Menu
Geri İrəli

Sumqayıtlı aktyorun davası

Müəllif: Sumqayitxeber.com • Tarix: 29 Avqust 2015 • Baxış sayı: 1,386 dəfə • 1 şərh

yataBir neçə gün bundan öncə Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əlibala Nurəliyev (Əli Nur) Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Məzahir Süleymanovun ünvanına ağır ittihamlar səslədirmişdi. Aktyor müsahibəsində M.Süleymanovun hər zaman onun paxıllığını çəkdiyini, onun dəfələrlə teatrdan qovulduğunu, lakin Əli Nurun sayəsində geri qaytarıldığını iddia etmişdi.

Əli Nurun iddialarını və ittihamlarını cavabsəz qoymaq istəməyən Xalq artisti Məzahir Süleymanov ona açıq məktub yazıb.

AzNews.az həmin məktubu olduğu təqdim edir:

“Əlibala, çoxlu kitab oxumana baxmayaraq, sən bu müsahibənlə bir daha sübut etdin ki, sənin əldə etdiyin savad utilitar savaddır. O savadın sənin bir insan kimi təkmilləşməyində heç bir əhəmiyyəti olmayıb. Bico kəndindən Bakıya gələndə nə cür idin, eləcə də qalmısan. Sən psix, anormal bir adamsan, ciddi müalicəyə ehtiyacın var, özünü təcili psixiatora göstər, sənə mənim yazığım gəlir. Sənin mənə qarşı belə od püskürməyinin səbəbi mənim Xalq artisti, sənin isə Əməkdar artist adı altında qalmağındadır. Bunu sən öz müsahibəndə də etiraf etmisən. Bunun günahı ancaq özündədir, burada heç kəsin günahı yoxdur, çünki sən az-çox nə etmişdinsə bir aktyor kimi Sumqayıt teatrında etmişdin. Milli Dram Teatrına gedəndən sonra nə etmisən? Orada bir dənə də olsun baş rol oynamamısan. Azacıq sayda oynadığın rollar da ikinci dərəcəli və epizod rollardır, heç onları da sən layiqincə oynamamısan.

Sən səhnədə də normal insan kimi danışa bilmirsən, qışqıra-qışqıra danışırsan. Sən özünü tərifləməklə deyil ki… Nazirlikdə çox yaxşı bilirlər kim kimdir. Sən əslinə qalsa heç Əməkdar artist adına da layiq deyilsən. 

Mənim qırx il əvvəl dağılmış ailəmdən danışırsan… Burada da həqiqətə uyğun olmayan cəfəng sözlərlə məni aşağılamağa çalışırsan, amma əbəs yerə. Sənin sözlərin bazar qadınlarının cəfəng dedi-qodularına bənzəyir.

Bir sozlə, bu kişi söhbəti olmadığı üçün mən səni cavablandırıb, sənin səviyyənə enmək istəmirəm. Mən sənin haqqında o qədər neqativ sözlər danışa bilərəm ki, böyük bir roman olar. Amma bir çox sözlərinin uydurma və yalan olmasını sübut etmək üçün bəzi iddialarını cavablandırmaq istəyirəm.

Deyirsən ki, xalq məni bir aktyor kimi tanımır.. Bu sözün də cəfəngiyyatdır, çünki mən “Yanmış körpülər” serialında oynadığım “Səmədağa” obrazı ilə xalqın rəğbətini qazananda, teatrda yüzdən artıq samballı rollar oynayanda, sən “Azdrama”da massaya çıxırdın, epizod rollar oynayırdın. Tele ekranda isə heç bir maraqlı işin olmayıb ki, yadda qalasan. Sən ancaq ATV-də Zaurun verlişlərində danışdığın cəfəng sözlərlə yadda qalmısan. Hər vəchlə utanmaz-utanmaz özünü nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxırdın. Allaha şükür ki, bunu tez başa düşdülər və səni oradan da rədd etdilər. Aktyor oynadığı obrazlarla tamaşaçının yadında qalmalıdır, daha sənin kimi qalmaqallarla yox. 

Sənin daha bir yalanın: deyirsən teatra məni sən gətirmisən…Bu da ağ yalandır. Mən teatr İnstitutunu bitirəndən sonra, Rahib müəllim (İnstitutun rektoru) məni yanına çağırdı, soruşdu ki, Naxçıvan teatrına gedərsən? Dedim- bəli. Mənə göndəriş vərəqəsi verdi, getdim Naxçıvana. Teatrın kollektivi və rəhbərliyi qastrolda olduğu üçün orada işə düzəlməyim baş tutmadı. Qayıtdım gəldim Sumqayıt teatrına. Sumqayıt teatrının direktoru Salman Dadaşovun və baş rejissor Ağakişi Kazımovun yanına böyük get-gəllərdən sonra məni işə götürdülər. Sən məndən bir il qabaq o teatra gəlmisən, təzə-təzə aktyorluğa başlamışdın, teatrda heç bir dayağın yox idi, nə cür məni işə düzəldə bilərdin?

Sən Mərahim Fərzəlibəyov Sumqayıt teatrına baş rejissor gələndən sonra rollar oynamağa başladın. O hazırladığı tamaşalarda baş rolları sənə verirdi, çünki sən onun aftafasını gəzdirirdin, ondan bir dəqiqə də olsun ayrılmırdın. “Azdrama”ya da səni Mərahim apardı. Amma nədənsə orada ondan baş rollar ala bilmədin, yaqin artıq aftafanın suyu qurtarmışdı. 

Gələk indi sənin mənəviyatına… Yəqin ki yaxşı xatırlayırsan, sən teatrda direktor olanda mən teatrın partiya təşkilati katibi idim. Sənin yoldaşının teatra gəlib ağlaya-ağlaya səndən mənə şikayətlər etdi. Ondan əvvəl də mən sənin əməllərindən xəbərdar idim. Bu barədə çoxlu söhbətlərimiz olmuşdu. Nəhayət, bu şikayətdən sonra, qərara gəldim ki, partiya iclası vasitəsi ilə səni düz yola qaytarım. İclasın gündəliyini oxuyanda sən acıq edib iclası tərk etdin. Mən, etik normalara riayyət edərək, ailə məsələsi olduğu üçün məsələnin məğzini deməyəcəyəm. Sən həmişə teatrdakı konfliktlərdən öz şəxsi mənfəətin üçün istifadə etməyə çalışmısan. Hamı səni kollektivdə yalançı və ikiüzlü adam kimi tanıyırdı. Bunun sübutuna neçə-neçə misallar gətirə bilərəm. Ancaq məktubumun çox uzanacağından ehtiyat edərək bunu etmirəm. Onsuz da səni tanıyanlar sənin mənəviyatının çürük olduğunu yaxşı bilirlər. Müsahibədə dediyin başqa yalanlarına cavab verməyə nə vaxtım, nə də həvəsim var. Bilirəm, sən cəfəng sözlərlə yenə məni narahat etməyə çalışacaqsan, ancaq mən səninlə qurtardım. Daha mən, sənin simanda nə Əlibala Nurəliyevi nə də Əli Nuru tanımıram”.

Bahar RÜSTƏMLİ

Facebook Şərhləndirmə:

“Sumqayıtlı aktyorun davası” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Çox təəssüf edirəm. Gərək bu qalmaqal olmayaydı, iş bu həddə çatmayaydı….

Şərhinizi yazın