Menu
Geri İrəli

Vətənə xidmətini tatamidə davam etdirən sumqayıtlı qəhrəman – PORTRET

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2014 • Baxış sayı: 696 dəfə • Şərh yoxdur
Share Button

Zirvənin yolunu gözüyumulu tapan İlham Zəkiyev həyat yolu ilə gənclərə əsl nümunədir

Həyat yolu ilə gənclərə nümunə olacaq idmançı axtarışında ən yaxın ünvan odur. Bu qədər mübarizlik üçün enerjinin, əzmin haradan alındığı hələ məlum olmayan, dünyada istənilən insana onu nəzərdə tutaraq “bax, o bacardısa, sən də bacara bilərsən” deyiləcək biridir. İkiqat paralimpiya, ikiqat dünya, 5 qat Avropa çempionu, əməkdar idman ustası, “Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Heydər Əliyev” Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatları laureatı – Zəkiyev İlham Əzizağa oğlu. Əsl qəhrəman…

Güləşçi, cüdoçu, samboçu…

3 mart 1980-ci ildə Sumqayıtda sıravi zavod işçisinin ailəsində anadan olan İlham, daha 3 qardaş və bir bacının qardaşıdır. Uşaqlıqdan idmana həvəs göstərməsi təbiidir. Oxuduğu 5 saylı orta məktəbdə olduğu kimi, bütün Sumqayıtda güləş, ya futbolla maraqlanmaq bir növ ənənədir. Üstəlik, böyük qardaşı Fikrət də güləşlə ciddi məşğul olduğundan, Zəkiyevin onun yolunu getməsi gözlənilən idi. Bir müddət sonra məşqçiləri Rusiyaya getdiyindən o, idman növünü dəyişib cüdoya keçməli olur. Bu dəfə birdəfəlik. Əməkdar məşqçi Əhməddin Rəcəblinin rəhbərliyi altında çalışmalara başlayan İlham, Sumqayıt çempionu olandan sonra eyni uğuru gənclərin Azərbaycan çempionatında təkrarlayır. Üstəlik, universallığı ona sambo üzrə yeniyetmələr arasında Respublika birinciliyinin qalibi olmaq imkanı da verir. İdmançı 1998-ci ildə Moskvada keçirilən Yeniyetmələr Olimpiadasına qatılmaq istəsə də, yaşı cəmi 1 ay keçdiyindən burada iştirak edə bilmir. Hərbi xidmət vaxtı yetişir.

Düşmən gülləsi

Xidmətini Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində yerinə yetirir. Fiziki cəhətdən güclü olmasına görə o, digər yoldaşlarından seçilirdi. Məsuliyyətli və dözümlü olan İlhamı kəşfiyyatçı təyin edirlər. O, bir çox təhlükəli döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gələn əsgər Zəkiyev, yeddi ay orduda nümunəvi xidmət edir, fəxri fərmanlar alır. 1999-cu ilin fevral ayında növbəti dəfə döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş nəticəsində İlham yaralanır. Güllə onun başına dəyir, sol gicgahından girərək sağ gicgahından çıxır. İlham aldığı yaradan komaya düşür.

Ana səsi

Beş günlük komadan onu anası Raziyyə xalanın səsi oyadır. Həkimlərin “heç bir şans yoxdur” deməsi belə, onu yolundan döndərmir. Otağa girən kimi “İlham, İlham” deyir, söz bitən kimi “Üşüyürəm” cavabını alır. Tez əynindəki jaketi çıxarıb onun üstünə salan ana, isti çayla oğlunun qızışdırmağa çalışır. “Cənnət analarına ayaqları altındadır” cümləsi əbəs yerə deyilməyibmiş. Tibbin gücsüz olduğu yerdə hisslər öz işini görür.

19 yaşında zülmət

Lakin komadan çıxdıqdan sonra məlum olur ki, İlham görmə qabiliyyətini tamamilə itirib. Həkimlər hətta belə bir ölümcül yaradan sonra onun sağ qalmasını möcüzə sayırdılar. Bütün göstərilən səylərə baxmayaraq? İlhamın görmə qabiliyyətini qaytarmaq mümkün olmur. İlham Zəkiyev birinci dərəcəli Qarabağ əlili kimi evə dönür. Bu zaman onun hələ 19 yaşı tamam olmamışdı.

Daha bir zərbə və idmana dönüş

Görmə qabiliyyətini itirmək hər kəs üçün faciədir. Dünya işığına həsrət qalmaq ən yaşlı adamı belə mənəvi cəhətdən məhv edə bilərdi, nəinki gənc birisini. Dünən sən enerji dolu idin, çempionluq xəyalları qururdun, yavaş-yavaş onlar bəlkə də xəyaldan reallığa çevrilmək üzrə idi, bu gün isə… Ancaq İlham sınmır. Bir müddət başverənlərlə barışmaq istəməsə də, ailəsinin və yaxın dostlarının dəstəyi ilə taleyini qəbul edir. Daha doğrusu, onun uğurunda mübarizəyə başlamaq qərarına gəlir.
İlk dəfə 2002-ci ildə bir təsadüf nəticəsində Milli Paralimpiya Komitəsi barədə eşidən İlham, müalicəsiylə bağlı İdman Nazirliyinə müraciət edir. Nazir Əbülfəz Qarayev dövlət başçısına bu haqda məruzə edir, o da idmançını Moskvaya müalicəyə göndərmək tapşırığı verir. Zəkiyev orada tam müayinədən keçsə də, həkimlər “bugünkü gün tibbdə sənə görmə qabiliyyətini qaytaracaq texnologiya yoxdur” deyirlər. Vətənə kor-peşman dönən İlham, yenə də qollarını yanına salmır. Sabiq məşqçisi Əhməd Rəcəblinin yanında, bu dəfə Paralimpiya cüdosu ilə məşğul olmağa başlayır. Təcrübəli mütəxəssis onu tatamiyə qaytarır, çempionluq ruhu aşılayır.

199 saniyəyə Olimpiya çempionu!

İlham ilk dəfə beynəlxalq tatamiyə 2003-cü ilin avqustunda, Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi olan İnsanların ikinci Dünya Çempionatında çıxır. Püşk ona çox çətin rəqiblər qismət edir. Yalnız yarımfinalda kubalı dünya çempionuna yenilən Zəkiyev, 2004-cü il Afina Paralimpiya Oyunlarına vəsiqə qazanır. Azərbaycanı bu mötəbər yarışda təmsil edən yeganə cüdoçu olan İlhamın Yunanıstandakı macərası da maraqlı olur. Belə ki, Afinada ilk qarşılaşdığı idmançı Kvebekdə məğlub olduğu həmin kubalı olur. Cəmi 100 saniyədə rəqibini üstələyib yarımfinala çıxan həmyerlimiz, bu mərhələdə ispan idmançını cəmi 37 saniyədə diz çökdürür. Finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə 62 saniyədə qalib gələrək Paralimpiya çempionu olur! İşığın zülmət üzərindəki qələbəsi bu olsun gərək…

9 ildə daha 9 qələbə

Bundan sonrakı 9 il ərzində daha bir Olimpiya çempionluğu və bürüncü, 5 Avropa və iki dünya çempionluğu gəlir. “Tataminin kralı”nın nailiyyətləri dövlətin də gözündən qaçmır. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Azərbaycan idmanındakı uğurlarına görə İlham Zəkiyev 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif edilir, 2009-cu ildə isə Əməkdar İdman Ustası fəxri adı verilir.

Zirvə hələ fəth olunmayıb!

Bu qədər uğurdan sonra belə, İlham dayanmır. Gərgin məşqlərini Milli Paralimpiya Cüdo yığmasının baş məşqçisi İbrahim İbrahimovun rəhbərliyi altında davam etdirən çempion, 2016-cı il Rio-De-Janeyro Olimpiadasında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq niyyətindədir. Məşqçisi ondan çox razıdır: “İlhamın əzmkarlığına, mübarizliyinə, qələbə istəyinə, idman sevgisinə söz ola bilməz. O, ölkəsini sevən, vətənpərvər biridir və daima Azərbaycanı layiqincə təmsil etməyə hazırdır. Biz onu görmə qabiliyyətini itirmiş kimi qəbul etmirik. Onu özümüzdən biri sayır, elə də münasibət bəsləyirik. İlham özü də bu problemini bildirmir. Kənardan izləsəniz, onun görüb-görmədiyini müəyyənləşdirmək mümkün olmaz”.

Əsl vətənpərvər!

Zəkiyevin həyat kriteriyasına çevrilən bir cümlə, “əsl vətənpərvər kimdir” sualı veriləndə məhz onu yadımız salır: “Hərbidə qulluğum yarımçıq qaldı, amma bu gün tatamidə bu qulluğumu davam etdirirəm. Hər dəfə Azərbaycanın bayrağı dalğalananda, himnimiz oxunanda mən fəxr edirəm, qürur duyuram”.

Xoşbəxt ailə həyatı

Bütün idmançılara ən böyük dəstək həmişə ailələri tərəfdən gəlir. Görmə qabiliyyətini itirsə də, onu sevənləri, sevdiklərini itirməyib qəhrəmanımız. İlham Zəkiyev 2005-ci ildə, hələ əsgərlikdən öncə gördüyü, tanıdığı və sevdiyi qızla ailə həyatı qurub. Toy günündə ölkə prezidentindən də təbrik məktubu alan idmançının hazırda 3 övladı var: iki oğul, bir qız. Adları da İlkin, Həmzə və Aynurdur.
İlham Zəkiyev ailəsinə bağlı biridir. Övladları onu həyata bağlayan ən böyük qüvvədir desək, yanılmarıq. Qızı Aynur, atasının “Qızım, sən atanın nəyisən” sualına hər dəfə “Gözləri…” cavabını verir.
Yəqin ki, qələbələrin sirri də burdadır. O, gözlərini yalnız fiziki cəhətdən itirib. Mənəvi baxımdan isə dünyanın bütün rəngləri hər gün yanındadır, onu sevindirir, ona güc-qüvvət verir. İnsan xoşbəxtdirsə, sevirsə, sevilirsə, istənilən zirvəni fəth etməyə qadirdir. İlham Zəkiyevin simasında bunu asanlıqla görə bilirik.

Portreti

Əslində, onun həyat portretini çəkmək o qədər də çətin deyil. Başına gələn bədbəxt hadisədən sonra təslim olmayaraq arzusunu gerçəkləşdirə bilməsi, İlham Zəkiyevin döyüşçü ruhunu ortaya çıxarır. O, zirvəyə Azərbaycan bayrağını sancmağa çalışan alpinist kimi özünə yeni hədəf seçir. Görmə qabiliyyətini itirməsinin isə heç bir əhəmiyyəti yoxdur. Çünki o, zirvənin yolunu gözüyumulu bilir.

Kənan Məstəliyev , “Kaspi qəzeti”

ilham zakiyev ilham zekiyev ilham-zakiyev

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın