Menu
Geri İrəli

Təhsil ocaqlarının rəhbərləri Sumqayıt Təlim-Tədris Mərkəzinin fəaliyyəti ilə tanış oldular

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2013 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

Bu gün – yanvarın 29-da «Azərikimya» İstehsalat Birliyinin təşəbbüsu ilə Sumqayıt şəhər Təhsil şöbəsi və orta məktəb rəhbərlərinin ARDNŞ-in Sum­­qayıt Təlim-Tədris Mərkəzində (STTM) kollektiv tanışlıq görüşü təşkil edilmişdir. Ötən ilin sentyabrından yeni və çox mühüm bir peşə təhsili mərkəzi kimi fəaliyyətə başlamış STTM-lə tanışlıqda əsas məqsəd şəhərin təhsil sistemi işçilərində bu müasir və nümunəvi texniki peşə müəssisəsi barədə tam və aydın təsəvvür yara­dıl­ması, yuxarı sinif şagirdlərinin peşə seçimində müəllimlərin onlara yaxşı məsləhətçi ol­ma­sı, diqqətin yalnız ali məktəblərə deyil, həm də bu gün tələbatın heç də az olma­dığı yüksək ixtisaslı fəhlə kadrların hazırlandığı bu müasir TTM-ə yönəldilməsidir.

Təhsil sistemi işçilərinə ARDNŞ tərəfindən Sumqayıtda müasir tələblər və standartlar səviyyəsində yaradılmış Təlim-Tədris Mərkə­zi və peşəkar fəhlə kadrların hazırlanması üçün orada yaradılmış təlim-tədris şəraiti və imkanları, güclü texniki bazası haqqında geniş məlumat verilmişdir.

Diqqətə çatdırılmışdır ki, iki mərtəbəli tədris korpusuna, geniş və işıqlı, ixtisaslaşmış auditoriyalara malik, peşə təhsili üzrə müasir tədris vasitələri və texniki avadanlıqlarla – müxtəlif ixtisaslar üzrə maşın-mexanizmlər, qurğu və dəzgahlarla təchiz edilmiş STTM-də fəhlə ixtisaslarına yiyələnmək üçün ötən ilin sentyabrında 300-ə yaxın sumqayıtlı gənc müraciət etmiş, onlardan 100 nəfəri test imtahanı yolu ilə Mərkəzə qəbul edil­mişdir.

Bu gün həmin gənclər 7 ixtisas üzrə müxtəlif fəhlə peşələri – aparatçı, tornaçı, kompressor qurğuları maşinist, elektrik və qaz qaynaqçısı, nəzarət-ölçü cihazları üzrə çilingər və s. peşələr üzrə texniki təhsil alır­lar. «Azərikimya»da yüksək elmi nailiyyətlər və mütərəqqi texnologiyalar əsasında inşa olun­maqda olan yeni istehsalat komplekslərinin və Karbamid (Azot gübrəsi) zavodunun tikintisi, həmin müəssisələrdə texniki peşələ­rə müasir tələblər səviyyə­sində, mükəmməl yiyələnmiş gənc fəhlə kadrlara ehtiyac olacağı nəzərə alınaraq, TTM-də təhsil alanların sayı ildən-ilə artırılacaqdır.

Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına sürətlə inteqrasiya etdiyini və gələ­cək­də bu prosesdə gənc mütəxəssislərin də fəal iştirak edəcəyi əsas götürülərək, TTM-də şagirdlər üçün xarici dil də tədris olunur. Hər biri 10 ay davam edən kurslarda gələ­cək mütəxəssislər TTM-in ixtisaslaşmış emalatxanaları ilə yanaşı «Azəri­kimya»nın mü­əs­sisələrində də istehsalat təlimi keçirlər. Təhsil dövründə onların hər birinin TTM-in xüsusi tələbə geyimləri, aylıq təqaüd və pulsuz yeməklə təmin olunması qayğısına da qalınır.

Tədbirin sonunda təhsil işçiləri «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatıMuxtar Babayevvə ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovla görüşərək, TTM-lə tanışlıqdan aldıqları xoş təəssüratlarını bölüşmüş və gənc kadrların bu müasir Mərkəzdə hazırlığı, orta məktəb məzunlarının burada yüksək peşə təhsili almaları ilə bağlı fikir və mülahizələrini, təkliflərini bildirmişlər.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın