Menu
Geri İrəli

Turistlər Sumqayıt bulvarı haqqında nə dedi?

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2017 • Baxış sayı: 491 dəfə • Şərh yoxdur
Share Button

bulvar66

“BİZİM DREZDEN SALAMIMIZI  ONA YETİRMƏYİNİZİ XAHİŞ EDİRİK”

Və yaxud jurnalist dəftərçəmdə Sumqayıt bulvarı haqqında bəzi fraqmentlər

Dənizdən əsən sərin meh insanların ruhunu, qəlbini təzələyirdi. Hava qaraldıqca Sumqayıt bulvarında neon lampaları yanmağa başladı. Ətraf bir anın içində çıraqbana döndü. Sanki qaranlıq öz yerini nur çırağına verdi. Burada istirahət edənlərin sayı olduğundan daha çox idi. Sumqayıtlılar və xarici qonaqlar Xəzərin möhtəşəmliyinə, bulvarın gözəlliyinə heyran idilər. Kimi restotranda, kimi kafedə, kimi idman meydançalarında, kimi də skamyalarda əyləşib istirahət edir, gündüzün istisini canlarından çıxarırdılar.

Xəzərin sahilinə axışan insanları valeh edən və təəccübləndirən son illər ərzində öz füsünkarlığı və cazibədarlığı ilə göz oxşayan Sumqayıt bulvarı idi. Bu sumqayıtlıların bulvarıdır. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında qısa bir müddətdə, heç kimin inanmadığı bir zamanda, salınan doğma bulvarımızın səsi-sorağı uzaq Braziliyadan gəldi. İldə bir dəfə dünyanın ayrı-ayrı ölkələrində salınan bulvar, park və xiyabanlar haqqında dünya içtimaiyyətinin diqqətinə çatdırmaq üçün xüsusu müsabiqələr təşkil olunur. Bu il Latın Amerikasında keçirilən müsabiqədə Sumqayıt bulvarı birinci yeri tutaraq qızıl medala layiq görülmüşdür. Bu xəbər bütün sumqayıtlıların qürur mənbəyinə çevrilmişdi. Elə mənimlə şəhər bulvarında həmsöhbət olan türkiyəli qonaq Hikmət Cevik də bu xəbərdən çox məmnun olduğunu bildirdi. O, Bakıda tikinti sektorunda çalışır. Onu Sumqayıta gətirən nə olmuşdur? H.Çevik belə dedi:

-Bir neçə ildir ki, Bakıda çalışıram. Sumqayıt haqqında eşitmişdim, lakin vaxt tapıb gələ bilməmişdim. Məni bura gətirən möhtərəm prezidentiniz İlham Əliyev cənablarının Sumqayıt bulvarını möcüzə adlandırması oldu. Bizdə, Türkiyədə də çoxlu parklar, xiyabanlar, bulvarlar var. Hamısı da öz gözəlliyi ilə seçilir. Sumqayıta gəlməyi qərara aldım. Əvvəlcə şəhəri gəzdim. Sumqayıtda böyük tikinti işləri aparılır. Bir inşaatçı kimi bu məni sevindirdi. Harada tikinti varsa, deməli, orada inkişaf var. Bulvarınız isə gözəldir. Sanki ayın bir parçası yerə xalı kimi döşənib, ulduzlar isə ətrafında bərq vuraraq, ona müxtəlif rəng qatırlar. Görünür, sizin başqanınız işgüzar adamdır. Halal olsun.

Sumqayıt şəhəri haqqında xoş sözləri kifayət qədər eşitmişəm və hər dəfə də qürur hissi keçirmiəm. 5 yaşından bu şəhərdə yaşayıram. Sumqayıt gözlərim qarşısında böyüyüb, inkişaf edib. 3-cü məhəllədə yaşadığımdam birləşmiş məhəllə, Səməd Vurğun adına mədəniyyət sarayı və sair mədəni-sosial obyektlər tikilməkdə idi. Sumqayıtın qurucuları olan Mehbalı Əmiraslanov, Kamran Hüseynov, Məzahir Abdullayev, Kamal Axundov, Sərvər Bədəlbəyli, Kərim Axundov, Ərşad Kərimov, Müzəffər Gülümov, Qəzənfər Quliyev, Sabir Rzayev və bir çox başqalarının əməyini bu gün unutmaq günah olardı. Onların əməyi danılmazdır. Biz sumqayıtlılar həmişə onlarla öyünmüşük və istərdik ki, gənc nəsil də Sumqayıtı qurub yaradanlar, onun dünəni, tarixi haqqında məlumatları olsun.

Bax, bu fikirlərlə bir gün yenidən şəhər bulvarına endim. Burada coxsayda adamlar istirahətə gəlmişdilər. Əyləşdiyim stolun arxasında çay içib Xəzəri seyr edirdim. Hava mülayim olduğundan dəniz sanku mürgü vururdu. Arxamda üc nəfər əyləşmişdi. Danışıqlarından hiss etdim ki, almanlardır. Maraq məni bürüdü. Çünki Sumqayıtla bağlı yanlarında oturmuş ortayaşlı, qarabuğdayı bir oğlan onların suallarına cavab verirdi. Bu, tərcüməçi idi. Ona müraciət etdim, yerli qəzetin baş redaktoru olduğumu deyib, alman turistləri ilə ünsiyyət yaratmaq niyyətimi bildirdim. Sözlərimi tərcümə edəndən sonra Almaniyadan gələn qonaqlar mənimlə həmsöhbət olmağa məmnuniyyətlə razılıq verdilər. Yanlarında əyləşdim. Almaniyanın Drezden şəhərindən gələn turistlər ər-arvad idilər. Kişinin adı Helmut, qadının adı isə Yeva idi. Hər ikisi təqaüddə olduqlarını bildirdilər.

-Sumqayıta xoş gəlmisiniz, – deyib onları salamladım. Az keçməmiş aramızda səmimi bir söhbət yarandı.

Drezden Almaniyanın sənaye şəhərlərindən biridir. Burada yüksək texnologiyalar, optik və tibbi avadanlıqları istehsal olunur və onlara tələbat dünyada ildən-ilə artır. Əhalisi yarım milyondan artıqır. Az-çox bilgilərimdən çox məmnun oldular. Onları isə ən çox maraqlandıran Sumqayıt şəhərinin qısa bir müddət ərzində belə sürətlə inkişaf etdiyi idi. İstər-istəməz onlara doğma şəhərimizin tarixi və inkişaf yolları haqqında ətraflı məlumat verdim. Deyəndə ki, oturub istirahət etdiyiniz bu şəhər bulvarı cəmi 8 aya tukilib və sumqayıtlıların ixtiyarına verilib, çox təəccüb etdilər.

-Drezdendə park və bulvarlarımız çoxdur, -deyə Helmut danışmağa başladı: – Ən gözəli isə “Qroser Qarten”dir.  Parkımızı tərifləməkdən çox-çox uzağam. Onu görənlər öz qiymətlərini veriblər. Bu, bizi sevindirir. Bu gün Sumqayıt bulvarındayıq. Hər şeyi gözlərimizlə gördük. Restoranlar, kafelər, uşaqlar üçün əyləncə mərkəzləri, idman meydançaları, yaşıl teatr və s. çox gözəldir. Dənizin sahilində salınması onu daha möhtəşəm və füsünkar edir. Belə bir dənizin sahilində “Yaxta” klubunun olmaması isə təəssüf doğurur, ola bilsin, bəlkə nəzərdə tutulub, deyə bilmərik, hər halda olması günün tələbidir.

-Sizin dediyiniz yaxta klubunun olması tezliklə gerçəkləşəcək. Burada limanın da tikintisi gedir. İnsanlar gəmilərdə dəniz səyahətinə çıxmağa imkan əldə edəcəklər, – deyə onlara yaxın gələcəkdə bu ərazidə hansı obyektlərin fəaliyyət göstərməsi haqqında məlumat verdim.

-Çox gözəl. Görünür, şəhərinizin meri uzaqgörən adamdır.

-Sumqayıtlıdır.

-O…Bu lap gözəl oldu. Bu şəhərin oğlu olasan, öz döğma şəhərini gözəlləşdirməyəsən, düzgün olmaz. Ona uğurlar arzulayırıq.

-Sağ olun.

-Bizim Drezden salamımızı ona yetirməyinizi xahiş edirik.

-Mütləq.

Alman qonaqları azərbaycanlıların qonaqpərvərliyindən, qohumcan olduqlarından, səmimi və mehriban münasibətdən çox danışdılar.

-Bulvarı gəzərkən burada istirahət edənlər bizim xaricdən gəldiyimizi görüb ayağa qalxır, çay içməyə, nahar etməyə dəvət edirdilər. Biz çox məmnun qalırdıq. Bəzən də utanırdıq. Bu qədər qonaqpərvər millətə az rast gəlmişik. Görünür, bu sizdə adət-ənənə belədir, – deyə Yeva səmimiyyətini gizlədə bilmədi.

-Bizdə qonağı həmişə əziz tuturlar və onu yuxarı başa keçirirlər.

-Gözəl adətdir.

Tərcüməci Arzuman bildirdi ki, “Bakıda onları toy məclisinə dəvət etmişdik, çox heyran qalmışdılar”. Bu haqda söhbət düşəndə Helmut dedi:

-Sizin toylarınız fantastikadır. Süfrəniz bol, milli xörəkləriniz biri-birindən fərqli, həm də dadlı, musiqiniz isə insanın ruhunu təzələyirdi. Biz özümüzü burada həm Avropada, həm də Şərq ölkəsində hiss etdik. İnsanların sifətlərində olan təbəssüm, səni tanımayanlar belə, sənə elə qulluq göstərirdilər ki, sanki uzun illərin dostlarıdırlar. Toydan böyük bir razılıqla, heyranlıqla çıxdıq.

Bəli, millətimizin, xalqımızın başqa millətin nümayəndələrini heyrətləndirmək üçün əlimizdə hər cür imkan və şərait var. Tariximiz, dünənimiz, dosta sədaqət, milli dəyərlər, adər-ənənələr, mədəni irsimiz, qonaqpərvərliyimiz və sair. Bütün bunların canlı şahidi olan xarici qonaqlar Azərbaycandan həmişə böyük razılıqla və zəngin təəssüratla ayrılırlar. Çünki burada, bəlkə də, öz diyarlarında görmədikləri isti münasibəti görür, sayılıb-seçilir, hörmət sahibi olur, buna da onlar heyran qalırlar.

Sumqayıt bulvarında Rusiyadan gələn turist Kalmıkovla, Belorus Juçkovla, gürcü Kitaşvili ilə, moldavan Maxoviklə olan söhbətlərim səmimi və maraqlı olduğundan Sumqayıtda, sumqayıtlılar və xarici qonaqlar üçün yaradılan şəraitə görə, dərin minnətdarlıqlarını bildirdiklərini oxucuların diqqətinə çatdırmaq istərdim.

Kalmıkov: -Gənclik şəhəri adlandırdığınız Sumqayıt çox xoşuma gəldi. Dənizin sahilində yerləşən restoranda nahar etdim. Mənə layiqli səviyyədə qulluq göstərildi. Şəhərinizin intensiv inkişaf edcəyinə inanıram.

Juçkov:-Dəniziniz gözəl, insanlarınız mehriban və gülərüzdürlər. Bulvarınız adamı valeh edir. Sumqayıtı tezliklə turizm mərkəzinə çevriləcəyinə inanıram.

Kitaşvili:-Biz qonşu dövlətlərik. Dinimiz ayrı olsa belə, dostluq münasibətlərimizi və ənənələrimizi həmişə qoruyub saxlamışıq. Hər dəfə Bakıya gələndə bunu hiss edirəm. Təkcə Bakı yox, elə Sumqayıtın özü də buna canlı sübutdur. Məni burada azərbaycanlı iş adamları öz dostları kimi qarşıladılar. Bulvarınıza da söz ola bilməz. Əhsən onu yaradana.

Məqaləyə yekun vurmamışdan əvvəl onu vurğulamaq istəyirəm ki, tez-tez dəniz kənarında olanda xarici qonaqların Sumqayıt haqqında xoş sözlərini eşidəndə, onları dəftərçəmə köçürür və bir qürur hissi keçirirəm. İstərdim ki, hər bir sumqayıtlı öz döğma şəhərini sevsin, onu inkişaf etdirməkdə əlindən gələni əsirgəməsin və həmişə onunla qürur duysun.

Eyruz Məmmədov,

Respublikanın əməkdar jurnalisti, xüsusi olaraq sumqayitxeber.com üçün

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın