Menu
Geri İrəli

Sumqayıtlı xanım yazar: “görünüşüm sponsorla işləməyimə mane olur”

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2014 • Baxış sayı: 1,399 dəfə • 2 şərh

sahile1937.az  yeni  – “Gənc yazarlarla söhbət” layihəsinə start verir. İlk müsahibimiz xanım yazar Sahilə İbrahimovadır.

 II HİSSƏ

 – Hansı xarici dilləri bilirsiniz?

– İngilis, rus, türk.

 – İngilis və rus dillərini bilirsiniz. Bəs niyə xarici bazara çıxmırsınız? Hər halda, nəşriyyatlarla danışıqlar apara bilərsiniz.

– Danışıqları çox rahat aparıram. Ancaq gərək əsər çevrilsin. Bu, musiqi deyil ki, onun dili olmasın. Tərcümə prosesi çox çətindir. Orada bir sözün lazımınca təqdim olunmaması bütün əsəri heç edə bilər. Tərcümə əziyyət və xüsusi peşəkarlıq tələb edir. Mən hamısını çatdıra bilmirəm.

– Siz işləməsəydiniz, sırf yazıçılıqla məşğul olsaydınız, xaricdə çap oluna bilərdinizmi?

– Düşünürəm ki, özümü yaxşı təqdim etmək bacarığım var. Sırf yazıçılıqla məşğul olsaydım, daha uğurlu olardım.

– Axı siz Azərbaycanda böyük tirajla çap olunan bir imza deyilsiniz?

– Bilirsiniz mən köşə yazmıram. Mənim köşə yazmağa maddi ehtiyacım yoxdur. Çox sevinirəm ki, özümü bu ehtiyacdan xilas etmişəm. Köşə yazmadığım üçün gündəmdə deyiləm. Göz görməyəndə könül də sevmir. Amma yaxşı ki, köşə yazmıram. Hələ ki, bu fikirdəyəm. Bəlkə, sabah fərqli nəticəyə gəldim. Düşünürəm ki, yazıçının işi obraz yaratmaqdır. Həmişə öz adından çıxış etmək doğru deyil. Uydurmağı, obrazların arxasında gizlənməyi sevirəm. Hətta bir ara “Facebook”-da statuslar yazırdım, artıq onu da etmirəm Məncə, əksər yazıçılar bunu istəyər. Onlar çox vaxt məcburiyyət qarşısında köşə yazırlar.

– Elif Şafaka münasibətiniz necədir?

– Elif Şafak mənim üçün qadını anlayan bir qadındır. Yazıçı olaraq qadınlığını duyan və bunu təqdim etməyi bacaran biridir. Yeri gəlmişkən, mən bu romanımda istəmişəm ki, qadın olduğum görünsün. Bir dəfə yazımın birinə reaksiya vermişdilər ki, bu yazını  qadının yazdığı bilinir. Mən buna sevindim.

– Bizim qadın yazarlarımız isə bunun tam əleyhinədir. Onlar qadın və kişi yazıçı ayrımına qarşı çıxırlar. Hətta deyirlər ki, yazının cinsi olmamalıdır.

– Olmamalıdır deyə bir şey yoxdur. Həyatda hər şey olur. Şablonlardan uzaq qaçmaq lazımdır. Mətndə qadın görünməlidir və ya görünməməlidir kimi fikirləşmək lazım deyil. Rahat olmaq lazımdır. Necə yaza bilirsənsə, elə də yazmalısan.

– Elif Şafakdan hansı texnikanı öyrənmisiniz?

– Elif Şafakdan səmimi olmağı öyrənmişəm. Əvvəlki yazılarımda özümü çox gizlədirdim. Ola bilsin ki, bu kompleksdən irəli gəlirdi, ya da şəxsiyyət kimi formalaşmamışdım, yetkin deyildim. Yəni özümü göstərməyi sevmirdim. Mənə deyəndə ki, filan hekayədəki qız sənsən, utanırdım, qıcıqlanırdım. Ancaq indi özüm kimi görünməkdən qorxmuram. Hətta mən olmayan obrazı məni oxuyurmuş kimi oxumalarının da qayğısına qalmıram.

– Azərbaycan Yazıçılar Birliyinin təqaüdünü almısınız. Bu pulları nəyə xərclədiniz?

– Mən ədəbiyyata kifayət qədər pul xərcləmişəm. Tutaq ki, oxucularla görüşə getmişəm. Yol pulu, yemək pulu, geyim pulu – hamısı xərcdir. Açığı, təqaüdü konkret nəyə xərclədiyim yadımda deyil. Çünki bir il yığılıb qaldı, sonradan götürdüm. Varlı biri sayılmasam da, o dövrdə pula ehtiyacım yox idi.

– Yazıçılar Birliyindən  təqaüd aldığınız üçün sizə hər hansı bir tələb qoyulurdumu?

– Heç bir tələb qoyulmurdu. Əgər kimsə deyirsə ki, bizə tələb qoyulub,  inanmayın.

– Onda deyirsiniz ki, təqaüd alıb, azadlıqlarını itirənlərin özləri günahkardır?

– Əlbəttə. Heç kəsi məcbur yaltaq etmək olmaz. Heç kimi zorla şəxsiyyətsiz, xaraktersiz etmək mümkün deyil. Adam özü qərar verir ki, yaltaq olacaq. Bu gendən-filan gəlmir, sadəcə, düşünülmüş addımdır. Şəraitin diktəsi olanda da adam dili topuq vura-vura, nəfəsi kəsilə-kəsilə yaltaqlıq edir. Peşəkar yaltaqlar seçim nəticəsində təkmilləşirlər. Düşünürlər ki, bu səbəbdən mən bu cür olmalıyam. Adamlar tanıyıram, onlar bilirlər ki, yaltaqdırlar. Hətta onları hansısa əsərdə, hekayədə göstərəndə narahat olurlar. Həmin əsəri tənqid etməyə başlayırlar. Çünki özlərini tanıyırlar. Mənim bir “Zırrama” hekayəm var, orda  obraz özü bilir ki, zırramadır. Hamı özünü yaxşı tanıyır.

– Sözün enerjisi olduğuna inanırsınızmı? Yoxsa şairlər başımızı aldadır?

– Biz ədəbi çevrədə bir-birimizlə zarafat edəndə, həmişə deyirik ki, o sözü bilən adamdır, söz onun ayağına gəlir, o sözün ayağına getmir. Bu sözlər həddən artıq primitivləşib. Yazıçılıq maraqlı hekayə danışmaqdır. Yəni bu qədər sadə bir şeydir. Buna görə də bu qədər dağa-daşa dırmaşmağa ehtiyac yoxdur. Həyatın özü həddən artıq çətindir, onu asanlaşdırmaq lazımdır, çətinləşdirmək yox. Telepatiyadan, mistsizmdən uzaq olmaq istəyirəm. Sadəcə, qabiliyyətim çatdığı qədər hekayə yazmaq istəyirəm. Bu, mənim  xoşuma gəlir. Çünki beş il evin tək uşağı olmuşam. Dil açandan öz-özümə danışmışam. Anam, atam həmişə işdə olublar. Nənəm də çox az danışan biri olub. Gündə güclə 20-30 söz danışardı.

– Onda sizin nənəniz fenomenal hadisədir. Azərbaycanda bu cür qadın varmı, həqiqətən?

– (Gülür) Var, var. Nənəm məhz elə qadın idi. Mən də qaradinməz olmuşam. Təkliyə çəkilən kimi özümə bacı-qardaş düzəltmişəm, obrazlar yaratmışam.

– Özünüzü hekayəçi kimi görürsünüz, yoxsa yazıçı? Bu iki sözü fərqləndirməyin bir mənası varmı?

– Mənim hekayəçi sözündən daha çox xoşum gəlir. Yazıçılığın mahiyyəti hekayə nəql eləməkdir. Bəlkə də, romançılıq bir az boşboğaz şəkildə hekayəçilikdir. Yəni detallı, hadisəni, məkanı çəkə-çəkə. Hekayə isə yığcam danışmaq sənətidir. Yəqin ki, çox danışan yazıçılar roman yazmağa üstünlük verirlər.

– Dünyada elə yazıçı varmı ki, onun yazı texnologiyasını bəyənirsiniz?

– Stefan Sveyq mənim çox sevdiyim yazıçılardandır. O, özünü təkrarlamayıb. Əksər yazıçılar özlərini təkrarlayırlar. Bir neçə romandan sonra bilirsən ki, bu kimdir. Xalid Hüseyninin ilk romanını oxuyandan sonra dedim ki, mütləq özünü təkrarlayacaq. Ancaq Stefan Sveyq hər əsərində məni təəccübləndirə bilir. “Jozef  Fuşe” hara “Naməlum qadının məktubu” hara. Çox fərqli yazı dilidir.

– Bəs siz özünüzü təkrarlayırsınızmı?

– Bəli. Mənə elə gəlir ki, az yaşım olanda yazdıqlarımı indi daha yaxşı anlayıram. Hərdən 20-21 yaşımda yazdıqlarımdan nə isə qoparıb indiki yazılarıma fərqli ifadə tərzi ilə yapışdırıram. “Zemi” povestimi indi oxuyanda təəccüblənirəm. Çünki indi otursam, bəlkə də o cür yaza bilmərəm. Nə qədər kobud redaktə səhvləri olsa da, pis-yaxşı əhvalat danışan povestdir.

– Daha dəqiq olsaq, yaxşı qurulmuş əhvalatdır.

– Hə, yaxşı qurulmuş əhvalatdır. O qədər əhvalat var ki, onu danışmağa ehtiyac yoxdur. Həm informasiya, həm danışılacaq əhvalat zövqlə seçilməlidir. Hər yaşadığını əhvalat etməməlisən.

– Həmişə belə bir düşüncəm olub ki, Azərbaycan ədəbiyyatını dünya bazarına qadın yazıçı çıxaracaq. Bu fikirlə razısınızmı?

– Mən çalışacağam ki, çıxım. İndi siz məni lap həvəsləndirdiniz. Bilirsiniz, qadınlar bu işə daha praqmatik yanaşırlar. İstəyirəm ki, bu romanımı dünyaya çıxardım. Bilirəm ki, bir müddət çalışsam, bacararam.

Sizdən sonra müsahibim Əli Novruzov olacaq. Onun tənqid etmə üsulu sizcə doğrudurmu?

(Gülür) Məndən ona salam deyərsiniz. Bu yaxınlarda onunla şəxsən tanış olmuşuq.

– Mən istəməzdim ki, şəxsi tanışlığınıza görə cavab verəsiniz.

– Əli kifayət qədər mütaliəli adamdır. Buna görə də düşünürəm ki, niyə də etməsin. Əli oxucudur, tənqidçi deyil. Hətta yazıçı kimi də özünü təsdiq etməyib. Düzdür, kitabını hələ oxumamışam. Oxusam, bəlkə, fikrim dəyişər. İndi beynimdə Əli Novruzov adlı yazıçı yoxdur. Oxucu kimi də tənqid etməyi normaldır. Əlinin məni tənqid etməsi bir növ canlılıq yaratdı. Onun sayəsində ictimai sektoru tanıdım. Mənim tanışlarımın bu tənqid xoşuna gəlməmişdi. Mən isə yazıya görə təşəkkür etdim. O da bu cür münasibət gözləmədiyini, təəccübləndiyini dedi. Çünki bundan öncə tənqid etdikləri sərt reaksiya vermişdi.

– Ancaq daha sonra sərt reaksiya verməyə başladınız.

 – Sonra statuslarında da lazımsız eyhamlar vurmağa başlayanda, Əliyə dedim ki, mən onun istədiyi vaxt atmaca ata biləcəyi adam deyiləm. Statusunu bəzəmək üçün, “like” yığmaq üçün məndən vasitə kimi istifadə etməsinə etiraz etdim.

– Gözəl qadın olmağınız yazıçılıqda sizə hansı dividentlər gətirib və hansı maneələr yaradıb?

– Problem odur ki, mən sponsorla işləyə bilmirəm. Çalışdığım şirkət vasitəsilə kifayət qədər yaxşı sponsorlar tapa bilərəm. Ancaq cəmiyyətimiz qadının professional müstəvidə sponsorla işləməsinə hazır deyil. Şayiələr yayıla bilər. Ancaq müəyyən dövrdən sonra oturuşmuş imzam olsa, sponsorla işləyə bilərəm. Mən çevrəmlə müqayisədə özüm üçün, ətrafım üçün kifayət qədər cəsarətli sayıla biləcək addımlar atmışam. Ancaq burada dayanmağın tərəfdarıyam. Qadın olmağım və görünüşüm sponsorla işləməyimə  mane olur. Ümumiyyətlə, xarici görünüş dünyanın bütün nöqtələrində əhəmiyyət kəsb edir. Həmişə yaraşıqlı insanlara üstünlük verirlər. Mən özüm də estetəm. Düzdür, bu haqsız yanaşmadır, ancaq nə edə bilərəm ki, beləyəm.

Görünüşümün normal olmağının əlbəttə, üstünlükləri də var. Saytlar müsahibə alır və istəyir ki, şəklim mütləq olsun. Hətta yazımı oxumayan saytlar belə, istəyiblər ki, onlarla əməkdaşlıq edim. Çünki düşünüblər ki, mən kiməsə müsahibə üçün müraciət eləsəm, o adam mütləq razılaşar. Rəqabət zamanı görünüşümdən istifadə edib irəliləməyi etik saymıram. Amma bunun müəyyən məqamlarda qaçılmaz olduğunu da bilirəm.

– Onda yəqin ki, kitabınızın üz qabığında da öz şəkliniz olacaq.

– Bu dəfə olacaq. Ancaq orda obrazlı olacam.

– Elif Şafakın kitabındakı kimi?

– İkinci kitabımda üzlükdə yox, ikinci səhifədə bütöv şəklim var idi. Hətta Əli Novruzov şəklin qlamur jurnalları xatırlatdığını yazmışdı. Sadə şəkil olsa da, tərəddüd etmişdim o şəkli verəndə. Ancaq Şahbaz bəy məni cəsarətləndirdi və razılaşdım. İndiki romanımda isə yeni obrazda olacağam. Çox adam heç bilməyəcək ki, bu, mənəm.

– İcazə versəydiniz, sizin qarşınızda bir səhv hərəkət edərdim.

– Aha, buyurun.

– Bu jurnalistika baxımından da, etika baxımından da səhvdir. Ancaq niyəsə bu sualı verməyə bilmədim: “Niyə ailə qurmursunuz?”

– (Gülür) Niyə evlənmirəm?.. (Düşünür) Buna necə cavab verim axı? (Gülür) Yəni evlənmək, oooh!.. (Yenidən düşünür)

Əlbəttə, diktofonu burada söndürməsəydim o, bu suala hansısa bir şəkildə cavab verəcəkdi. Ancaq düşünürəm ki, bu qədər gözəl susa bilən bir qadının artıq söz deməsinə ehtiyac yoxdur…

Facebook Şərhləndirmə:

“Sumqayıtlı xanım yazar: “görünüşüm sponsorla işləməyimə mane olur”” yazısına 2 cavab

  1. Taleh deyir:

    beyenilsiz

  2. Taleh deyir:

    beyenilsin

Şərhinizi yazın