Menu
Geri İrəli

ÜMİDSİZ YAŞAMAQ MÜMKÜN DEYİL, BU, HƏYATIN SONUDUR – Eyruz Məmmədovun həyat yolu – MÜSAHİBƏ(FOTOLAR)

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Yanvar 2017 • Baxış sayı: 1,261 dəfə • Şərh yoxdur

eyruz44

Eyruz Məmmədovu oxuculara tanıtmağa ehtiyac duymuruq. Onu doğma şəhərimizdə və respublikada yaxşı tanıyırlar. Yazıçı-publisist kimi qələmindən 20-dən çox kitab nəşr olunub, 6 sənədli filmin ssenari müəllifidir. Əsərləri türk, rus, alman, ingilis, ispan dillərinə tərcümə olunub. Bir neçə ədəbi-bədii mükafatların laureatıdır.

Bu gün Azərbaycanın Yazıçılar və Jurnalistlər birliklərinin, Rusiya Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvü, Respublikanın əməkdar jurnalisti E.Məmmədov  “Sumqayıtxəbər” portalının qonağıdır.

 -Eyruz müəllim, bu gün Sizin doğum gününüzdr. Sizi təbrik edir və uğurlar diləyirik.

-Çox sağ olun.

-Həyatınızın ömür kitabını vərəqləsək hansı illər Sizin üçün daha əzizdir?

-Bilirsiniz, birincisi, həyatda mənim üçün yaş məhdudiyyəti yoxdur. Bu haqda dəfələrlə demişəm, indi də təkrar edirəm. Mənim üçün Allahın mənə verdiyi ömür payı var və bu ömür payını yaşayıram. Qaldı sizin sualınıza, hər bir ilin öz gözəllikləri və problemləri olub. Onları biri-birindən ayırmaq istəməzdim.

-Siz xaraktecə neşə adamsınız?

-Nikbin. Bədbinləşən, həyatdan küsən və yaxud kimdənsə nəsə uman insanları xoşlamıram.

-Gələcəyə ümidlə baxırsınız?

-Ümidsiz yaşamaq mümkün deyil. Bu, həyatın sonudur.

-Həyatın sonu olacaqmı?

-Bəli.

-Nə vaxt?

-Nüvə silahları işə düşəndə. Təbiət öz balansını itirəndə o da insanlardan öz qisasını alacaq.

-Çox pessimist cavab oldu.

-Xeyr, dedim axı, mən optimistəm. Bununla belə, dünyada silah istehsalı ərzaq istehsalını üstələyib və dinamik şəkildə inkişaf edir. Bunun qarşısı alınmalıdır. İnsanlar dünyaya gəlirlər ki, azad və xoşbəxt yaşasınlar. Lakin onların xoşbəxtliyini əllərindən alırlar. Çox təəssüflər olsun.

-Çıxış yolu?

-Dünyada aclıq çəkən ölkə olmamalıdır. Birinin bankda milyardları var, biri isə çörək pulu tapa bilmir. Ədalətlidir? Yox! Bu dünyanın, onu idarə edənlərin ən böyük ədalətsizliyidir, bəlkə də cinayətidir. “Maykrasoft” şirkətinin prezidenti Bill Qeyts bir dəfə biznes-konqreslərin birində söyləmişdir ki, gəlin maddi imkanlarımızı, imkansızlarla paylaşaq, onları aclıq çəkməyə qoymayaq, təhsil verək, iş yerləri acaq. Həmin konfransda yüzlərlə milyarder və milyonerlər iştirak edirdi. Qeytsi müdafiə edən olmadı.

-Hər halda həyat şirindir və onu hər hansı kataklizmlərdən qorumaq lazımdır. Necə düşünürsünüz?

-Sizinlə razıyam. Dünyanın sonu ilə bağlı fikirlərim doqma deyil. İnanıram gec-tez ağıl, zəka gücə, silaha qalib gələcəkdir. Bu, müharibələr, inqlablar, çevrilişlər heç kimə xeyir gətirməyib. Burada F.Dostayevskinin bir sözü yada düşür: “Hətta ən böyük inqlablar bir balaca körpənin göz yaşlarına dəyməz”.

-Ötən illərə nəzər salsaq xatirələrinz Sizdə nostalji hisslər oyadırmı?

 
-Sözsüz. Yenə tarixi şəxsiyyətlərin birindən misal çəkmək istəyirəm. Bir gün dahi fransız yazıçısı Viktor Hüqodan soruşurlar ki, sizi yaşadan və gümrah saxlayan nə olub, o, cavab verib ki, mənim xatirələrim.

-Belə çıxır ki, sizin də maraqlı xatirələriniz var, eləmi?

-Əlbəttə. Bu baxımdan jurnalist sənətinə çox borcluyam.

-Mətbuatda neçə ildir ki, çalışırsınız?

-15 yaşından. 49 ildir.

-Sizin yaradıcılığınızda hansı qələm sahiblərinin əməyi daha çox olub.

-Sumqayıtda Sevil Bayramovaya, Oqtay Cəfərova, Xasay Cahangirova minnətdaram. Jurnalist kimi yetişməyimdə onların əməyi böyük olub. Bununla belə, həmişə respublika və sovetlərin vaxtında Moskvada çalışan və öz yazıları ilə mənə bir növ qiyabi müəllimlik edən jurnalistlər çox olub.

-Adlarını çəkə bilərsiniz?

-Məmnuniyyətlə. İlk növbədə öz peşəkar jurnalistlərimizi qeyd etmək istəyirəm. Nurəddin Babayev, Valid Sənani, Rasim Ağayev, Aqşin Babayev, Siyavuş Sərxanlı, Tofiq Rüstəmov, Rəfayel Nağıyev. Rusiya mətbuatından isə “Pravda”qəzetinin müxbirləri Yuri Jukov, Boris Strelnikov, “İzvestiya” qəzetini müxbirlərindən Tatyana Tess, İlya Aqranovski, Melor Strua, “Literaturnaya qazeta”nın müxbirlərindən J.Çaykovskaya, Y.Şekoçixin, İ.Andronov, D.Baksberk, teleaparıcılardan V.Zorin, B.Kalyaqin, V.Kaverznev, İ.Fesunenko, İ.Zubkov və başqaları. Adlarını çəkdiyim jurnalistlərin hər birindən nəyisə öyrənmişəm. Jurnalist olmaq üçün təkcə nəzəriyyə kifayət etmir. İnsanları düşündürən problemli yazılar nəzəriyyə ilə praktikanın vəhdətini təşkil etməlidir. Oxumaq, öyrənmək ayıb deyil, oxumamaq, öyrənməmək ayıbdır. Təəssüflər olsun ki, jurnalist olmaq həvəsində olan gənclərimizin bir qismi az mütaliə edirlər. Bir dəfə mənim tələbələrlə görüşüm oldu. Gələcəkdə jurnalist olmaq istəyirdilər. Qızların birindən soruşdum ki, Hüseyn Cavidin hansı əsərini oxumusan? Çiyinlərini çəkdi. Digərindən soruşdum ki, C.Cabbarlının “Od gəlini” pyesini oxumusanmı? Cavab verdi ki, yox. Bu, məni çox təəssüfləndirdi. Mən hələ rus və dünya klassik yazıçıların əsərlərini demirəm. Oxumadan, söz ehtiyatına malik olmadan, yaxşı jurnalist olmaq çətindir. Mayakovskinin gözəl bir kəlamı var: “Söz insan qüdrətinin böyük sərkərdəsidir”.

-Siz yüzlərlə, bəlkə də minlərlə insandan müsahibə götürmüsünüz. Aralarında bildiyimizə görə ölkə prezidentləri, baş nazirlər, kəşfiyyatçılar, alimlər, yaradıcı adamlar, sıravi vətəndaşlar da olub. Sizcə ən maraqlı müsahib kim olub?

-Mənim jurnalistik həyatım çox zəngin olub. Bir çox maraqlı insanlardan müsahibə almışam. Mərhum prezidentimiz Heydər Əliyev, Kommunist Partiyasının rəhbəri M.Qorbaçov, Mərkəzi Komitənin katibləri Yakovlev, Liqaçov, SSRİ Ali Sovetin sədri Lukyanov, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kruçkov, Müdafiə naziri D.Yazov, SSRİ xalq yazıçısı Markov, dünya şöhrətli bəstəkarlardan N.Xrennikov, D.Kabalevski, SSRİ Elmlər Akademiyasının prezidendi Keldış, kosmonavt-təyyarəçi Titov, xalq yazıçı və şairlərimizdən Mirzə İbrahimov, Əli Vəliyev, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, xalq artistləri Nəsibə Zeynalova, Barat Şəkinskaya, Əliağa Ağayev, Rza Əfqanlı və sair. Hər bir müsahibin özünəməxsus cavabları olub. Ən maraqlı müsahib isə akademik Azad Mirzəcanzadə idi. Bu, dünyamiqyaslı alimlə söhbət etmək bilsəniz insanı necə də saflaşdırırdı, sanki adamın qanı durulaşırdı. Ona qulaq asmaqdan doymurdum.

-49 il ərzində yazdıqlarınızın hamısından razısınızmı?

-Xeyr. Mən sovetlərin vaxtında böyümüşəm, təhsil almışam, kommunist ideologiyasına xidmət etmişəm. Bəzi məqalə və oçerklər məni bir müəllif kimi razı salmayıb. Bunu etiraf edirəm.

-İlk məqalənizi xatırlayırsınızmı?

-Bəli. Onu heç bir vaxt unuda bilmərəm. Bunun da maraqlı tarixçəsi var. İnanmazsınız, İlk məqaləm Polşanın Varşava şəhərində dərc olunb.

-Maraqlıdır, bu necə baş verib?

-15 yaşım var idi. 9-cu sinifdə oxuyurdum. O vaxtlar sosialist ölkələrin tələbələri ilə dostluq əlaqələri yaradılırdı. Sinif rəhbərimiz içəri daxil oldu. Bir neçə nəfəri ayağa qaldırdı. Bolqarıstanda, Macarıstanda, Çexiyada orta məktəblərdə təhsil alan şagirdlərin ev ünvanlarını verdi və tapşırdı ki, onlarla məktublaşsınlar. Mənə isə Varşavada nəşr olunan “Gənclik və Zaman” jurnalı düşdü. Düzü bir az da inck oldum. Hamıya konkret ünvan verildi, mənə isə jurnal. Nə isə. Bir gün evdə oturmuşdum. Qərara gəldim ki, jurnala bir məktub yazım. Doğma şəhərimizdən, orta məktəbdən, müəllimlərimizdən, dostlarımızdan bir məqalə yazıb jurnala göndərdim. Üstən bir neçə ay keçdi. Bir gün poçtuma bir məktub daxil oldu. Zərfi acdım, vərəqi çıxartdım, lakin oxuya bilmədim. Polyak dilində idi. O saat anladım ki, məqaləmi çap ediblər. Ertəsi gün 3 məktub aldım. İkisi rus dilində idi. Məktubdan aydın oldu ki, mənim məqaləmi jurnal həqiqətən dərc edib. Bir ay ərzində Polşanın müxtəlif regionlarından 100-dən çox məktub aldım.

-Kiminləsə məktublaşırdınız?

-Bəli. Fasiləsiz olaraq 3 nəfərlə 10 il məktublaşdıq. Bu mənim həyatımda ən maraqlı məqamlardan biri idi.

-Siz ayın 13-də anadan olmusunuz. Nəs rəqəmə münasubətiniz?

-Birincisi mən əlamətlərə inanmıram. İkincisi, 13 rəqəminə qalsa bu rəqəm mənə düşərlidir. Həyata gəlməyimin özü buna sübutdur. Bəzən kiminsə qabağından qara pişik keçən kimi geri qayıdır. Deyir, işim düz gəlməyəcək. Bu, mənə gülünc gəlir.

-Sizin qabağınızdan keçsə, necə?

-Yoluma davam edirəm. Universitet illərində “Наука и жизнь” jurnalında əlamətlərlə bağlı alimlərin çıxışları dərc olunmuşdu. Fikirlər müxtəlif idi. Orada çəkilən bir misal indiyədək yadımdadır. İspaniyada bir kişi evdən çıxanda qarşısına qara pişik çıxır, o, geri dönüb evə qayıdır. Yolda lotoreya tapır və bir milyon amerika dolları udur. İndi siz fikir verin, həmin kişi qara pişikdən ehtiyat edib geri qayıtması ona uğur gətirdi, yoxsa uğursuzluq?

-Bədii yaradıcılığınızla bağlı sual vermək istəyirəm. Nə üzərində işləyirsiniz?

-“Zöhra və Kənan” adlı romanım artıq satışdadır. “Qaranlığın çırağı”  romanım isə “Azəri” nəşriyyatında çap olunur.

-Sirr deyilsə, mövzusu haqda bir neçə kəlmə deyərdiniz.

-Sirr deyil. Bir kor qızın həyatından bəhs olunur.

-1988-ci ildə Sumqayıtda baş verən hadisələrlə bağlı sizin professor Ramazan Məmmədovla birlikdə yazdığınız “Cinayət və cəza” kitabı beş dilə tərcümə olunub. Xaricdə kitaba reaksiya necədir?

-Birmənalı deyil. Bu da təbiidr. Loyal mövqedən yanaşanlar daha çoxdur. Erməni siyasətçiləri, politoloqları, millətçi qüvvələr mənim bütün nəşr etdirdiyim kitabları kəskin tənqid atəşinə tuturlar. Bunu elektron poçtuma daxil olan məktublar sübut edir.

-Adətən sizi nədə günahlandırırlar?

-Guya mən KQB-nin agentiyəm, hansısa klanın üzvüyəm və yaxud hansısa xarici dövlətin sifarişi ilə yazılar yazıram və sair. Ünvanıma ədəbsiz sözlər yazırlar, söyürlər, təhqir edirlər, hətta Osipyan familiyalı birisi Armavirdən mənə qərəzli bir məktub yazmışdı. Ürəyini boşaldandan sonra qeyd etmişdi ki, sizin kimilərinin barmaqlarını kəsmək lazımdır ki, erməni xalqına böhtan atmayasınız.

-Sizin reaksiyanızı bilmək olar?

-Bilirsiniz, mən onların heç birinə cavab yazmıram. Əgər onlar kitablarımı oxuyub mənə məktub yazırlarsa, deməli, mənim sözlərim hədəfə dəyib və onları qıcıqlandırıb.

-Ədəbi mühitdə olan qalmaqallara münasibətinizi bilmək maraqlı olardı.

-Mən qalmaqal deməzdim. Hər bir yazarın öz dəst-xətti var. Hamıya hörmətlə yanaşmaq lazımdır. Seçim oxucunundur.

-Bəs bu dedi-qodular, qısqanclıq, paxıllıq…

-Bunlara təbii baxıram. Bu bütün zamanlarda olub. Misallar çoxdur. Şekspir Şiller, Lev Tolstoy Turgenyev, Mayakovski Pasternak və sair. Bu tarixi şəxsiyyətlər arasında da qısqanclıq olub. Bununla belə, onlar şedevrlər yaradıblar. Mən həmişə sağlam qısqanclığın tərəfdarı olmuşam. Paxıllığa isə nifrət etmişəm.

-1957-ci ildən Sumqayıtda yaşayırsınız? Sumqayıt Sizin üşün nədir?

-Sumqayıt mənim üçün dünyanın ən gözəl, yaraşıqlı və doğma şəhəridir. Bir çox ölkələrdə olmuşam. Gözəl şəhərlər görmüşəm. Bununla belə, Sumqayıtı əvəz edən ikinci şəhər görməmişəm. Bu, ola bilsin, mənim subyektiv fikrimdir. Hər halda, bu belədir.

-Son abadlıq işlərinə münasibətinizi bilmək istərdim.

-Ürəkaçandır. Bilirsiniz Sumqayıta can yandıran, onun təəssübkeşi olmalıdır. Mən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovu tərifləməkdən çox-çox uzağam. Kifayət qədər tərif olunub. Onu 40 ildir ki, tanıyıram. Bu insan Sumqayıtın əsl təəsübkeşidir. Bunu əməli işlə sübut edib. Şəhərdə görülən işləri sadalamaq istəmirəm. Hər şey göz qabağındadır. Sumqayıt bulvarını qısa bir zamanda yaratmasını ancaq alqışlamaq lazımdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbirincə desək “bu əsl möcüzədir”.

-Siz dünyaya başqa bir zaman kəsiyində gəlsəydiniz, misal üçün 50 ildən sonra, nəyin şahidi olmaq istərdiniz?

-Bilirsiniz, mənə elə gəlir ki, mən elə vaxtında doğulmuşam. Tarixdən bir misal çəkmək istəyirəm. Alman filosofu və şairi Höte qələm dostları ilə söhbətində deyib ki, mən yeddi illik müharibənin, Napoleonun Vaterlooda olan məğlubiyyətini, saray çevrişini, Şekspiri, Şilleri öz gözlərimlə görmüçəm, bütün bunların canlı şahidi olmuşam. Əgər 50 il sonra anadan olsaydım, bütün bunları kitablardan oxuyacaqdım.

Təvazökarlıqdan uzaq, əgər mən də anadan 50 il sonra dünyaya gəlsəydim, Azərbaycanın müstəqilliyini, iqtisadi və mədəni inkişafını, kommunist partiyasının süqutunu, tarixi şəxsiyyətləri ancaq dərsliklərdən öyrənə bilərdim. Çox yaxşı ki, hər şeyi gözlərimlə gördüm, maraqlı insanlarla ünsiyyətdə oldum. Bunun özü bir xoşbəxtlikdir.

 Müsahibəni apardı: Arif Ərşad

Azərbaycan Yazıçılar Birliyinin üzvü

“sumqayitxeber.com”

img004

1 2 4
nesibe-z

img001
img013 img017 img021 img041 img042 img050

 

12767735_960905627336950_2130634709_n

13472405_1039658882794957_938957555_n

13414569_1034284556665723_40011559_n

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın