Menu
Geri İrəli

Sumqayıtlı yazar Emin Piri : “Poeziya haradadırsa ədəbiyyatın paytaxtı oradır”

Müəllif: Sumqayit Xeber • Tarix: 26 Avqust 2015 • Baxış sayı: 670 dəfə • Şərh yoxdur

10353105_855473701163596_2845191469659297325_n

sumqayitxeber.com -un qonağı yaxın keçmişdə “Tanrının kölgəsi” adlı şeir kitabı dərc olunan, gənc şair Emin Piridir. Emin bəylə daha çox ədəbi yöndə, şeiri doğuran səbəblər və şairlik necə “inşa” edilir mövzusunda söhbətləşdik.

-          Xoş gəlmisiniz.

-          Xoş gördük.

-          İstedad sözü bəzi adların qarşısında yamaq kim görünür, Sizin adın önündə isə sanki onun yeri  varmış kimi. Siz də belə düşünürsüz, yoxsa həyatın döyə-döyə şair etdiklərindən olduğunuzu?

-          İstedad və digər bəzəyici adlar bir gənc üçün ola bilsin ki, əlavə stimul verici sözlərdir. Amma düşünmürəm ki, hökmən bir yaardıcı insanın adının önündə nəsə fəxri adlar, və digər sözlər olmalıdır. Mənim özümə gəldikdə isə məhz öz adım və soyadımla təqdim olunanda daha çox xoşuma gəlir, yəni Emin Piri.

-          İstedad həmişə iltifat sayılmır axı, bu Yaradanın bizə bəxş etdiyidir və biz bunun üçün xüsusi əmək sərf etməmişik anlamı daşıyır…

-          Elədir. İstedad bizim yox, Tanrının zəhmətidir. Ona görə də istedad sözünü mənim yox Tanrının qarşısına qoymaq daha uyğundur, o bunu daha çox haqq edir.

-          Buna həddsiz mütəvazilik deyək keçək. Şeirləriniz daha çox hansı yaşda oxucuya xitab edir?

-          Heç zaman düşünməmişəm ki, hansı yaş üçün yazıram və yaxud yazmalıyam. Mənə elə gəlir ki, mən yaş üçün deyil, zamansız yazıram. Mənimçün insanın fikirləri daha önəmlidir, nəinki yaşı.

-          Şeir duyğuyla, yoxsa fikirlə daha çox bağlıdır?

-          Şeir fikirlə də bağlı ola bilər, duyğuyla da. Şeiri hamı yaza bilər. Önəmli olan poeziyadır. Poeziya isə sırf emosiyadır, çılğınlıqdır, duyğuların pik fantaziyasıdır.

-          Şairin oxucularla mətbuat, TV  vasitəsilə görüşməsinə ehtiyac varmı, yoxsa kitabları ilə görüşsə kifayətdir?

-          İstənilən vasitə oxucuyla görüşdür. İstər kitabla, istər media ilə. Təbii ki, ən gözəl görüş yaradıcı əsərlərin oxucuyla görüşüdür. Düzdür, mətbuatın, televiziyanın şairə hər hansı dəstəyi ola bilər. Amma bu yaradıcılıqla müqayisədə çox cılız yer tutur. Təbii ki, söhbət ciddi əsərlərlə və gələcəklə bağlı müqayisədən gedir. Şairi onun şeirindən başqa heç nə xilas edə bilməz.

-          Var kütlə tərəfindən sevilmək, var dar çərçivədə, sırf sənin oxucun. Kütlə tərəfindən sevilmək, məşhurluq yoxsa keyfiyyətli oxucu?

-          Əslində hamı istəyər ki, keyfiyyətli təbəqə tərəfindən, yəni istədiyi yerlər tərəfindən sevilsin. Amma ümumi populyarlıq, hamı tərəfindən sevilmək də pis olmazdı. Mən hamı tərəfindən sevilmək düşüncəsinin təmizliyinə inana bilmərəm. Hamı tərəfindən sevilirsənsə, hamı tərəfindən qəbul edilirsənsə, hamı səni yaxşı adam kimi tanıyırsa, deməli sən bunların tam əksisən. İstedadlı adamı ola bilməz ki,yaşıdlarının hamısı və bütün ədəbi mühit qəbul etsin. Söhbət insan amilindən gedirsə hökmən ona qarşı çıxan, qısqanclıqla yanaşan, ləkələməyə çalışan yazarlar peyda olacaq. Tarixən də belə olub.

-          Adətən şeirin ifrat acıdan yarandığını düşünürlər, Sizin şeirlərə şamil etmək olar bu fikri?

-          Ən acı şeirlərimi əhvalımın ən yaxşı anında, ayrılıqla bağlı şeirlərimi bərabərlikdə, bərabərlik şeirimi ayrılıqda yazmışam. Başqalarında bilmirəm bu necədir.

-          “Şöhrət, maddiyyat yaradıcılığa mane olur” – fikri ilə razısınız?

-          Şöhrət, maddiyat o zaman yaradıcılığa mane olar ki, sən yaradıcılqla müqayisədə daha çox şöhrətə və pula aludə olasan. Təbii ki, o zaman tükənəcəksən. Amma hər bir yaradıcı şəxsin insan kimi yaşamağa, normal dolanmağa təbii haqqı var. Və kimsə buna görə onu qınaya bilməz.

-          Oxucu yazara nə isə öyrədə, yönləndirə bilərmi, hansı “əsas”, hansı “asılı” tərəfidr Sizcə?

-          Belə bir hadisənin şahidi olmamışam. Səbəbsə odur ki, çapdan sonra kim nə desə də bir sözümü belə dəyişmirəm. Dinləyə bilərəm, amma yenə də yazdığımı yazıram.

-          Həmkarlarınızdan kimləri oxuyursunuz?

-          Başım kitabıma qarışdı bir neçə ay. Sonra təqdimat, imza günü. Yay dövrünü isə sovet ədəbiyyatına ayırdığımdan demək olar ki, xeyli vaxtdır həmkarlarıma zaman ayıra bilməmişəm. Amma 3-4 istedadlı şair var ki, bunları danmaq olmaz.

-          Yeri gəlmişkən “Tanrının kölgəsi”ni sumqayıtlı oxuculara təqdim etmək fikriniz varmı?

-          Açığı Sumqayıtda da imza günü təşkil etmək fikrim var. Amma sentyabrın 17-sində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Əl Oyunları İdman Sarayında növbəti imza günü olduğundan  hələ ki, Sumqayıtda imza gününü bir qədər təxirə salmışam.

-          Şeir də orqanizmdir, müəyyən xarakterə malikdir, enerji verir, yaxud enerjini ala bilir. Sizin şeirlər daha çox yaşlı müdrik təəssüratı bağışlayır. Bu yaşantılarla bağlı olur, yoxsa necə?

-          Razıyam, bununla. Poeziya istənilən halda enerji alan yox, enerji verən olmalıdır. Enerji alan əsərləri oxumaq laızm deyil, ümumiyyətlə. Müdrikliyə gəldikdə isə bunu siz deyirsiniz. Açığı mən bunları düşünməmişdim.

-          Xanımlardan şeirlərinizdən sırf Sizinlə münasibət üçün istifadə edən olbumu?

-          Mənə elə gəlir ki, xanımlarla bağlı məsələ hər bir yazar  üçün ətrafında nə qədər xanım olsa belə, qürrələnmək yeri yox, bir qədər kutsal məsələ sayılmalıdır. Buna görə bu barədə danışmayacam.

-          Kitab çap etmək şeirlərin toplu olması üçündür, yoxsa gəlir məqsədi daşıyır?

-          Kitabdan gəlir götürmək mümkündür. Hətta Azərbaycanın kitab bazarından nə qədər şikayətlənsək də ən azı xərci də çıxarmaq olur. Əsas yaradıclıqdır təbii ki. Amma azru edərdim ki hər bir azərbaycanlı yazar öz dərc etdirdiyi kitabının satışıyla dolana da bilsin, evinə, balalarına bir tikə çörək apara bilsin.

-          Emin təbiətən daha çox kimdir? Tarixçi, hərbçi ya şair?

-          Xaraktercə şair təbiətim var. Amma bunların biri olmadan yəqin özümü yaxşı hiss etməzdim. Bütün bu zərrələrin birliyindən Emin Piriyəm.

-          Paytaxt yazarı olmaq avantajdır, yoxsa burada da yaradıcı mühit əyalətdən ciddi fərqlənmir?

-          Poeziya hardadırsa ədəbiyyatın paytaxtı oradır.

-          Şeirlərinizdə daha çox Yaradanla, mələklərlə dərdləşdiyinizin şahidi oluruq, insanlar, həyat daha az hüzur verir deyəmi?

-          İnsanlar məni çox yorur…

-          Şairlik bir məslək deyil, təbii imkandır, kaş ki, bu imkanla doğulmasaydım dediyiniz oldumu?

-          Tanrının mənə verdiyi heç nəyə görə naşükür olmamışam. Əksinə düşünürəm ki, məni daha çox qiymətləndirib hər şeydə.

-          Sumqayitxeber.com olaraq Sizə yaradıcılığınızda rəvan yol arzulayırıq.

-          Çox sağolun, minnətdaram.

Sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın