Menu
Geri İrəli

Sumqayıtlı şəhidin xatirəsi əbədiləşdirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Yanvar 2011 • Baxış sayı: 166 dəfə • Şərh yoxdur

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun inzibati binasının qarşısında Füzuli rayonunun Horadiz qəsəbəsində gedən ağır döyüşlərdə igidliklə vuruşaraq şəhid olmuş daxili qoşunların baş çavuşu, sumqayıtlı döyüşçü Əliyev Nazim Novruz oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilmiş “Abidə-bulaq” kompleksinin açılışı olmuşdur. Açılış mərasimində Fövqəladə Hallar Nazirliyi Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin zavodda yerləşən 15 saylı Yanğından Mühafizə Hissəsinin rəisi Azər Kərimov bu idarədə yanğınsöndürən işləmiş Nazim Əliyevin şərəfli ömür yolundan danışmışdır. Vurğulanmışdır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nazim Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Qeyd edilmişdir ki, şəhid Nazim Əliyev 11 yanvar 1965-cı ildə Sumqayıt şəhərində anadan olmuş, 1993-cü ilin oktyabr ayında yanğınsöndürənlərdən ibarət könüllülər dəstəsinin tərkibində cəbhəyə yollanmışdır. 1994-cü ilin yanvar ayında Füzuli bölgəsində gedən ağır döyüşlərdə baş çavuş Nazim Əliyev xüsusi qəhrəmanlıq göstərmiş, düşmənin bir neçə zirehli texnikasını sıradan çıxarmışdır. 1994-cü il yanvarın 14-də düşmən gülləsinə tuş gələn Nazim Əliyev Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Mərasimdə şəhidin ailə üzvləri çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident Ilham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Onlar abidənin qoyulmasında təşəbbüs göstərdiyinə görə “Azərikimya” İstehsalat Birliyinin rəhbərliyinə təşəkkür etmiş, bildirmişlər ki, bu, vətənin azadlığı uğrunda canlarını qurban vermiş Azərbaycan döyüşçülərinin xatirəsinə bəslənilən dərin ehtiramın təzahürüdür. Açılış mərasimindən sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etmiş, Nazim Əliyev və digər şəhidlərin ruhuna dualar oxumuş, qəbirləri üzərinə gül-çiçək dəstələri düzmüşlər. Mərasimdə “Azərikimya” İstehsalat Birliyinin nümayəndələri də iştirak etmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın