Menu
Geri İrəli

Şuşa Sumqayıtda xatırlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2014 • Baxış sayı: 539 dəfə • Şərh yoxdur

Sumqayıtda Qarabağın və bütün Azərbaycanın incisi Şuşanın erməni qəsbkarları tərəfindən işğal olunmasının 22-ci ildönümünə həsr edilmiş teatrlaşdırılmış gecə keçirilmişdir. Gecədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, şəhər ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları iştirak etmişlər.
AzərTAc xəbər verir ki, “Şuşa həsrəti” adlı teatrlaşdırılmış kompozisiya H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının kollektivi tərəfindən hazırlanmışdır.
Səhnədə qoyulmuş monitorda ümummilli lider Heydər Əliyevin şuşalılarla görüşündən kadrlar nümayiş etdirilmiş və Ulu Öndərin bu sözləri səslənmişdir: “Şuşa Azərbaycanın möhtəşəm tarixi abidəsidir, poeziya dili ilə desək – onun incisidir”.
Mahnı səslənir: “Şuşanın dağları başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı, dərdindən ölməyə çoxdur gümanım!”. Bəli, Şuşa bizim qürurumuzdur! Bu mahnı səslənəndə, dinləyicilərin ürəyi istər-istəməz sıxılır. Axı, Şuşa təkcə cənnət guşəsi deyil, həm də strateji əhəmiyyətli alınmaz qala, düşmənlərin həsəd mənbəyi idi. Məgər əsası Pənahəli xan Cavanşir tərəfindən qoyulmuş Azərbaycanın bu ən dilbər diyarı haqqında unudulmaz mahnının müəllifi və ifaçısı, məşhur xanəndə Xan Şuşinskinin ağlına gələrdi ki, Şuşa ələm və göz yaşı dumanına bürünəcəkdir. Qarabağın döyünən ürəyi, Azərbaycan muğamının beşiyi Şuşa erməni təcavüzkarlarının hücumu nəticəsində 1992-ci il mayın 8-də süqut etdi.
Teatrın baş rejissoru, Azərbaycanın əməkdar artisti Firudin Məhərrəmovun quruluş verdiyi kompozisiyada Şuşanın dünya mədəniyyəti və incəsənəti xəzinəsinə töhfəsindən, Rus imperiyasının erməniləri Qarabağa, o cümlədən Şuşaya köçürməsi siyasətindən, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Şuşanın işğalından, daşnakların Şuşada törətdikləri vəhşiliklərdən söz açan faktlar əksini tapmışdır.
Bildirilmişdir ki, işğaldan əvvəl Şuşada 248 tarixi abidə, 8 muzey, rəsm qalereyası, movzoley, 8 musiqi məktəbi, onlarca mədəniyyət obyekti olmuşdur.
Şəhərin işğalı zamanı yüzlərlə dinc sakin həlak olmuş, təxminən 60 mülki şəxs girov götürülmüş, itkin düşmüşdür. Həlak olanlar, yaralananlar və girov götürülənlər arasında qadınlar və uşaqlar vardır. Onların çoxu bu günə kimi azad edilməmişdir. İşğal nəticəsində təxminən 22 min adam məcburi köçkünə çevrilmişdir.
Şuşa Azərbaycana saysız-hesabsız tarixi şəxsiyyətlər və mədəniyyət xadimləri bəxş etmişdir. Səhnədə bir-birinin ardınca general Səməd bəy Mehmandarovun, şairlər Molla Pənah Vaqif və Qasım bəy Zakirin, şairə Natəvanın, xanəndə Xan Şuşinskinin, vokalist Bülbülün, bəstəkar Üzeyir Hacıbəylinin və qədim şəhər-qala Şuşanın adını ucaltmış neçə-neçə mədəniyyət xadiminin obrazları canlanmışdır.
Sonda ölkənin Azadlıq meydanında hərbi parad kadrlarının müşayiəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü bərpa ediləcəkdir!” sözləri səslənmişdir. Belə bir məsələdə əminlik ifadə olunmuşdur ki, Azərbaycana və dünyaya bu qədər görkəmli xadim bəxş etmiş şəhər heç vaxt başqa xalqa məxsus olmayacaqdır və ola da bilməz. Heç bir qüvvənin bu şəhəri özününküləşdirmək arzusu həyata keçməyəcəkdir. Düşmən Şuşanı fəth etməyə, diz çökdürməyə, əl altından kəndlərin və yaşayış məntəqələrinin adlarını dəyişdirməyə çalışsa da, onun ruhunu heç vaxt qıra bilməyəcəkdir.
Kompozisiyada Vətəni, Şuşanı, Azərbaycan xalqının vətənpərvərlik hisslərini tərənnüm edən mahnılar və şeirlər səslənmişdir.

Ətrabə Rzayeva

DSC_0039 DSC_0160

DSC_0105 DSC_0122 DSC_0126

Facebook Şərhləndirmə:

Şərhinizi yazın