu ifadəni işlədirəm ki, 65 il tarix nöqteyi-nəzərindən bir qum dənəciyidir, bir damladır. Amma 65 ildə görün bu şəhərdə hansı quruculuq-abadlıq işləri görülüb, bax bu müqayisəedilməzdir. Bunların hamısı göz qabağındadır.

Mədəniyyət və Turizm Nazirliyinin muzeylərin işi ilə bağlı ildə 2 dəfə müşavirəsi olur. Mən orada çıxış edəndə özüm də hiss edirəm ki, artıq pafosla danışıram. Səsim yüksək tona qalxır. Amma yekunda həmişə vurğulayıram ki, elə bilməyin bizdə hər şey yaxşıdır – müəyyən problemlər də var, amma bu mənim içimdən gələn bir sevginin nəticəsidir ki, pafossuz danışa bilmirəm. İndi mənə «Heydər Əliyev və Sumqayıt» mövzusunda 2 saat danışmaq tapşırılsa, inanın ki, 3 saat danışaram.

Bu yaxınlarda bir təzə şəkil əldə etmişdik. Heydər Əliyevin Sumqayıt səfərlərinin birində əmək adamları ilə gö­rüşündən. Mən bu şəkli işçilərə təqdim edəndən sonra saata baxdım ki, yarım saat danışmışam bir şəkil ətrafında. Mən təkcə şəkildən danışmırdım. Sumqayıtın o dövrkü tarixindən, oradakı əmək adamlarının kimliyindən və gördüyü işlərdən danışırdım.”

Muzey işi kollektiv işidir

 

“25 nəfər işləyir muzeydə. Əvvəlcə 6 nəfərlə başlayıb fəaliyyətə, sonra 10 nəfər olub. Elə bir sahədir ki, ya taleyini bağlayırsan, ya da dözməyib çıxıb gedirsən. Sözsüz ki, bu komanda olmasa nəyəsə nail olmaq olmaz. Burada 15-20 il, hələ bir az artıq iş stajı olanlar var. İşdən gedənlər də ya təqaüdə, ya da bir az da yüksək vəzifəyə gediblər. Onlar bu gün də muzeylə bağlıdırlar və get­məklərinə də heyfsilənirlər. Kollek­tivdən razıyam, amma kollektivin bu səviyyəyə çatması, onun formalaşması üçün sözsüz ki, müəyyən işlər aparmışam. Onun nəticəsidir ki, bu gün muzeyin hər bir əməkdaşı hara və hansı iş dalınca getməyindən asılı olmayaraq, mütləq muzeyə aid bir maraqlı əşya ilə, bir sənədlə geri qayıdır. Çünki onlar bu muzeylə yaşayırlar. Mümkün deyil ki, əməkdaş, muzey işçisi hardasa, nəsə maraq çəkən bir şey görsün və onu muzeyə gətirməsin. İşçilərimizin sumqayıtlılarla sıx əməkdaşlıqları var və onların hesabına biz muzey fondumuzu zənginləşdiririk.

Hansı tədbirdə oluruqsa bir yeni məlumatla gəlirik, hansı evdə oluruqsa və bir maraqlı nəsə görürüksə danışıqlar aparıb onu muzey fonduna qəbul edirik. İdarə və müəssisələrdən xahiş edirik ki, tarixilik baxımından əhəmiyyət daşıyan informasiyaları, materialları, sənədləri, şəkilləri, əşyaları olduqda bizə təhvil versinlər. Sumqayıtda yaşa­yan şairlər, jurnalistlər, ümumiyyətlə, qələm adamları işıq üzü görən kiatblarını muzeyə bağışlayırlar. Muzeydə müəlliflərin avtoqrafları ilə təqdim etdikləri kitabların əsasında formalaşan kitabxanamız var və müəlliflər tam arxayın ola bilərlər ki, onların kitabları dövlət tərəfindən gələcək nəsillər üçün etibarlı şəkildə qorunur. Elə sənədlər, şəkillər var ki, ötən əsrin 70-ci illərində toplanıb, indi onların dəyəri 10 qat, yüz qat artıqdır. Biz xüsusi bir axtarış işi aparırıq. Şəhərdə hansı təməlqoyma mərasimi olursa, hansı yeni istehsalat sahəsi, qurğu işə düşürsə, yəni, ilk nə varsa biz onları sənəd­ləşdirərək tarixə çeviririk, istehsal etdikləri ilk məhsulun nümunəsini götürürük və s.

Məsələn, 8 mart 1955-ci ildə Alümi­nium zavodunda buraxılan ilk alüminiumun kiçik bir külçəsi bizim müzeydə saxlanılır və üstündə də həmin tarix yazılıb. Boruyayma zavodunun buraxdığı ilk borunun nümunəsi var muzeyimizdə, Sintez kauçuk zavodunun ilk kauçuk nümunəsi də burada qorunub saxlanılır və s. Onu da deyim ki, Sumqayıtın şəhər kimi formalaşmasında Boruyayma, Alüminium və Sintez kauçuk zavodlarının rolunu və əhəmiyətini heç vaxt unutmaq olmaz.

Bu gün hara getsək, kimə müraciət etsək, Sumqayıtın Tarixi muzeyinin adını çəkmək kifayət edir ki, bizi xoş qarşılasınlar, diqqət ayırsınlar, dinləsinlər. Şəhərdə də  insanlar bizə çox hörmət və sayğı ilə yanaşırlar. Yaxınlaşırlar, salam verirlər, hal-əhval tuturlar. Çoxlarını mən tanımasam da onlar bizi yaxşı tanıyırlar. Muzeyin təmirə dayandığı 2-3 il ərzində bizə çoxlu müraciətlər olurdu ki, muzey haçan açılacaq? Bu da bizə olan münasibətin bir göstəricisidir.

Ulu öndər Heydər Əliyevlə görüşlərdən

 

“Mənə 3 dəfə nəsib olub ki, ulu ön­dər Heydər Əliyevlə görüşüm – fəxarət hissi ilə deyir Olya xanım. Birinci dəfə 28 dekabr 1993-cü ildə muzedə görüş­mü­şük. Prezident seçiləndən sonra Sumqayıta ilk səfəri idi. Tele-rabitə xəttinin açılması ilə bağlı. Muzeyə yaxın olduğundan bilirdik ki, buradan keçən­də mütləq muzeylə maraqlana­caq.  O vaxt şəhərin icra başçısı olan Şakir Abuşov muzeyə baxılması ilə əlaqədar təklif irəli sürmüşdü. Təklif də qəbul olunaraq, marşruta salınmışdı. Muzeyin birinci ekıpozisiyası tam təmirli deyildi, amma yaxşı vəziyyətdə idi. Mənə deyəndə ki, cənab prezident muzeyə də baş çəkəcək, mən hazırlığımı görsəm də, inanmırdım. Səfərə 2 gün qalmış Şakir müəllimdən çox ciddi şəkildə soruşdum ki, Ulu öndərin muzeyə gəlişi dəqiqdirmi? Dedi ki, bəli, dəqiqdir.

Beləcə, mənə qismət oldu ki, cənab prezidentlə təkbətək görüşüm. Həyəcan bürümüşdü məni. Onu da deyim ki, bu dahi insanda sonsuz müsbət xüsusiyyətlər var idi. O qarşıdakının keçirdiyi hissləri o dəqiqə duyurdu. Sən də hiss edirdin ki, çox əzəmətli, ancaq bir o qədər də səmimi insanla üz-üzə dayanmısan. O da sənin keçirdiyin hisslərdən xəbərdar olduğuna görə elə vəziyyət yaradırdı ki, sən rahat və sərbəst şəkildə fikirlərini çatdıra biləsən.

Bura gəlməzdən öncə Ulu öndər Fransaya səfər etmişdi. Bildirdim ki, Fransanın Luvr muzeyinə baxandan sonra bizim muzeyi təqdim etmək çətindi. Ancaq bu dahi insan sakitcə dedi ki, Luvr Fransadadır, bu muzey isə burada, Sumqayıtdadır. Bu muzey bizim üçün çox dəyərlidir.

Muzeylə tanış edəndə Sumqayıtın 30-40 illik yubileyləri ilə bağlı müəyyən məlumatlar göstərilmişdi. Vaxdı, baxdı və dedi ki, bəs 25 illiklə əlaqədar?

Dedim ki, bəli, sizin gəlişiniz, çıxışınız və şəkillərin hamısını qoruyub saxlayırıq.

Sonra 2-ci mərtəbəyə qalxdıq. Bura­da xüsusi foto-sərgi təşkil etmişdik: «Heydər Əliyev və Sumqayıt». Şəkillərə baxanda, məmnun olduğunu hiss etdim.

- Siz bunları saxlamısınız? – soruşdu.

- Bunlar bizim tariximizdir – dedim.

- O dönəmdə bir çox yerlərdə cırıb atmışdılar.

-  Şəkilləri cırıb atmaq olar, amma tarixi qoparıb atmaq mümkün deyil.

***

İkinci dəfə 1996-cı il iyul ayının 2-də  «Kimyaçı» mədəniyyət sarayında görüşdük. Bir günlük səfər idi. Biz də orada bir sərgi təşkil etmişdik.

Sərgi çox maraqlı idi. O illərdə Hey­dər Əliyev kimlərlə görüşmüşdü və onlardan kimlər ki, həyatda idi – onların özlərini də dəvət etmişdik. Sosialist əməyi qəhrəmanları Zəminə Həsənova, Dadaş Dadaşov, Şöhrət ordenli Gülbahar Vəliyeva şəkillərin yanında dayanmışdılar.

Ümummilli liderin Zəminə xanımla görüşü heç vaxt mənim yadımdan çıxmaz. Onlar elə bil ki, uzun müddət ayrı düşmüş bacı-qardaş idilər. Zəminə ağ­layırdı, Ulu öndər də çox həyəcanlı idi. Bir müddət ayrıla bilmədilər. Sonra bu dahi insan bunlarla harada, necə görüşmüşdülər hamısını bir-bir sadaladı. Çox güclü yaddaşa malik bir şəxsiyyət idi.

Sərgidə həm də 1993-cü ildə mu­zeyə gəldiyi zaman çəkilmiş şəkilləri nümayiş etdirmişdik. Baxdı və çox duyğulandı. Soruşdu ki, haradadı bu şəkillər. Muzeydə qorunub saxlanıldığını bildirdim. Gözlənilməz bir vəziyyət alındı. Cənab prezident məni qucaqlayıb öpdü. Təsəvvür edin ki, 10-15 dəqiqə bu təsirdən çıxa bilmədim və öz-özlüyümdə fikirləşdim ki, bunu heç kimə demərəm. Düşündüm ki, yəqin desəm də inanmayacaqlar. Birdən ətrafa baxdım və gördüm ki, mən çox sadəlövhcəsinə düşünmüşəm – bu qədər foto-müxbirlərin, kameraların çəkdiyinin fərqinə varmamışdım.

Biz bu şəkillərdən iki nüsxədən ibarət albom düzəltmişdik. Birini muzeydə saxladıq, birini isə Ulu öndərə təqdim etdik. Bu səfər qeyri-adi səfər idi. Bütün Sumqayıt camaatı öz prezidentini böyük coşğu və sevgi ilə qarşıla­mışdı. Ulu öndər də sumqayıtlılara o səmimiyyəti göstərdi və Sumqayıtın adını zirvələrə qaldırdı.

***

Üçüncü dəfə isə mən Heydər Əliyev­lə 1999-cu ildə görüşdüm. Bakı şəhərində ictimai-siyasi fəaliyyətinin 30 illiyi ilə əlaqədar İdman-sərgi Kompleksində bölgələr üzrə respublika əhəmiyyətli sərgi təşkil olunmuşdu. Sərgidə Heydər Əliyevin həmin bölgələrə səfərləri, keçirdiyi görüşlər, göstərdiyi diqqət və qayğı və s. öz əksini tapmışdı. Sumqayıtı da biz təmsil edirik. Mənə qismət oldu ki, sərgini təqdim edim və sərgi haqqında məlumat verim. Həmin il Sumqayıtın 50 illiyi keçirilməli idi. İyul ayı idi. Mənə imkan yarandı deyim ki, cənab prezident, Siz Sumqayıtın 25 illik yubileyində iştirak etmisiniz. Əminik ki, bu il şəhərin 50 illik yubileyində də iştirak edəcəksiniz.

Bax beləcə 3 dəfə görüşmüşəm o dahi, o böyük, o əvəzsiz insanla. Mən bununla yalnız fəxr edirəm, həm də özümü xoşbəxt sayıram.

 İlk gündən yaddaşıma, bu gün isə ürəyimə həkk olunan Sumqayıt

 Sumqayıta gəlişimizi çox yaxşı xatırlayıram. Atama iş təklif etmişdilər Sumqayıtda. Ona görə də biz yığışıb ailəlikcə bura köçməli olduq.

1957-ci il idi. Gecə saat 10-11 ra­dələri olardı. Çox gözəl hava vardı.  Azad­lıq prospekti ilə (o vaxt Lenin küçəsi adlanırdı) daxil olmuşuq şəhərə. Çox işıqlı bir küçə idi. O gecə o küçə, o işıqlar bir nağıl ovqatı yaradırdı və məni heyran, valeh, məftun etmişdi. O andan Sumqayıt «işıqlı şəhər» kimi yazıldı mənim yaddaşıma və mən o andan etibarən bütün varlığımla bağlandım bu şəhərə. O gündən bu günə qədər də bu bağlılıq mənim ürəyimdə bərqərar olub. İndinin özündə də  istirahətmi, ezamiyyətmi – hara gedirəmsə 10 gündən artıq tab gətirə bilmirəm, başlayıram darıxmağa. Ürəyim və ayaqlarım məni Sumqayıta çəkir. Qayı­danda az qalıram Sumqayıtın da­şını, torpağını, divarlarını öpəm. Mən fəxr edirəm ki, qızımın doğulduğu ünvan Sumqayıt şəhəridir. Mən bu dərəcədə sevirəm bu şəhəri və qürur duyuram bu şəhərlə.

Hərdən mənə sual verirdilər ki, şəhərimizə qonaq gələndə siz onlara haranı göstərəcəksiniz? Mən cavab verirdim ki, şəhərimizi göstərəcəyəm. Çünki Sumqayıt şəhərinin özü bütöv­lükdə bir abidədir.

 Atam mənim qürur mənbəyim və istinad nöqtəm idi

 Söhbət əsnasında, mənim kiçik bir xahişim olacaq atamla bağlı – dedi Olya xanım. Onun haqqında bir neçə kəlmə də olsa mütləq deməliyəm.  Çünki mənim bir övlad kimi bu səviyyəyə gəlib çatmağımda atamın verdiyi tərbiyənin müstəsna rolu olub.

Əvvəla, o, yüksək intellektə malik, savadlı bir insan idi. Eyni zamanda savada, biliyə qiymət verən adam idi. Ən ağır sözü «savadsız» kəlməsi idi. Kiməsə «savadsız» deyirdisə, deməli, o adamda çox şeylər yerində deyildi. Nəsə yeni bir iş görmək, hər hansı bir təşəbbüs göstərmək istədikdə mütləq onunla məsləhətləşirdim. Düzünə qalsa, mənim işimi heç vaxt bəyənmirdi. Bəlkə də ürəyində razı qalırdı, ancaq aşkarda heç vaxt büruzə vermirdi. Yəni işə tənqidi münasibət bəsləyirdi axıracan. Bəlkə də inkişafın təməlində sağlam tənqidin dayandığını bildiyindən belə edirdi. Mənim işlərimə tənqidi yanaşsa da, bilirdim ki, mən sarıdan çox arxayındır və ürəyi rahatdır.

Təəssüflər olsun ki, əməyi heç bir mükafatla, təltiflə qiymətləndirilmədi, hər hansı bir  fəxri ad verilmədi.

İkincisi, uzun müddət rəhbər vəzifədə işləyib. Mənə də bərk-bərk tapşırmışdı ki, heç yerdə, heç vaxt mənim qızım olduğunu bildirmə və mənim adımdan istifadə etmə. Sonradan-sonraya soruşanlara kimin qızı olduğumu deyirdim və görürdüm ki, çox xoş təəssürat yaranır qarşıdakı insanda və məsələ o dəqiqə həllini tapır. Baxmayaraq ki, mən özüm də müəyyən nailiyətlərə çatmışam, bununla belə bu günə kimi mən atam – Zəbi Abdullayevin adının kölgəsində yaşayıram və bununla qürur duyuram.

 Mən Neft Daşlarını dənizdə, Sumqayıtı isə quruda möcüzəli şəhər adlandırıram

 1949-cu il noyabrın 7-də Azərbay­can neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə tari­xdə yeni səhifə açdılar. Həmin gün Neft Daşları yatağının 942 metr dərinliyindən Xəzər nefti fəvvarə vurur. Bun­dan 15 gün sonra isə Sumqayıt şəhər statusu alır. Bu şəhərin çox qeyri-adi tarixi var və bu tarixi dolğunluğu ilə əks etdirə bilmək üçün bəlkə bir az da zamana ehtiyac var. Təsəvvür edin ki, ötən əsrin 30-cu illərində heç bir xəritədə Sum­qa­yıt yaşayış yeri kimi göstərilmir. Ancaq cəmi 15-20 il sonra 1949-cu ildə şəhər statusu alır və res­publikanın ikinci böyük sənaye mərkə­zinə çevrilir. İndi təsəvvür edin ki, insan əli hansı möcüzələrə qadir olmalı idi ki, 15-20 il ərzində qumlu səhralığı şəhərə çevirsin. Bəli, bu əsl möcüzədir.

Mən həmişə deyirəm ki, Neft daşları dənizdə, sumqayıt isə quruda möcüzəli şəhərdir.

Mənim yoldaşım peşəkar neftçidir. Hal-hazırda Neft daşlarında fontanlara qarşı mühafizə sistemində işləyir. Əgər yoldaşım tərəifndən dəstək olmasaydı, evdə sakitçilik, əmin-amanlıq, qarşılıqlı anlaşma, səmimiyyət olmasaydı, mən yəqin ki, işləyə bilməzdim. Və yaxud işdə mənim əhval-ruhiyyəm yaxşı olmazdı.

Növbəli sistemlə işləyir – 7 gün evdə olur, 7 gün dənizdə. Növbədə olanda tez-tez zəng edib evin vəziyyəti ilə maraqlanır. Həmçinin mütləq soruşur ki, işdə nə var, nə yox?! Və ildə 2 dəfə də biz bir-birimizi bu baxımdan təbrik edirik.

Neftçilər günündə – 20 sentyabrda bizim kollektivimiz zəng edərək onun və bütün neftçilərin bayramını təbrik edir. 18 may – Beynəlxalq muzeylər günündə isə o zəng edərək bütün neftçilər   adından kollektivimizin bayramını təbrik edir.

Mən fəxr edirəm ki, mənim həyat yoldaşım neftçidir və bu düşüncədəyəm ki, Azərbaycanda neftçilər ən böyük hörmətə layiqdirlər. Qızımın toyuna gələn qonaqların 50%-i neftçilər idi. Mən ilk sözü deyəndə onların iştirakını xüsusi qeyd etdim və qürur hissi keçirdim ki, neftçilər geniş tərkibdə mənim qızımın toyunda iştirak edirlər.

Son söz

Arxaya dönüb baxanda, ola bilsin ki, bir insan olaraq haradasa səhvim olub, hansısa problemlərin həllidə gərginliklər yaşanıb. Ancaq zərrə qədər də olsun peşmançılıq hissi keçirməmişəm – deyir Olya xanım və nisbətən səsinin tonunu dəyişir. Bir az kövrəlir sanki… Tale işidir, istər-istəməz mən nə vaxtsa bu işdən ayrılacam. Ancaq onu bilirəm ki, mən burdan ayrılanda muzeyə də, şəhərə də, xalqımın üzünə də açıq alın, ağ üzlə baxa biləcəyəm.

Bir haşiyə çıxım. Möhtərəm prezidentimizin dünənki çıxışını oxudum. Bir daha heyrətləndim. Məntiq, cümlələrin quruluşu, siyasi iradənin nümayişi, qətiyyət… Təkrar həm Azərbaycan, həm də rus dilində bir də oxudum….

Ürəyim dağa döndü. Belə bir prezidentimizin olması ilə qürur duydum, fəxarət hissi keçirdim. Ürəyimdə dönə-dönə “eşq olsun” dedim. Belə bir övlada görə Ulu öndərin ruhu qarşısında baş əydim…

 Son sözə son söz

Yazını araya-ərsəyə gətirəndən sonra gördüm ki, bu adicə qəzet materialı deyil, yəni çox geniş alınıb. Qoy olsun. Elə bilirəm ki, buna görə dəyərli oxucular məni qınamazlar. Sonradan bunu da özlüyümdə yəqin etdim ki, bu yazıda gələcəkdə hazırlana biləcək geniş və maraqlı bir kitabın əsasları, təməl daş­ları var. Niyə də olmasın.

Canımız, qanımız qədər seviyimiz Sumqayıta, onun tarixini, maddi və mənəvi abidələrini qoruyub saxlayan Sumqayıtın tarixi muzeyinə,  bu abidələrin üstündə əsərək, göz bəbəyi kimi mühafizə edən muzeyin direktoru Olya xanım İslamovaya, onun mehriban və cəfakeş kollektivinə belə bir kitab yaraşır. Qismət…

Rafiq ODAY,

Azərbaycan Jurnalistlər Birliyi  Sumqayıt şəhər təşkilatının sədri

Facebook Şərhləndirmə:

Şərhinizi yazın