Menu
Geri İrəli

30 Aprel – ADNA terrorunun qurbanı olan sumqayıtlı gəncin FACİƏLİ HEKAYƏTİ

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2015 • Baxış sayı: 1,064 dəfə • 3 şərh

Taleh_MammadovEl arasında həftənin bütün günlərinin hər birinin özünəməxsus adı var. Duz, xas, adına və s… bir qismi yaddan çıxıb, adına ona görə yadda qalıb ki, biz azərbaycanlılar qırxı çıxana qədər ölülərimizi məhz bu gün yad edir, onlara ehsan süfrəsini də bu gündə açırıq. Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum da həftənin 4-cü, yəni adına günü oldu. 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq. 25 nəfərin adına olan bir gün bu gündür…

2009-cu il 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktında Akademiyanın müəllim və tələbə heyyətindən 13 nəfər həlak olmuş 10 nəfər isə yaralanmışdır.
sumqayitxeber.com Azərbaycan Dövlət Neft Akademiyasının qaz-neft-mədən fakültəsinin 4-cü kurs tələbəsi , sumqayıtlı gənc Taleh Tariyel oğlu Məmmədovun faciəli hekayətini təqdim edir:

Taleh xəstəxanada son nəfəsinə qədər kömək istəyib

Həmin gün imtahan var imiş. Səhər dərsə gələn kimi birinci Zöhrabdan imtahana necə hazırlaşdığını soruşub: “Mənə dedi ki, əla hazırlaşıb. Sonra noutbukunu stolun üstünə qoyub aşağı düşdü. Bilmirəm nəyə görə. Elə aşağıda da güllələndi. Güllə onun boğazından girib kürəyindən çıxmışdı. Həkim deyirdi ki, şah damarı zədələnib. Qanı dayanmadan axırdı. Qanını saxlamaq olmurdu. Güllə dəyəndə Taleh üzüstə yıxılmışdı, üzü, alnı göyərmişdi, dişi də sınmışdı. Həkim gələnə qədər onu müəllimlər otağa çəkdilər. Dayanmadan deyirdi ki, “kömək edin”. Elə xəstəxanada da son nəfəsinə qədər belə deyib”.

Zöhrab dostunu xəstəxanada da axtarıb. Deyir ki, Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasında (Semaşko) onun paltarlarını tapıb: “Talehin paltarını görən kimi tanıdım. Soruşdum ki, bu paltarın sahibi hanı? Dedilər ki, paltarın sahibi ölüb…” Dostları Talehin hündürboy, yaraşıqlı olduğunu deyirlər: “182 sm boyu olan Talehə güllə necə olub ki, boğazından dəyib, kürəyindən çıxıb. Axı terrorist boyca ondan çox kiçik olub”.

O, 2 yaşından atasız böyüyüb

Taleh Məmmədov 1988-ci ilin 26 mayında Sumqayıt şəhərində anadan olub. Ailədə iki qardaş olublar – Taleh, Turqut. Talehin anası Südabə xanım Sumqayıt Dövlət Universitetində müəllimə işləyir. Həmişə danışıb-gülən, zarafatcıl Taleh lap uşaqlıqdan atasız böyüyüb. Amma onun yaxınları bunu ancaq onun ölümündən sonra biliblər. Ailənin maddi cəhətdən imkanları məhdud olduğundan Taleh həm oxuyur, həm işləyirmiş.

Taleh kompyuter ustası idi. Dostları deyir ki, mərhum kompyuteri əla bilirmiş. Akademiyada kompyuterlərə nəzarət edirmiş. Fakultələrinin saytını yaratmağa hazırlaşırmış. Eyni zamanda ADNA ilə üz-üzə olan kompyuter mərkəzində çalışırmış. Həmin günü Akademiyaya “Dell” markalı noutbuku ilə gəlibmiş. Kreditə götürdüyü noutbukunun hələ ki, kredtini də tam ödəməyibmiş. Akademiyada baş verən faciə zamanı noutbuk it-bata düşüb. 5-ci mərtəbədə 1530-cu otaqda stolun üstünə qoyulan noutbuk yoxa çıxıb. Bəziləri noutbuku polis əməkdaşlarından bir nəfərin götürdüyünü desə də, bu günə qədər tapılmayıb. Dostlarını və yaxınlarının isə noutbuku axtarmaqda məqsədləri var. Axı mərhuma məxsus bütün sənədlər və şəkillər bu noutbukda imiş.

Almaniyada magistr təhsili almaq istəyirmiş

Neft quyularının işlənməsi və istismarı ixtisasına sahiblənəcək Taleh təhsilini Almaniyada davam etdirmək istəyirmiş. Orta məktəbi əla qiymətlərlə başa vuran Taleh əlaçı tələbə kimi təqaüd alırmış. Samir deyir ki, Taleh bizə Masallıya qonaq gəlmək istəyirdi. Deyirmiş ki, diplomunu alan kimi Masallıya qonaq gələcək: “Taleh çox çalışırdı. O qədər arzuları var idi. Heyf.. güllə səslərinə aşağı düşəndə Savalanın meyidini ikinci mərtəbədə gördüm, amma Talehlə Ayazı görmədim. O, xəstəxanada keçinmişdi”.

Talehi qəbrə qoyanda yağış başladı…

Samir deyir ki, həmin gün digər tələblər Ayazın dəfninə Şamaxıya gediblərmiş. O, Talehin dəfnində də iştirak edib. Talehi Qazaxın Xanlıqlar (keçmiş Musaköy) kəndində torpağa tapşırıblar: “Həmin günü bir isti var idi! Adam istidən yanırdı. Talehi qəbrə qoyanda hava qəfil soyudu, bir yağış başladı. Qəbrin ağzı bağlanana qədər yağış yağdı. Qəbir örtülən kimi yağış da kəsdi.

wikipedia.org

Facebook Şərhləndirmə:

“30 Aprel – ADNA terrorunun qurbanı olan sumqayıtlı gəncin FACİƏLİ HEKAYƏTİ” yazısına 3 cavab

  1. Ulviyya Rustamova deyir:

    Allah Rəhmət eləsin… Anasını taniyiram, gözəl insandır… Hələ də özünə gələ bilmir… Hələ də Talehin yolunu gözləyir…Böyük itkidir… Savadlı, tərbiyəli bir insanı itirmişik… Sanki dünən olub bu hadisə…ALLAH RƏHMƏT ELƏSİN… YERİ CƏNNƏTLİK OLSUN…

  2. leyla deyir:

    ALLAH rehmet etsin,yeri cennet olsun ,amin

  3. kenan deyir:

    Allah rehmet elesin Cox yaxwi insaniydi yeri cenetdik olsun

Şərhinizi yazın