Menu
Geri İrəli

Sumqayıtın zəhmətkeş qadınları: onları siz də tanıyın

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2014 • Baxış sayı: 928 dəfə • Şərh yoxdur

65 yaşlı Sumqayıt, şəhər statusu alandan üzü bəri «gənclik şəhəri» adlandırılmaqla bərabər kimyaçılar şəhəri kimi də tanınıb. Bu gün Sumqayıtda elə bir ailə tapılmaz ki, o ailənin heç olmasa bir üzvü “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində çalışmasın. Bir həqiqət də var ki, bütün dönəmlərdə bu müəssisələrdə qadınlar kişilərlə birgə çox böyük zəhmət və məsuliyyət tələb edən işlərdə çalışmış, müəyyən zaman kəsiyində isə bu çətin və mürəkkəb istehsalatlarda çalışan qadınların sayı kişilərdən çox olmuşdur. İşin çətinlik dərəcədəsindən asılı olmayaraq, bu insanlar zaman-zaman xanım incəliklərini bir kənara qoymuş, gecələrini gündüzlərinə qataraq, həm halal ruzilərini qazanmışlar, həm də istehsalatın normal və davamlı işini təmin etmişlər.
Biz bu gün «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində çalışan qadınarla söhbət apararkən belə bir reallığın da şahidi olduq ki, kimyaçıların iş və məişət şəraitinin yaxşılaşdırılması, onların əməyinin və sağlamlıqlarının qorunması, fərdi mühafizə vasitələri və xüsusi geyimlərlə təminat, əmək haqlarının artırılması istiqamətində son illərdə xüsusi addımlar atılmışdır. Bu müsbət yönümlü addımlar əməkçilərdə, xüsusən də qadın kimyaçılarda öz işlərinə olan həvəs və marağı daha da artırmış, sabaha böyük inam və nikbinlik hissi yaratmışdır.
Bugünkü yazımızın əsas məqsədi talelərini «Azərikimya» İstehsalat Birliyi, ümu-milikdə isə kimya sənayesi ilə bağlamış, bir çoxlarının səadət və xoşbəxtliklərini də elə buradaca tapdığı, indi övlad-uşaq, nəvə-nəticə sahibi olan kimyaçı qadınlarımızın ömür yolu haqqında məlumat vermək, onların düşüncələrini, istək və arzularını oxucularla paylaşmaqdır.
Beləcə, ilk olaraq “Azərikimya” İstehsalat Birliyinin aparıcı müəssisəsi olan Etilen-polietilen zavodundan başlamaq qərarına gəldik.
Buyurun tanış olun:

Bədəlova Pərvanə Niyaz qızı

pervane6 mart 1963-cü ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. Göylər kənd orta məktəbini 1980-ci ildə bitirib. 1 il sovxozda fəhlə işləyib. Sumqayıt kimya-texnologiya texnikumunun Sintez kauçukun texnologiyası fakültəsini bitirərək, texnik-texnoloq ixtisasına yiyələnib.
1984-cü ilin avqust ayının 17-dən taleyini kimya sənayesi ilə bağlayıb – “Sintez kauçuk” zavodunun D-1a sexinə 4-cü dərəcəli aparatçı kimi işə qəbul olunub.
Elə həmin ildə də həmkəndlisi – kimya-texnologiya texnikumunun mexanika fakültəsini bitirərək, Səthi aktiv maddələr zavodunda işləyən Bədəlov Bayram Əyyub oğlu ilə ailə həyatı qurub.
Pərvanə xanım 30 ildir ki, kimya sənayesində çalışır. Bu 30 ilin 16 ilini müxtəlif vəzifələrdə çalışan, ona həvalə olunmuş bütün tapşırıqları qüsursuz icra edən Pərvanə xanım 14 ildir ki, Etilen-polietilen zavodunda M-1 piroqaz turbokompressorunda 6-cı dərəcəli maşinist kimi fəaliyyətini davam etdirir.
İstehsalat rəisi Adil Səfərovun Pərvanə xanımla bağlı fikirləri:
- Pərvanə xanım işini bilən, məsuliyyətli, tapşırılan işi qüsursuz yerinə yetirən, təvazökar, eyni zamanda tələbkar bir işçidir. Heç vaxt işdə problem yaratmayıb, əksinə problemi qabaqlayıb. M-1 turbokompressoru kompüterləşdirildiyindən və avtomatika sistemi ilə işlədiyindən Prvanə xanım ən səriştəli və bacarıqlı işçi kimi seçilərək bu məsuliyyətli sahəyə təyin edilib.
Sexə təzə qəbul olunmuş gənc işçilərə həmişə dəstək olub, bu sənətin incəliklərini onlara dərindən öyrətməyə çalışıb. Bizim istehsalatın Pərvanə xanım kimi təcrübəli, savadlı işçilərə çox ehtiyacı var.
2 saylı sahənin rəisi Elşən Hüseynovun Pərvanə xanım haqqında dediklərindən:
- Əmək fəaliyyətinə 2006-cı ildə bu sexdə kompressor maşinisti kimi başlamışam. Həyəcan, qorxu içində o maşınların yanında qalmışdım. Bilmirdim ki, nə edim. Bax onda Pərvanə xanım mənim köməyimə çatdı, ürək-dirək verdi, dəstək oldu. O vaxtan 8 il keçib. Bu 8 il ərzində onun dəstəyindən yararlanaraq növbə rəisi, sex rəisi vəzifələrinə irəli çəkilmişm. Hər iki vəzifəyə də Pərvanə xanımın növbəsindən keçmişəm.

3 oğul anası və 3 nəvə nənəsi olan Pərvanə xanım bu gün də eyni şövqlə, eyni gənclik eşqi ilə çalışır. Həm övladlarının – Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının dekanı Sarvanın, hərbi orkstrdə çalışan Kənanın, Azərbaycan Dövlət Tibb Universitetinin 4-cü kurs tələbəsi, universitetə 665 balla daxil olmuş Rüfətin, həm də çalışdığı müəssisənin uğurları ilə fəxr edir.
Pərvanə xanımın çoxillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş, dəfələrlə Fəxri-fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Nuriyeva Fatmanisə Şirməmməd qızı.
fatmanise
2 yanvar 1963-cü ildə Masallı rayonunun Yeddioymaq kəndində anadan olub. Yeddioymaq kənd orta məktəbini bitirib. 1982-ci ildə ailə həyatı qurması ilə əlaqədar Sumqayıt şəhərinə gəliblər.
Əmək fəaliyyətinə 1986-cı ilin mart ayında “Sintez kauçuk” zavodunun EP-300 isteh-salatının piroqazın və suyun hazırlanması sexində 3-cü dərəcəli aparatçı kimi başlayıb. 28 ildir ki, eyni istehsalatda, eyni sexdə çalışır. Dəyişən yalnız təcrübəsi, səriştəsi və dərəcəsidir. Qalan məsələlər isə olduğu kimidir: işinə məsuliyyətlə yanaşması, nümunəvi işçi olması, verilən tapşırıqları vaxtında və problemsiz icra etməsi, davranışı ilə baş-qalarına nümunə olması və s.
Tofiq və Natiq adında iki övladı var. Tofiq Azərbaycan Texniki Universitetini bitirib. STP-də növbə rəisi vəzifəsində çalışır. Ali təhsil almaq imkanı olmayan Natiq də STP-də çalışır. Dəmirçidir.
1992-ci ildə dünyasını dəyişən həyat yoldaşı Valeh uzun müddət Sum¬qayıt Alüminium zavodunda elektroliznq işləyib.
Fatmanisə xanım övladlarını alın təri ilə qazandığı zəhməthaqqı ilə böyüdüb, oxudub, vətənə, millətə layiq vətəndaşlar kimi tərbiyə edib. Bir ana kimi övladlarının qazancını görmək, onların xoşbəxtliyinin şahidi olmaq Fatmanisə xanımın ən böyük arzusu olub. İndi Tofiqin övladı – hələ 3 yaşı tamam olmamış nəvəsi Nurayı qucağına alanda özünü dünyanın ən xoşbəxt anası və nənəsi sayır.
Fatmanisə xanımla söhbət əsnasında çox məsələlərə toxunduq. Zavodda aparılan yenidənqurma işləri, insan amilinin ön palana çəkilməsi, əməkçilər üçün təhlükəsiz iş şəraitinin yaradılması, fərdi mühafizə vasitələri və xüsusi geyimlərlə təminat, iş yerlərinin avtomatlaşdırılması, tibbi sığorta və s. söhbətimizin əsas mövzularından oldu.
Söhbətimizə biganə qala bilməyən sahə rəisi İlqar Qurbanov da Fatmanisə xanım haqqında ağızdolusu danışdı. Onun nümunəvi işçi olmasını, işə vicdanlı münasibətini, məsuliyyət hissinin güclü olmasını, yeni işçilərə ana nəvazişi ilə yanaşdığını dilə gətirdi.

Kərimova Əminə Müslüm qızı.
emine
12 avqust 1968-ci ildə Sumqayıt şəhərində anadan olub. 1983-cü ildə Sumqayıt şəhər 1 saylı orta məktəbin 8-ci sinfni bitirərək, 41№-li Texniki peşə məktəbinə daxil olub. Texniki-peşə məktəbini laborant-apartçı ixtisası üzrə bitirərək göndərişlə «Sintetik kauçuk» zavodunun EP-300 istehsalatında 4-cü dərəcəli aparatçı kimi əmək fəaliyyətinə başlayıb.
Düz 28 ildir ki, eyni müəssisədə, eyni sexdə, eyni vəzifədə çalışır. İşləyə-işləyə təhsil almağı da unutmayıb. 1988-1990-cı illərdə Sumqayıt politexnik texnikumunun sənaye və mülki tikinti fakültəsində orta-ixtisas təhsili alıb.
1990-cı ildə Kərimov Rizvan Nəcəf oğlu ilə ailə həyatı qurub. Həyat yoldaşı da elə 30 ilə yaxınır ki, taleyini kimya sənayesi ilə bağlayıb. «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun hava təchizatı və estakada təsərrüfatı sahəsində xətt baxıcısı vəzifəsində çalışır.
Əminə xanım deyir ki, Rizvanla 25 il bundan öncə burada tanış olub və ailə həyatı qurublar. Rəvan və Elnur adlı iki övladları var, hərbi xiidmət borclarını yerinə yetirən gənclərin hər ikisi Sumqayıt Dövlət Texniki kollecində təhsil alıblar.
Sahə rəisi İlqar Qurbanovun Əminə xanım haqqında dediklərindən:
- Əminə xanım istehsalatımızın ən nümunəvi işçilərindəndir. Çox məsuliyyətli, özünə qarşı tələbkar insandır. Gənclərimiz üçün əsl örnək, əsl həyat məktəbidir. Bu illər ərzində sahəmizin problemsiz fəaliyyəti məhz Əminə xanım kimi işinə ürəkdən bağlı insanların sayəsində mümkün olub. Mənə elə gəlir ki, belə işçilərin əməyinin qiymətləndirilməsi ümümi işimizin xeyrinə olardı.

Sonda Əminə xanım bir istəyini bizə çatdırdı:
- Təxminən 30 il bundan əvvəl ev növbəsinə dayanmışdıq, ictimai-siyasi formasiya dəyişiləndən sonra ev növbələri də arxa plana keçdi. 4 nəfər ailə üzvü ilə Kimyaçılar qəsəbəsində yataqxanada yaşayırıq. Oğlanlarım artıq bu gün-sabah ailə həyatı qurmağa hazırlaşırlar. Ancaq bu şəraitdə onların ailə qurmaları qeyri-mümkündür. Arzu edərdim ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində bizim kimi mənzil şəraiti baxımından çətin vəziyyətdə yaşayan kimyaçıların da mənzil növbəsinə alınması məsələsinə baxsınlar.

Məmmədova Kifayət Çərkəz qızı
kifayet
8 mart 1958-ci ildə Ağdaş rayonunun Xosrov kəndində anadan olub. Ağdaş şəhər N.Gəncəvi adına 2 saylı orta məktəbi bitirib. 1979-cu ildə Sumqayıt Kimya-texnologiya texnikumunun Sintetik kauçukun texnologiyası fakültəsini texnik-texnoloq ixtisası üzrə bitirərək, təyinatla «Sintez kauçuk» zavoduna göndərilib və əmək fəaliyyətinə Qazayırma sexində 4-cü dərəcəli aparatçı kimi başlayıb.
35 ildir ki, eyni müəssisədə çalışan Kifayət xanım 1989-cu ildə – Etilen-polietilen zavodu yaranandan fəaliyyətini burada 6-cı dərəcəli baş aparatçı kimi davam etdirmişdır. Hazırda qazayırma sexində növbə rəisi vəzifəsində çalışan təcrübəli kimyaçı düz 17 ildir ki, bu işi böyük məsuliyyət və sevgi ilə icra edir.
1990-cı ildə əvvəllər «Azərikimya» İstehsalat Birliyində çalışan, hazırda 1 saylı İstilik Elektrik Stansiyasında çilingər işləyən Məmmədov Azər Vəliməmməd oğlu ilə ailə həyatı qurub. 
Kifayət xanım 2 övlad – 1 oğul və bir qız anası kimi xoşbəxt ömür yaşayır. Oğlu İsmət Heydər Əliyev adına Hərbi Akademiyanın 4-cü kurs tələbəsidir. Firuzə isə Rabitə liseyini bitirib. Bu yaxınarda xöşbəxt ailə həyatı qurub.
Sahə rəisi Rasim Məmmədovun Kifayət xanımla bağlı fikirləri:
- Kifayət xanımla uzun müddətdir ki, bir yerdə işləyirik. Təcrübəli, işini sevən xanımdır. 17 ildir ki, növbə rəisi vəzifəsində çalışır. Bizim sexdə mürəkkəb texnoloji proseslər gedir. Hər bir işçidən dəqiqlik və böyük məsuliyyət tələb olunur. Kifayət xanım işində ciddi və tələbkardır. Əmək fəaliyyəti digərlərinə örnək olacaq bir işçidir. Gənclər üçün əsl həyat məktəbidir.

Kifayət xanım da ailəlikcə yataqxanada yaşayırlar. Onun da ən böyük arzusu mənzil şəraitlərinin yaxşılaşdırılmasıdır.

Nəhmətova Mahirə Şəmistan qızı
mahire
4 aprel 1972-ci ildə Sumqayıt şəhə¬rinə anadan olub. 27 saylı orta məktəbin 8-ci sinfini bitirərək, sənədlərini 41 №-li texniki peşə məktəbinə verib. 1990-ci ildə peşə məktəbinin aparatçı-laborant ixtisası üzrə bitirib.
İstehsalat praktikasını Etilen-polietilen zavodunun qazayırma sahəsində keçən Mahirə xanımı, çalışqanığını, işgüzarlığını nəzərə alaraq elə bu sexəişə qəbul edirlər.
Düz 24 ildir ki, eyni müəssisədə çalışır. Hazırda etan-etilen fraksiyasının alınması üzrə 5-ci dərəcəli aparatçı kimi fəaliyətini davam etdirir.
1992-ci ildə onunla eyni vaxtdan və eyni sexdə işləyən Nəhmətov İlham Alxas oğlu ilə elə burada tanış olub, xoşbəxtliyə aparan yola da qədəmlərini burada qoyublar. İlham hazırda onun çalışdığı sexdə sahə rəisinin müavinidir.
Övladları – Günay İqtisad Universitetinin 2-ci kursunda oxuyur. Əmtə¬əşünas olmaq hiyyətindədir. Nəriman isə 25 saylı orta məktəbi bu il başa vurur. Ən böyük arzusu Bakı Ali Neft Məktəbinə qəbul olunmaqdır.
Ötən 24 il ərzində Mahirə xanım həmişə rəhbərliyin etimadını doğruldub. Bacarığı, işgüzarlığı ilə iş yoldaşlarına nümunə olub.
Sahə rəisi Rasim Məmmədovun Mahirə xanım haqqında ürək sözləri:
- Mahirə xanım təcrübəli, savadlı, nümunəvi işçidir. Özünə qarşı tələbkar, işinə məsuliyyətlidir. Bizim sahə demək olar ki, istehsalatın ürəyi sayılır. Bu baxımdan Mahirə xanım kimi təcrübəli, məsuliyyətli işçiləri seçib bu sahəyə təyin etmişik. Gözəl anadır, ailəcanlıdır, nizam-intizamı ilə seçilir, gənclərə həm örnək, həm də arxa-dayaqdır.

Sonda Mahirə xanım boş vaxtlarını ailəsinə, övladlarına ayırdığını, onların təhsili, tərbiyəsi ilə məşğul olduğunu, ancaq mənzil şəraitlərinin yaxşı olmaması, dörd nəfərlik ailə ilə yataqxanada qalmaları müəyyən məqamlarda onlara problemlər yaratdığını bildirdi. Umidləriini ARDNŞ-ə bağlayan ailədə inanırlar ki, nə vaxtsa mənzil növbələri bərpa olunacaq və onlar da normal mənzildə yaşamaq xoşbəxtliyinə qovuşacaqlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın