Menu
Geri İrəli

Sumqayıtlı Jurnalist Aida Eyvazova: “Qız övladından xoşu gəlmədiyinə görə, qızım doğulanda məni təbrik belə etmədi“

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Yanvar 2014 • Baxış sayı: 721 dəfə • Şərh yoxdur

gunayaidaaaa_1388577540

İnterpress.az-ın “Qadın istəsə” lahiyəsinin növbəti qonağı telejurnalist Aida Eyvazovadır.

- Uzun illər Orta Asiya ölkələrində Azərbaycan Dövlət Televiziyasının təmsilçisi olmusunuz. Heç həmin ölkələrdən birinin vətəndaşı olmaq istəyiniz olubmu?

- Əsla. Mən Azərbaycan vətəndaşıyam. Bununla da qürur duyuram. Özbəkistan kimi bir ölkənin isə vətəndaşı olmağı heç vaxt ağlıma gətirə bilmərəm. Özbəkistan insanı sıxılır, çərçivəlidir. Qazaxıstan insanının isə, heç bir çərçivəsi, sərhədi yoxdur. Özləri özlərinə uyğun bir yaşayış tərzi seçib yaşayırlar.

- Ali təhsil almaq üçün niyə məhz Özbəkistanı seçdiniz?

- Tale belə gətirdi ki, Özbəkistanda ali təhsil almalı oldum. O zamanlar jurnalistika və hüquq fakültəsində yalnız imkanlı ailələrin uşaqları oxuyurdu. İki “4” və iki “5” qiyməti ilə müsabiqəyə saldılar. Mənim də atam Özbəkistanda işləyirdi. Mən də təhsil üçün Özbəkistanı seçdim. Özbəkistanda oxuduğum vaxt rəfiqəmlə taksidə yol gedərkən sürücü bizdən harda oxuduğumuzu soruşdu. O, hüquq fakültəsində təhsil alırdı. Fakültələrimizi deyəndə sürücü inanmadı. Çünki, bu fakültələr əlçatmaz idi. Elə birinci kursdan da rus dilini yaxşı bilmədiyim halda korrektor kimi qəzetdə işə düzəldim. Qısa müddətdə rus dilini yaxşıca əxz elədim. Rus uşaqları doğma ədəbiyyatlarından “2” qiyməti alanda mən əlaçı idim.

- Bəs niyə bütün həyatınızı Özbəkistanla bağlamadınız?

- Çox şükürlər olsun ki, mən müəyyən müddətlik də olsa öz doğma yurduma qayıtdım. Azərbaycana qayıtmasaydım, özümü təsdiq edə bilməzdim. İnsan öz torpağında imza qoymalıdır ki, başqaları da bu imzanı tanısın.

- Bəs ailə həyatınız? Niyə hər şey tez bitdi? Peşmansınız?

- Peşman deyiləm. Çünki tarixlərə düşəcək sevgi yaşadıq. Lakin xarakterlərimiz, dünya görüşümüz fərqli idi. Onun qız övladından xoşu gəlmirdi. Oğlan uşağı onun üçün çox vacib idi. Mənim qızım dünyaya gələndə o, məni təbrik belə etmədi. Qızımın dünyaya gəlməsi xəbərini ona sonsuz rus qadını çatdırmışdı. Görəndə ki, həyat yoldaşım sevinmədi, rus qadını dəhşətə gəlmişdi. Biz ayrıldıqdan sonra o, ailə həyatı qurdu. Dörd qız övladı dünyaya gəldi. Oğul övladı arzusu yerinə yetmədi. Həm də bizim nəsil Şamaxıda tanınmış övliya nəslidir. Xətrimizə dəyənlər xeyir tapmır.

- Çox haqsızlıqla qarşılaşmısınız?

- İlk qarşılaşdığım haqsızlıq elə instituta qəbul zamanı oldu. Lakin bu haqsızlıq məni sındıra bilmədi. Öz ölkəmdə isə işlərim çox yaxşı getdi. Kimsə mənə problem yaratmaq istəyirdisə, sonda mən qazanırdım. Ədalətsizliyi daha çox xarici ölkələrdə öz millətimdən gördüm. Kişilər kişiliklərinə, oturduqları kresloya yaraşmayan xislətlə mənim yolumu kəsməyə çalışırdılar.

- Niyə? Sizinlə şəxsi-qərəzlikləri var idi?

- Xeyr. Sadəcə, mənim vətənpərvərliyimi çox vaxt həzm edə bilmirdilər. Qazaxıstanda yaşayanda bir erməni qızına görə problem yaşadım. Qazaxıstan mətbuatında “erməni dolması” haqda yazı yazan qazax qızına etiraz etdim. Mən yazını bizim səfirliyə göndərdim. Səfirlik o qızı mənə qarşı qızışdırdı. Çünki, onun çox yerdə işinə yarayırdı. Həmin səfiri sonradan diplomatiyadan uzaqlaşdırdılar. Səfir də mənimlə diaspora ilə çəkilişlər etdiyim üçün mübarizə aparırdı. O qazax qızı mənim rəfiqəm idi. Ancaq mənim üçün həmişə öncə vətən olub. Bu məsələni diplomatik səviyyədə böyütsəydim, mən qazanardım. Ancaq etmədim. Mənim haqqımda ədalətsiz yazılar yazdıranlar indi ortalıqda yoxdurlar. Mənim heyfimi övladımdan çıxmağa çalışdılar. Qızımın təhsil aldığı universitetə tapşırıq verdilər ki, qiymət yazmasınlar. Xaricdə yaşadığım müddətdə nəfəs alanda da Azərbaycanı düşünüb nəfəs almışam. Fikirləşmişəm ki, xaricdə millətimi, dövlətimi təmsil edirəm.

- Xaricdə yaşamaq azərbaycanlılarda nəyi dəyişdirir?

- Heç nəyi. Ola bilər ki, xarici görünüşləri, paltarları dəyişir. Ancaq mahiyyət olduğu kimi qalır. Bu, daha çox kənddə yaşayan insanın bir müddət şəhərdə yaşayıb kəndə qayıdanda övladı ilə rusca danışmağına bənzəyir. Bizim insanımız çox tez dəyişməyə meyllidir. Halbu ki, bizim xaricdə öyrədə biləcəyimiz o qədər yaxşı xüsusiyyətlərimiz var ki… Axı, biz özümüz olmasaq, bizə heç kim qiymət verməz. Bunu niyə anlamırıq? Bir dəfə qazax qızlarını evimə qonaq çağırdım, onlar hələ də həmin qonaqlıqdan danışırlar. Onlara əsl azərbaycanlı süfrəsini, əsl azərbaycanlı qadınını göstərdim. Şərq qlobalizminə getməliyik. Bunu türk xalqları etməlidir. Şərqdə olan xüsusiyyətləri Avropa mənimsəmək istəyir, biz isə avropalaşmağa çalışırıq.

- Asiya ölkələrində türkçülük varmı?

- Özbəkistanın daxili siyasəti türkçülüyü təbliğ edir. Türkmənistanda isə əsas biznes sektorda Türkiyə türkləri aparıcı rol oynadıqlarına görə Türkmənistanda da türkçülük yaşayır. Türkmənistanda Mustafa Kamal Atatürkün heykəli qoyuldu. Qazaxıstanda isə vəziyyət başqadır. Onlar daha çox rusdurlar. Ancaq Azərbaycan diasporası Qazaxıstanda çox yaxşı işləyir. Özbəkistan Azərbaycanla tarixən həmişə yaxın olub. Daşkənddə Maqsud Şeyxzadə adlı şairimizin heykəli var. O, Özbəkistanda yazıb yaradıb. Əlifbanı, opera və baleti bizim ziyalılarımız Özbəkistana aparıb. Xarəzmdə eynən bizim türkçədə danışırlar. Özbəklər kasıb olsalar da qonaqpərvərdilər. Azərbaycanlılara qarşı həmişə fərqli yanaşmada olublar. Qarabağla bağlı ən böyük dəstəyi bizə Türkiyədən sonra Özbəkistan verib. Öz adətlərinə qarşı hörmətlə yanaşırlar. Küçədə hamı bir-biri ilə salamlaşır. Tanımadıqları insanla hal-əhval tutmaq özbəklər üçün adi haldır. Salamlaşmayanda onlara qəribə gəlir. Qazaxıstanda isə qazax dilini öyrənə bilmədim. Çünki, heç kim qazax dilində danışmır. Qırğızıstanda isə hazırda bizim 92-93-cü illərdəki siyasi-ictimai vəziyyətimiz yaşanır.

- Özünüzü yad hiss etdiyiniz vaxtlar olurdu?

- Heç vaxt. Mən Əmir Teymura vurğunam. Onun vətənində yad ola bilmərəm. Mənim nəsil-kökümün, genetik kodumun oralara bağlılığı olmasaydı bu qədər rahatlıq tapmazdım. Ancaq nə yaxşı ki, Azərbaycana qayıtdım. Azərbaycanda işlədiyim müddətdə o qədər dostlar qazandım ki, bu, bir ömürlük sərvət deməkdir. Dostlarım mənə o qədər məhəbbət və hörmətlə yanaşır ki, ürəyim dağa dönür. Çünki onlara qarşı heç vaxt xəyanət eləməmişəm. Ümumiyyətlə, nə qələmimə, nə də ki dostlarıma heç vaxt xəyanət eləməmişəm. Mətbuata yeni gələndə atama söz vermişdim ki, qələmimi yalnız ədalət və vicdan üçün istifadə edəcəm.

- Sizin üçün bağışlanılmaz günah hansıdır?

- Vətənə xəyanət. Bunu bağışlamağın özü də xəyanətdir. O insanlar ki, ermənilərlə ünsiyyətdə olurlar, Azərbaycan haqda “qeybətlərini” ermənilərlə edirlər, onlar da mənim üçün xəyanətkardır. İnsan necə öz vətəninin pisini-yaxşısını düşmənlə paylaşa bilər? İnsan necə sərhədi keçən kimi xalqına düşmən kəsilə bilər? Kökünü danan namərddir. Vətənini satmaq, vətəninə arxa çevirmək insanlığını, ürəyini satışa çıxartmaqdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın