Menu
Geri İrəli

MÜSAVATLA AXCP SUMQAYITDA TOQQUŞDU

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Avqust 2012 • Baxış sayı: 233 dəfə • Şərh yoxdur

Avqustun 12-də AXCP-nin Sumqayıt şöbəsinin piketinə Müsavat Partiyasının və İctimai Palatanın qoşulmaması ortaya narazılıqlar çıxmasına səbəb olub. AXCP Sumqayıt şöbəsinin sədri Kəmaləddin Vilayətoğlu dünən “Bizim Yol” qəzetinə müsahibəsində Müsavatı və bu partiyanın Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbası sərt tənqid edib.

O deyib ki, piketin İctimai Palata səviyyəsində keçirilməsinə çalışıb. Buna nail ola bilmədikdə, partiyaların yerli şöbələrinə müraciət edib. Lakin müsbət nəticəsi olmayıb: “Biz Sumqayıt müsavatçılarını, başda təşkilatın sədri Fəxrəddin Abbası aksiya ilə bağlı müzakirəyə dəvət etdik, söhbətləşdik. Bildirdik ki, birgə aksiya keçirək, əgər İctimai Palata daxilində eyni məqsəd uğrunda mübarizə aparırıqsa, niyə qurumun şəhər şöbəsində birgə aksiya keçirməyək?! Amma onların mövqeyi mənim üçün anlaşılmaz oldu. O mənada ki, aksiyaların keçirilməsinin hələ tez olduğunu, havaların istiliyi, hətta ”aksiyaların keçirilmə zamanı var” deyə qəribə “arqument” səsləndirdilər. Mən bu səbəbləri əsassız hesab etdim. Onlar təhsil mövsümünün başlanmasını, tələbələrin qayıtmasını gözlədiklərini gizlətmədilər. Mən düşünürəm ki, Müsavatın yerli təşkilatının sədri Fəxrəddin Abbas nəinki İctimai Palatada səslənən fikirlərin, hətta Müsavat Partiyasının da əleyhinə çıxır. Bütün hallarda AXCP Sumqayıt şəhər təşkilatı aksiya keçirmək qərarını verdi və yerinə yetirdi”.

Fəxrəddin Abbas isə “Yeni Müsavat”a açıqlamasında K.Vilayətoğlunun özünüreklamla məşğul olduğunu bildirdi: “Avqustun 7-də İctimai Palatanın Sumqayıt şöbəsinin koordinatorlarının yığıncağı oldu. Müsavatdan mən, Azərbaycan Milliyyətçi Demokrat Partiyasından İlyas Abdullayev, VHP-dən Yusif Salmansoy, AXCP-dən Kəmaləddin Vilayətoğlu və Mahir bəy iştirak edirdi. Yığıncaqda Kəmaləddin bəy dedi ki, biz avqustun 12-nə piket təyin etmişik. Piket Sumqayıtda müxalifət partiyalarının yerli təşkilatlarına qərargah verilməməsinə və demokratiyanın pozulmasına etiraz olaraq keçiriləcək. Kəmaləddin bəy avqustun 8-də şəhər icra hakimiyyətinə piketlə bağlı müraciət göndərəcəkləri barədə bizə məlumat verdi. Müzakirə zamanı İlyas Abdullayev dedi ki, birincisi, aksiyanı İctimai Palata olaraq qərar verib keçirmək daha məqbul olardı. İkincisi, AXCP-nin sədr müavini İP-in son sessiyasında partiyanın mövqeyini belə ifadə edib ki, güclü təşkilatlanma apardıqdan sonra böyük kütləvi aksiyalara başlamaq olar, ciddi hazırlıq olmadan keçirilən aksiyalar hakimiyyətin xeyrinə işləyir. Mən isə dedim ki, bazar günü piket keçirilməsi düzgün deyil. Çünki biz şəhər icra hakimiyyətinə etirazımızı bildiririksə, aksiyanı iş günü keçirməliyik. Özü də aksiya hansısa klubun qarşısında yox, konkret ünvanda-şəhər icra hakimiyyətinin qarşısında keçirilməlidir. VHP təmsilçisi də bu fikirləri bölüşdü. Biz təklif etdik ki, aksiya barədə İP-də müzakirə aparılsın, ciddi hazırlıqlardan sonra normal bir aksiya reallaşdırılsın. Kəmaləddin bəy qəti şəkildə bəyan etdi ki, mövqeyindən dönən deyil, avqustun 12-də ciddi aksiya keçirməkdə qərarlıdır. Biz bu tələskənliyi başa düşmədiyimizi ona bildirdik. Xeyri olmadı. Belə vəziyyətdə bizim ona uğurlar arzulımaqdan başqa yolumuz qalmadı. Açıq görünür ki, o, özünüreklamla məşğuldur”.

 F.Abbasın dediyinə görə, AXCP-nin Sumqayıt şöbəsinin piketi ilə bağlı avqustun 11-də Müsavatın Sumqayıt təşkilatının şura iclası keçirilib: “Biz təşkilat olaraq həmin aksiyaya qatılmamaq qərarı verdik, lakin üzvlərə fərd olaraq qatılmaqda sərbəstlik verdik”.
 F.Abbas K.Vilayətoğlunun hərəkətlərini başa düşmədiklərini və İP-in yerli şöbəsində onun mövqeyinin narazılıqla qarşılandığını açıqladı: “Kəmaləddin bəy rayon şöbəsinə yeni sədr təyin olunub. Biz başa düşmürük ki, o, bu cür addımları reklamı, özünü önə çıxarmaq, yoxsa başqa hansısa məqsədlər üçün atır. Tez-tez mətbuatda yersiz açıqlamalarla çıxış edir, ağzına gələni danışır. Onun bu hərəkətləri, başa düşmürük, hardan qaynaqlanır. Onun mətbuatda əsassız açıqlamaları və hərəkətləri yəqin ki, İctimai Palatanın Sumqayıt şöbəsində müzakirə olunacaq. Çünki artıq onun mövqeyi İP-in zərərinə işləyir. Heç bir hazırlıq görmədən guya aksiya elan etdi. Əslində isə piket keçirə bilmədi. Klubun qarşısında çəkilən şəkillərdə bir nəfər də olsun müxalifətçi yox idi. Hamısı mülki geyimli polislər idi. Cəmi beş nəfər Sumqayıtdan, 5 nəfər isə AXCP-nin mərkəzi rəhbərliyindən aksiyaya gəliblər. Onlar da kənarda durublar və piket-filan olmayıb. Kəmaləddinin özünü polis maşınına oturtmuşdular. Sanki baş verənlər ancaq onun reklamına xidmət edirdi. Bizim mövqeyimizin haqlı olduğu həmin gün sübuta yetdi. Kəmaləddin bəyin qərarından dönməməsi nəticəsində polisdə və yerli hakimiyyətdə belə fikir yarandı ki, İP elə ancaq həmin 5 nəfərdən ibarətdir. Bu addımı atmaq hakimiyyətin dəyirmanına su tökmək və İP-in Sumqayıt şöbəsini hakimiyyətin qarşısında pis vəziyyətdə, gülünc vəziyyətdə qoymaqdır. Kəmaləddin bəy deyirdi ki, yüzlərlə adamı aksiyaya çıxaracaq, şəhəri silkələyəcək. Hardaydı onun dediyi yüzlərlə adam? İndi buna cavab verməlidir”.

Etibar SEYİDAĞA, musavat.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın