Menu
Geri İrəli

Texnoparklar Azərbaycanın sənaye və ixrac potensialını gücləndirəcək – SUMQAYITLI ALİM YAZIR

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Aprel 2015 • Baxış sayı: 781 dəfə • Şərh yoxdur

stp3Son illər Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın qeyri-neft sektorunun inkişafının intensivləşdirilməsi, milli iqtisadiyyatın diversifikasiyalaşdırılması, yeni iqtisadi mexanizmlərin tətbiqi istiqamətində mühüm işlər görülmüşdür. Makroiqtisadi səviyyədə bütün sahələrdə əsaslı sıçrayış əldə olunmuş, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliyi əhəmiyyətli səviyyədə artmış, Azərbaycan regionun və dünyanın dinamik inkişaf edən milli iqtisadiyyata malik ölkəsinə çevrilmişdir. Son 11 il ərzində ölkə üzrə ÜDM 3,4, sənaye istehsalı 2,7 dəfə artmış, ölkə iqtisadiyyatına 180 milyard ABŞ dolları həcmində investisiyalar yatırılmışdır. Davos Dünya İqtisadi Forumunun meyarları üzrə ölkəmiz dünyada rəqabətqabiliyyətliyinə görə 38-ci yerdədir.

Son 5 ildə ölkə iqtisadiyyatının artımı əsas etibarilə qeyri-neft sektorunun inkişafı hesabına təmin edilmiş və ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə qədər artmışdır. Ənənəvi sənaye sahələrinin inkişaf etməsi ilə bərabər, modern sənaye sahələrinin yaradılması prosesi də sürətlənir. Ölkənin metallurgiya və kimya sənaye sahələrinin yenilənməsi tədbirləri bunun bariz nümunəsidir. Artıq Sumqayıt sənaye mərkəzində fəaliyyətdə olan texnoparklarda bir sıra yüksək rəqabətqabiliyyətlı elektromexanika təyinatlı məhsullar, polad və polietilen borular istehsal olunur.
Bütün bunlarla bərabər, indiki mürəkkəb dövrdə, xüsusilə dünya maliyyə böhranının və iqtisadi tənəzzülün fəsadlarının artdığı şəraitdə bir çox ölkələrin, o cümlədən region ölkələrinin iqtisadiyyatına, sənaye və ixrac potensialına mənfi təsirin təzahürləri aktuallığı ilə diqqət çəkir. Bu proseslər Azərbaycanın ixrac potensialına da təsirsiz qalmamışdır. Belə ki, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi və s. amillərlə bağlı ixracın ümumi həcminin artımında problemlər özünü göstərməyə başlamışdır. Odur ki, Azərbaycanın ümumi ixracının diversifikasiyalaşdırılması, başqa sözlə, onun strukturunda rəqabətqabiliyyətli ixrac təyinatlı məhsulların çeşidinin, əsas etibarilə qeyri-neft ixracı məhsullarının həcminin artırılması vacib və prioritet vəzifələr kimi qarşıda durur. Eyni zamanda, sənaye sahələrinin və qeyri-neft ixracı potensialının yüksəldilməsi ölkənin valyuta ehtiyatının artırılması üçün yeni valyuta mənbələrinin formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Dünya ölkələrinin bir çoxunda bu kimi problemlərin həlli məqsədilə texnoparklardan istifadəyə üstünlük verilməklə uğurlu nəticələr əldə edilmişdir.

 Texnoparkların mahiyyəti və əsas xüsusiyyətləri

 Texnoparkların mahiyyəti ilk növbədə elmi-texniki yeniliklərin işlənməsi, hazırlanması və istehsalata tətbiqi ilə bağlı proseslərin məcmusunda formalaşmışdır. Texnoparkların başlıca məqsəd və əsas missiyası biliklərin və ixtiraların texnologiyalara çevrilməsi, bunlar əsasında müxtəlif təyinatlı elmtutumlu və yüksək dəyərli rəqabətqabiliyyətli məhsulların hazırlanması, bunlarla bağlı proseslərin sənayedə tətbiqi, yüksək texnologiyalar əsaslı biznes müəssisələrinin dəstəklənməsi, sənayenin strukturunun yenilənməsi və diversifikasiyalaşdırılması, dünya standartlarına malik mal və məhsulların, xüsusilə də ixrac mallarının çeşidinin artırılması, iqtisadiyyatın innovasiyalaşdırılmasının sürətləndirilməsi, məşğulluğun gücləndirilməsi, bütövlükdə ölkənin sənaye və ixrac potensialının artırılmasıdır.

Texnopark elm və innovasiya fəaliyyətini, bu sahələrin mühüm elementlərini özündə birləşdirən səmərəli iqtisadi mexanizm kimi fəaliyyət göstərdiyindən burada, bir qayda olaraq, strateji vəzifələrin yerinə yetirilməsi hədəf vəzifə kimi qarşıya qoyulur. Dünya təcrübəsində onlarca ölkə özünün milli iqtisadi inkişaf prosesinin davamlılığını təmin etmək, müasir texnologiyaların tətbiqini sürətləndirmək, elm və kapitaltutumlu sənaye sahələrini yaratmaq, rəqabətqabiliyyətli məhsulların çeşidini artırmaq, sənaye potensialını gücləndirmək, kiçik və orta biznesin, sahibkarlığın inkişafına əlavə stimullar vermək məqsədilə texnoparkların yaradılmasına xüsusi diqqət göstərmişdir və bu proseslər hazırda da davam edir. XX əsrin sonlarından başlayaraq bir qrup postsosialist və postsovet dövlətləri də texnoparkların yaradılmasına böyük maraq göstərməyə başlamışlar. Texnoparklar kompleks fəaliyyət məkanı kimi yerli və xarici elmi-tədqiqat resurslarını, ixtira və patent məhsullarını, mütərəqqi ideyaları və dəyərli təklifləri, mürəkkəb elm və kapitaltutumlu layihələri, bu sahələrə maraq göstərən şirkət və kompaniyaları, investorları və maliyyə qruplarını bir yerə toplayaraq, effektiv elmi-texniki fəaliyyətin təşkilinə imkan verir və yüksək nəticələrin əldə edilməsinə şərait yaradır.
Texnoparklar insan kapitalının reallaşdırılmasında mühüm funksiyaları yerinə yetirir. Bu quruma daxil olan müxtəlif fəaliyyət sahələri yaradıcı insanın ortaya qoya biləcəyi intellektual məhsulların real həyata yolunu açır. Elm və innovativ ideyalar texnoparklarda cəmlənmiş müxtəlif texnoloji transfer qurumlarında, laboratoriyalarda, texniki mərkəzlərdə, sınaq komplekslərində, istehsal qurğularında, çox sayda mürəkkəb funksiyaları özündə birləşdirən yüksək texnoloji avadanlıqlarda, firma və kompaniyalarda adaptativ hazırlıq mərhələlərini və prosesləri keçir, istehsalata tətbiq olunur, sənaye üsullu məhsula çevrilir, nəhayət, yerli istehlak bazarında yüksək rəqabətqabiliyyətli məhsul olmaqla bərabər, ixrac potensialını da artırır.
Texnoparklar yerləşdiyi regionların iqtisadi inkişaf prioritetlərindən əsas vəzifə və məqsədlərindən asılı olaraq bir sıra formalar – elmi park, innovasiya mərkəzi, kommersiya parkı, texnoloji parklar kimi fəaliyyət göstərir. Onlar adətən universitetlərin, elmi-araşdırma mərkəzlərinin, sənaye potensialına malik ərazilərin yaxınlığında yaradılır. Kommersiya təyinatlı texnoparklar istehsalla, eyni zamanda hazır məhsulların qablaşdırılması və satışı ilə də məşğul olur. Sənaye təyinatlı texnoparklarda, bir qayda olaraq, yüksək texnologiyalar əsaslı və ixracyönümlü məhsullar istehsal edilir. Dünya texnoparklarının 45 faizinin yaradılmasında məqsəd regionların inkişaf etdirilməsi, burada rəqabətqabiliyyətli müəssisələrin yaradılması, məhsul istehsalının təşkili problemləri əsas götürülmüşdür, 40 faizi isə birbaşa sənaye sahələrinin inkişafı məqsədilə yaradılmışdır. Ümumilikdə dünya üzrə fəaliyyət göstərən texnoparkların 33 faizi dövlətlər tərəfindən, 45 faizi qarşılıqlı mülkiyyət formasında yaradılmışdır. Bu kimi effektiv iqtisadi mexanizmlərin mühüm xüsusiyyətlərindən biri də onların əsas etibarilə şəhərlərdə və ya şəhərətrafı zonalarda yerləşməsidir. Məsələn, dünya üzrə mövcud texnoparkların 75 faizi şəhərlərdə fəaliyyət göstərir, 24 faizi isə şəhərlərdən 25 kilometr uzaq olmayan məsafədə yerləşir. Bu texnoparkların 56 faizi böyük, 44 faizi kiçik şəhərlərdə yaradılmışdır. Bütövlükdə dünya üzrə fəaliyyət göstərən 4000-dən çox texnoparkın 43 faizi ABŞ-da, 34 faizi Avropa İttifaqı ölkələrində, 13 faizi Çində yerləşir.

 Texnoparklardan səmərəli istifadə edilməsində dünya təcrübəsi

 ABŞ-da XX əsrin 30-cu illərindən başlayaraq sənaye potensialının və ixracın strukturunun genişləndirilməsi üçün sənaye zonalarının, sahibkarlıq fəaliyyətinin gücləndirilməsinə imkan verən texnoparkların yaradılmasına üstünlük verilmişdir. Texnoparklarda elm və kapitaltutumlu müasir texnologiyaların işlənməsi, hazırlanması və tətbiq edilməsi proseslərinin kompleks təşkili mümkün olmuşdur. Burada elmi-tədqiqat müəssisələrinin əldə etdiyi elmi nəticələrin istehsal proseslərinə yol tapa bilməsi üçün əlverişli iqtisadi mühit formalaşmışdır. Belə ki, ixtira və kəşflərin praktiki proseslərdə gerçəkləşdirilməsi üçün zəruri investisiya resurslarının cəlb edilməsi, istehsal proseslərinin səmərəli təşkili və beynəlxalq elmi-iqtisadi və elmi-texniki əməkdaşlığın səmərəli qurulması üçün texnoparklar çevik və işlək iqtisadi mexanizm kimi olduqca əlverişli fəaliyyət imkanına malikdir. Təsadüfi deyil ki, dünyanın ən iri və səmərəli texnoparklarından biri olan “Silikon vadisi” texnoparkı 1951-ci ildə Kaliforniyada – Stenford Universitetində yaradılmışdır. Burada dünya üzrə hesablama texnikası və kompüterlər istehsalının 20 faizə qədəri reallaşdırılır. Bu texnoparkda dünya informatikasının konstruktor potensialının sənaye üzrə 15, konstruktor potensialı üzrə isə 30 faizi cəmlənmişdir. “Silikon vadisi” texnoparkında 8000-dən çox şirkət və kompaniya yüksək texnologiyaların işlənməsi, hazırlanması, istehsalata tətbiqi, rəqabətqabiliyyətli məhsulların istehsal və ixracı ilə bağlı məhsuldar fəaliyyət göstərir. Burada dünyanın 100-ə yaxın ən iri şirkət və kompaniyası özünün elm, texnologiya və istehsal mərkəzlərini – sahələrini açmışdır. Şimali Karolinanın universitet və elmi mərkəzlərini özündə birləşdirən “Üçbucaq” parkı, Massaçusets Texnologiya İnstitutu və 120 tətbiq firmasını əhatə edən “Boston marşrutu 128” tədqiqat parkı, 50-yə qədər elmi-tədqiqat və təcrübə-konstruktor firmalarını birləşdirən Yuta Universiteti texnoparkları da ABŞ-ın effektiv fəaliyyət göstərən texnoparklarındandır.

Yaponiya yüksək texnologiyaların işlənməsi, hazırlanması və tətbiqi sahəsində dünyanın ən qabaqcıl mərkəzlərindən birinə çevrilmişdir. Yüksək intellekt, kəşf və ixtiralar, elmi innovasiyalar bu ölkənin iqtisadi siyasətinin ən mühüm strateji istiqamətlərinin əsasında dayanmışdır. Yaponiyada texnopark statuslu iqtisadi mexanizm kimi texnopolislərdən effektiv istifadə diqqəti cəlb edir. Ölkədə texnopolislərin yaradılmasına 1960-cı illərin əvvəllərində başlanmışdır. Həmin dövrdə Yaponiya hökuməti iqtisadi siyasətində ən yüksək texnologiyaların işlənməsi və tətbiqinə mühüm yer verməyi strateji vəzifə kimi müəyyənləşdirmişdi. Texnopolislər elmi və texniki yeniliklərin əldə edilməsi məqsədilə yüksək inkişaf etmiş istehsal, elm və təhsilin qarşılıqlı inteqrasiyası, sintezi əsasında formalaşmışdır. Dünya təcrübəsində texnopolislərin yaranması, formalaşması və inkişafı prosesləri bilavasitə Yaponiya ilə bağlıdır. Bu ölkədə elm və texnikanın ən müasir texnologiyalar əsasında inkişafını təmin etmək, innovativ elementlərin real iqtisadi proseslərə tətbiqinə imkan verən kəşflərin və ixtiraların işlənməsinə və hazırlanmasına əlavə stimullar vermək, ən mürəkkəb cihazların, robotların və digər mütərəqqi qurğuların kəşfi və istehsalının təşkilinə nail olmaq, elm adamlarının bilik və bacarıqlarını praktiki elmi-texniki proseslərə yönəltmək, elm və innovasiyatutumlu yüksək rəqabətqabiliyyətli istehsal şəbəkələrini yaratmaq məqsədilə texnopolislərdən uğurla istifadə edilir. Tsikuba texnopolisində 145 min nəfər çalışır və onların əksəriyyəti alim və tədqiqatçı, yüksək ixtisaslı mühəndisdir. Bu texnopolisdə 3 universitet, kompüter texnologiyaları mərkəzi, bioelektronika və tibb üzrə tədqiqat müəssisələri, 420-dən çox tətbiq firma və kompaniyası birgə fəaliyyət göstərir.
Böyük Britaniyada texniki təyinatlı və innovasiyaların tətbiqi proseslərini sürətləndirməyə imkan verən sənaye sahələrinin inkişaf etdirilməsində texnoparklardan geniş istifadə edilməsini də qeyd etmək olar. Həmin ölkədə fəaliyyət göstərən Kembric texnoparkında bu universitetin özü, 200-ə qədər tədqiqat institutu və 360-dan çox firma birlikdə məhsuldar elmi-texniki fəaliyyətlə məşğul olur.
Almaniya isə yüksək rəqabətqabiliyyətli maşınqayırma, kimya, əczaçılıq, qara metallurgiya, dəqiq mexanika sənaye sahələrinin sürətli inkişafında sənaye parklarından – texnoparklardan uğurlu istifadəyə nail olmuşdur. Əgər 1980-ci illərin əvvəllərində bu kimi texnoparkların sayı Almaniyada bir neçə idisə, 10 ildən sonra onların sayı 70-dən çox olmuşdur. Hazırda bu ölkədə texnoparkların ümumi sayı 120-dən çoxdur.
Müasir dünyanın inkişaf etməkdə olan ölkələri dünya iqtisadi proseslərində əhəmiyyətli mövqeləri ilə güclənməkdədir. Əgər XX əsrin 90-cı illərinin əvvəlində Şərqi və Cənubi Asiya ölkələri dünya iqtisadiyyatında ÜDM-in xüsusi çəkisinə görə cəmi 1 faiz paya malik olmuşdursa, XXI əsrin əvvəllərində bu rəqəm 14 faiz səviyyəsində olmuşdur. İqtisadi inkişaf etmiş ölkələr sırasında Çin xüsusilə fərqlənir və bu ölkə son 20 il ərzində ən sabit iqtisadi inkişaf dinamikasına malik dövlət kimi dünya iqtisadiyyatında böyük nüfuz qazanmışdır. Bu ölkədə son illər dünyanın ən müasir inkişaf etmiş sənaye sahələri yaradılmışdır və həmin sahələrin əksəriyyətində yüksək texnologiyalar tətbiq olunmuşdur. Çinin iqtisadi inkişaf proseslərində sənaye və ixrac təyinatlı texnoparkların əhəmiyyəti olduqca böyükdür. Çində sənaye texnoparkları ümumi ÜDM-də 5 faizlik göstəriciyə malikdir. Texnoparklara yatırılan sərmayələrin ümumi həcmi 100 milyard dollardan çox təşkil etmişdir, sənaye təyinatlı texniki parklardan və zonalardan ixracın orta illik həcmi 50 milyard dollardan artıqdır. Çinin Tyantszin texniki-iqtisadi inkişaf zonasında dünyanın 50 məşhur transmilli kompaniyası tərəfindən 100-dən çox irimiqyaslı elmi-texniki layihə reallaşdırılmışdır. Ümumilikdə Çində 130-a yaxın yüksək və yeni texnologiyaların işlənməsi və tətbiqi üzrə texnoparklar – sənaye zonaları fəaliyyət göstərir və onların yarısı mühüm dövlət əhəmiyyəti kəsb edir. Çin texnoparklarında alim və mütəxəssislərin məhsuldar işləmələri üçün kompleks güzəştlər sistemi tətbiq edilmiş və bütün imkanlara malik iqtisadi mühit yaradılmışdır. Belə bir əlverişli şəraitdə ölkə alimlərinin ixtira və kəşflərinin, həmçinin elmi tədqiqatçıların əldə etdikləri nəticələrin praktiki-istehsal sahələrinə tətbiqi üçün az vaxt tələb olunur və məsrəflər azalır. Çinin texnoparklarında 20 minə yaxın elmi-tədqiqat, elmi-tətbiqi, elmi-istehsal firma və müəssisəsi fəaliyyət göstərir. XXI əsrin əvvəllərində Çinin texnoparklarında elm və innovasiyatutumlu yüksək texnologiyaların əsaslı məhsul istehsalının orta illik həcmi 100 milyard ABŞ dollarına yaxın olmuşdur. Çinin ən böyük texnoparkı olan Pekin yeni texnologiyaların inkişafı üzrə eksperimental zonanın ərazisi 100 kvadratkilometrə bərabərdir. Bu zonada onlarca təhsil mərkəzi, 130-dan çox elmi-tədqiqat müəssisəsi və laboratoriyalar fəaliyyət göstərir. Pekin texnoparkında işləyənlərin sayı 100 min nəfərdən çoxdur. Digər Çin texnoparkında Xeynan əyalətində yerləşən “Nanxu” texnoparkında 12 ali təhsil müəssisəsi, 30 elmi-tədqiqat institutu, 210 elmi-tədqiqat laboratoriyası və 220 yeni və yüksək texnologiyalar əsasında fəaliyyət göstərən müəssisə qarşılıqlı fəaliyyət nəticəsində məhsuldar nəticələrə nail olur.
Azərbaycanla sıx strateji əməkdaşlıq əlaqələri olan qardaş Türkiyənin də əksər regionlarında texnoloji parkların və sənaye təyinatlı zonaların yaradılmasına önəm verilir. Türkiyə iqtisadiyyatının uğurlarının əldə edilməsində bu innovativ elm və sənaye komplekslərinin əhəmiyyəti az olmamışdır. Türkiyədə bu gün 30-a yaxın texnopark fəaliyyət göstərir, 10-a yaxını isə formalaşmaqdadır.

 Texnoparklar Azərbaycanın sənaye və ixrac potensialının artmasına imkan verəcək

 Azərbaycan iqtisadiyyatının yüksək texnologiyalar əsaslı iqtisadiyyat sahələri vasitəsilə diversifikasiyalaşdırılması prosesləri sürətlənir. Sumqayıtda elektrotexnika məmulatları üzrə texnologiyalar parkı son illər Azərbaycanda yaradılan ən müasir və yüksək texnologiyalar əsaslı istehsalatlar şəbəkəsi kimi diqqəti cəlb edir. Ölkəmizdə texnoparkların digər modellərinin də yaradılmasına maraq xeyli yüksəkdir və hazırda kimya xammallarının emalı istiqamətində texnoparka rezidentlərin cəlb edilməsi prosesləri intensivləşir. Ölkə rəhbərinin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin genişlənməsi ilə yüksək rəqabətqabiliyyətli kimya məhsullarının istehsalının çeşidi və ixrac potensialı əsaslı şəkildə artacaq.

Bakı şəhərində Balaxanı Sənaye Parkının və Yüksək Texnologiyalar Parkının, həmçinin Mingəçevir Sənaye Parkının yaradılması da iqtisadiyyatımızın davamlı inkişafının və rəqabət qabiliyyətinin artırılmasında, elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsində, elmi tədqiqatların aparılmasında yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasında, yüksək dünya standartlarına cavab verən ixracyönümlü məhsulların çeşidinin artırılmasında əhəmiyyətli rol oynayacaq.

Şəfa ƏLİYEV,
iqtisad üzrə fəlsəfə doktoru

Mənbə: http://www.azerbaijan-news.az/index.php?mod=3&id=66932

Facebook Şərhləndirmə:

Şərhinizi yazın