Menu
Geri İrəli

Sumqayıtlı beynəlxalq qrossmeysterlər turnirdən medalla qayıtdılar – FOTO

Müəllif: Sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2015 • Baxış sayı: 323 dəfə • Şərh yoxdur

OLYMPUS DIGITAL CAMERAYunanıstanın Rodos adasında keçirilərək, 9 gün davam edən I Beynəlxalq Kolosso Açıq Şahmat Kuboku yarışları Azərbaycan şahmatçıları üçün uğurlu olmuşdur. Ölkəmizi həmin nüfuzlu yarışda təmsil edən Zeynəb və Türkan Məmmədyarova bacıları keçirdikləri 9 oyundan hərəyə 5,5 xal toplayaraq, 21 ölkəni təmsil edən 120-dən artıq şahmatçının iştirak etdiyi yarışda qadınlar arasında 2-3-cü yerləri bölüşdürmüşlər.

 

Nəzərə alınsa ki, gərgin mübarizə şəraitində keçən yarışlarda 15 beynəlxalq titullu şahmatçı iştirak edirdi, onda sumqayıtlı bacıların bu uğurunun nə dərəcədə əhəmiyyətli olduğu aydın olar. Sumqayıt Bələdiyyəsinin sədr müavini, Beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova Almaniyadan, Fransadan, Yunanıstandan, Polşa və Macarıstandan olan güclü rəqiblərlə qarşılaşaraq, 5 oyunu udmuş, bir oyunu isə heç-heçə başa vurmuşdur. Son görüşə qələbə əzmi ilə çıxan şahmatçımız oyunun sonuna yaxın üstünlük əldə edərək, kubok uğrunda axıracan mübarizə aparmağı qərara almış və bu səbəbdən də rəqibin heç-heçə təklifinə razılaşmamışdır. Ancaq qələbənin bir addımlığında ikən sevinc həyəcanı ilə oynaylb, gözlənilməz gediş edərək, qələbəni əldən vermişdir.

Lakin əsas odur ki, şahmatçı bacılar Azərbaycana iki medalla qayıtmışlar – Türkan 2-ci, Zeynəb isə 3-cü yeri tutmuşdur. Qeyd edək ki, Azərbaycan və Avropa çempionu, beynəlxalq dərəcəli qrossmeyster olan Türkan Məmmədyarova bir müddət əvvəl Latviyada keçirilmiş şahmat festivalında olduğundan fərqli tərzdə və inamla oynayaraq, şəxsi nəticəsini xeyli yaxşılaşdırmışdır.

Bir məqam da xüsusilə sevindirici olmuşdur. Belə ki, cəmi 3 aydır ki Məmmədyarovların şahmatçı dəstəsinə qoşulan 9 yaşlı Elton – Zeynəb xanımın oğlu beynəlxalq yarışda debütant olmasına baxmayaraq, özündən yaşlı olan rəqibləri ilə qarşılaşmada aktivinə ilk qələbəni daxil edə bilmiş, bir oyunu isə heç-heçə başa vurmağa nail olmuşdur.

Qarşıda Məmmədyarova bacılarını noyabr ayında İslandiyada keçiriləcək qadın və kişi milli komandalarının Avropa çempionatı gözləyir. İnanırıq ki, onlar həmin yarışlarda da uğurla çıxış edəcək, əzmlə komandamızın daha yüksək nəticələr qazanmasına nail olacaqlar.

Orxan MƏMMƏDZADƏ

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın