Menu
Geri İrəli

Suriyada İŞİD-ə qoşulan azərbaycanlı mühafizəçi danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyul 2015 • Baxış sayı: 490 dəfə • Şərh yoxdur
img1866069Azərbaycan prezidentinin şəxsi mühafizə xidmətinin keçmiş əməkdaşı Suriyada radikal islamçı qruplaşmalardan birinə rəhbərlik edir.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda Rusiyada nəşr olunan “Novaya qazeta”ya Suriya döyüşlərindən qayıtmış çeçen, Dağıstanın Xasavyurt rayonunun Novosasatlinsk kəndinin sakini Cəbrayıl (ad şərtidir-red.) danışıb.
Novosasatlinsk kəndindən Suriyada döyüşməyə azı 22  nəfər gedib. Onların bir neçəsi öldürülüb, bir neçəsi isə geri qayıdıb və hazırda barələrində istintaq gedir.
Cəbrayılın da adı Suriyadan qayıdanların işi üzrə istintaqda keçir, ancaq onu həbs etməyiblər. Hazırda Cəbrayıl evdən çox çıxmamağa üstünlük verir və məhkəməni gözləyir.
Cəbrayıl Suriyada “Sasitlinsk dəstəsi”nin tərkibində döyüşüb. Bu dəstə “Ceyş-əl-Mühacirin-val-Ənsar” adlı radikal qruplaşmanın tərkibində olub. Cəbrayıl deyir ki, 2013-cü ilin əvvəllərində sosial şəbəkələr üzərindən Suriyada döyüşən dostları ilə ünsiyyət yaradıb. Onlardan xahiş edib ki, cihadda iştirakına kömək etsinlər.
“Onların təlimatı ilə əşyalarımı və pullarımı topladım, özümə xarici pasport aldım. İyulun 15-də Bakıya getdim, oradan Türkiyəyə uçdum. Dostlarımla əlaqə yaratdım. Onlar məni öz adamları ilə Suriya sərhədinə göndərdilər.
Orada məni bələdçi qarşıladı, bələdçi ilə sərhədi keçdim. Bir saat piyada gedəndən sonra “Ceyş-əl-Mühacirin-val-Ənsar” qruplaşmasının qərargahının yerləşdiyi Artma şəhərinə çatdıq.
Qruplaşmanın lideri bizim həmyerlimizdir, əmir Əbu Umar əş-Şişanidir (Gürcüstanın Pankisi dərəsindən olan məşhur İŞİD komandiri-red.).
Ertəsi gün məni Şeyx Süleyman yaşayış məntəqəsində, dağlıq ərazidə yerləşən hərbi hazırlıq düşərgəsinə apardılar. Bu, üsyançılar tərəfindən ələ keçirilmiş keçmiş hərbi baza idi. Əsas diqqəti hərbi hazırlığa yönəldirdik.
Təlimatçımız “Xəttab” ləqəbli azərbaycanlı idi. Ümumiyyətlə, hərbi təlimatçıların hamısı azərbaycanlı idi. Düşərgədə başçı Azərbaycan prezidentinin şəxsi mühafizə xidmətinin keçmiş əməkdaşı, azərbaycanlı Hamza idi.
Biz hər gün məşq edirdik, qaubitsalardan, DŞK pulemyotlarından atəş açmağı, tank sürməyi və tankdan atəş açmağı öyrənirdik. Düşərgədə 250-300 nəfər hazırlıq keçirdi. Məşqlər 25-30 gün davam etdi” – deyə Cəbrayıl bildirib.
Hazmanın hazırlıq keçdiyi qrup daha sonra döyüşlərə göndərilir və Cəbrayılın dediyinə görə, iki döyüşdə qrup 60-a yaxın itki verir. 2013-cü ilin oktyabrında isə Cəbrayıl Türkiyəyə geri dönür, daha sonra Azərbaycandan keçməklə Dağıstana qayıdır. O deyir ki, Suriyaya getməyinə peşmandır.
Qeyd edək ki, Azərbaycan prezidentinin şəxsi mühafizə xidmətinin keçmiş əməkdaşının Suriyada döyüşdüyünə dair məlumat 2013-cü ilin sentyabrında  ANNA agentliyinin (“Abkhazian Network News Agency”) şərhçisi Marat Musin tərəfindən yayılmışdı.
M.Musin həmin il Bəşər Əsəd rejiminin tərəfində Suriyadan reportaj hazırlamış və bildirmişdi ki, MDB-dən olan döyüşçüləri hazırlayan düşərgəyə Azərbaycan prezidentinin mühafizəçisinin başçılıq etdiyi haqda məlumatı ona Dəməşq ətrafındakı Cabar bölgəsində döyüşən azərbaycanlılar verib. Lakin həmin şəxsin kimliyi haqda məlumat yox idi.
Qeyd edək ki, İŞİD və digər radikal islamçı qruplaşmaların tərkibində döyüşmək üçün Suriyaya gedən azərbaycanlıların da bir hissəsi döyüşlərdə öldürülüb, bir hissəsi isə geri qayıdıb və həbs edilib. Bu baxımdan “Hamza” adlı keçmiş mühafizəçinin hazırda sağ olub-olmadığı məlum deyil.
Həmin “Hamza” barəsində bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunmuş İŞİD terrorçularından bir qrupunun məhkəməsində də danışılıb.
Virtualaz.org saytı yazmışdı ki, qrup üzvlərindən biri – Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Elvin Əliyev ifadəsində Suriyanın Şeyx Süleyman yaşayış məntəqəsində “Əbu Hamza” dini ləqəbli azərbaycanlı “əmirin” düşərgəsində təlim keçdiyini bildirib.
Elvin Əliyevin ifadəsindən:  “Bacımın həyat yoldaşı, dini adı “Abuzeyd” olan Nemət Nəcəfquliyev 2013-cü ilin iyul ayından Suriya ərazisindəki döyüşlərdə iştirak edirdi. Həmin ilin avqust ayında avtobusla Türkiyəyə, oradan da Hatay vilayətinə getdim.
Hatayda məni yeznəm qarşıladı, birlikdə qaçaq yolla Suriyaya keçdik. Əvvəlcə məni İŞİD-in nəzarətində olan Dartu İzzə şəhərindəki “Şeyx Süleyman” yaşayış düşərgəsinə apardı. Həmin düşərgəyə əslən azərbaycanlı olan Əbu Hamza rəhbərlik edirdi. Oradakı mücahidlərin əmiri Əbu Hamza idi.
Düşərgəyə yeni gələn mücahidlər hərbi təlimlərə cəlb edilirdi. Suriyada olan bütün mücahidlər bir-birinə öz adları ilə deyil, sonradan götürdükləri dini adlarla müraciət edirdilər. Ona görə də oradakı azərbaycanlıların ad və soyadını bilmirəm.
Həmin ərəfədə xəstələndiyim üçün hərbi əməliyyatlara cəlb olunmadım. Beş ay Haritanda qaldım. 2014-cü ilin yanvar ayında Haritan şəhərinə “Livai Tövhid” qruplaşmasının silahlı basqını zamanı əsir götürüldüm. Avtomat silahımı, 150 dollar pulumu və digər əşyalarımı müsadirə etdilər, zindana saldılar. 20 gün zindanda qaldım. Məni əsir götürənlərə İŞİD üzvü olmadığıma inandırdım, özümü “Muhacirun” qruplaşmasının üzvü kimi təqdim etdim. Bundan sonra məni əsirlikdən azad etdilər”.
İŞİD-çilərə qarşı irəli sürülmüş ittiham aktından isə məlum olur ki, həmin “Əbu Hamza” əslində Fətəliyev Ramil Əli oğludur. Onun adını istintaqa ifadəsində İŞİD-çilərdən biri Elşən Qurbanlı çəkib.
“Xəttab” dini ləqəbli təlimatçı isə Yadigarov Dəyanət Ədalət oğludur. İttiham aktına görə, həmin şəxs “Azəri camaatı”nın “əmiri” olub.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın