Menu
Geri İrəli

Sumqayıtlı yazardan Əkrəm Əylisliyə SƏRT CAVAB

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyul 2014 • Baxış sayı: 701 dəfə • 1 şərh
Share Button

sahileSonuncu müsahibəmdə dediyim “kənd nəsri mənim nəsrim, kənddən yazan yazıçılar mənim yazıçılarım deyil” fikrim müzakirələrə səbəb olub. Mövzu ilə bağlı təpədən dırnağa qədər yazıçı olan Mövlud Süleymanlının da şərh verməsinə təəccüblənsəm də, dediklərimin kimisə qıcıqlandıracağını, hiddətləndirəcəyini ağlıma gətirməzdim.

Lakin bəzi yazıçılar sözlərimi özlərinə götürdülər, hətta Əkrəm Əylisli ünvanına deyilmiş təhqiramiz sözlərdən birini yaxasından açıb mənə hədiyyə göndərdi. Əkrəm müəllim, nəzakətlə bildirmək istəyirəm ki, mən nə qızıl-gümüşlə, nə sözlə bəzəklənməyi sevirəm, söz broşunuzu geri qaytarıram, onu taxmayacam, əynimdə nəyəsə yaraşdırıb saxlaya bilmədim.

Əvvəlcə hiddətlə dediyiniz sözlərin üstündən, sadəcə, təəccüblənərək keçsəm də, sonra fikrimin mənasızlığı ilə bağlı səsləndirdirdikləriniz məni yanaşmamın bu gün üçün nə qədər əhəmiyyətli olduğunu düşünməyə vadar etdi. Sizli-bizli fürsət düşən kimi kitab oxumağın vacibliyindən danışır, millət olaraq az mütaliəli olduğumuzdan gileylənirik. Gileylənməyə enerji sərf etmək əvəzinə, niyə oxumamağımızın, hansı səbəbdən oxunmadığımızın səbəblərini araşdırsaq, daha faydalı olar, deyilmi?

Yazıçı gileylənməsindən söz düşmüşkən, Mopassanı xatırlayıram. Ömrünün sonuna yaxın Mopassanın yazdıqları ilə bağlı ciddi tərəddüdləri var idi. “Durmadan insanların eyiblərini üzlərinə vurmaqla dünyanı daha da eybəcər göstərmədimmi, yoxsa elə belə lazım idi” – deyə sual edirdi. Açığı, mən bu sualın cavabını dəqiq bilmirəm. Bircə onu bilirəm ki, kimsə danlanmağı sevmir, öyüd-nəsihət adamı bezdirir, yollar göstərib seçimi sənə buraxmayan, necə yaşamağı zorla diktə edən ata-ana adamı təngə gətirir. Deyim ki, xalq publisistik yazılarla bütün günü onu qabağına qoyub danlayan, qınayan, dədəsinə söyən, yorulanda sevgi şeirləri ilə ağlamsınan “başbilən” duruşlu deyingən yazıçılardan bezib.

Cəmiyyəti tərbiyələndirməyin daha sivil yolları olmalıdır. Bu yollardan biri xalqa yaxşısını və pisini obrazlı şəkildə göstərməkdir. Təəssüf ki, bizim roman-güzgü hazırlaya bilən yazıçılarımız çox deyil.  Mən səbirsizliklə bu yöndə ədəbi proseslərin canlanmasını, savadlı, intellektual, əsası, obraz yarada bilən yazıçıların meydanı əllərinə almasını gözləyirəm.

“Kənddən yazan yazıçılar mənim yazıçılarım deyil” deyəndə ümumilikdə ədəbiyyatı nəzərdə tutsam da, indi daha geniş izahı Azərbaycan üzərindən vermək istərdim.

Mənə görə, roman yazmaq həyatdan bir parça qoparıb, büyüdücü şüşə ilə ona baxmaq, görülənləri qeydə alıb kitablaşdırmaq deməkdir. Mən yazarlığımı bir kənara qoyub, bütün məsuliyyətimlə Azərbaycan oxucusu adından çıxış edirəm, cəsarətlə bildirirəm ki, biz fonu kənd olan müasir Azərbaycan romanlarından yorulmuşuq. Çünki onlarda müasirlikdən əlamət tapmaq çox çətindir. Bəli, yazıçıya yol göstərmək, ona “əl at, kənddən, yaxud şəhərdən parça qopar, onu zoom elə kimi məsləhətlər vermək doğru deyil, hətta qeyri-etikdir. Lakin digər tərəfdən, axı yazılanlar məhz oxuyanlar üçündür. (lütfən, “sənət sənət üçündür” deyib kult incəsənəti misal gətirməyək. O, başqa mövzudur.) Elə isə niyə oxucunu nəzərə almayaq, oxunmaq üçün ifadə tərzimizi dəyişməyək?

Bəli, mən şəhərdən qoparılmış parçanın araşdırılmasını sevirəm, lakin bu, sırf zövq məsələsidir. Eyni zamanda, bu, yüzlərlə Azərbaycan oxucusunun  zövqüdür. Bu zövqə sahib yüzlərin istəyi niyə Azərbaycan yazıçısı tərəfindən nəzərə alınmamalıdır?

Açığı, mən şəhər romanının yazılması deyəndə yaşlı yazıçılardan çox şey ummuram. İllərin formalaşdırdığı oturuşmuş yazı tərzləri və mövzuları olan yazıçılardan birdən-birə bu günü həssaslıqla duymaq və onu ifadə etməyi gözləmək doğru deyil. Bəli, məsələ məhz bu günü duymaqdır. Azərbaycan yazıçısının, rejissorunun, televiziya işçisinin əsas problemi bu günü duymamaqdır. Hələ də kənd qızı başı kələğayılı, tumanı qat-qat təsvir olunur, hələ də kənd oğlanı böyürtkən kolluğunda oturub əlində çiçək tutaraq qız sevən Qələndər kimi təqdim olunur. Adlar, ruhlar, əhvallar bu günü əks etdirmir, onlardan köhnəlik iyi gəlir.

Şəhər nəsri ifadəsi keçən əsrin 70-ci illərində kənd nəsri ifadəsinə alternativ, yaxud əlavə olaraq meydana çıxıb. Termin olaraq ingilisdilli lüğətlərdə məhz Rus ədəbiyyatına şamil olunur. Çünki kənd nəsri ifadəsi məhz SSRİ siyasətinin PR-ı kimi meydana çıxıb. Tez-tez yazıçıları bu və ya digər şəkildə siyasətə bulaşmış adamlar kimi görürlər. Ölkədə baş verən sosial-siyasi proseslər zamanı onların fikirlərini öyrənməyə çalışırlar. Yazıçılığın bir ucu istəyərəkdən, ya istəməyərəkdən mütləq siyasətə dəyir. Nəinki Azərbaycanda, eləcə də bütün SSRİ-də kənd nəsrinin yaranması məhz Sovetlərin kənddə apardığı siyasətlə bağlı idi. Yazıçılar qələmlərini götürüb kəndi çəkməyə, ordakı prosesləri illüstrasiya eləməyə girişmişdilər. Məqsəd “Xalqlara sülh, kəndlilərə torpaq, aclara çörək” şüarını optikləşdirmək, cəmiyyətə böyük hərflərlə göstərmək idi. SSRİ siyasətinin özülündə duran mərkəz xəttlərdən biri kollektiv təsərrüfat idi,  bu proses də kənddə, torpaqda baş verməli idi. Bu gün isə bu mərkəz şəhərdir. Vətəndaş cəmiyyətinin formalaşması, siyasi və iqtisadi proseslərin özülü şəhərlərdədir.

Lakin bugünkü oxucu özünü romanlarda görə bilmir. Çünki romanlarda hələ də obraz basabasıdır, hələ də adamlar səsli-küylüdür, nəsrimiz çəpərin bu tayından o tayına adam haraylayan kişilər, qadınlarla doludur. Halbuki, bugünkü oxucunun psixoloji çaları fərqlidir, o introvertliyə meyillidir, şəhərləşmə prosesinə tam uyub, tərəddüdlüdür, qətiyyətsizdir, içində itirdiyi mənini anlamaq üçün ona başqa tip əsərlər lazımdır. Müasir Azərbaycan ədəbiyyatında şəhəri içinə doldurulmuş şeylərlə birgə – gündəlik həyatı, bazar-dükanı, sevgisi-xəyanəti, kövrək cəsarəti, oturuşmamış üsyanı, əsası, darıxqan insanı ilə bərabər duyan, onu bayağılıqdan uzaq şəkildə təsvir edə bilən yazarlar azlıq təşkil edir. Azərbaycan oxucusu bugününü daha yaxşı görmək üçün sanballı əsər tapmaqda çətinlik çəkir. Bu gün oxucu bitirdiyi kitabın gənc müəllifindən daha çox yazıçıdır, zamanı ondan daha yaxşı duymaq və təqdim etmək iqtidarındadır. Yazıçıların danışdığı əhvalatlar dili mükəmməl, mövzusu zövqsüz mətnlər kimi dəyərləndirilir, oxucu vaxtını almaqdan başqa bir şeyə yaramır.

Bu sualları qaldırmaqla özümü ruhlarını köhnə saydığım yazıçı dostlarımdan kənara çəkmək, yaxud adını “şəhər nəsri” qoyub forslu əsər yazanları önə çəkmək istəmirəm. Lütfən, yanlış anlaşılmasın. Azərbaycan dilinin incəliklərini məndən qat-qat yaxşı bilən, bəzən yazıçı mənəm-mənəmlikləri məndə gülüş doğuran, təkcə bir-birlərinin deyil, həyatın, kainatın, Allahın belə qarasıyca danışan yazıçı dostlarım, mənə başqalarından bir köynək daha doğmasınız, bunu bilmənizi istəyirəm. Sadəcə, bir azca silkələnib, dünənə boylanmaqdan əl çəkməyə, bu günü müşahidə etməyə,  xalqdan gileylənməkdənsə, bir az da öz yazılarınız və kimliyiniz üzərində çalışmağa cəhd edin, əminəm, bu halda Azərbaycan oxucusu ilə ortaq dil tapa bilərik. Təbii ki, əgər əsas məqsəd həqiqətən xalqla ortaq dil tapmaq, onu oxumuş, maariflənmiş, sivil görməkdirsə.

- See more at: http://1937.az/yeni/view/3410?fb_action_ids=694501930619899&fb_action_types=og.likes#sthash.P6Il1qJb.dpuf

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtlı yazardan Əkrəm Əylisliyə SƏRT CAVAB” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Xanım, Siz niyə belə düşünürsünüz ki, bir-iki yazınızla artıq Azərbaycan ədəbiyyatımda İNQİLAB etmisiniz və ya edirsiniz? Sizin yazdıqlarınız (“əsər” demək olmaz!!!) müasir “orta statistik” əsərlərdən də zəifdir. Sadəcə az-çox zahiri gözəlliyinizə aludə olub, üstünlük verən bəzi qələm dostlarınız Sizi gündəmə gətirməyi özlərinə böyük bir fəxr, şərəf bilirlər. Bunu özləri də bilə-bilə səhv edir, Sizdə “müvəffəqiyyətdən baş gicəllənməsi” yaradırlar. Mən isə daha çox xarici yazıçılara üstünlük verərək, özü də xariciləşən, millilikdən uzaq olan, kəndi bəyənməyən, “kənd yazıçılarını” təhqir edən, “necə yaşamağı zorla diktə edən ata-ana adamı təngə gətirir”, “ruhlarını köhnə saydığım yazıçı dostlarım” kimi ifadələrlə özündən həm yaşca, həm də istedad baxımından qat-qat böyük olanlara qarşı hörmətsizlik edən gənc bir xanımı, dünya gözəli olsa belə, yazıçı kimi nə tanımaq, nə də qəbul etmək istəmirəm!!.
    Sizin ərköyün bir qız kobudluğunuza cavab vermək məcburiyyətində qaldığıma, əbəs yerə vaxt itirdiyimə görə özümü qınasam da, “yazı-pozularınızla” bağlı deməyə sözüm çoxdur və imkan olsa, Sizə özünüzü bir “yazıçı” kimi daha yaxından tanıtmaq üçün bu mövzuya yenə də qayıdacağam.

    Hörmət etmədən: “ruhu köhnə” olan Rəhman Orxan.

Şərhinizi yazın