Menu
Geri İrəli

«Azərikimya»nın Təmir-tikinti İdarəsində yeni təhlükəsizlik layihəsi üzrə treninq keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Aprel 2012 • Baxış sayı: 193 dəfə • Şərh yoxdur

ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyində son dövrlərdə insan amilinə – istehsalatda çalışan hər bir əməkçinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilərək, istehsalat sahələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi məqsədilə ardıcıl olaraq praktiki əhəmiyyətli tədbirlər həyata keçirilir. Təqdimat xarakterli həmin profilaktiki tədbirlərdə əyaniliyə üstünlük verilməsi, bir çox analoji müəssisələrdə bəzi hallarda təhlükəsizlik qaydalarının pozulması ilə bağlı videoblokların təqdim olunması, onların səbəb və nəticələrinin mütəxəssislərlə birgə kollektiv şəkildə araşdırılması mühəndis-texnik işçilərin və fəhlələrin təhlükəsizliklə bağlı daha geniş maariflənməsində xüsusi əhəmiyyət daşıyır.
Bü cür tədbirlərdən əvvəl əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssislər tərəfindən təlimə cəlb ediləcək kollektivlərin iş sahələrində müvafiq monitorinq keçirilərək, mümkün qüsurların aşkar olunması və təlimlərin həmin faktlar üzərində qurulması onların təsir gücünü daha da artırır. Buna görə də son zamanlar təşkil edilən təlim-treninqlər hər bir kimyaçı tərəfindən şəxsi sağlamlıqlarına göstərilən diqqət və qayğı kimi qarşılandığından böyük maraq doğurmaqla fəallıq şəraitində keçir.
Birliyin Təmir-tikinti İdarəsinin müasir standartlar səviyyəsində, hər bir sahə üzrə əyanilik effektinin mühüm olduğu vasitələrin tətbiqi ilə istifadəyə verilmiş Əməyin mühafizəsi və texniki təhlükəsizlik otağında təmirçi-inşaatçıların, operatorların və digərlərinin iştirakı ilə bugünlərdə keçirilən yeni layihənin təqdimatından öncə onların çalışdıqları EP-300 kompleksinin susoyutma sexində, mexaniki-quraşdırma və təmir-tikinti sahələrində müşahidə olunan situasiyaların video nümayişi və müzakirəsi, onların əsasında hazırlanaraq diqqəti konkret vəziyyətlərə cəlb edən xüsusi layihə böyük marağa səbəb olmuşdur. Hər bir işçiyə daha çox ehtiyatlı və sayıq olmağı təlqin edən «Təmir-bərpa işləri apararkən risklərin dəyərləndirilməsi proseduru» adlı yeni layihə əsasında keçirilən treninq əməyin mühafizəsi baxımından maarifləndirici xüsusiyyəti və əhəmiyyəti ilə yadda qalmışdır.
Təlimatçı-ekspert tərəfindən təqdim olunmuş mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış və sonda iştirakçılar arasında mövzu ilə bağlı sınaq-yoxlama testi keçirilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın