Menu
Geri İrəli

Xarici mütəxəssislərə «dərs» verən sumqayıtlı kimyaçı – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2014 • Baxış sayı: 471 dəfə • Şərh yoxdur



_DSC592420 sentyabr Azərbaycan neftçiləri günüdür

 ULU ÖNDƏR H.ƏLİYEVİN XÜSUSİ TAPŞIRIĞINI  UĞURLA YERİNƏ YETİRƏNxarici mütəxəssislərə «dərs» verən sumqayıtlı kimyaçı

 1981-ci ildə Ulu öndər Heydər Əliyevin xüsusi tapşırığının çatdırılması və yerinə yetirilməsi üçün sulfanol istehsalatının rəisi Zülfi Sadıxov müəssisə rəhbəri ilə birgə təcili olaraq Bakıya – Mərkəzi Komitəyə çağırılmışdı

 O vaxt Zülfi Sadıxov cəmi bir il idi ki, Sumqayıt «Kimyasənaye» İstehsalat Birliyinin əsas istehsalatı olan birinci sulfanol istehsalatına başçılıq edirdi. Hələ zavoda yenicə işə qəbul olunaraq çilingər işlədiyi ilk günlərdən özünün işgüzarlığı və bacarığı, işə son dərəcə məsuliyyəti ilə seçilən gənc Zülfi müəssisədə çalışdığı sonrakı illər ərzində həm də mühən­dis-texnoloq kimi əldə etdiyi böyük təcrübə, eyni zamanda ona xas olan tələbkarlığı və prinsipiallığı, təşkilatçılığı sayəsində qısa bir müddətdə istehsa­latı nəinki gerilikdən çıxar­mağı bacarmış, hətta ilk dəfə olaraq onu layihə gücünə çatdıra bilmişdi. İstehsalatın məhsuluna – keçmiş SSRİ-də yalnız Sumqayıtda istehsal olunan, yuyucu vasitələrin hazır­lan­masında əsas xammal rolunu oynayan sulfanola o zaman İttifaqın bütün respublikala­rında tələbat böyük idi. 100-dən artıq ünvana göndərilən sülfanolun yuyucu vasitələr isteh­sal edən müəssisələrə daşınması üçün Z.Sadıxovun çalışdığı Sumqayıt «Kimyasənaye» İstehsalat Birliyinin dəmiryol qovşağında daim böyük növbə olardı.

O zamanlar İttifaqda bir çox ərzaq və sənaye məhsullarının çatışmazlığı ilə üzləşərək, iqtisadi böhran narahatlığı keçirən Kreml rəhbərliyi üçün əhalinin tələbatının böyük olduğu yuyu­cu vasitələrlə bağlı daha bir problemin də yaranması arzuolunmaz idi. Məhz bu səbəb­dən SSRİ-də sulfanolun yeganə istehsalçısı olan Sumqayıt «Kimyasənaye» İB-nin fəaliyyə­tini Moskva daim diqqət mərkəzində saxlayırdı. Həmin dövrdə Birliyin Baş direk­torunun kabinetində «hökumət telefonu»nun Moskvadan və Bakıdan olan zəngləri əksər hallarda sulfanolla, onun istehsalının artırılması tələbi ilə bağlı olurdu. Həmin gün axşama yaxın edilən zəng isə Bakıdan – Mərkəzi Komitədən idi. Belə zənglər zamanı adətən «istehsalat söhbətləri» müəssisə rəhbərləri ilə aparılardı. Ancaq bu dəfə Birliyin Baş direk­toru Əliş Mustafayevlə yanaşı sulfanolun istehsalına bilavasitə cavabdeh olan isteh­salat rəisləri – Zülfi Sadıxov və Akif Məmmədov da MK-ya dəvət edilmişdilər. Hər iki isteh­sa­latın rəislərinin də «yuxarıya» çağırılması məsələnin ciddiliyindən xəbər verirdi.

Azərbaycanın o vaxtkı Mərkəzi Komitə katibi Həsən Seyidov Baş direktor Əliş Mus­ta­fa­ye­vi və sulfanol istehsalatlarının rəislərini mehribanlıqla qarşılamış və birbaşa mətlə­bə keçə­­rək bildirmişdi ki, Moskva «kişiyə (əlbəttə ki, o, Ulu öndərimiz Heydər Əliyevi nəzərdə tuturdu) rahatlıq vermir, sulfanolun istehsalını artırmağı tələb edir. SSRİ-nin hər yerindən tez-tez zənglər olunur, sulfanol istəyirlər. İşi daha da gücləndirmək lazımdır. Çalışın məhsu­lun istehsalını maksimum çoxaldasınız…»

ZULFI1

Məsələ onda idi ki, sulfanolun istehsalında hər hansı bir problem və ya ləngimə olur­dusa, keçmiş İttifaqın onlarla müəssisəsinin işində ciddi əngəl törənir, boşdayanmalar yara­nır, istehsalçılarından birinin həm də Sumqayıtın Məişət kimyası zavodunun olduğu yuyucu vasitələrin çatışmazlığı ölkədə müəyyən narazılığa səbəb olurdu. Bu isə Kremldə «baş ağrısına» çevrilir, Bakıya edilən zənglər ara vermirdi.

Sulfanol məsələsi həm də ona görə narahatlıq doğururdu ki, Z.Sadıxovun rəhbərlik et­diyi birinci kompleks plan tapşırıqlarını artıqlaması ilə yerinə yetirsə də, sonradan inşa edi­lə­rək böyük ümidlər bəslənilən ikinci sulfanol istehsalatı layihədə yol verilmiş bəzi qeyri-dəqiqliklər üzündən nəzərdə tutulduğundan az məhsul istehsal edirdi. Bununla bağlı müəs­sisənin vəziyyətini yaxşı bilən, ən başlıcası – xalqımızın görkəmli oğlu Heydər Əliyevə daim böyük məhəbbət və ehtiram bəsləyən, onun adını hər zaman uca tutmağa çalışan Zülfi Sadıxov hələ həmin axşam Bakıdan Sumqayıta qayıdarkən – bütün yolboyu hər şeyi götür-qoy edir, vəziyyətdən çıxmağın, ölkə rəhbərinin tapşırığını layiqincə yerinə yetirməyin ən optimal variantı üzə­rində düşünürdü. Bir şey onun üçün tam aydın idi – yeni istismara verilmiş ikinci isteh­salatda işin tezliklə qaydaya düşməsinə bel bağlamaq olmazdı. Deməli, əsas güc və məsu­liyyət onun rəhbərlik etdiyi birinci istehsalat kollektivinin üzərinə düşə­cəkdi.

Elə səhərisi gün o, istehsalatda işin daha səmərəli aparılması, texnoloji prosesin ahəng­darlığının təmini və məhsul çıxımının daha da artırılması ilə bağlı müvafiq tapşırıqlarını vermiş, öz «komandası» ilə birgə gecəli-gündüzlü, istirahətsiz çalışaraq, verilmiş xüsusi tapşırığın həmin ərəfədə şərəflə yerinə yetirilməsinə nail olmuşdu. Nəzərdə tutulan 5500 tona qarşı kollektiv hər ay plandan əlavə ən azı 1000 tona yaxın sulfanol istehsal edərək, istehsalçı müəs­si­sə­lərə göndərirdi. Hətta Z.Sadıxovun texnoloji qurğuların maksimum gücü ilə işləməsinə nail olması, yüksək təşkilatçılığı, bütün potensial imkanlardan səmərəli isti­fadə etməsi sayəsində istehsalatın kollektivi iki «beşillik» ərzində də planı artıqlaması ilə yerinə yetirərək, müəssisənin həmin dövrdə o vaxtkı kursla 160 milyon ABŞ dollarından çox təmiz gəlir əldə etməsinə nail olmuşdu.

- Hesab edirəm ki, Ulu öndərimiz Heydər Əliyevin xüsusi tapşırığını uğurla yerinə yetir­məyi bacarmışamsa, öz işimlə, əməyimlə nə zamansa az da olsa onun rahatlığına xidmət edə bilmişəmsə, deməli, mən xoşbəxt adamam. Bundan duyduğum böyük qürur, iftixar bütün ömür boyu bəsimdir, – deyə veteran kimyaçı məmnunluğunu gizlətmir.

Bəli, Azərbaycanın Əməkdar mü­hən­disi, respublika Dövlət mükafatı laureatı, istehsalata tətbiq olunmuş 300-ə qədər səmərələşdirmə təklifinin və bir sıra  qiymətli ixtiranın müəllifi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, «Qırmızı Əmək Bayrağı» ordenli tanın­mış kimyaçı Zülfi Sadıxov ölkə kimyasının inkişafına həsr etdiyi yarım əsrlik əmək yolu haq­qın­da geniş danışmağı xoşlamasa da, yalnız bir epizodu – unudulmaz, dahi şəxsiyyətin Azər­baycana rəhbərlik etdiyi ilk dövrlə bağlı və bilavasitə özünə aid olan bu epizodu daim böyük fəxr və qürur hissi ilə xatırlayır.

1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində dünyaya göz açmış Zülfi Kazım oğlu Sadıxov uzun illərin – 60 ildən də çox bir dövrün arxa­sında qalmış 1959-cu ildə dünyanın ən gözəl yurd yerlərindən birində – o yerlərin oğul­larına daim qürur və ye­nil­məzlik hissi aşılayan Qoşqar dağının əzəmətinə söykənən Miskinli kəndində orta məktəbi əla qiymətlərlə bitirmişdi. Lakin Bakıya yola düşən gənc Zülfi o zaman nəinki müəllimlərini və yaşıdlarını, hətta bütün kənd camaatını heyrətdə qoymuşdu. Həmin il bilik səviyyəsinə görə məktəbin birincisi olan, orta təhsilini qızıl medala layiq bitirmiş Zülfi yaşıdlarından fərq­li olaraq, öz biliyi, istedadı ilə hər hansı bir ali məktəbə problemsiz qəbul olunmaq gü­cün­də olsa da, nədənsə Sumqayıta, burada yaşayan dayısının yanına gələrək, sənədlərini Sumqayıt Kimya-Texnologiya texnikumuna vermişdi. Baxma­yaraq ki, hələ məktəb illərində arzusu tamamilə başqa idi – gah filoloq, gah tarixçi, gah da aktyor olmaq arzusu ilə yaşa­mışdı.  Lakin o, nədənsə illərlə arzusunda olduğu həmin sənət­lərin heç birinin arxasınca getmədi. Bu, yəqin ki daha çox o zamankı Sovet ideologiyasının, hələ 10 yaşı tamam olma­mış, lakin sürətli inkişafı ilə bütün İttifaqa səs salmış kimyaçılar şəhəri Sumqayıtın, eyni zamanda SSRİ-nin yaradıcısı V.İ.Leninin «ölkənin büsbütün elek­trikləş­diril­məsi» şüarına sonra­dan digər Sovet rəhbəri tərəfindən «…üstəgəl kimyalaş­dırma» tezis əlavəsinin təsiri­nin nəticəsi idi.

Kənd yeniyetməsi düşüncələri ilə yeni qurulmaqda olan, büsbütün gənclik və müasirlik ab-havası ilə qaynayıb-coşan Sumqayıt görünür Zülfiyə o qədər xoş təsir bağışlamışdı ki, o, ilk vaxtlar bu şəhərdə yaşamağı, burada təhsil almağı ali məktəbdə oxumaqdan belə üstün tutmuşdu. Və yəqin ki, o zaman kimyaçılar şəhərinə ilk dəfə qədəm basan gənc Zülfinin ağlı­na belə gəlməzdi ki, bir vaxt o da bu şəhərin adlı-sanlı, tanınmış kimyaçıla­rın­dan, Azər­baycanın kimya sənayesinin istehsalat salnaməsinin yaradıcılarından biri ola­caq… Əlbəttə, bu barədə qətiyyən düşünməsə də, elə ilk gündən o, hər addımıyla qarşıda onu gözləyən tale uğurlarına doğru gedirdi.

…1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitir­dik­dən sonra Sumqayıt Sintetik kauçuk zavoduna ən aşağı – birinci dərəcə üzrə çilingər işinə qəbul edilən Zülfi Sadıxov işə gənclik həvəsi ilə başlaması, əməksevərliyi və bacarığı sayə­sində tezliklə – cəmi iki aydan sonra birdən-birə 4-cü dərəcəyə layiq görülmüşdü. Bu da təsadüfi deyildi. Çünki o, artıq ilk günlərdən etibarən özünü adicə çilingər kimi yox, işə tex­niki yaradıcılıqla yanaşmağı bacaran gənc bir mütəxəssis kimi göstərə bilmişdi. İstehsalatda az bir müddət çalışmasına baxmayaraq, onu kimyəvi proses­lərin gedişində düşündürən, marağına səbəb olan bu və ya digər məsələnin daha səmərəli həlli yolunu tapmağa çalış­ma­sı heç də çilingər vəzifəsinin funksiyalarından yox, onun texniki yaradıcılıq təxəyyü­lün­dən irəli gəlirdi.

İstehsalatda qısa müddət çalışması kifayət etmişdi ki, o, bu və ya digər avadanlığın tək­milləşməyə ehtiyacı olduğunu aydınca görsün və bununla bağlı müvafiq texniki təklif vermiş olsun. Onun ilk səmərələşdirmə təklifi isə sadəcə olaraq özündən xeyli yaşlı olan iş yoldaşlarını ağır və yorucu əməkdən xilas etmək məqsədi daşıyaraq yaranmışdı. Həmin fəh­lələr emulqator adlanan qurğuda filtrlərin yuyulması üçün hər dəfə 24 iri və ağır olan boltları açır, hər biri 10-12 seksiyadan ibarət filtrləri yuduqdan sonra yenidən onları  yerlərinə bərkidirdilər. Daim təkrarlanan və fəhlələrin su ilə təmasda olduğu bu əməliyyat fiziki baxımdan ağır və yorucu olmaqla yanaşı həm də xeyli vaxt və məhsul itkisinə səbəb olurdu. Gənc çilingər bu əməliyyatı hər iki tərəfdən təzyiqlə vurulan su şırnağı ilə yerinə yetirməyi təklif etmişdi ki, bu da boltların açılaraq, filtrlərin çıxarılıb-yuyulmasından sonra yeni­dən bir-bir bağlanmasına sərf olunan xeyli vaxta qənaət etməyə, bunun sayəsində məhsul çıxımının artmasına səbəb olmuşdu. O da mühüm idi ki, bundan sonra həmin əməliyyatı iki yox, yalnız bir işçi, həm də çox asanlıqla, çətinlik çəkmədən yerinə yetirə bilirdi.

Əvvəllər Sintetik kauçuk zavodunda, sonralar isə – 1962-ci ilin aprelindən işləməyə başladığı Sumqayıt «Kimyasənaye» İB-də çalışdığı sexlərin həm təcrübəli, peşəkar fəhlələri, həm də mühəndis-texnik işçiləri artıq Zülfinin istehsalatın bu və ya digər sahəsində üzləş­diyi texniki çatışmazlıqla barışmayaraq, hansısa bir təklif verəcəyini, yeni bir ideya irəli sürəcəyini onun tərəfindən adi bir hal kimi qəbul etməyə öyrəşmişdilər. Çox zaman onun yenilikçi təklifləri uzun müşahidələrin nəticəsi kimi yox, iş prosesində  ekspromt olaraq ortalığa çıxırdı.

Əlbəttə, daim yenilik, axtarış həvəsli olan Zülfi Sadıxov texnikum təhsili ilə kifayətlənə bilməzdi və o, kimya istehsalatının və proseslərinin sirlərini daha dərindən və mükəmməl öyrənmək arzusu ilə istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Neft və Kimya İnstitu­tunun (indiki Neft Akademiyasının) axşam şöbəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almağa başlayır (sonralar o, həm də Moskva İdarəetmə İnstitutunu fərqlənmə dip­lomu ilə bitirir).

Səmərələşdirici kimi Zülfi Sadıxovun bəlkə də ən sadə, lakin ən maraqlı texniki tək­lif­lərindən biri də alkilbenzolun alınması qurğusu ilə bağlı idi. Belə ki, həmin qurğuda alkilbenzolun tərkibində qalan azad, reaksiyaya girməyən 30-35 faiz benzol texnologiyaya əsasən distillə mərhələsində qovulma yolu ilə tam çıxarılmalı və ya həcmi ən azı 0,5 %-dən aşağı salınmalı idi.  Benzolun qovulma kubunda qovularaq tam çıxarılmasını (ya da 0,5 %-dən çox olmamasını), bu məqsədlə isə qovulma sahəsinin kubun həcminin 50 faizini təşkil etməsini təmin etmək üçün alkilbenzolun səviyyəsinin orta həddən yuxarı qalxmasına yol verilməməliydi. Lakin səthin tələb olunan səviyyədə saxlanılması və ona nəzarət üçün ora iki operatorun təhkim edilməsi də heç bir səmərə vermirdi.  Operatorların,  bir çox hallarda isə növbə rəisinin bütün səylərinə, eləcə də kuba xüsusi olaraq tənzimləyici klapanlar yer­ləşdirilməsinə baxmayaraq, səthi norma səviyyəsində saxlamaq və alkilbenzolun tərkibində reaksiyaya girməyən benzolun miqdarını 5-7 faizdən aşağı salmaq mümkün olmurdu. Bu da öz növbəsində çox qiymətli məhsul olan benzolun itkisinə səbəb olur və son məhsul olan sulfanolun keyfiyyətinə, onun çıxımına və yuyuculuq qabiliyyətinə mənfi təsir göstə­rirdi.

Vəziyyəti, həm də həmin fəhlələrin çəkdiyi əziyyətləri (onlar iş vaxtı çəndən qısa bir müd­dətə belə aralana bilmirdilər) görən Zülfi Sadıxov məsələnin çox adi və asan bir həllini tapa bilmişdi. Səviyyənin saxlanılması, onun normadan artıq olmaması üçün Zülfinin təklifi ilə qovma kubunun tam ortasında ştutser qoyularaq, məhsulun çıxışı əvvəlki kimi aşağı ştutserdən yox, yeni  ştutserdən aparıldı. Beləliklə də, birləşmiş benzolun həcmi artdıqda, o ştutçer vasitəsilə ümumi xəttə qaytarılırdı ki, bu da məhsulun səviyyəsinin kubun orta səviy­yəsində saxlanılmasını təmin edirdi. Bununla da həm qiymətli kimya məhsullarının, həm də səviyyənin tənzimlənməsi ilə məşğul olan operatorların vaxt itkisinin qarşısı birdə­fəlik olaraq alındı, ən başlıcası isə – istehsalatda hazır məhsul çıxımının artmasına nail olundu.

Onun işgüzarlığını, istedad və qabiliyyətini, texniki təkliflərinin səmərəliliyini görən o za­mankı Kimya zavodunun (sonralar «Kimyasənaye»nin) ilk direktoru Mehdi Mehdiyev Zülfi­nin işlədiyi istehsalatın rəisinə ciddi xəbərdarlıqla demişdi: «bu oğlan bizim gələcə­yimizdir, onu burda, fəhlə işində çox saxlayıb, itirmək olmaz».  Məhz direktorun bu cür qiymətlən­dirməsindən sonra, Zülfi Sadıxovun işə xüsusi can yandırması, əzmkarlığı, mühəndislik baca­rığı nəzərə alınaraq, o, tezliklə növbə rəisi, daha sonra isə böyük mühəndis-texnoloq vəzifələrinə təyin olunmuşdu.

1980-ci ilin əvvəllərində ona daha məsul bir iş – «beşilliyin buraxılış obyekti» sayılan birinci sulfanol istehsalatına rəhbərlik etmək tapşırılmışdı. Bu işin nə dərəcədə mühüm və məsuliyyətli, həm də çətin olduğunu təsəvvür etmək üçün qeyd etmək kifayətdir ki, o zaman həmin istehsalatın struktur tərkibində 4 sex və 7 şöbə fəaliyyət göstərirdi və istehsalatda 550 nəfərə yaxın işçi, o cümlədən 70-dən çox mühəndis-texniki işçi çalışırdı. Lakin Zülfi Sadıxov belə bir böyük istehsalatın rəhbəri olmasına baxmayaraq, işlədiyi bütün müddət ərzində fəhlə və mühəndislərlə birgə gecə-gündüz, yorulmaq bilmədən çalışırdı.  Onun yeni rəis kimi texniki və təşkilati cəhətdən işi yüksək səviyyədə qura bilməsinin nəticəsi olaraq qısa müddət ərzində birinci sulfanol istehsalatını nəhayət ki nəzərdə tutulan layihə gücünə çatdırmaq mümkün olmuşdu. İstehsalat rəisi kimi çalışdığı 8 il ərzində onun kollektivi rekord göstəricilər qazanmış, sulfanolun keyfiyyətinin standarta uyğun səviyyəyə qaldırılmasına nail olmuşdu. Daha bir məqam da xüsusilə diqqətə layiq idi – istehsal prosesində benzol, toluol, kerosin, alkilbenzol kimi tez alışan və güclü partlayış törədə biləcək çoxlu həcmdə kimyəvi məhsulların alındığı, bu səbəbdən də təhlükə riskinin böyük olduğu bir şəraitdə Z. Sadıxovun texniki təhlükəsizliyi 1 N-li məsələ kimi diqqətdə saxlama­sının nəticəsi olaraq (hər şeyi qaydasınca təmin etsə də, istehsalat sarıdan nigarançılıq onu gecələr də tərk etmir, nigaran yatırdı), işlədiyi bütün dövr ərzində istehsalatda heç bir ciddi təhlükəli hal baş verməmişdi.

ZULFI SADIXOV -2

1980-ci ildə Z.Sadıxovun rəhbərlik etdiyi sulfanol istehsalatında iki aydan artıq davam edən geniş həcmli rekonstruksiya işlərinə başla­nılmışdı. İşin həcmi xeyli böyük olduğundan və Kreml sulfanolun istehsal həcminin artırılmasına xüsusi diqqət yetirdiyindən keçmiş SSRİ-nin Kimya Sənayesi Nazirliyinin bir sıra məsul işçiləri və İttifaqın neft-kimya müəs­sisələrindən 900-ə qədər müxtəlif peşə sahibləri – avtomatika, mexanika, energetika və inşaat üzrə mütəxəssislər, həmçinin təmirçi-çilingərlər, elektrik və qaz qaynaqçıları Sumqa­yıta ezam olun­muşdu. Əsaslı təmir üzrə qərargah rəhbərlyinin və aparılan rekonstruk­siyaya «istehsa­lat sahibi» kimi bilavasitə məsuliyyət daşıyan, tətbiq edilən hər bir dəyişikliyi, yeniliyi ciddi nəzarətə götürüb-yoxlayan Zülfi Sadıxovun birgə səyləri sayəsində rekonstruk­si­ya uğurla başa çatmışdı.

İstehsalatın alkilbenzol qurğusunda kalon tipli yeni reaktorun qoşulması, kompleks katalizatorun alınması prosesində bir mərhələnin aradan götü­rülməsi və s. texniki yenilik­lərin tətbiqi ilə başa çatmış geniş həcmli rekonstruksiya sayəsində istehsalatın gücünün artırılmasının nəticəsi olaraq müəssisədə həmin il çox böyük iqtisadi gəlir əldə edilməsinə nail olunmuşdu. Məhz bütün bunlara görə Zülfi Sadıxov mühəndis həmkarları ilə birgə həmin il respublika Dövlət mükafatına layiq görüldülər.

Əldə etdiyi yüksək istehsalat nailiyyətləri sayəsində Z.Sadıxov həm də iki dəfə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olmuş, səmərələşdirmə və ixti­raçılıq fəaliyyətinə görə (o, 300-ə qədər səmərələşdirmə təklifinin və müəlliflik şəha­dət­­na­məsi aldığı 5 ixtiranın müəllifidir) «Azərbaycanın Əməkdar mühəndisi» və «SSRİ ixtiraçısı» fəxri adlarına layiq görülmüş, «İxtiraçılıq və səmərələşdirmə əlaçısı» döş nişanı ilə, həmçi­nin «Qırmızı Əmək bayrağı» ordeni ilə, çoxlu sayda fəxri-fərmanlarla təltif edilmişdir.

***

Zavodda inşa ediləcək yeni texnoloji qurğunun – 100 faizli alkilbenzolun layihəsinin texniki təftişi və qəbulu məqsədilə müəssisənin bir-neçə mütəxəssisi ilə birgə 1983-cü ildə İtaliyada bir aya yaxın ezamiyyətdə olarkən layihələrlə bağlı müzakirələr zamanı Zülfi Sadıxov təcrübəli  bir mühəndis-texnoloq kimi layihənin bəzi hissələrində ciddi dəyişikliklərə ehtiyac olduğunu diqqətə çatdırmış, Azərbaycan mühəndisinin iste­dadını, elmi-texniki səviyyəsini nümayiş etdirmişdi. İtalyan mütəxəssislər alkilbenzolun mütləq şəkildə 100 faizli alınacağını nəzərdə tutaraq, mümkün ola biləcək aşağı faizli, çıxdaş məhsulun haraya nəql ediləcəyini, həmçinin bəzi qurğu və mexanizmlərin prosesdə iştirakını, layihədə tutul­mala­rın qarşısının alınması ilə bağlı məsələləri nədənsə diqqətdən kənarda saxlamış­dılar.  Z.Sadı­xovun bu məsələlərin ikinci dərəcəli yox, mühüm olduğunu inandırıcı dəlil-sübutlarla layihəçilərin nəzərinə çatdırması layihəçilər tərəfindən minnətdarlıqla qarşılanmış və onlar­da Azərbay­can kimya­çıları haqqında yüksək rəyin formalaşmasına səbəb olmuşdu.

Kimyaçı-texnoloq kimi yüksək elmi-texniki biliyə, zəngin istehsalat təcrübəsinə malik olması, prinsipiallığı və yüksək təşkilatçılığı nəzərə alınaraq Zülfi Sadıxov sonrakı illərdə da­ha məsul vəzifəyə – müəssisənin baş direktorunun keyfiyyət məsələləri üzrə müa­vi­ni vəzi­fə­sinə irəli çəkilmiş, daha sonra – 1991-ci ildən 2011-ci ilədək isə zavodun texniki-nəzarət şöbəsinin rəisi vəzifə­sin­də çalışaraq, yenə də başlıca amilə – keyfiyyət məsələlərinə, isteh­sal olunan məhsulların mövcud standartlara uyğun olmasına nəzarət etmişdir. Və təbii ki, bütün həmin müddət ərzində Zülfi Sadıxovun zavodun istehsalat sahələrinə, məhsulların keyfiyyətinə texniki nəzarəti onun prinsipiallığı, heç bir halda güzəşt bilməməsi ilə seçil­mişdir. Bunun nəticəsi olaraq həmin illər – 20 il ərzində məhsulların keyfiyyəti ilə bağlı müəs­sisəyə heç bir şikayət və reklamasiya daxil olmamışdır. Axı, Zülfi Sadıxov üçün apar­dığı iş sadəcə vəzifə borcu yox, həm də və ilk növbədə vətəndaşlıq, vətənpərvərlik borcu idi. Sumqayıtın kimya məhsulunun yüksək markası, doğma şəhərin, Azərbaycanın adı və şərəfi onun üçün hər zaman hər şeydən üstün, ən vacib meyarlar olmuşdur.

***

…Mənalı həyatı, əməksevərliyi, bilik və bacarığı ilə gənc nəslə nümunə olan Zülfi Sadıxov hazırda təqaüddə olsa da, bütün qəlbi ilə kimya istehsalatı, doğma kollektivlə bağlıdır.

O da xüsusilə diqqətəlayiqdir ki, fədakar əməyi sayəsində nail olduğu rəsmi titullardan öncə Zülfi Sadıxov doğma zavodunun kollektivi tərəfindən bütün varlığı ilə bağlı olduğu, işindən daim qürur duyduğu, uzun illər canlı sütunu olduğu sulfanol istehsalatının adını ləqəb kimi adıyla qoşalaşdıran bir «fəxri titul»a da layiq görülmüşdür: «Sulfanol Zülfi». Bu «yüksək titul» nə ondan əvvəl, nə də ondan sonra heç kəsə verilməmişdir.

 

Rəhman ORXAN.

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın