Menu
Geri İrəli

“Tezliklə Sumqayıt şəhər stadionu əsaslı təmirə bağlanacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 21 May 2011 • Baxış sayı: 370 dəfə • 1 şərh

Sumqayıt şəhər Mehdi Hüseynzadə adına mərkəzi şəhər stadionun direktoru Rizvan Rəsulovun Qol.Az saytına müsahibəsi

-Son zamanlar sizin rəhbərlik etdiyiniz Mehdi Hüseynzadə adına mərkəzi şəhər stadionunda yenidənqurma işlərinin aparılacağı söylənilir. Bu yöndə hansı işlərin aparılması nəzərdə tutulub?

-İlk öncə stadionda təmir-tikinti işlərinin aparılması haqda konkret qərar qəbul olunmalıdır. Bunun üçün isə stadionun təmir olunması sahəsində görüləsi ilk iş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər mərkəzi stadionun Gənclər, İdman və Turizm nazirliyinin baş idarəsindən alınaraq “Sokar”ın tərkibində olan “Azərikimya” istehsalat birliyinin balansına verilməsi məsələsidir. Bunun üçün lazım olan sənədləşmə işlərinin  həyata keçirilməsi ilə əlaqədar Sumqayıt şəhər rəhbərliyinə müraciət olunub.

Şəhər rəhbərliyi lazım olan prosedurları həyata keçirdikdən sonra yaxın vaxt ərzində bu haqda öz qəti qərarını verəcək. Bundan sonra AFFA-nın və “Sokar”ın dəstəyi ilə “Azərkimya” istehsalat birliyi bu stadionun təmirinə başlayacaq. Qeyd edim ki, “Sokar” və “Azərikimya” istehsalat birliyi birgə olaraq bu işə maliyyə vəsaiti ayıracaq. Son vaxtlar bu yöndə görülən işlər bizi də sevindirir və ümid edirik ki, tezliklə stadionun təmir-tikinti işlərinə start veriləcək.

-Son vaxtlar stadionun ot örtüyünün dəyişdiriləcəyi haqda xəbərlər yayılıb. Bu barədə nə deyə bilərsiniz?

-Doğrudur, mətbuatda bu haqda yazılıb. Ancaq gördüyünüz kimi, hələ ki bu yöndə ciddi bir yenilik yoxdu. Əvvəldə qeyd etdiyim kimi bu haqda qərar qəbul olunandan sonra ot örtüyünün dəyişdirilməsi görüləsi işlər arasında birincidir. Çünki arenanın qazonu öz istifadə müddətini bitirmək üzrədi. Bununla belə, arzu edərdik ki, stadionun ehtiyat meydançası da təmir olunsun. Artıq həmin meydança da öz dövrünü başa vurub.

Stadionun daxili imkanları hesabına azda olsa, yardımçı arenaya müəyyən qədər əl gəzdiririk. Ancaq burada köklü yenidənqurma işlərinə ehtiyac var. Komandaların məşq etməsi üçün lazımı şərait yaradılandan sonra əsas arenanın təmirinə başlanması daha məqbuldu. Eyni zamanda taxta oturacaqların plastik oturacaqlarla əvəz olunması, işıqlandırma sisteminin yenidən qurulması, paltardəyişmə və digər işlərin həyata keçirilməsi planlarımıza daxildir.

-Təmir işləri aparan təşkilat necə, tender nəticəsində müəyyən olunacaq?

-Təbii ki, bu işlər sivil qaydalara uyğun tender elan olunandan sonra burada qalib gələn şirkət tərəfindən aparılacaq. Təbii ki, buna maraq göstərən firmalar da var. Hansısa xarici şirkətin bu işi aparacağına gəlincə, onu deyə bilərəm ki, çox güman bu işləri Azərbaycanda digər arenaların tikintisi və təmiri ilə məşğul olan şirkətlərdən biri aparacaq.

-Əldə etdiyimiz məlumata görə, arenanın böyüdülməsi və tamaşaçı tutumunun 30 minə çatdırılmasını özündə əks etdirən bir layihə də hazırlanıb?

-Mənim bu haqda məlumatım yoxdu. Ancaq bu sahədə işə başladıqdan sonra biz bu və ya digər formada, istəyəcəkləri təqdirdə stadionun tamaşaçı tutumunun artırılması və onun müasir standartlara uyğun şəkildə tikintisi üçün təkliflər planımızı təqdim edəcik. Ola bilsin ki, “Azərikimya” istehsalat birliyi işlər başladıqdan sonra daha konkret açıqlamalar versin. Həm də arena dəniz kənarı kimi strateji bir mövqedə yerləşdiyi və futbolçular üçün vacib olan təmiz hava amili burada çox olduğuna görə “Azərikimya” ən son texnologiyalarını özündə əks etdirən müasir bir stadion tikəcək.

Sizi əmin edirəm ki, yaxın zamanlarda Sumqayıtda komandaların məşq keçməsi və yüksək səviyyəli futbol turnirlərinin təşkil edilməsi üçün çox gözəl bir şərait yaradılacaq. Öncə komandaların məşq etməsi üçün ilkin şərait yaradılacaq. Bunun ardınca isə digər işlər də tədricən həyata keçiriləcək.

-Stadionda işıqlandırma sisteminin biri aşdıqdan sonra, FHN-nin tikintiyə nəzarət idarəsi digər işıq dirəklərinin də durumu ilə bağlı konkret göstəriş verəcəydi. Bu barədə nə deyə bilərsiz?

-Bəli, adını çəkdiyiniz qurumun ekspertləri bu yaxınlarda arenaya baş çəkərək müvafiq yoxlamalardan sonra, 1966-cı ildən bəri istismarda olan bu işıqlandırma sistemlərinin gələcəkdə təhlükə törədə biləcəyi üçün yaxın vaxtlarda onların sökülməsinə dair qərar qəbul edəcəklərini bildirdilər. Ancaq onun sökülməsi də uzun çəkməyəcək. Stadionun təmir-tikinti işlərinə start veriləndən sonra, digər dirəklər də tədricən söküləcək.

-Sizcə ən yaxşı halda arenanın təmir-bərpa işlərinə nə vaxt başlanacaq?

-İlk öncə stadionun “Azərikimya” istehsalat birliyinə keçməsi həll olunduqdan sonra tez bir zamanda həmin işlərə start veriləcək. Ölkədə gedən iqtisadi inkişafın fonunda bu işlərin tez bir vaxtda başlanacağı və sürətlə davam edəcəyi şübhəsizdi. Xüsusən də paytaxta yaxın olan bir şəhərdə belə arenanın təmir olunması təqdirəlayiqdi.

İnanıram ki, yaxın vaxtlarda bu işlərə start veriləcək və şəhərimizin gəncləri bu arenanın xidmətindən yararlanaraq futbolda və digər idman növlərində əvvəlki ənənələrimizi davam etdirməklə yüksək nəticələr əldə edəcəklər. İşıq dirəkləri isə tədricən sökülərək, onların yerində daha müasir və yüngül işıqlandırma sistemləri qurulacaq.

-Təbii ki, bu işlərin müqabilində stadiona məxsus bir saytın da açılması nəzərdə tutulubmu?

-Bəli. Bu da mütləq olmalıdı. Bir müddət əvvəl bunu həyata keçirmək üçün aidiyyatı orqanlara müraciət etdik. Ancaq müəyyən maliyyə problemləri ilə əlaqədar bu iş axıra kimi həyata keçirilmədi. Ancaq kifayət qədər material bazamız var ki, Sumqayıt şəhər mərkəzi stadionuna aid sayt açılsın.Yaxın vaxtlarda çalışacıq ki, bu işi də yoluna qoyaq. QOL.az

Facebook Şərhləndirmə:

““Tezliklə Sumqayıt şəhər stadionu əsaslı təmirə bağlanacaq”” yazısına bir cavab

  1. Adil deyir:

    men ozum usaq futbolunda mesqci isleyirem. inaniramki gelecek illerde oz dogma seherim Sumqayitda isleyecem. Sumqayit futbolsuz qala bilmez. FORZE SUMQAYIT.

Şərhinizi yazın